Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-318/2020 13.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 Xüsusi ittihamçı: X2 Xüsusi ittihamçının X6 nümayəndəsi: Barəsində xüsusi ittiham X7 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 1PUYWZU), evli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 77, ev 70A-da qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında saxlanılan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 İlqar Sabir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumu olan Milli Hidrometereologiya Departamentinin xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2018-ci il tarixədək baş mühasibi vəzifəsində işləmiş X11 (digər 04 təqsirləndirilən şəxslərlə birlikdə) barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və bu iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Hazırda cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə keçirilən açıq məhkəmə iclaslarında (kütləvi çıxışlarda) İ.Hacıyev onun barəsində həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli məlumatlar yaymaqla onu ağır cinayətlər (Cinayət Məcəlləsinin 179.3.2, 308.1. 308.2. 308-1.2 və 311.3.3 maddələrində nəzərdə tutulmuş əməlləri) törətməkdə ittiham etmişdir. Belə ki, İ.Hacıyev məhkəmə iclaslarındakı çıxışlarında və həmin çıxışlarını yaydığı kütləvi informasiya vasitələrində (10 mart və 27-xx xxxxxx 2020-ci il tarixlərdə yayılmış yazılar) onun barəsində böhtan xarakterli fikirlər söyləməklə onu ağır cinayətləri törətməkdə ittiham etmiş və etməkdədir. Məhkəmə çıxışlarında və yazılarda aşağıdakılar qeyd olunmuşdur: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometereologiya Departamentinin baş mühasibi İlqar Hacıyev keçmiş nazir Hüseynqulu Bağırovu yeyintidə suçlayır. Onun iddiasına görə, təkcə çalışdığı departamentin rəhbəri hər ay nazirə 10.000 manat çatdırırmış”, “İ.Hacıyevin iddiasına görə həmin məbləği pul vaxt ilə ona çatdığından keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ödəyib: “2018-ci ildə prezident seçkisinə hazırlıq dövründə nazir Əkbər Həsənovu çağırıb 265.000 manat istədi. Bunun 215 mini Salyanda iki zavodun tikintisinə, 50 mini də prezident seçkilərinə görə. Əkbər Həsənov nazirin tələbini gəlib çatdıranda dedim ki, çox risklidir. Mən də, Əkbərin özü də işdən çıxmaq istəyirdik. Ancaq Əkbər deyirdi ki, çıxsaq da Hüseynqulu Bağırovun əlindən qaça bilmərik. Nazir idi, istədiyini edə bilirdi. Əkbər işlədiyimiz firmalardan birinin rəhbəri Vüqardan 10-12 faizlə pulu alıb nazirə verdi. Dəfələrlə Əkbərə xəbərdarlıq elədim ki, bu pulu qaytara bilməyəcəyik, o isə nazirlə danışdığını deyirdi. Hüseynqulu Bağırov demişdir ki, prezident seçkisindən sonra yenə nazir təyin edilsə, pulu tam qaytaracaq. Amma elə oldu ki, pulu verəndən bir neçə ay sonra vəzifədən çıxarıldı”, “Çalışdığı departamentin rəisinin kartlardan çıxarılan pullardan hər ay 10 min manat keçmiş nazirə verdiyini vurğulayan İ.Hacıyevin sözlərinə görə bu üzdən onların gördükləri işdə heç bir problem yaranmazmış”, “Nazirlikdə işlədiyi dövrdə nazirin bir xeyli qeyri-rəsmi göstərişlərini yerinə yetirdiklərini deyən İ.Hacıyev bütün bunlar haqqında artıq susmaq istəmədiyini vurğulayıb”, “Əkbər indi həqiqətləri danışmır, ad çəkmir. Biz dəfələrlə rayonlardan nazir Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin axtarmışıq. X5 yeni korpusu tikiləndə nə qədər işləri biz görmüşük. Bunlar havayı deyildi. Pulsuz bu işləri görmək olardı? Daha susmaq yoxdu. Ya mən və digər təqsirləndirilən şəxslər bəraət alacağıq, ya da Əkbər Həsənov və Hüseynqulu Bağırov da həbs olunacaq”, “İlqar Hacıyev öz vəkili Ramin Məmmədzadənin suallarını cavablandıran zaman bir daha təkrar edib ki, sabiq nazir X10 Həsənovdan 265 min manat istəyərkən həmin məbləği Vüqar adlı şəxsdən alıblar”. İ.Hacıyevin çıxışlarının məzmunundan da göründüyü kimi o, açıq məhkəmə iclaslarında və kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət, böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və onu ictimaiyyət qarşısında nüfuzdan salan məlumatları yayaraq ona böhtan atmış və eyni zamanda onu ağır cinayətlərdə ittiham etmişdir. İ.Hacıyev tərəfindən qeyd olunan əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Bununla da İ.Hacıyev onu mülkiyyət əleyhinə olan, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətləri törətməkdə ittiham etməklə ona böhtan atmış, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmişdir. Kütləvi çıxışlarda (açıq məhkəmə iclaslarında) və kütləvi informasiya vasitələrində böhtan xarakteli məlumatları yayaraq onu ağır cinayətlər törətməkdə ittiham etdiyinə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında ittiham hökmünün çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi şikayəti müdafiə edərək onun icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 xüsusi ittihamçıya böhtan atmadığını, Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işi üzrə ifadə verərək həqiqətin söylədiyini və bu ifadələrin özü tərəfindən kütləvi informasiya vasitələrində yaymadığını bildirərək şikayətin icraata qəbul edilməsindən imtina olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, X7 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi şəxsin yalnız ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Göründüyü kimi, böhtan cinayəti subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilən əməldir. Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə görə xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin müddəalarına görə ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma Cinayət-Prosessual Məcəlləsinin məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, sübutlar ittihamedici və bəraətverici sübutlara bölündüyünə görə ittiham tərəfi müvafiq olaraq ittihamedici sübutları, müdafiə tərəfi isə bəraətverici sübutları toplayır. Məhkəmə isə cinayət təqibi orqanı deyil və nə müdafiə, nə də ittiham tərəfinin mövqeyindən çıxış edir. Məhkəmə hazırlıq iclasının əhəmiyyəti də ondan ibarətdir ki, məhz bu mərhələ yarımçıq işlərin, yəni bütün faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də cinayət prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən riayət olunmamış, o cümlədən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin birbaşa qəsdini, yəni X7 X4 barəsində böhtan xarakterli məlumatların kütləvi informasiya vasitələrində məhz onun tərəfindən qəsdən yayılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə həmçinin qeyd edir ki, barəsində şikayət verilmiş şəxsin təqsirləndirilən şəxs qismində digər məhkəmədə verdiyi ifadəsinə həmin işə baxan məhkəmə tərəfindən hal-hazırki vəziyyətdə hüquqi qiymət verilmədiyindən (sübut kimi qəbul edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan), xüsusi ittihamçının da həmin hala istinad edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ona X11 tərəfindən böhtan atılması barədə halları təsdiq edən kifayət qədər sübutları əldə etmədən və ya bunun əldə olunması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun hərəkətlər etmədən məhkəməyə xüsusi ittiham qaydasında şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə görə: - Şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7-ci maddə) məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir (302.1-ci maddə); - Bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır (302.2.3-cü maddə). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-318/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-318/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver