Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-317/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 avqust 2020-ci il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin dəmir qapısının kilidini üzərində olan, istintaqa məlum olmayan alətlə sındırıb içəriyə qanunsuz daxil olaraq oradan sonuncuya aid, bir metrinin qiyməti 15 manat olan və hər topu 30 metr olmaqla 97 top parçanı oğurlayaraq zərər çəkmiş şəxsə ümumilikdə xeyli miqdar təşkil edən 43.650 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə qızıl-zinət əşyalarının satışı ilə bağlı elan yerləşdirmiş X1 istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazaraq ondan qızıl-zinət əşyası almaq istədiyini bildirib görüş yeri təyin etmiş, H.Əhmədov isə ölkə hüdudlarından kənarda olduğundan birlikdə işlədiyi bacısı Zərərçəkmiş şəxs2 bu barədə məlumat verərək onun sifariş etdiyi qızıl-zinət əşyasını müştəriyə çatdırmasını istəmiş, o da 06.12.2020-ci il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 667-ci məhəllədə yerləşən “Bravo” hipermarketin qarşısında Zərərçəkmiş şəxs2 gəldiyi avtomobildə onunla görüşərək 1.537,50 manat dəyərində 20,5 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbağı, 1.477,50 manat dəyərində 19,7 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbağı və 360 manat dəyərində 4,8 qram çəkidə 585 əyarlı bir ədəd qızıl qolbağı götürmüş və üzərində olan əl çantasını guya avtomobildə guya unudaraq pulu gətirəcəyi vədi ilə həmin qızıl-zinət əşyalarını özü ilə götürüb oradan uzaqlaşıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 3.375 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, eyni üsulla özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial şəbəkədə qızıl-zinət əşyalarının satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefon nömrəsinə mesaj yazaraq ondan qızıl-zinət əşyası almaq istədiyini bildirib görüş yeri təyin etmiş və 14.12.2020-ci il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanda yerləşən X5rşısında sərnişini olduğu, istintaqa məlum olmayan taksi avtomobilində onunla görüşərək sonuncudan 356,25 manat dəyərində, üzərində bayraq şəkili olan 4,75 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi, 217,50 manat dəyərində, üzərində Heydər Əliyevin şəkili və imzası olan 2,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi, 330 manat dəyərində, üzərində Heydər Əliyevin şəkili olan 4,4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi və 3.496,25 manat dəyərində 98 qram çəkidə 750 əyarlı “Tissot” markalı bir ədəd qızıl qol saatını götürüb pulunu müdirindən alıb verəcəyi adı ilə avtomobili ünvan 4 ünvanda yerləşən 46 saylı orta məktəbin qarşısına sürdürüb üzərində olan əl çantasını avtomobildə qoyaraq və guya qızıl-zinət əşyalarının çantanın içərisində olduğunu bildirməklə həmin əşyaları özü ilə götürüb oradan uzaqlaşmaqla ümumi dəyəri 4.400 manat təşkil edən qızıl-zinət əşyalarını ələ keçirib Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 bir müddətdir tanıyır, Nəsimi rayon, 3-cü mikrorayon dairəsi yaxınlığında olarkən sonuncu maşını saxlayıb ondan ünvan maraqlanmışdır. O, Eyvazın avtomobilinə əyləşib onunla həmin ünvana birlikdə getmiş, yolda söhbət edərkən sonuncu onun işsiz olduğunu bilib ona işə düzəlməkdə köməklik edəcəyini söyləmişdir. Həmçinin bir neçə dəfə Eyvazgilə qonaq getmiş, bu ərəfədə onun evindəki parçaları da görmüşdür. Həmin parçaları oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 26.08.2020-ci il tarixdə Eyvazı izləyib gizlicə darvazasından onun evinə daxil olmuşdur. Səhər saatlarında evin həyətində olan mətbəxə daxil olub oradakı soyuducunun arxasında gizlənib Eyvazın qapını içəridən açmasını gözləmişdir. Bir müddət sonra Eyvaz çölə çıxmaq üçün qapını açdıqda o, fürsətdən istifadə edib gizlicə içəriyə daxil olmuş, girişdəki parçaların olduğu otağa keçərək onların arxasında uzanmışdır. Eyvazın evdən çıxdığını bildikdən sonra qapını qayçı ilə içəridən açmış, çöldəki darvazadan çıxıb 3-cü mikrorayon dairəsindən parçaları aparmaq üçün adam tapmağa getmişdir. Həmin günü saat 13 radələrində tanımadığı Camal adlı şəxslə razılaşıb evdən götürdüyü parçaları sonuncunun maşınına yükləyərək Masazır qəsəbəsindəki tanışının evinə aparmışdır. Oğurladığı parçaları sonradan internet vasitəsilə tapdığı bir nəfər qadın müştəriyə 1.000 manata satmış, parçadan bir topunu isə pul əvəzində Camala vermişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs1 97 deyil, 68 top top parçası oğurlamış, tutularkən də onları satdığı yeri göstərmişdir. Bundan başqa o, 2020-ci ilin dekabr ayının əvvəlində sosial şəbəkədə bir nəfər şəxsin qızıl-zinət əşyalarını satdığına dair elan görmüşdür. Elandakı nömrə ilə “WhatsApp” proqramı vasitəsilə yazışıb bir neçə qızıl-zinət əşyasını almağa razılaşmışlar. O həmin şəxsə özünü Emin kimi təqdim etmişdir. Daha sonra bu şəxs özü Türkiyədə yaşadığından qızılları ona bacısının çatdıra biləcəyini söyləmiş və sonuncunun əlaqə nömrəsini vermişdir. 06 dekabr 2020-ci il tarixdə, axşam saat 06 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında adını sonradan bildiyi Cəmilə adlı qadın və onun əri ilə görüşmüşdür. Söhbət zamanı o, özünü onlara müğənni Damlanın prodüseri kimi təqdim edib qızılları da guya onun üçün aldığını demiş və onlardan üç ədəd qızıl qolbağı götürərək əl çantasına qoymuşdur. Daha sonra bu şəxslərlə bərabər avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 667-ci məhəllədə yerləşən “Bravo” marketin qarşısına gəldikdə götürdüyü əşyaların pulunu yaxınlıqda olan müğənni Damladan götürüb qayıtmaq adı ilə oradan uzaqlaşmış və geri qayıtmamışdır. Səhəri günü ələ keçirdiyi qızılları metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən lombarda 2.300 manata satmış, pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan əlavə o, 13 dekabr 2020-ci il tarixdə “instagram” sosial şəbəkəsində qızılzinət əşyalarını satışına dair elanı görüb oradakı nömrə ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamışdır. Adını sonradan bildiyi Toğrul adlı şəxsə özünü Tural kimi təqdim edib ondan bir ədəd üzərində bayraq şəkili, iki ədəd isə üzərində Heydər Əliyevin şəkili olan qızıl emblemləri və qızıl qol saatını 5.000 manata almağa razılaşmışdır. 14 dekabr 2020-cil tarixdə, saat 14 radələrində Toğrulla ünvan 2 ünvanda yerləşən X5rşısında görüşmüşdür. Daha sonra Toğrulla bərabər qızılların pulunu müdirindən almaq adı ilə 46 saylı orta məktəbin qarşısına gəldikdə o, çantasının içərisindəki pul qabında olan qızılları götürüb özündə saxlamış, Toğrula isə qızılların guya çantanın içərisində olduğunu söyləyib oradan uzaqlaşmışdır. Ələ keçirdiyi əşyaları internet vasitəsilə tanımadığı şəxsə 2.000 manata satmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2019cu ildə Belarusiya Respublikasından 6,5 ton xüsusi materialdan hazırlanmış süfrə gətirmişdir. Həmin parça süfrələrin bir qismi satılmış, qalanını isə ünvan 1 ünvanda yerləşən evində saxlamışdır. 26 avqust 2020-ci il tarixdə, saat 09:30-da qızı Atlasla birlikdə bəzi əşyaları götürmək üçün həmin evə gəldikdə parçalar yerində olmuş, müştərilərindən biri parça nümunəsi istədiyindən saat 15 radələrində yenidən geri qayıtdıqda isə giriş qapısına kilidinin qırıldığını görmüşdür. Evə daxil olduqda girişdəki otaqdan parçaların oğurlandığını aşkar etmiş və dərhal bu barədə “102” xidmətinə məlumat vermişdir. Mallarını saydıqda evdən 97 top parçanın oğurlandığını aşkar etmişdir. Oğurlanmış parçalardan polis tərəfindən yalnız 31 top ona qaytarılmışdır. Ona vurulmuş zərərin qalan hissəsi ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qardaşı Həsənağa “Mərkəzi” univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Pandemiya ilə əlaqədar mağaza bir müddət onlayn fəaliyyət göstərmiş, qardaşı da Türkiyədə olduğundan satışla onun özü maraqlanmışdır. 04.12.2020-ci il tarixdə özünü “Emin” kimi təqdim edən tanımadığı bir nəfər “WhatsApp” proqramı vasitəsilə Həsənağa ilə əlaqə saxlayıb qızıl almaq istədiyini bildirmiş və “instagram” proqramı vasitəsilə bir neçə zinət əşyasını bəyənib onları 4.000 manata almağa razılaşmışdır. Qardaşı da ondan həmin malları göstərilən ünvana çatdırmağı xahiş etmişdir. 06.12.2020-ci il tarixdə, saat 18:20-də o, əri Ramil ilə bərabər metronun “20 Yanvar” stansiyasının yaxınlığında Emin ilə görüşmüşdür. Emin onlara həmin qızıl-zinət əşyalarını müğənni Damlaya almaq istədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Bravo” marketin qarşısına gəldikdə Emin qızılları üzərindəki qara çantanın içərisinə qoyub onların pulunu Damladan almaq adı ilə çıxıb getmişdir. Bir müddət sonra Eminin qayıtmadığını görüb onun avtomobildəki çantasının içərisinə baxdıqda qızılların orada olmadığını bilmişlər. Eminin onları aldatdığını başa düşüb dərhal hadisə barədə “102” xidmətinə məlumat vermişlər. Talanmış əşyalar 20,5 qram çəkidə 585 əyarlı, 19,7 qram çəkidə 585 əyarlı və 4,8 qram çəkidə 585 əyarlı üç ədəd qızıl qolbağı olmuşdur. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, “Mərkəzi” univermaqda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur, karantinlə bağlı bir müddət onlayn olaraq fəaliyyət göstərmişdir. 13 dekabr 2020-ci il tarixdə özünü Tural kimi təqdim edən bir nəfər “instagram” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə saxlayıb qızıl almaq istədiyini söyləmişdir. O da Turalla bir ədəd üzərində bayraq şəkili, iki ədəd üzərində Heydər Əliyevin şəkili olan qızıl emblem və qızıl qol saatına görə ümumilikdə 5.000 manata razılığa gəlmişdir. 14 dekabr 2020-cil tarixdə, saat 14 radələrində Tural adlı şəxslə Nəsimi rayonunda yerləşən X7 yaxınlığında görüşmüşdür. Daha sonra qızılın pulunu müdirindən almaq adı ilə o, Turalla bərabər taksi ilə 46 saylı tam orta məktəbin qarşısına gəlmişdir. Tural ona qızılları pul qabında taksidəki çantaya qoyduğunu deyərək oradan çıxıb getmişdir. Bir müddət sonra Turalın qayıtmadığını görüb onunla əlaqə saxlamağa çalışmış, lakin bu mümkün olmamışdır. Artıq Turalın qızılları ələ keçirib qaçdığını başa düşmüş və hadisə barədə polisə məlumat vermişdir. Turalın ələ keçirdiyi qızılların içərisində 356,25 manat dəyərində, üzərində bayraq şəkili olan 4,75 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi, 217,50 manat dəyərində, üzərində Heydər Əliyevin şəkili və imzası olan 2,9 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi, 330 manat dəyərində, üzərində Heydər Əliyevin şəkili olan 4,4 qram çəkidə 585 əyarlı bir ədəd qızıl emblemi və 3.496,25 manat dəyərində 98 qram çəkidə 750 əyarlı “Tissot” markalı bir ədəd qızıl qol saatı olmuşdur. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 10.12.2020-ci il tarixli, 9/3569 saylı rəyinə görə ekspertiza tədqiqatına nümunə qismində təqdim edilmiş təzə vəziyyətdə olan parçaların (yaşıl və ağ rəngli) 1 metrinin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 15,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.28-30); 31.03.2021-ci il tarixli, 9/1595 saylı rəyinə görə 585 əyarlı 20,5 qram çəkidə bir ədəd qızıl qolbağın dəyəri 1.537,50 manat, 585 əyarlı 19,7 qram çəkidə bir ədəd qızıl qolbağın dəyəri 1.477,50 manat, 585 əyarlı 4,8 qram çəkidə bir ədəd qızıl qolbağın dəyəri 360 manatdır. 585 əyarlı 4,75 qram çəkidə, üzərində bayraq şəkili olan qızıl emblemi, 585 əyarlı 2,9 qram çəkidə, üzərində Heydər Əliyevin şəkil və imzası olan qızıl emblemi, 585 əyarlı 4,4 qram çəkidə, üzərində Heydər Əliyevin şəkil və imzası olan qızıl emblemi və 750 əyarlı 98 qram çəkidə “Tissot” markalı qızıl qol saatı haqqında kifayət qədər məlumat (markası, modeli, çeşidi, istehsal ili, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İİ cild, i.v.101-104); “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 08.02.2021-ci il tarixli qərarla 31 top parça iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır (İİ cild, i.v.91); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqında” protokola əsasən Təqsirləndirilən şəxs 04.02.2021-cu il tarixdə tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.02.2021-ci il tarixli, 4(004)-73/2021 saylı qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin müddətinin əvvəli 06.02.2021-ci il tarixdən hesablanmışdır (İİ cild, i.v.46-47, 86-89); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 4(006)- 75/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08.02.2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.136-138); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16.02.2021-ci il tarixli arayışı və məhkəmə aktının surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona 06 ay müddətinə sınaq müddəti təyin edilmişdir (İ cild, i.v.142-143, 147-149). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd);dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasında kömək etməsini Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına görə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır (20-ci bənd). Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ilk dəfə olaraq tutulduğu 04 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 31 top parça sahibi Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 31 top parça sahibi Zərərçəkmiş şəxs1 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-317/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-317/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver