Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-320/2024 22.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya 12000 manat pul müqabilində ABŞ-dan “Chevrolet Cruze” markalı avtomobil gətirmək imkanının olmasına inandıraraq, ilkin olaraq 4600 manat pul ödədiyi təqdirdə, qalan 7400 manat pulun 1 il ərzində aylıq 600 manat ödəniş etməklə avtomobili sonuncuya sata biləcəyini yalandan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq bu adla, vahid niyyətlə əhatə olunan qəsdlə 20 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs1 2000 manat və 22 iyul 2022-ci il tarixdə həmin ünvanın qarşısında 2600 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 4600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X6 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışları Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 özlərini işgüzar şəxs kimi təqdim edib sonuncunun həmyerliləri Pakistan Respublikası vətəndaşları X7, X8, Osama Han və Ali Heydarın adına hər bir şəxs üçün 6000 ABŞ dolları pul müqabilində şengen vizasının alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə sonuncunun 30 noyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən "28 Mall" ticarət mərkəzində Emil Qasımova verdiyi 4250 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 tanışı şəxsiyyəti istintaqa məlum olmayan Əsmət adlı şəxs vasitəsilə göndərərək ünvan 3 ünvanda yerləşən "Mərkəzi Univermaq” qarşısında Emil Qasımova çatdırdığı 6579 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 tanışı şəxsiyyəti istintaqa məlum olmayan Amanulla adlı şəxs vasitəsilə göndərərək ünvan 3 ünvanda yerləşən “Mərkəzi Univermaq” qarşısında Emil Qasımova çatdırdığı həmin günün məzənnəsi ilə 2125 manat təşkil edən 1250 ABŞ dolları pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A ünvanında yerləşən “28 Mall” ticarət mərkəzində ona verdiyi 4250 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Səbail rayoru, Xəqani küçəsi, “Malakan bağı”nın yanında yerləşən “145 çay evi”ndə ona verdiyi həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Səbail rayonu Xəqani küçəsi “Malakan bağı”nın yanında yerləşən “145 çay evi”ndə Emil Qasımova verdiyi həmin günün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanda yerləşən “Mərkəzi Univermaq”ın qarşısında Emil Qasımova verdiyi 2500 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Ağ şəhər yaşayış kompleksi”ndə ona verdiyi 5440 manat pulu və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanda yerləşən "World Telecom" mağazasının qarşısında ona verdiyi həmin günün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları olmaqla Zərərçəkmiş şəxs2 şəxsi vəsaiti hesabına qeyd olunan şəxslərin əvəzinə verdiyi ümumilikdə 29394 manat məbləğində pulu ələ keçirib aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2022-ci ildən etibarən "Montenapoleon" restoranına gedib-gəlmiş və həmin vaxtlardan etibarən Zərərçəkmiş şəxs1 tanımışdır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında “Montenapoleon" restoranında dostu Namiq adlı şəxslə birlikdə olarkən, əvvəllər maşın alveri ilə məşğul olduğunu bildiyi üçün Zərərçəkmiş şəxs1 ona yaxınlaşmış və özü üçün avtomobil alacağını qeyd edərək bu məsələ ilə bağlı ondan köməklik göstərməyini istəmişdir. O, öz növbəsində həmin vaxt nə qədər pulun olduğunu soruşduqda, Əhməd ona hal-hazırda 4000 manat pulunun olduğunu və ən azı 2015-ci il buraxılışı olan avtomobil almaq istədiyini bildirmişdir. O, Əhmədə bu qədər pula 2015-ci il buraxılışı olan avtomobili ala bilməyəcəyini, ən azından 2012-ci il buraxılış olan avtomobil ala biləcəyini bildirdikdən sonra Əhməd onlardan aralanmışdır. Bunun ardından həmin yerdə işçi olan Elnur adlı şəxs ona yaxınlaşaraq Zərərçəkmiş şəxs1 yaxın müddətdə toyu olacağını, imkanının yaxşı olmadığını və bu məsələ ilə bağlı Əhmədə köməklik göstərməyini ondan xahiş etmişdir. O, Elnura hal-hazırda bazarda Əhmədin istəyinə uyğun avtomobilin olub-olmamasını bilmədiyini, bir gün ərzində onlara cavab verəcəyini bildirmişdir. Növbəti gün o, Əhmədə zəng edərək, hal-hazırda sifarişdə olan 2012-ci il buraxılışlı, “Chevrolet Cruze” markalı avtomobilin mövcud olduğunu, lakin avtomobilin Azərbaycan Respublikasının ərazisinə gəlmək müddətinin 25 gündən 2 aya qədər çəkə biləcəyini bildirmiş, öz növbəsində Əhməd onun bu təklifi ilə razılaşmışdır. Bundan 2 gün sonra əvvəlcədən şərtləşərək Əhməd ilə “Montenapoleon” restoranında görüşmüşlər və Əhməd ona Elnurun ştirakçılığı ilə 2600 manat pul vermiş, qalan hissəsini sonra verəcəyini bildirmiş və növbəti gün axşam saatlarında Səbail rayonu ərazisindəki “Park Bulvar” ticarət mərkəzinin qarşısında ona 2000 manat pul vermişdir. O da öz növbəsində avtomobilin vaxtında gəlib çıxacağını bildirmişdir. Pulu götürdükdən sonra şəxsi həyatında baş vermiş problemlərlə əlaqədar həmin 4600 manatı xərcləmişdir. Bundan başqa Emil Qasımovu və Ələskər Ələskərovu uzun müddətdir tanımış, belə ki, onlarla birlikdə Bakı şəhəri Binəqədi rayonunda qonşuluqda yaşamışdır. 2022-ci ilin noyabr ayının ortalarında Emil Qasımov ilə birlikdə olan zaman tanışı Ələskər ona zəng vuraraq Anar adında tanışının olduğunu, Anarın tanışları Pakistanlı şəxslərə viza düzəlməsi üçün köməklik göstərə biləcəyini ondan soruşmuşdur. O, Emil ilə bu barədə danışmışdır. Belə ki, Emilin peşəsi aşbaz olsa da, kompyuter sahəsini mükəmməl bilmiş və qeyd olunan məsələləri kompyuter vasitəsi ilə icra edə biləcəyini düşünmüşdür. Emil Qasımov ona onlayn qaydada viza üçün müraciət edəcəyini və vizanı ala biləcəyinə əmin etmiş və bundan sona o, Ələskər ilə danışıb səhəri gün Emil və Ələskər ilə birlikdə sonradan tanıdığı Anar və Pakistan vətəndaşı Najam ilə birlikdə görüşmüşlər. Görüş zamanı bir az söhbətdən sonra Emil Qasımov qeyd olunan şəxslərə viza alınmasında köməklik göstərəcəyini və buna görə hər şəxsdən 2340 ABŞ dolları pul alacağını bildirmişdir. Bundan sonra o, məsələlərə qarışmamışdır. Lakin Emilin hissə-hissə Najamdan pul aldığını bilmişdir. Emil ona qeyd olunan məsələlərdə yanında olmağı, danışıqların aparmasında tərcümə edib köməklik göstərdiyinə görə yekunda 3000 manat pulu əziyyət haqqı olaraq ona verəcəyini söz vermişdir. Həmin proseslərin gedişatında Najam bir dəfə Emil olmadığına görə onunla zəngləşərək Bakı şəhəri Səbail rayonu “Malakan bağı”nın yaxınlığında 1000 ABŞ dolları pulu, bir dəfə isə Bakı şəhəri Nəsimi rayonu “AF MALL” ticarət mərkəzinin qarşısında 500 ABŞ dolları pulu şəxsən ona vermişdir. Hər ikisində də Şahid1 onun yanında olmuşdur. Bundan başqa, o, qeyd olunan məsələ ilə bağlı heç kimdən pul almamışdır. Emil Qasımov həmin məsəllərin həlli üçün aldığı pulların qarşılığında vizaların alınması üçün müraciətləri həqiqətən də etmişdir. Hətta Latviya Respublikasında həmin şəxslər üçün otellərin rezerv olunması üçün ödənişləri onun kartı vasitəsi ilə etmişdir. Lakin sonradan həmin viza məsələlərinin nəticəsi ona məlum olmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən bir il əvvəldən tanımışdır. Belə ki, Cavid onun işlədiyi hazırda Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Montenapoleon” restoranına mütəmadi olaraq müştəri qismində gəlib-getmişdir. Həmin ərəfədən Cavid ilə onun arasında tanışlıq münasibəti yaranmışdır. Belə ki, Cavid ona özünü uzun illər avtomobil ticarəti ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Cavid ilə söhbət əsnasında özünə 2012-ci il buraxılışlı «Chervlet Cruze» markalı avtomobil almaq istədiyini bildirmişdir. Cavid də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına həmin avtomobili 12.000 manat pulun müqabilində gətirib ona təhvil verə biləcəyini bildirmişdir. Belə ki, Cavid ilə onun arasında olan qarşılıqlı razılaşmaya əsasən Cavidin həmin avtomobili Bakı şəhərində ona təhvil verməsi üçün o, Cavidə ilkin olaraq 4.600 manat pul ödəməli olmuş, qalan 7.400 manat pulu isə bir il ərzində ayda 600 manat ödəməli olmuşdur. Bu məqsədlə 20 iyul 2022-ci il tarixdə o, işlədiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən «Park Bulvar» ticarət mərkəzində yerləşən «Monte Napoleon» restoranında Cavid ilə görüşüb, orada Cavidə əlbəəl 2.000 (iki min) manat pul vermişdir. Həmin vaxtı onun yanında iş yoldaşları Samir və Elnur olmuşdur. 22 iyul 2022-ci il tarixdə o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən «Park Bulvar» ticarət mərkəzinin qarşısında Cavid ilə görüşüb, orada Cavidə əlbəəl 2.600 (iki min altı yüz) manat pul vermişdir. Həmin vaxtı Cavid ilə onun yanında heç kim olmamışdır. Beləliklə o, Cavidə ümumilikdə 4.600 (dörd min altı yüz) manat pul vermişdir. Cavid ilə aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavid ona vəd verdiyi avtomobili bir ay ərzində Azərbaycan Respublikasına gətirib, Bakı şəhərində ona təhvil verməli olmuşdur. Təxminən bir ay sonra o, bu işlə maraqlanmaq üçün Cavidlə əlaqə saxlamaq istəsə də, Cavidin telefonları bağlı olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bundan sonra Cavidin tanışı olan, istintaq zamanı adını bildiyi Şahid7 onun iş yerinə gələrək Cavidin tanışı olduğunu və sonuncunun adından çıxış edərək 15 gün ərzində Cavidin ya avtomobili gətirib ona verəcəyini, ya da ondan aldığı pulu ona tam şəkildə qaytaracağını bildirmişdir. Namiqin ona dediyi müddətdə, yəni 15 sentyabr 2022-ci il tarixdə o, Cavidə zəng etmiş, lakin Cavid onun telefon zənginə cavab verməmişdir. Lakin o, şikayət etdikdən sonra istintaq dövründə Təqsirləndirilən şəxs tərəfindən maddi ziyan ona tam olaraq ödənilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən təxminən bir il əvvəl tanımış və yoldaşlıq münasibəti olmuşdur. 2022-ci ilin avqust ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Seaside Hostel” də qalan zaman orada əvvəlcədən tanıdığı Najam adlı Pakistan vətəndaşının vasitəsilə 4 nəfər Sadiqhan, Usama, Aliheydar və Veysal adlı Pakistan vətəndaşları ilə tanış olmuşdur. Bir müddət sonra onlarla normal münasibətləri yaranmış və 2022-ci ilin noyabr ayında dostu Najam adlı Pakistan vətəndaşı ilə Nizami küçəsində yerləşən restoranlardan birində oturan zaman söhbət əsnasında həmin 4 nəfər şəxsə Avropa ölkələrinə getmək üçün şengen vizasının alınmasında köməklik göstərə biləcək şəxs axtardığını bildirmişdir. Həmin vaxt yanlarında Əli adlı tanışı da olmuşdur. Əli Najama həmin məsələdə Cavid adlı tanışının köməklik göstərəcəyini bildirərək dərhal Cavidə zəng etmişdir. Cavid isə onlara ertəsi gün həmin Pakistan Respublikası vətəndaşlarını götürərək yanına getmələrini bildirmişdir. 16 noyabr 2022-ci il tarixdə o, Pakistan Respublikası vətəndaşları ilə birlikdə Nizami küçəsində yerləşən “Mado” restoranına getmişlər. Görüş zamanı orada Əli və digər tanımadıqları iki şəxs olmuşdur. Əli yanındakı şəxsləri onlarla tanış edərək adlarının Cavid və Emil olduğunu bildirmişdir. Əli həmin şəxslərin Polşa səfirliyinin əməkdaşları kimi təqdim edərək onların viza alınmasına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Cavid adlı şəxs həmin Pakistan vətəndaşları ilə söhbət apararaq onlara Latviya Respublikasına getməklərinə eləcə də, şengen vizasının verilməsinə köməklik göstərəcəyini bildirərək ümumilikdə onların hər birindən 6000 ABŞ dolları pul tələb etmişdir. Bundan sonra Najam Cavid ilə danışaraq pulu onların əvəzinə verəcəyini bildirmiş, Cavid etiraz etməmiş və Najam ilə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə o, Najam ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu “28 Mall” ticarət mərkəzində Emil ilə görüşmüşdür. Görüş zamanı Emilin əvvəlcədən istədiyi 4250 manat pulu Najam onun yanında Emilə vermişdir. Emil pulu aldıqdan sonra artıq işə başladığını onlara demişdir. Bundan sonra Najam Pakistana getmişdir. Najam Paksitanda olan zaman o, mütəmadi olaraq Emil və Cavid ilə əlaqə saxlamışdır. Najam Pakistanda olan zaman onunla əlaqə saxlayaraq Cavid və Emil ilə əlaqə saxladığını, orların işlərin davam etməsi üçün əlavə pul istədiyini bu səbəbdən Bakı şəhərində olan tanışı Əsmətin adına 3870 ABŞ dolları pul göndərdiyini Əsmət ilə gedib pulu götürməyini xahiş etmişdir. Bundan sonra o, Najamın tanışı Əsmət ilə gedib pulu götürmüş və 6579 manat pulu “Mərkəzi Univermağ”ın yaxınlığında görüşüb Emilə vermişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə Najam yenidən Pakistandan 1250 ABŞ dolları pulunu tanışı Amanullanın adına göndərmiş, Amanulla onunla əlaqə saxlamış, onunla gedib pulu götürərək yenidən “Mərkəzi Univermağ”ın yanında görüşüb Emilə vermişdir. xx.xx.2022-ci il tarixdə Najam Azərbaycana qayıtmış və elə həmin tarixdə onunla görüşərək Emil və Cavidin yanına getmişlər. Onlarla Nəsimi rayonunda “28 Mall” ticarət mərkəzində görüşmüşlər. Görüş zamanı Najam 4250 manat pulu Cavidə vermişdir. Cavid pulu götürmüş və saydıqdan sonra Emilə vermişdir. Emil həmin pulu gödəkçəsinin cibinə qoymuşdur. Sonra onlar bir az söhbət etdikdən sonra oradan uzaqlaşmışlar. Növbəti dəfə onlar yenidən Cavid və Emil ilə xx.xx.2022-ci il tarixdə “Malakan bağı” adlanan yerin yaxınlığında “145 çay evi”ndə görüşmüşlər və o zaman Najam Emilə 1000 ABŞ dolları pul vermişdir. İki gün sonra həmin yerdə Cavid ilə görüşən zaman Najam Cavidə 1000 ABŞ dolları pulu vermişdir. Najam Emil və yaxud Cavidə pul verən zaman daim yanında o, iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə Najam yenidən Emil ilə “Mərkəzi Univermağ”ın yaxınlığında görüşmüş və Emilə 2500 manat pul vermişdir. Cavid və Emil hər dəfə Najamdan pulları alan zaman narahat olmamasını vizanın həll olunması üçün müraciətlərin olunduğunu və yaxın müddətdə nəticə olacağını bildirmişlər. xx.xx.2022-ci il tarixdə Emil və Cavid ilə növbəti görüş zamanı onlar artıq vizaların hazır olduğunu və biletlərin alınması üçün 5440 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman Najamda pul olmadığı üçün öz həmyerlisi həmçinin Avropaya getmək üçün müraciət edənlərdən Siddiqdən pul istəmiş, sonuncu Najama etiraz etməmiş və 5440 manat pulu vermişdir. Həmin pulu Najam onunla birlikdə Bakı şəhəri Ağ şəhərdə yerləşən ofislərində Cavidə vermişdir. xx.xx.2022-ci il tarixdə Najam ilə birlikdə olan zaman Cavid zəng eləyərək əlavə yekun olaraq 500 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Najam hansı səbəbdən 500 dollar pul lazım olduğunu soruşduqda Cavid vermiş olduğu cavabında Xarici İşlər Nazirliyində rüsum olaraq pul verəcəyini bildirmişdir. Bu zaman Najam yenidən Cavidə etiraz etməmiş və onlar brlikdə Bakı şəhəri Nəsimi rayonu “AF Mall” ticarət mərkəzi ilə üzbəüz “World Telecom” telefon mağazasının qarşısında görüşmüşlər. Görüş zamanı Najam onun yanında Cavidə 500 ABŞ dolları pulu vermişdir. Bu vaxta qədər Cavid və Emil ilə mütəmadi olaraq danışmışlar, lakin sonuncu dəfə pulu alandan sonra onlar onun telefon zənglərinə cavab verməməyə başlamışlar. Bir müddət sonra onlar vizanın verilməsinin gecikdiyini gördüyü üçün mütəmadi olaraq Cavidə zənglər etməyə başlamış, lakin Cavid hər dəfəsində müxtəlif bəhanələr gətirərək yaxın günlərdə vizanın veriləcəyini bildirmişdir. Bir müddət sonra Cavidin onlara qarşı dələduzluq etdiyini gördüyü üçün özü də, xx.xx.2022-ci il tarixdə ərizə ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Lakin istintaq dövründə dəymiş ziyan onun yanında Najam adlı şəxsə tam olaraq ödənilmişdir. Ona görə də, Najam adlı şəxsin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmənin baxış iclaslarında iştirak etməmiş və məhkəmə tərəfindən onun iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs2 iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsində göstərilmişdir ki, o, 2022-ci ilin noyabr ayında əvvəlcədən tanıdığı Şahid1la Nizami küçəsində yerləşən restoranlardan birində oturan zaman söhbət əsrasında həmyerliləri Sadiqhan, Usama, Aliheydar və Veysal adlı Pakistan vətəndaşlarına Avropa ölkələrinə getmələri üçün şengen vizasının alınmasında köməklik göstərə biləcək bir şəxs axtardığını bildirmişdir. Həmin vaxt yanlarında Anarın tanışı Əli adlı şəxs də olmuşdur. Əli ona həmin məsələdə Cavid adlı tanışının köməklik göstərəcəyini bildirərək dərhal Cavidə zəng etmiş və Cavid onları ertəsi gün həmin 4 nəfər Pakistan Respublikası vətəndaşlarını götürərək yanına getmələrini bildirmişdir. 16 noyabr 2022-ci il tarixdə Anar və Pakistan Respublikası vətəndaşları ilə birlikdə Nizami küçəsində yerləşən "Mado” restoranına getmişlər. Görüş zamanı orada Əli və digər tanımadıqları iki şəxs olmuşdur. Əli yanındakı şəxsləri onlarla tanış edərək adlarının Cavid və Emil olduğunu bildirmişdir. Əli həmin şəxslərin Polşa səfirliyinin əməkdaşları kimi təqdim edərək onların viza alınmasına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Cavid qeyd olunan məsələlərdə köməklik göstərəcəyini Latviya Respublikasına getmələrinə eləcə də, şengen vizasının və digər xərclərinin alınması üçün həmyerlilərinin hər birindən 6000 ABŞ dollar pul tələb etmişdir. Onlara pulu hissə-hissə verə biləcəklərini bildirmişlər. Bundan sonra o, Cavid ilə danışaraq pulu onların əvəzinə verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, Anar ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu “28 Mall” ticarət mərkəzində Emil ilə görüşmüşdür Görüş zamanı Emilin əvvəlcədən istədiyi 4250 manat pulu Anarın yanında vermişdir. Emil pulu aldıqdan sonra artıq işə başladığını ona və Anara demişdir. Bundan sonra o, Pakistana getmişdir. Lakin mütəmadi olaraq Emil və Cavid ilə əlaqə saxlamışdır. Onlar ondan növbəti işlərin görülməsi üçün pul istədiyinə görə Pakistandan tanışı Əsmətin adına 3870 ABŞ dolları pul göndərmişdir. X9 ilə gedib pulu götürmüş və manat olaraq 6579 AZN pulu “Mərkəzi Univermağ”ın yaxınlığında görüşüb Emilə vermişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə yenidən o, Pakistandan 1250 ABŞ dolları pulunu Pakistandan olan tanışı Amanullanın adına göndərmiş, sonuncu Anarla gedib pulu götürüb, yenidən “Mərkəzi Univermağ”ın yanında görüşərək Emilə vermişdir. xx.xx.2022-ci il tarixdə o, Azərbaycana gəlmiş və elə həmin tarixdə Anar ilə görüşərək Emil və Cavidin yanına getmişdir. Onlarla Nəsimi rayonunda “28 Mall” ticarət mərkəzində görüşərək 4250 manat pulu Cavidə vermişdir. Cavid pulu götürmüş və saydıqdan sonra Emilə vermişdir. Emil həmin pulu gödəkcəsinin cibinə qoymuşdur. Sonra onlar bir az söhbət etdikdən sonra oradan uzaqlaşmışlar. Növbəti dəfə o, Cavid və Emilin yanına xx.xx.2022-ci il tarixdə Səbail rayonu “Malakan bağı” adlanan yerin yaxınlığında “145 çay evi”ndə görüşmüş və o zaman Emilə 1000 ABŞ dolları pul vermişdir. Eyni yerdə və eyni məbləğdə pulu xx.xx.2022-ci il tarixdə Cavidə vermişdir. Onun Emilə və Cavidə pul verən zaman yanında daim dostu Anar olmuşdur. xx.xx.2022-ci il tarixdə yenidən Emil ilə Mərkəzi Univermağın yaxınlığında görüşmüş və sonuncuya 2500 manat pul vermişdir. Cavid və Emil hər dəfə ondan pulları alan zaman narahat olmamalarını vizanın həll olunması üçün müraciətlərin olunduğunu və yaxın müddətdə nəticə olacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Emil və Cavid ilə söhbət zamanı onlar artıq vizaların hazır olduğunu və biletlərin alınması üçün 5440 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman onda pul olmadığı üçün öz həmyerlisi, həmçinin Avropaya getmək üçün müraciət edənlərdən Siddiqdən pul istəmiş, sonuncu ona etiraz etməmiş və ona 5440 manat pul vermişdir. Həmin pulu Anarla birlikdə Bakı şəhəri “Ağ şəhər”də yerləşən ofislərində Cavidə vermişdir. O, ora gedəndə Emil binanın həyətində olmuş, Cavid isə ofisdə oturmuşdur. Emil Cavidə daim “müəllim” deyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Cavid ona zəng edərək əlavə yekun olaraq 500 ABŞ dolları pul istəmişdir. O, Cavidə etiraz etməmiş və yenə Anar ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu “AF Mall”un qarşısında “World Telecom” telefon mağazasının qarşısında görüşmüşlər. Görüş zamanı o, Anarın yanında Cavidə 500 ABŞ dolları pulu vermişdir. Bu vaxta qədər Cavid və Emil ilə mütəmadi olaraq danışmışlar, lakin sonuncu dəfə pulu alandan sonra onlar onun telefon zənglərinə cavab verməməyə başlamışlar. Onlara dostu Anar da mütəmadi olaraq zəng etmişdir. Lakin Anarada müxtəlif bəhanələr demişlər. Emil və Cavidin onu aldatması nəticəsində ona ümumilikdə 29.394 manat maddi ziyan dəymişdir. (cild 1, i/v 120-122). İş materiallarında olan 30 may 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Vüqar Məcidov tərəfindən CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (cild 1, i/v 1). İş materiallarında olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 31 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v cild 1, i/v 71). İş materiallarında olan 06 fevral 2023-cü il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, i/v 1). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Səbail rayon prokuroru Natiq Əsədovun 01 aprel 2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Əliyev X5 RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i/v 217-219). İş materiallarında olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v cild 1, i/v 220-221). İş materiallarında olan “Cinayət işləri üzrə icraatın birləşdirilməsi haqqında” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında isytintaqı davam etdirilmişdir (cild 1, i/v 73-75). İş materiallarında olan 06 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 4600 manat maddi ziyandan 1000 manat pulu Səbail RPİ-nin müstəntiqi Vüqar Məcidovdan təhvil almışdır (cild 2, i/v 31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 10 iyul 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işinin icraatına xx.xx.2017-ci il tarixdə CM-nin 40.2.3-cü maddəsinə əsasən xitam verilmiş, bundan başqa, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində DTX (Qaradağ) idarəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə istintaqı aparılan cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (cild 2, i/v 58-60). İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillərə və «Whatsapp» mobil tətbiqi ilə aparılmış yazışmaların çıxarışlarına baxış keçirilən zaman fotoşəkillərdə Təqsirləndirilən şəxs və X1 əks olunduğu və Emil Qasımovun əlində 100 manatlıq əskinaslardan ibarət olan pulları sayması müşahidə olunur. Təqdim olunmuş «Whatsapp» mobil tətbiqi ilə aparılmış yazışmaların çıxarışlarına baxıldıqda isə yazışmaların Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılması, həmin yazışmalarda Təqsirləndirilən şəxs viza, straxovka və bilet ilə bağlı Zərərçəkmiş şəxs2 hər dəfə pul istəməsi, sonuncunun isə hər dəfə razılaşmaqla pulu çatdırması müşahidə olunur. Qeyd olunan yazışmalara nəzər saldıqda, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 «Whatsapp» tətbiqi ilə Şahid1 da yazışması və Təqsirləndirilən şəxs onları pis vəziyyətdə qoyması, başlarına oyun açmasını bildirməsi, Təqsirləndirilən şəxs isə buna cavab olaraq söz verdiyi məsələni həll edəcəyini, özünün saxlanılmasını, ona zəng vurmamalarını, yuxarı ilə məsələni həll edəcəyini bildirməsi müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 «Javed baku» adı altında olan kontaktın Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (cild 2, i/v 77). İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 4600 manat maddi ziyanın qaytarılmasını və sonuncuya qarşı şikayət və tələbinin olmamasını qeyd edir (cild 2, i/v 31). İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 29394 manat maddi ziyanın qaytarılmasını və sonuncuya qarşı şikayət və tələbinin olmamasını qeyd edir (cild 2, i/v 76). İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillər və “Whatsapp” yazışmalarına dair çıxarışlar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i/v 92-106). İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 23830 nömrəli Qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25%-dən az olmamaqla, yəni 8500 (səkkiz min beş yüz) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72– 73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Buna əsasən Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsi hazırki cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmasını istisna etmir. Belə ki, iş materiallarından görünür ki, o, hazırki cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətdən azad edilənədək, yəni Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edilənədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 33994 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 8500 (səkkiz min beş yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 8500 (səkkiz min beş yüz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillər və “Whatsapp” yazışmalarına dair çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-320/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs2 təqdim etdiyi fotoşəkillər və “Whatsapp” yazışmalarına dair çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-320/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-320/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver