Məhkəmə qərarları › İş №1(006)-316/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-316/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-316/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 30, mənzil 28-də birlikdə kirayədə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əl çantası ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona burun sümüyünün boylama yerdəyişən sınığı ilə müşayiət olunan, ümumilikdə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin burun nahiyəsinin qançır-şişkinliyi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 30, mənzil 28-dən çıxmaq istəsə də, kirayə haqqını ödədiyi üçün ayın sonuna kimi yaşamaq qərarına gəlmişdir. 01 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs ondan mənzildən çıxmağı tələb edən zaman aralarında mübahisə yaranmışdır. Aytac onun üstünə gəldiyinə görə o, əlində olan qara rəngli əl çantası ilə onun sifət nahiyəsindən bir dəfə vurmuş və mənzildən çıxıb getmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə əvvəllər birlikdə bir mənzildə kirayədə yaşasalar da, bir müddət sonra Melisanın onunla yaşamasını istəmədiyi üçün mənzildən çıxartmaq qərarına gəlmişdir. 01 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Melisaya mənzildən çıxmasını bildirmiş, lakin Melisa həmin ay mənzilin kirayə haqqını tam ödədiyinə görə çıxmayacağını söylədiyindən aralarında mübahisə yaranmışdır. Melisa onu nalayiq sözlərlə təhqir etmiş və əlində olan çanta ilə burun nahiyyəsinə vurmuşdur. Nəticədə onun burnundan qan açılmışdır. O həmin gün özünü yaxşı hiss etmədiyi üçün polisə müraciət edə bilməmişdir. Bir müddət sonra o, hadisə barədə polisə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər ödənilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 699 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs burun sümüyünün boylama yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.26-27); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.20); - Məhkəmənin çağırışlarına üzürlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx.xx.2022-ci il tarixdə isə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi 05 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi 05 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar