Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-320/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 noyabr 1963-cü il tarixdə Füzuli rayonu, Əhmədallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metodonu əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən əldə etdiyi təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 1 ədəd «Methadone 40» yazılı blisterdə «F/M40» göstəricili 10 ədəd tabletdən ibarət Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan metadon narkotik vasitəsini üzərində saxlayaraq daşımış, 14 fevral 2021-ci il tarixdə saat 20:40-da ünvan 2 ünvanının qarşısında Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, həmin gün saat 23:15-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli gödəkçənin sol iç cibindən həmin narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi və xarici görünüşünü xatırlamadığı Ələkbər adlı şəxsdən özü istifadə etmək üçün 10 həbdən ibarət 1 list «Methadone 40» göstəricili dərmanı pulla almış və üzərində saxlamışdır. Həmin vaxtdan sonra qeyd olunan dərmanı əynindəki tünd boz rəngli gödəkçənin sol iç cibində saxlasa da istifadə etməmişdir. 14 fevral 2021-ci il tarixdə 20:40-da qeydiyyatda olduğu və yaşadığı ünvan 4 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Nəsimi RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının göstərişinə tabe olub onlarla birlikdə Nəsimi RPİ-nə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə olunması məqsədi ilə müdafiəçi dəvət olunmuş, daha sonra isə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlyarkən polis əməkdaşı üzərində hər hansı qadağan edilmiş, qanunsuz maddə olub olmadığın, soruşduqda o, əynindəki boz rəngli gödəkçənin sol iç cibində saxladığı 10 həbdən ibarət 1 list «Methadone 40» göstəricili dərmanı könüllü olaraq çıxarıb təqdim etmişdir. Polis əməkdaşları onun üstünü yoxlamağa davam etmiş, amma başqa heç bir əşya aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları həmin dərmanı qablaşdıraraq möhürləmiş, bu barədə protokol tərtib olunmuş, o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Daha sonra özünü təqsirli bilməsini, ailəsini dolandıran yeganə şəxs olmasını, məhkumluğunun olmamasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 09.01.2021 -ci il tarixdən 70782 nömrəli axtarış işi üzrə axtarışda olan xx.xx.1963-cü il təvəllüdlü, Bakı şəhəri Xətai rayonu Gen.Şıxlinski küçəsi ev 49, mənzil 134-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, satması və istifadə etməsi barədə daxil olmuş məlumat yoxlanıldıqdan sonra 14 fevral 2021-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyətə keçirilməsinə dair qərar qəbul etmiş, özündən və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat çrupu təşkil edilmşidir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə saat 20:40-da yaşadığı evin qarşısında saxlanılmış və saat 21:20-də Nəsimi RPİ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı onun əynindəki tünd boz rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qəhvəyi rəngli qablaşdırmada üzərində «Scorcd tablets Methadone 40» sözləri yazılmış 10 ədəd həb aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 ədəd həbin ağrı kəsici olduğunu, həmin həbləri təxminən 1 həftə öncə Ələkbər adlı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra qeyd olunan həblər ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynindəki tünd boz rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qəhvəyi rəngli qablaşdırmada üzərində «Scorcd tablets Methadone 40» sözləri yazılmış 10 ədəd həb aşkar edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan 14 fevral 2021-ci tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 220-225-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 fevral 2021-ci tarixdən hesablanmaqla 06 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 277-279-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 may 2021-ci tarixədək həbsdə saxlama müddəti uzadılmışdır. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 167-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2021-ci il tarixli, 6/667 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs..» və s. qeydlər olan zərfdəki «Methadone 40» yazılı blisterdəki 10 ədəd, üzərində «F/M40» göstəricisi olan tablctlər təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən narkotik vasitə metadondur. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr» siyahısına daxildir. Ekspertiza tədqiqatına 1 tablet sərf olunmuş, metadonun qalığı 9 tablet təşkil edir. Cinayət işinin 168-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın hər birinin dəyəri 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik müəyyən edilmişdir. Cinayət işinin 281-282-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 mart 2021ci il tarixli, 875 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasım nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcbııri müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 248-258-ci vərəqələrində olan 10 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 9 tablet metodon Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş və bir ədəd DVD-R diski iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 yanvar 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 18.01.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 26.12.2012-ci il tarixli qərarına əsasən 04 ay 01 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 14 fevral 2021-ci il tarixdə, saat 23:15-dən başlıyaraq qeydə alınmışdır. Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı Şahin Fərhadov özünü təqdim edir, bundan sonra Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid2, Nəsimi RPİ-nin NMB-nın əməliyyat müvəkkili Şahid1, mütəxəssis qismində dəvət edilmiş X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli gödəkçənin sol iç cibindən 01 ədəd qəhvəyi rəngli qablaşdırmada üzərində «Scorcd tablets Methadone 40» sözləri yazılmış 10 ədəd həb çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni digər hər hansı əşyanın olub-olmaması soruşulduqda, sonuncu heç bir əşyanın olmadığını bildirir. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun əynində olan boz rəngli cins şalvarın cibləri, kəməri, ayaqqabıları, corabları yoxlanılır, lakin heç nə aşkar edilmir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün nədən ibarət olması barədə soruşduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə olan metadon olduğunu, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin narkotik vasitəni 2021-ci ilin fevral ayının əvvəllərində Əhmədli qəsəbəsində anket məlumatlarını bilmədiyi və xarici görünüşünü xatırlamadığı Ələkbər adlı şəxsdən aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan metodonu şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəsini dolandıran yeganə şəxs olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 14 fevral 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək, yəni 03 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 07 (yeddi) ay 22 (iyirmi iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 mart 2021-ci il tarixli, 875 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 09 ədəd “metadon” həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərova məhkəmənin hazırlıq islasında iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək, yəni 03 (üç) ay 26 (iyirmi altı) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmiş, iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 09 ədəd “metadon” həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 108 (bir yüz səkkiz) manat 46 (qırx altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 05 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün.İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-320/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-320/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver