Məhkəmə qərarları › İş №1(006)-316/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-316/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-316/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 10, ev 02-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 24-də yaşayan, məhkumluğu ödənilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə, saat 22 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Şahid1 Zərərçəkmiş şəxs ilə aralarındakı pul məsələsi ilə bağlı sözlü mübahisə etdiklərini görüb həmin mübahisəyə müdaxilə edərək ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən Zərərçəkmiş şəxs barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan sonuncuya zor tətbiq edib kəllə ilə sifət nahiyəsindən qəsdən vuraraq ona burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayət olunan burun nahiyəsinin əzilmiş yaranın izi olan çapığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən “313” adlı avtomobil yuma məntəqəsini icarə əsasında işlədir. Zərərçəkmiş şəxs usta kimi 2023-cü ilin mart ayından etibarən tanıyır. Belə ki, tanışı Şahid1 özünə məxsus avtomobilləri Arzunun yanında təmir etdirirdi. Onda olan məlumata görə Rüfətlə Arzu arasında avtomobillərin təmiri ilə bağlı pul məsələsi olmuş və bunun səbəbi də Rüfətin “Toyota Prius” markalı avtomobili təmir üçün Arzuya verməsi, sonuncunun isə onu düzgün təmir etməməsi idi. xx.xx.2023-cü il tarixdə iş yerində olan zaman Rüfət də onun yanında idi və təxminən saat 22 radələrində Arzu avtomobillə yanında iki nəfər tanımadığı şəxslə birlikdə ora gəlmişdir. Həmin vaxt o, avtomobil yuma məntəqəsini bağlamaq ərəfəsində olduğundan əşyaları içəri daşımış, Arzu ilə Rüfət isə söhbət etməyə başlamışlar. Bir müddət sonra o, söhbətə müdaxilə edib Arzuya avtomobilin mühərrikini düzgün təmir etmədiyini irad bildirib qonşuluqda yaşayan mühərrik ustası olan Vidadi adlı şəxsi dəvət edib məsələy dair onun münasibətini öyrənmək istəmişdir. Vidadi usta da “Toyota Prius” markalı avtomobilin mühərriki ilə bağlı yaranmış mübahisədə onların düzgün danışdığını, Arzunun isə doğru olmadığını demişdir. Bundan sonra Arzu ilə aralarında olan sözlü mübahisə 5-6 dəqiqə davam etmiş, sonra Arzu gəldiyi iki nəfər tanımadığı şəxslə birlikdə çıxıb getmişdir. O Arzunu vurmamış, ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Delta” servisdə avtomobil ustası kimi fəaliyyət göstərir. İşinin mahiyyəti avtomobillərin elektronikasında yaranan problemləri aradan qaldırmaqdan ibarətdir. Şahid1la hadisədən təxminən bir il əvvəl işlədiyi servisdə tanış olmuşdur. Sonuncu özünə məxsus olan və icarəyə verdiyi bir neçə “Toyota Prius” markalı avtomobilin olduğunu və həmin avtomobilləri ona təmir etdirmək istədiyini bildirmişdir. Beləliklə, o, Rüfətə məxsus avtomobilləri təmir etməyə başlamışdır. Rüfət əvvəllər ona ödənişlərini vaxtı-vaxtında etsə də, sonradan ona 1.600 manat borcu yaranmışdır. 2023-cü ilin mart ayında Həsən adlı şəxs onunla əlaqə yaradaraq Rüfətin avtomobillərinə onun nəzarət edəcəyini bildirmişdir. Həsən avtomobillərə nəzarət etməyə başladığı andan onun avtomobilləri təmir etməyi ilə bağlı ödənişləri gecikməyə və ya ödənilməməyə başlanılmışdır. Bununla da aralarında narazılıqlar yaranmışdır. O, Rüfətə və Həsənə dəfələrlə pulunun verilməsini bildirsə də, onlar hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, Rüfətə məxsus olan avtoyuma məntəqəsinə gedərək Rüfət və Həsənlə görüşmüş, Rüfətdən ona olan 1.600 manat borcunu geri qaytarmasını tələb etmişdir. Bu vaxt Həsən onunla nalayiq ifadələrlə və hədə-qorxu xarakterli sözlərlə danışmağa başlamışdır. O, Həsənə iradını bildirdikdən sonra Rüfət də onunla kobud danışmağa başlamışdır. Bundan sonra Həsən ona yaxınlaşaraq kəllə ilə onun burun nahiyəsinə zərbə endirmişdir. Aldığı zərbədən əlini burnuna tutub dayanmış, Rüfət də onu itələmişdir. Sonra həm onunla gələn Rəşad, habelə yaxınlıqda olan tanımadığı digər şəxslər Rüfəti və Həsəni ondan ayırmağa başlamışlar. Burnundan qan gəldiyini və gözünün şişdiyini görüb orada olan şəxslərin köməyi ilə onlardan uzaqlaşıb getmişdir. Hadisədən bir həftə sonra Rüfət və Həsən onun işlədiyi servisə gələrək ondan üzr istəmiş və ona olan borcunu ödəyəcəkləri barədə söz versələr də, buna əməl etməmiş, o da bir müddət gözlədikdən sonra onların hərəkətləri barədə polisə müraciət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, özünə məxsus olan “Toyota Prius” markalı avtomobilləri icarə əsasında ayrıayrı şəxslərə verir. Zərərçəkmiş şəxs 3-4 ildir tanıyır. Hadisədən təxminən bir il əvvəl Arzunun usta kimi fəaliyyət göstərməsini bilib öz avtomobillərini onun yanında təmir etdirməyə başlamışdır. **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mühərrikində nasazlıq yarandığından bunu təmir üçün Arzuya vermiş, sonuncu da ilkin olaraq 500 manat ehtiyyat hissələri almaq üçün ondan pul almış, düzəltdikdən sonra da 500 manat verməli olduğu barədə razılaşmışlar. Daha sonra o, həmin avtomobili Arzudan götürüb icarəyə vermiş, bir müddət sonra sürücü ona avtomobilin mühərrikində səs olduğunu bildirmişdir. O da bunu Arzudan soruşanda, sonuncu bir müddət sürdükdən sonra həmin problemin aradan qalxacağını bildirmişdir. Mühərrikin xarab olması barədə Arzuya məlumat verdikdə, Arzu yenidən maşına baxacağını bildirib əlavə olaraq 1.200 manat xərcinin çıxacağını demişdir. Beləliklə, Arzu ilə aralarında mübahisə yaranmış və o, onunla razılaşmayaraq evakuator vasitəsi ilə bu avtomobili digər ustaya aparmışdır. Sonra məlum olmuşdur ki, Arzu avtomobili düzgün təmir etməyib. Bu barədə Arzuya zəng edib bildirəndə, Arzu guya ona 1.600 manat borcunun olduğunu söyləyib pulu ondan istəməyə başlamış, o da da ona ödədiyi pulları istəmişdir. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 68 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində avtomobilini yuduzdurduğu vaxtı Arzu və yanında tanımadığı iki nəfər şəxs ora gəlmiş, Arzu ona yaxınlaşıb avtomobil barədə söhbət açıb avtomobili yenidən ona verməsini istəmişdir. O, avtomobilini başqa ustaya verdiyini və artıq onunla iş görməyəcəyini bildirəndə, Arzu guya onun ona borclu olduğunu və 1.600 manat pulun verilməsini tələb etmişdir. O da bundan imtina etmiş və Arzu ilə aralarında sözlə mübahisə başlamışdır. Bu vaxt orada işləyən Həsən adlı tanışı onlara yaxınlaşıb məsələnin nə olduğunu və mübahisənin səbəbini soruşmuşdur. O, Həsənə məsələni izah etmiş və bundan sonra Həsən Arzuya bir nəfər yaxınlıqda yaşayan Vidadi adlı ustanın olduğunu deyib onu dəvət etmişdir. Vidadi ustaya məsələni izah etdikdə, o, onun dediklərini təsdiq edərək avtomobildən olan problemin Arzu tərəfindən yarandığını bildirmişdir. Bundan sonra onlar Arzu ilə razılaşıb ayrılmışlar. Nə o, nə də ki, Həsən Arzuya xəsarət yetirməmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Delta” servisdə avtomobil ustası kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs 12 ildir tanıyır və uzun müddətdir bir yerdə işləyirlər. Rüfət adlı şəxsi isə Arzunun vasitəsi ilə tanımış, ona məxsus olan bir neçə “Toyota Prius” markalı avtomobilləri təmir etmişdir. Arzu ilə Rüfət aralasında olan razılığa əsasən Rüfət özünə məxsus avtomobilləri Arzunun yanına gətirmiş, sonuncu isə öz sahəsinə aid olmayan avtomobillərdə yaranan nasazlıqla bağlı ona müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Arzunun əsəbi halda telefonla danışdığını görüb ondan nə baş verdiyini soruşmuş, sonuncu da Rüfətin dostu olan Həsən adlı şəxslə danışdığını, onların ona borclu olduğunu və borcu qaytarmadıqlarını bildirmişdir. Bundan başqa, Arzu ona axşam saatlarında onlarla görüşəcəyini demişdir. O, Arzunun əsəbi olduğunu bilib onunla birlikdə görüşə getmək qərarına gəlmişdir. Saat 22 radələrində o, Arzu və onlarla birgə işləyən digər Rəşad adlı usta birlikdə Arzunun avtomobili ilə ünvan 1 ünvana getmişlər. İlkin olaraq Arzu avtomobildən düşüb orada olan avtoyuma məntəqəsinin qarşısında dayanmış Rüfətə yaxınlaşmışdır. Bundan sonra o da Rəşadla birgə avtomobildən düşüb avtomobilin yanında dayanmışdır. Rüfət və Arzu söhbət edən zaman onlarla onun arasında 15 metr məsafə olmuşdur. Səs-küydən ona məlum olmuşdur ki, Rüfətlə Arzu mübahisə edir, bu zaman orada olan Rüfətin dostu Həsən də onlara müdaxilə etməyə başlamışdır. Həsən artıq onlara yaxınlaşdıqdan sonra o da Rəşadla birlikdə Arzu və Rüfətə yaxınlaşmışdır. Həsən nalayiq ifadələr işlədərək Arzuya hədə-qorxu gəlməyə başlamışdır. Arzu da Həsənin onu təhqir etməsinə cavab olaraq ondan bu hərəkətlərini dayandırmasını tələb etmişdir. Həmin vaxt Həsən ani olaraq Arzunun sifət nahiyəsinə kəllə ilə zərbə endirmişdir. O, dərhal Həsənin qolundan tutub uzaqlaşdırmışdır. Eyni zamanda, Rüfət ilə Arzu sözlə mübahisə etmiş, lakin onlardan heç biri bir-birinə xəsarət yetirməmişlər. Bundan sonra isə orada olan insanların köməyi ilə Arzunu oradan uzaqlaşdırıb avtomobilə əyləşdirmişlər. Həmin vaxtı Arzunun burnundan qan gəlmiş və o, nəfəs almaqda çətinlik çəkirdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun yaşadığı ev Həsənin işlətdiyi avtoyuma məntəqəsinin qarşısındadır. Həsən əsəbi olduğundan aradabir ucadan səs saldığı üçün o tez-tez bu barədə ona iradını bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam vaxtı yenə Həsənin səsini eşidib evdən bayıra çıxmış, bu zaman Həsənin ətrafında bir neçə tanımadığı şəxsin olduğunu görmüşdür. Həsən də ona çağıraraq bir avtomobil ustası kimi avtomobilin təmiri ilə bağlıə aralarında yaranmış mübahisəyə aydınlıq gətirilməsini istəmişdir. O da onları dinləyib öz fikrini bildirib çıxıb getmiş və sonradan baş vermiş hadisənin şahidi olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X3 Nəsimi rayon şöbəsinin 12 iyun 2023-cü il tarixli, 656 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – burun sümüklərinin yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin əzilmiş yaranın izi olan çapığı bərk küt əşyanın təsirindən xx.xx.2023-cü il taixdə əmələ gələ bilməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yügül zərər vurmaya aiddir (İ cild, i.v.17-18); • “Axtarışda olan şəxsin tutulması haqqında” 05 fevral 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü saat 22:30 radələrində saxlanılmış, müstəntiq tərəfindən xx.xx.2024-cü il tarixdə onun barəsində tutma protokolu tərtib edilmiş və 08 fevral 2024-cü il tarixli qərarla o, müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 21 may 2024-cü il tarixdə isə onun barəsində seçilmiş qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild, i.v.84, 99-100, 133- 134, 137, 214-215); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla X2 barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (İ cild, i.v.222-231); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (İ cild, i.v.144-145); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2016-cı il və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan zərər çəkmiş şəxs və Şahid2 ifadələri, habelə ekspert rəyi ilə bu əməlin onun tərəfindən törədilməsi öz təsdiqini tapır. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 gün müddət ona təyin edilən islah işləri cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancının tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar