Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-316/2021 08.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 19 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 08 fevral 2021-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Arif” adlı şəxsdən 10 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,235 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 17:05-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə heroin bir bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və həmin narkotik vasitələri şəhərin müxtəlif ərazilərindən, tanımadığı şəxslərdən əldə edir. O, əvvəllər narkotik maddələrdən istifadə etməsi səbəbi ilə üç dəfə, sonuncu dəfə isə 2015-ci il tarixində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 08.02.2021-ci il tarixində saat 14:00 radələrində, Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə yalnız üzdən tanıdığı “Arif” adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında bir bükümdə narkotik vasitə - “heroin” əldə etmişdir. O, narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində daşımağa başlamış və eyni gün saat 17:05 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman 2 nəfər şəxs polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra ondan üzərində qeyri-qanuni hər hansısa bir əşyanın olub-olmadığını soruşmuşlar. Bu zaman o, üzərində hər hansı qeyriqanuni bir əşyanın mövcud olmadığını bildirsə də, o, saat 17:20-də Nəsimi RPİ-yə gətirilmişdir. Polis idarəsində olduğu zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi məqsədilə ona dövlət hesabına müdafiəçi dəvət edilmiş və üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir. Şəxsi axtarışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət edilmişdir. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. Axtarış zamanı o, tünd qəhvəyi rəngli şalvarının sağ yan cibindən üzəri ağ, içərisi gümüşü rəngli, içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli toz şəkilli maddə olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra ondan üzərində digər hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və o, üzərində hər hansı qeyri-qanuni bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış və hər hansısa bir əşya aşkar edilməmişdir. Onun sağ yan cibindən çıxmış spesifik iyə malik, tünd qəhvəyi rəngli toz şəkilli maddə olan 01 ədəd bükümün içərisindəki maddənin nə olduğu soruşulduqda o həmin maddənin heroin olduğunu bildirmişdir. Ondan bu maddəni haradan və nə üçün əldə etdiyi soruşulduqda, cavabında o, həmin maddəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə üzdən tanıdığı “Arif” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması üçün içərisi iştirakçılara göstərilmiş və içərisinin boş olduğu müəyyən edilmiş zərfə üzəri ağ, içərisi gümüşü rəngli, içərisində spesifık iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddə olan 01 ədəd büküm qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsinin və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini bildirərək məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 verdiyi ifadədə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 08.02.2021-ci il tarixdə “İlqar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin istifadəsi, daşıması ilə bağlı Nəsimi RPİ-nin NMB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq 08.02.2021-ci il saat 16:45 radələrində o və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ünvan 5 ünvanda təxminən, 15-20 dəqiqə gözlədikdən sonra “İlqar” adlı şəxsin gəldiyini görərək ona yaxınlaşıb özlərini təqdim etmiş və daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onu üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-yə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs üzərinə Nəsimi RPİ-nin inzibati binasında otaqların birində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, sağ yan cibindən üzəri ağ, içərisi gümüşü rəngli 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Onda üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir, həmin şəxs üzərində hər hansı bir əşyanın mövcud olmadığını bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və onun üzərində hər hansı başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılmış, onun içərisində olan maddənin nə olduğu soruşulduqda o həmin maddənin “Heroin” olduğunu və onu şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan ərazidə yalnız üzdən tanıdığı “Arif” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin tərkibinin müəyyən olunması üçün içərisi iştirakçılara göstərilmiş və içərisinin boş olduğu müəyyən edilmiş zərfə üzəri ağ, içərisi gümüşü rəngli, içərisində spesifık iyə malik, tünd qəhvəyi rəngli toz şəkilli maddə olan 01 ədəd büküm qoyularaq zərflərin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 189 nömrəli möhürü ilə möhürlənmiş, hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib ekspertizaya göndərilmişdir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis mayoru Saleh Salehzadə tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin NBM-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və NBM-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, mütəxəssis X6, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 8 fevral 2021-ci il tarixli, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır və ilk öncə onun geyindiyi qara rəngli gödəkcəsinin boynuna, sağ, sol və iç ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində göy rəngli idman geyiminə və sağ-sol ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. X3 əynindəki qara rəngli şalvarın sağ və sol, yan və arxa ciblərinə baxılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs əynində olan qara rəngli kəmərini çıxarması tələb olunmuş, lakin həmin kəmərə baxış zamanı heç bir əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs ayağında olan ayaqqabılarını və corablarını çıxarması tələb edilmiş, o ayaqqabılarını və corablarını çıxarmış, yoxlanılmış və heç bir əşya aşkar edilməmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş qızılı rəngli kağıza bükülümüş 01 ədəd bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, bükümün içərisindəki tünd qəhvəyi rəngli, toz halında, spesifik iyə malik olan maddənin “Heroin” olduğunu bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda, həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin qutuları 08.02.2021-ci il tarixində saat 14:00 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Kubinka” kimi adlanan ərazidə “Arif” adlı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd bükümün içərisində olan tünd qəhvəyi rəngli toz halında, spesifik iyə malik narkotik vasitənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra qızılı kağıza bükülmüş 01 ədəd bükümü və içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış və videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 50-56). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 08.02.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli, 6/586 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərilərində “Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,235 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i/v 62-65). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,235 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında təhvil verilməsi qərara alınmışdır (i/v 135-140). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 12 aprel 2021-ci il tarixli, 1047 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 129-130). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 29 iyun 2015-ci il hökmünə əsasən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 avqust 2016-cı il tarixində Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı və AR MM 20 may 2016-cı il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən təyin edilmiş cəza 6 ay azaldılmış, 29 dekabr 2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir (i/v 109-111). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə, saat 18:15-də şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 4(006)-77/2021 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 27-28, 102-103). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün qismən etirafı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 81,82 (səksən bir manat səksən iki qəpik) ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ilkin çəkisi 0,235 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,185 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-316/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərara əsasən 28 aprel 2021-ci il tarixindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,185 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-316/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-316/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver