Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-32/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızının Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyində fəhlə işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 66A-da qeydiyyatda olan və yaşayan, haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan 07 aprel 2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(008)-4887/2017 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixədək 5.542 manat məbləğində aliment borcu yaranmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə ondan övladları, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəli 07 aprel 2017-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızına ödənilməsi qət edilmişdir. Əvvəllər alimenti ödəsə də, sonradan işsiz olduğundan bunu edə bilməmişdir. Ötən ilin iyun ayından Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyində fəhlə işləyir və maaşı 470 manatdır. Bundan başqa heç bir gəliri yoxdur. Yaranmış aliment borcunu birdəfəlik ödəyə bilmir. Bununla belə onun ödənilməsi üçün həm maaşının bir hissəsini, həm də müxtəlif içkilərin metal qablarını toplayıb aiddiyyəti üzrə təhvil verərək əldə etdiyi pulu tələbkarın hesabına köçürür. Ümumiyyətlə barəsində cinayət işinin başlanılması haqqında təqdimat verildikdən sonra yaranmış 5.542 manat aliment borcundan 1.540 manat ödəmişdir. İcra məmurundan aliment borcunun əmək haqqısına yönəldilməsini istəsə də, bu edilməmişdir. Onu da qeyd edir ki, Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızından boşandıqdan sonra ikinci dəfə ailə qurmuş və bu nikahdan da iki azyaşlı övladı var. L.Mirzəyevə özü də yenidən ərə getmiş, onun da həmin nikahdan uşaqları var. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızı ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ayrıldıqdan sonra övladlar onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi Təqsirləndirilən şəxs həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 aprel 2017-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində vəsaiti ona verilməsi qət edilmişdir. Müəyyən edilmiş alimenti Təqsirləndirilən şəxs hər ay vaxtında ödəməmiş, onun xx.xx.2022-ci il tarixədək 5.542 manat aliment borcu yaranmışdır. Bu müddətdən sonra isə yalnız 1.540 manat ödəniş olunmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(008)-4887/2017 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızının xeyrinə ödənilməlidir. Lakin, Təqsirləndirilən şəxs bu qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməmiş, xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq olunsa da, təqdimat verilən 29 aprel 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 5.542 manat aliment borcunu Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızına ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Həmin vaxtdan sonra isə Təqsirləndirilən şəxs aliment borcu üzrə cəmi 1.540 manat ödəniş etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(008)- 4887/2017 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2017-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq X3 xeyrinə ödənilməlidir (İ cild, i.v.10-13); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(006)-824/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır (İ cild, i.v.33-34); • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 3(008)- 3021/2021 saylı qərarından olan çıxarışa əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir (İ cild, i.v.60); • X5 xx.xx.2021-ci il tarixli, **********1 saylı məktubuna görə Təqsirləndirilən şəxs işaxtaran və ya işsiz şəxs kimi qeydiyyatda deyil (İ cild, i.v.81); • Təqsirləndirilən şəxs əmlakına, qazancına və ya digər gəlirlərinə yönəldilməsi üçün məcburi icra hərəkətləri həyata keçirilərək müvafiq orqan və banklara sorğular edilmiş, lakin verilmiş cavablarda onun hər-hansı əmlakın, pul vəsaitinin olması müəyyən edilməmişdir (İ cild, i.v.85, 90-111); • Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1/237 saylı arayışına görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Birliyin “Təmizlik sahəsi”ndə fəhlə işləyir və onun aylıq əmək haqqısı 470 manatdır (İ cild, i.v.193); • Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 302629/2017-5-36 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs ümumi 5.542 manat aliment borcundan 1.200 manat ödəniş etmişdir (İ cild, i.v.220-227); • 19.11.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərinə görə Zərərçəkmiş şəxs kart hesabına müvafiq olaraq 160 və 180 manat vəsait mədaxil olunur (İİ); • “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs haqqında “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.214-215); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi • ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə başlanılmış icraata Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsi ilə xitam verilmişdir (İ cild, i.v.191); • Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il və xx.xx.2022-ci il təvəllüdlü iki övladı var (İ cild, i.v.155-156). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsinə görə cinayət məsuliyyətini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin (hal-hazırda İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsi) tələbləri şamil edilmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ondan 07 aprel 2017-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Mirzəyeva (İbrahimova) Leyla Ağacan qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(008)-4887/2017 saylı qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, qərəzli olaraq məhkəmə qətnaməsini icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixədək 5.542 manat məbləğində aliment borcu yaranmışdır. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, habelə aliment borcu üzrə qismən ödənişlərin edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, ailə vəziyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəza ilə bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, həmin Məcəllənin 34-cü maddəsinin tələblərinə uyğun cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Eyni zamanda onun haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın, haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-32/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-32/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver