Məhkəmə qərarları › İş №1(006)-315/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-315/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-315/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 16 fevral 2024-cü il tarixdə saat 21:32-də etibarnamə əsasənında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsi istiqamətində 15-20 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyi barədə tələblərini hadisənin qarşısını almağa texniki imkanı olduğu halda pozaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Trax" markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ mil sümüyünün tipik yerinin yerdəyişən sınığı, qarın nahiyəsinin qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddete pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə saat 21:32 radələrində etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 15-20 kilometr sürətlə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin birləşməsində Süleyman Rüstəm küçəsi ilə düzünə hərəkətdə olarkən fikri dağınıq olduğundan “Stop” yol nişanının tələblərini gözləmədən yo ayrıcına daxil olmuşdur. Həmin vaxt Dilarə Əliyeva küçəsi ilə hərəkət edən nömrəsini və markasını sonradan öyrəndiyi «Chevrolet» markalı avtomobilin qabaq hissəsi ilə idarə etdiyi «Toyota»nın sol qabaq yan hissəsi toqquşmuşdur. Avtomobili idarə edən qadın yerə düşdükdən sonra ona xəstəxanaya getməyi təklif etmişdir. Daha sonra ətrafda olan şəxslər DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Sərnişin və ya yük olmamışdır. İdarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə saat 21:32 radələrində etibarnamə əsasında idarə etdiyi «Chevrolet Trax» markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 15-20 kilometr saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin birləşməsində düzünə hərəkətdə olarkən nömrəsini və markasını sonradan öyrəndiyi «Toyota Prius» markalı boz rəngli avtomobil qəflətən Süleyman Rüstəm küçəsindən “Stop” yol nişanının tələblərini gözləmədən yol ayrıcına daxil olaraq idarə etdiyi avtomobilin qarşısına keçmişdir. Bu səbəbdən onun idarə etdiyi avtomobilin qabaq hissəsi həmin **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq yan hissəsinə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qolundan xəsarət almışdır. Həmin vaxt avtomobildə tək olmuş, heç bir sərnişin və ya yük olmamışdır. İdarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs «Stop» nişanının tələblərini pozaraq yol ayrıcına daxil olmşdur. Sonda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, mülki iddianın baxılmamış saxlanılmasını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 09 aprel 2022-ci il tarixdə özünə məxsus olan «Chevrolet Trax» markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs satmış və sadəcə aralarında alqı-satqı müqaviləsi olmamışdır. O, Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Bir sözlə avtomobil onun adına olsa da faktiki olaraq həmin avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsi barədə sonradan məlumatı olmuş, həmin hadisəni görməmiş, avtomobilə dəymiş ziyan da faktiki olaraq Rəna xanıma dəymiş ziyandır. Cinayət işinin 35-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin 39-41-ci vərəqələrində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 199 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər - sağ mil sümüyünün tipik yerinin yerdəyişən sınığı, qarın nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən və tibbi yardım üçün X5 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 56-58-ci vərəqələrində olan Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 8/822 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən tədqiq olunan məlumatlara əsasən “Toyota Prius” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “dayanmadan keçmək qadağandır”) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, cinayət işi üzrə CM-nin 263.1-ci maddəsinin dispozisiyasında birbaşa müəyyən edilmiş və ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxs, məhz ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması nəticəsində baş vermiş cinayət üzrə zərərçəkmiş şəxs olan (CM-nin 263.1-ci maddəsinin tərkibini yaradan zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə təhvil verilmişdir. Cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, 16 fevral 2024-cü il tarixdə törədilən yol-nəqliyyat hadisəsi zamanı sağlamlığına vurulmuş xəsarətin müalicəsinə görə 5000 (beş min) manat məbləğində mənəvi ziyanın tam şəkildə onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı mülki iddiaçı (zərərçəkmiş şəxs) məhkəməyə ərizə təqdim edərək, tərəfindən verilmiş mülki iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənləri həmçinin zərər çəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsi baxılmamış saxlanılmalı və eyni zamanda Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələblərinə görə ödənilmiş 70 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın və istintaq zamanı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat məbləğində pul ona geri qaytarılsın. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar