Məhkəmə qərarları › İş №1(006)-32/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-32/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-32/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncuya məxsus qızıl-zinət əşyalarını əridərək əvəzində sifariş verdiyi yeni model qızıl-zinət əşyaları hazırlayacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin mart ayının əvvəllərindən həmin ilin iyul ayının sonlarınadək olan müddət ərzində özünün zərgər kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllədəki “Moskva” ticarət mərkəzinin yanında yerləşən mağazada Zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 40125 manat dəyərində hər biri 750 əyarlı qızıldan hazırlanmış bir ədəd 84 qram çəkidə tros boyunbağını, bir cüt 40 qram çəkidə sapfir qaşlarla bəzədilmiş sırğanı, bir ədəd 38 qram çəkidə qolbağ və boyunbağını, bir ədəd 7 qram çəkidə ilan formalı boyunbağını, bir ədəd 14 qram çəkidə Fransa istehsalı olan “Van Cliff” markalı boyunbağını, bir cüt brilyant qaşlarla bəzədilmiş 28 qram çəkidə transformer sırğanı, bir ədəd 10 qram çəkidə İtaliya istehsalı olan “İn-Yan” markalı klonu, bir ədəd 60 qram çəkidə İtaliya istehsalı “BİFİ” markalı qolbağı və sonuncunun sifariş verdiyi qızıl-zinət əşyalarının hazırlanmasında istifadə edilməsi üçün əlavə xammal alacağı adı ilə 2500 manat nağd pulunu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs 42.625 manat yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən 2023cü ilin sentyabr ayının sonlarınadək “Moskva” ticarət mərkəzinin yanındakı zərgərlik mağazasında zərgər kimi fəaliyyət göstərmişdir. Sonradan səhhətində yaranmış problemlərlə bağlı işdən uzaqlaşmış və evdə müalicə almışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildən onun müştərisi olmuşdur. Belə ki, Lalə Babayevə həmin tarixdə onun çalışdığı obyektə gələrək bir ədəd 750 əyarlı 84 qram çəkidə qızıl sep, bir ədəd 750 əyarlı 19 qram qızıl sep, bir ədəd 585 əyarlı çəkisini xatırlamadığı sep, bir ədəd 750 əyarlı 11 qram çəkidə klonu ona təqdim edərək həmin zinət əyşalarının əridilərək başqa zinət əşyası hazırlamğını sifariş vermişdir. Həmin zinət əşyalarının üzərində dəyərli qaşlar olmamışdır. O, Zərərçəkmiş şəxs istəyinə uyğun olaraq müxtəlif zinət əşyalarının dizaynın çəkərək göstərmiş və yekunda sonuncu təkliflərindən biri ilə razılaşmışdır. O, qeyd etdiyi zinət əşyalarını Zərərçəkmiş şəxs iştirakı ilə tərəzidə çəkərək sonuncuya qramlarını göstərmişdir. Zərərçəkmiş şəxs istədiyi zinət əşyasının hazırlanması üçün təxminən 200 qram qızıl lazım olduğunu bildirmişdir. Lalə onunla razılaşaraq qalan çəkidə yəni təxminən 80 qram qızılı isə hissə-hissə olmaqla ona verəcəyini bildirmişdir. Sonradan isə Lalə qızıl əvəzinə ona 3000 manat pul, 585 əyarlı 39 qram çəkidə 3 karat brilyant qaşlı bir cüt sırğa vermiş və həmin qızılı da düzəldəcəyi zinət əşyasına qatmağını istəmişdir. O isə verilmiş qızılları əritmiş və yeni zinət əşyası hazırlamağa başlamışdır. 3000 manat pulun 500 manatına gümüş sep alaraq Zərərçəkmiş şəxs vermişdir. Qalan 2500 manatına 22,5 qram 999 əyarlı qızıl alaraq həmin zinət əşyasına qatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona bir ədəd 750 əyarlı 61 qram çəkidə “BiFi” markalı qolbağı gətirmiş və onun ölçüsünü qısaldaraq öz qoluna uyğunlaşdırmağını, artıq qalacaq qızılı isə hazırladığı zinət əşyasına əlavə etməyini istəmişdir. O da Zərərçəkmiş şəxs dediyi kimi edərək qolbağı qısaldıb özünə qaytarmış, artıq çıxan 14,70 qram qızılı hazırladığı zinət əşyasına qatmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ona 585 əyarlı 14 qram çəkidə 1,5 karat brilyant qaşlı bir cüt sırğa verib həmin sırğanı əridərək başqa formada qızıl sırğa hazırlamağını istəmişdir. O isə Laləyə həmin sırğanı da əridib hazırladığı zinət əşyasına qatmağını, daha sonra isə istədiyi sırğanı da hazırlamağını təklif etmiş və Zərərçəkmiş şəxs onunla razılaşmışdır. O da həmin sırğanın brilyant qaşını ayırıb özündə saxlamış, 14 qram 585 əyarlı qızılı əridərək 750 əyara çevirib 10 qram qızıl əldə etmiş və onu da həmin zinət əşyasına qatmışdır. Bununla ümumilikdə hazırlayacağı zinət əşyası üçün 750 əyarlı 189 qram qızıl istifadə etmiş, lakin 11 qram qızıl çatmamışdır. O, bu barədə Zərərçəkmiş şəxs bildirmiş və sonuncu onunla razılaşmışdır. Bundan sonra o, hazırlayacağı zinət əşyasının ölçüsünü ona bildirmək üçün Zərərçəkmiş şəxs onun çalışdığı mağazaya gələrək özü ilə 84 sm uzunluğunda 585 əyarlı 15 qram çəkidə qızıl sep gətirmişdir. Sepi ona verib ölçüsü ona lazım olar deyib orada qoyub çıxıb getmişdir. Həmin sepi o, digər əşyalar kimi evə apardığı zaman cibindən düşürüb itirmişdir. O, həmin sifarişini hazırlayaraq yekunlaşdırana yaxın qızılın çəkisinin ümumilikdə 279 qram olduğunu Zərərçəkmiş şəxs bildirdikdə sonuncu həmin sifarişdən imtina etmişdir. Halbuki, onunla əvvəlcədən aralarında olan razılaşmaya əsasən artıq çıxacaq qızılın pulunu tamamilə ona ödəməli olmuşdur. Onun əvvəlcədən hesablamasına görə həmin sifarişin hazırlanması üçün təxminən 200-220 qram qızıl material lazım olsa da, xüsusi kompyuter proqramı vasitəsilə olan hesablamaya görə həmin sifarişin hazırlanmasına 279 qram qızıl istifadə olunmuşdur. Bu səbəbdən əlavə olunmuş qızılın dəyərini Zərərçəkmiş şəxs ödəmək istəmədiyindən sifarişin tamamlanmasından imtina edərək ona təqdim etdiyi zinət əşyalarını əvvəlki vəziyyətinə gətirərək özünə qaytarmağını istəmişdir. O isə bunun müəyyən vaxt tələb etdiyini deyərək ona möhlət verməsini istəmişdir. Zərərçəkmiş şəxs isə sonda onunla razılaşmayaraq barəsində polisə şikayət etmişdir. O, həmin sifarişin hazırlanması üçün müəyyən xərclər çəkmiş və bununla bağlı borclu qaldığı şəxslərə pul ödəməli olmuşdur. Bu səbəbdən də o, hazırladığı zinət əşyasını lom kimi, brilyant qaşları isə dəyərindən ucuz sataraq həm bu işin görülməsi üçün borclu olduğu şəxslərə, həm də digər şəxslərə olan şəxsi borclarını qaytarmışdır. Belə ki, o, həmin əşyaların satılmasından təxminən 26.000 manat gəlir əldə etmişdir. Həmin pulun 10.000 manatını qeyd etdiyi zinət əşyasının hazırlanması üçün xərclərə hesablayaraq borcu olduğu şəxslərə vermiş, qalan hissəsini isə şəxsi borclarına xərcləmişdir. Onun Zərərçəkmiş şəxs təqdim etdiyi zinət əşyalarını əvəzsiz olaraq ələ keçirmək niyəti olmamış, o, heç kimin əmlakını əvvəzsiz olaraq ələ keçirməmişdir. O, Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarını satmamış, onları əridib Zərərçəkmiş şəxs sifariş verdiyi modeli hazırlamaq üçün çəkdiyi xərclərə vermişdir. Qalan hissəsini isə başqa müştərilər üçün zinət əşyalarının hazırlanmasında istifadə etmişdir. Belə ki, həmin dövrdə X2 Respublikasında olduğundan sonuncunun ölkəyə geri qayıdanadək ona verdiyi qızıllardan başqa müştəri üçün zinət əşyası hazırlayıb qazanc əldə edəcəyini və Lalə üçün başqa qızıl alıb sifarişini tamamlayacağını düşünsə də, həmin işi başa çatdıra bilməmişdir. Sonradan o, Zərərçəkmiş şəxs 5000 manat pul qaytarmışdır. İfadəsinin sonunda özünü təqsirli hesab etmədiyini, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək barəsində bəraət hökmünün verilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Vivianajewellery” adlı səhifənin istifadəçisi Təqsirləndirilən şəxs tanımışdır. Həmin şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə, “Moskva” ticarət mərkəzinin yaxınlığında yerləşən qızıl-zinət əşyaları təmir olunan obyektdə zərgər kimi fəaliyyət göstərmişdir. O, dəfələrlə Bəhruzun yanına qızıl-zinət əşyaları aparıb təmir- cilalanması üçün vermişdir. Bu səbəbdən də Bəhruza inandığı və etibar etdiyi üçün növbəti dəfə internetdə gördüyü zinət əşyasını hazırlatmaq qərarına gəlmişdir. O, internet saytlarından tapdığı modelin şəklini özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp" ani mesajlama proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs isə həmin modelə baxaraq bunu onun üçün hazırlaya biləcəyini, buna hansı miqdarda zinət əşyası lazım olacağını deyəcəyini bildirmişdir. Bundan sonra o, 2023cü ilin fevral ayının sonlarında rəfiqəsi Şahid ilə birlikdə Bəhruzun çalışdığı yuxarıda qeyd etdiyi ünvana getmişdir. Bəhruzla aralarında olan söhbət zamanı sonuncu ona sifariş etdiyi modelin kompyuter vasitəsilə dizaynının hazırlanacağını bildirmiş və bundan sonrakı gedişlərində ona kompyuterdə hazırlanmış dizaynı göstərmişdir. O, modelini bəyəndikdən sonra Bəhruz hesablama aparaq ona həmin zinət əşyasının hazırlanması üçün ümumilikdə 200 qram 750 əyarlı qızıl lazım olacağını, zəhmət haqqı isə təxminən ***-**** manat olacağını bildirmişdir. O, Bəhruzla razılaşmış və bir neçə gün sonra yəni, mart ayının əvvəllərindən başlayaraq iyul ayının sonlarınadək olan müddət ərzində Təqsirləndirilən şəxs yanına rəfiqəsi Arzu ilə gedərək ümumilikdə hər biri 750 əyarlı olan 8 ədəd qızıl-zinət əşyasını yəni, bir ədəd 84 qram çəkidə tros sep, bir cüt 40 qram çəkidə sapfir qaşlarla bəzədilmiş sırğa, bir ədəd 38 qram çəkidə qolbağ və sep, bir ədəd 7 qram çəkidə ilan sep, bir ədəd 14 qram çəkidə Fransa istehsalı olan “Van Cliff” markalı sep, bir cüt brilyant qaşlarla bəzədilmiş 28 qram çəkidə transformer sırğa, bir ədəd 10 qram çəkidə İtaliya istehsalı olan “İn-Yan” markalı klonu Bəhruza vermişdir. Belə ki o, sonuncu dəfə 2023-cü ilin iyul ayının sonunda Bəhruzun çalışdığı yerə gedərək sonuncuya qısaldaraq müəyyən ölçüyə uyğunlaşdırması, artıq qalan hissəsini isə hazırlayacağı yeni model sifarişinə xammal olaraq istifadə etməsi üçün bir ədəd 750 əyarlı 60 qram çəkidə İtaliya istehsalı “BİFİ” markalı qolbağı vermişdir. Bəhruz xx.xx.2023-cü il tarixdə həmin qolbağı kəsib qısaltdıqdan sonra artıq qalan hissəsinin şəklini “Whatsapp” ani mesajlama proqramı vasitəsilə ona göndərmişdir. Belə ki, həmin dövrün bazar qiymətinə əsasən bir qram 750 əyarlı qızılın qiymətinin 125 manat olmasını və onun Bəhruza ümumilikdə 281 qram qızıl verdiyini nəzərə alsaq, sonuncu onun dələduzluq yolu ilə 35.125 manat dəyərində qızıl əşyalarını ələ keçirmişdir. Bundan başqa, həmin zinət əşyalarının üzərində 5000 manat dəyərində brilyat və sapfir qaşların olması nəzərə alınarsa o, ümumilikdə Təqsirləndirilən şəxs 40.125 manat qızıl-zinət əşyaları vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq sifarişinin tamamlanması üçün əlavə olaraq 2500 manat dəyərində xammal kimi 750 əyarlı qızıl lazım olduğunu bildirmişdir. O da Bəhruzla razılaşaraq Arzu ilə birlikdə 2023-cü ilin aprel ayının ortalarında Bəhruzun çalışdığı ünvana getmiş və orada qeyd etdiyi məbləğdən başqa əlavə olaraq 500 manat da bir ədəd gümüşdən sep düzəlməsi üçün Bəhruza pul vermişdir. Sonra Bəhruz ona həmin sepi düzəldib versə də, qızıldan olan sifarişini hazırki vaxtadək hazırlayıb verməmiş, nə də ki, maddi ziyanını ödəməmişdir. Belə ki, o, bundan sonra Bəhruzla dəfələrlə əlaqə saxlayaraq sifarişin nə zaman hazır olacağı barədə soruşduqda sonuncu hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Sonuncu danışıqları zamanı isə Bəhruz ona sifarişinin hazırlanması üçün əlavə olaraq 60-80 qram qızıl lazım olduğunu bildirmişdir. Bu zaman o, Bəhruzun onu aldadaraq zinət əşyalarını və pulunu ələ keçirdiyini başa düşdüyü üçün sonuncudan zinət əşyalarını əvvəlki vəziyyətinə gətirib geri qaytarmasını tələb etmişdir. Bundan sonra Bəhruz söz verdiyi vaxtda verdiyi vədə əməl etmədiyi üçün Bəhruzun barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, düzəldilməsi üçün 1 ədəd böyük uzun sep və qolbaq sifariş vermişdir. Bəhruza, ümumilikdə, 281 qram qızıl vermişdir. Bəhruz zəhmət haqqı ilə bağlı sonra razılaşacaqlarını bildirmişdir. O isə istədiyi kimi düzələrsə əlavə pul da verəcəyini bildirmişdir. Əvvəllər Bəhruzla aralarında heç bir narahatçılıq olmamışdır. Müstəntiqin yanında olan zaman Bəhruz sifarişi hazırlamaq üçün əlavə qızıl alması və nəticədə xərc çəkməsi barədə məlumat vermişdir. Onun qardaşı isə Bəhruza çəkdiyi xərci ödəməyə hazır olduqlarını, lakin qızılları qaytarmağın zəruri olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, verilmiş qızıllar lombarda qoyulmuşdur, halbuki, onun bundan xəbəri olmamışdır. Bəhruz ona 1 qızılın lombardda olduğunu, İtaliyadan gətirilən qolbaq ilə boyunbağının isə "xxxx" ASC-də olduğunu bildirmişdir. Qızılların itirilməsi ilə bağlı ona heçnə deyilməmişdir. Onun verdiyi bütün qızılların əyarı 750 olmuşdur. Lakin Bəhruz müstəntiqin otağında olarkən qızılların əyarının 585 olduğunu bildirmişdir. Bəhruz ona brilyantları çıxardığını, klona dizayn verərkən bütün brilyantları və sapfirləri onun içinə salacağını bildirmişdir. Hal-hazırda brilyantların harada olduğunu bilmir. Qızılları Bəhruza verməyinin səbəbi yeni dizaynda qızıl hazırlamaq barədə razılıq olmuşdur. Bəhruz ona yeni dizaynda qızıl üçün müəyyən çəkidə qızıl lazım olması barədə məlumat vermişdir. Oktyabrın sonlarında polisə müraciət etmiş və qardaşına etibarnamə vermişdir ki, polisdə onu təmsil etsin. O qızılları saymamışdır, sonradan qızılların qiymətini dəqiqləşdirmiş və ifadə verilmişdir. Əvvəl 5000 manat dəyərində brilyant və sapfirlərini polisə müraciət edərkən unutduğuna görə dəməmişdir. Həmin vaxtlar o xəstə olmuş və onunla video-görüntü vasitəsilə əlaqə saxlanılmışdır. Bəhruz əvvəl ona xaricdən qayıdan kimi qızılların hamısının yığılacağını bildirmişdir. Halhazırda dəymiş ziyandan ona 5000 manat ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Sonradan öyrəndiyinə görə Lalə bir neçə ay əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Vivianajewellery” adlı səhifənin istifadəçisi Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə, “Moskva” ticarət mərkəzinin yaxınlığında yerləşən qızıl-zinət əşyaları təmir olunan obyektdə zərgər kimi fəaliyyət göstərmişdir. Bundan sonra Lalə dəfələrlə həmin şəxsin yanına qızıl-zinət əşyaları aparıb təmir-cilalanması üçün vermişdir. Bu səbəbdən də Lalə Bəhruza inandığı və etibar etdiyi üçün növbəti dəfə internetdə gördüyü zinət əşyasını hazırlanmasını Bəhruza sifariş vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs 2023-cü ilin fevral ayının sonlarında onunla birlikdə Bəhruzun çalışdığı yerə getmişdir. Bəhruzla Lalə arasında olan söhbət zamanı Bəhruz sifariş edilən modelin kompyuter dizaynının hazırlanacağını bildirmişdir. Zərərçəkmiş şəxs modelini bəyəndikdən sonra Bəhruz hesablama apararaq həmin zinət əşyasının hazırlanması üçün ümumilikdə 200 qram 750 əyarlı qızıl lazım olacağını, zəhmət haqqı isə təxminən ***-**** manat olacağını bildirmişdir. Lalə onunla razılaşmış və bir neçə gün sonra yəni, mart ayının əvvəllərindən başlayaraq iyul ayının sonlarınadək olan müddət ərzində Lalə ilə birlikdə Təqsirləndirilən şəxs yanına gedərək ümumilikdə hər biri 750 əyarlı olan 7 ədəd qızıl-zinət əşyasını yəni, bir ədəd tros sep, bir cüt sapfir qaşlarla bəzədilmiş qolbağ və sep, bir ədəd ilan sep, bir ədəd Fransa istehsalı olan “Van Cliff” markalı sep, bir cüt brilyant qaşlarla bəzədilmiş transformer sırğa, bir ədəd İtaliya istehsalı olan “İn-Yan” markalı klonu ona vermişdir. Belə ki, onlar sonuncu dəfə 2023-cü ilin iyul ayının sonunda Bəhruzun çalışdığı yerə gədərək Lalə ona qısaldaraq müəyyən ölçüyə uyğunlaşdırması, artıq qalan hissəsini isə hazırlayacağı yeni model zinət əşyasına xammal olaraq istifadə etməsi üçün Bəhruza bir ədəd 750 əyarlı İtaliya istehsalı “Bİ-Fİ” markalı qolbağı vermişdir. Lalənin ona bildirməsinə görə, Bəhruz xx.xx.2023-cü il tarixdə həmin qolbağı kəsib qısaltdıqdan sonra artıq qalan hissəsinin şəklini “Whatsapp” proqramı vasitəsilə Laləyə göndərmişdir. Bildiyinə görə Zərərçəkmiş şəxs Bəhruza ümumilikdə 281 qram 750 əyarlı zinət əşyaları vermişdir. Həmin zinət əşyalarının üzərində 5000 manat dəyərində brilyant və sapfir qaşları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Lalə ilə əlaqə saxlayaraq sifarişin tamamlanması üçün əlavə olaraq 2500 manat dəyərində xammal kimi 750 əyarlı qızıl lazım olduğunu bildirmişdir. Lalə də onunla razılaşaraq birlikdə 2023-cü ilin aprel ayının ortalarında Bəhruzun çalışdığı ünvana getmiş və orada qeyd etdiyi məbləğdən başqa əlavə olaraq 500 manat da Bəhruza pul vermişdir ki, Bəhruz ona bir ədəd gümüşdən sep düzəltsin. X4 həmin sepi düzəldib versə də, qızıldan olan sifarişi hazırki vaxtadək hazırlayıb verməmişdir. Sonradan Zərərçəkmiş şəxs ona bildirmişdir ki, o, Bəhruzla dəfələrlə əlaqə saxlayaraq sifarişin nə zaman hazır olacağı barədə soruşduqda Bəhruz hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonuncu danışıqları zamanı isə Bəhruz Laləyə sifarişin hazırlanması üçün əlavə olaraq 60-80 qram qızıl lazım olduğunu bildirmişdir. Bu zaman Lalə Bəhruzun onu aldadaraq zinət əşyalarını və pulunu ələ keçirdiyini başa düşdüyü üçün Bəhruzdan qızılların əvvəlki vəziyyətinə gətirib geri qaytarmasını tələb etmişdir. Bundan sonra da Bəhruz söz verdiyi vaxtda verdiyi vədə əməl etmədiyi üçün Lalə onun barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bəhruz qızılları əritdiyini bildirmiş, kompüterdə onlara iş görməsi ilə bağlı nələrsə göstərmiş, ancaq onlar qızılların özünü görməmiş, sadəcə Bəhruz danışmış, onlar da qulaq asmışdır. Onlar kompüterdəki qızılları görsə də, həmin qızılları digər formada görməmişlər. Bəhruz onlara qızılların seyfdə olduğunu bildirmişdir. Hər dəfə Bəhruz onlara qızılın çatmadığını, əlavə qızılın və pulun lazım olduğunu deyərək vaxt uzatmışdır. Onlar Bəhruzla çox görüşmüşlər və hər dəfə görüşəndə sonuncu onlardan nəsə istəmişdir. Bəhruz Lalədən ya pul, ya da qızıl tələb etmiş, Lalə xanım isə ancaq qızıl vermişdir. Bəhruz onlara sadəcə sifarişi hazırlayandan sonra onun haqqını verməsini istəmişdir. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3005-ci məhəllədəki “Moskva” ticarət mərkəzinin yanında yerləşən mağazadır (i/v 8-9). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, diskdə 02 ədəd videofayl vardır ki, həmin videofayllarda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında «Vatsapp» mobil tətbiqində aparılan yazışmalar və danışıqlar qeydə alınmışdır, ilk videofayla baxıldıqda həmin videofaylda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əhəmiyyət kəsb edən hər hansı bir yazışma və ya danışıq aşkar olunmamışdır. İkinci videofayl açıldıqda həmin videofaylda Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs uzun müddət qızıl-zinət əşyaları ilə bağlı yazışma və danışıqlar aparması müşahidə olunur, lakin yazışmaların sonunda Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs bir sıra qızılların qaytarılması və onu aldatmaması barədə mesajlar göndərilməsi müşahidə olunur ki, həmin yazışmalara Təqsirləndirilən şəxs heç bir cavab vermir. (i.v/ 29). İş materiallarına əlavə olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 51). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 24 may 2024-cü il tarixli könüllü təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun aldadaraq ələ keçirdiyi qızıl-zinət əşyalarının 07 ədəd foto şəkillərini könüllü olaraq təqdim etmişdir. Həmin foto şəkillərdə Zərərçəkmiş şəxs yeni modeldə zinət əşyası hazırlaması üçün Təqsirləndirilən şəxs verdiyi bir ədəd tros sep, bir ədəd “Bİ-Fİ” markalı qolbağ, bir ədəd “İn-Yan” klon və sep, bir ədəd 38 qram çəkidə olan qolbağ və sep, bir ədəd “Van Cliff’ markalı sep, bir ədəd sapfir qaşlı sırğa, bir ədəd brilyant qaşlı transformer sırğanın görüntüləri əks olunmuşdur. (i.v/ 170). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-91/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs etmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (i.v/ 79-82). İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 4(103)-765/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarını əks etdirən çıxarışdan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 362/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 4(103)-765/2024 nömrəli, 15 iyul 2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-339/2024 saylı 06 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığı qətimkan tədbirinin müddəti 22 iyul 2024cü il tarixədək müəyyən edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-362/2024 saylı 17 iyul 2024-cü il tarixli qərarına əsasən ev dustaqlığı qətimkan tədbirinin müddəti 11 avqust 2024-cü il tarixədək uzadılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 98). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3087 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 07 adda zərgərlik məmulatlarının 2023-cü ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 28050,00 manat müəyyən edilir. Digər 01 cüt 750 əyarlı brilyant qaşlarla bəzədilmiş 28 qram çəkidə tranformer sırğanın üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü və s. olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i/v 187-189). İş materiallarında olan maddi ziyanın könüllü ödənilməsi haqqında 28 iyun 2024-cü il tarixli protokoldan və 28 iyun 2024-cü il tarixli ərziədən görünür ki, təqsirləndirilən şəxsin qardaşı Nicat Dadaşov tərəfindən təqdim edilmiş 5000 manat pul vəsaiti müstəntiq tərfindən qəbul edildikdən sonra həmin pul vəsaiti Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v/ 196, 197). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2024cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin təqdim etdiyi 07 ədəd fotoşəkillər maddi sübut kimi tanınmış və həmin şəkillərin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i/v 208-217). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. (i/v 97). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zinət əşyaları və nağd pul olaraq ümumilikdə 42625 manat pulu alaraq ələ keçirdiyini inkar etsə də, iş materialları və proses iştirakçılarının ifadələri ilə sonuncudan zinət əşyaları və nağd pul olaraq ümumilikdə 42625 manat pulu aldığı sübut olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zinət əşyaları və nağd pul olaraq ümumilikdə 42625 manat pulu dələduzluq yolu ilə ələ keçirməsində özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli qərarına əsasən, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərara əsasən, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zinət əşyaları və pula sərəncam vermək hüququna malik olduğuna görə başa çatmış hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dələduzluq etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, vəziyyətini yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək, «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış 07 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilərək, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 07 ədəd fotoşəkilin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar