Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-321/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkilləri X2 və X1 iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ev 15, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 yanvar 2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanın qarşısına gəlib aralarındakı rolların bölgüsünə əsasən bir-birilərindən aralı məsafədə dayanaraq bir qədər gözlədikdən sonra o, həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb yaxınlıqda bərbərxana olmasını soruşmasından istifadə edərək sonuncunu yaxınlıqda qohumunun işlədiyi bərbərxananın yerini göstərməsi adı ilə həmin küçənin qaranlıq hissəsinə apararkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 arxa hissədən yaxınlaşaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib qollarından tutmaqla yerə yıxıb birlikdə Zərərçəkmiş şəxs2 şalvarının cibindən zərərçəkmış şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung A31” markalı mobil telefonu və 63 manat məbləğində pulu ələ keçirib açıq talamaqla hadisə yerindən qaçıb uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 218 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən binanın yanında dayanan Zərərçəkmiş şəxs1 yaxınlaşıb tanış olaraq yaranmış səmimi ünsiyyət əsnasında sonuncuya cinsi ehtirasını təmin etməyi təklif edib razılığını aldıqdan sonra həmin küçənin qaranlıq hissəsinə keçməklə orada Zərərçəkmiş şəxs1 şalvarının düyməsini açıb ağız boşluğu ilə cinsi ehtirasını təmin edən zaman sonuncunun əynindəki şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 80 manat dəyərində “Redmi S2” markalı mobil telefonu və 860 manat nağd pulunu çıxarıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 945 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 yanvar 2023-cü il tarixdə saat 22:30 radələrində ünvan 1 ünvanın qarşısına gəlib aralarındakı rolların bölgüsünə əsasən bir-birilərindən aralı məsafədə dayanaraq bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs1 həmin yerdən piyada keçən Zərərçəkmiş şəxs2 ona yaxınlaşıb yaxınlıqda bərbərxana olmasını soruşmasından istifadə edərək sonuncunu yaxınlıqda qohumunun işlədiyi bərbərxananın yerini göstərməsi adı ilə həmin küçənin qaranlıq hissəsinə apararkən o, Zərərçəkmiş şəxs2 arxa hissədən yaxınlaşaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib qollarından tutmaqla yerə yıxıb Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 şalvarının cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung A31” markalı mobil telefonu və 63 manat məbləğində pulu ələ keçirib açıq talamaqla hadisə yerindən qaçıb uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 218 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuş və azadlığa çıxdıqdan sonra ehtiyaclarını qarşılaması üçün maddi imkanı olmamışdır. O, Təqsirləndirilən şəxs2 tanımış və onunla dostluq münasibəti yaranmışdır. 22 yanvar 2023cü il tarixdə Təqsirləndirilən şəxs2la görüşərək necə pul əldə edəcəkləri barədə fikir mübadiləsi aparmışdır. Bundan sonra, onlar hər hansı bir şəxsin pulunu və ya qiymətli əşyasını oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə, Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 70 ünvanında plan qurmağa başlamışlar. Bundan sonra şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ondan həmin ərazidə bərbərxana olub-olmamasını soruşmuşdur. O həmin şəxsə bir qədər yaxınlıqda qohumunun bərbərxanada saç ustası işlədiyini, onunla birlikdə gedərək yerini göstərəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2lə birlikdə küçənin qaranlıq tərəfinə irəliləyərkən Təqsirləndirilən şəxs2 onların arxalarınca gəlmişdir. Təqsirləndirilən şəxs2 arxadan Zərərçəkmiş şəxs2 yaxınlaşıb qolunu tutmuş və həmin vaxt mübahisə yaranmışdır. O, mübahisə zamanı Zərərçəkmiş şəxs2 yerə yıxmış və sonuncunun cibindən “Samsung” markalı mobil telefon yerə düşmüşdür. O tez bir zamanda həmin mobil telefonu götürüb qaçmaqla hadisə yerindən uzaqlaşmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs2 da onun dalınca qaçdığını görmüşdür. Onlar bir müddət sonra görüşmüş və Təqsirləndirilən şəxs2 telefonu satacağını bildirmişdir. 23 yanvar 2023-cü il tarixdə həmin telefonun üzərindəki GSM nömrəni çıxarıb tullamış və mobil telefonu “20 yanvar” metrostansiyasının yaxınlığında mobil telefon mağazasına 70 manata satmış, lakin, həmin mobil telefonun oğurluq olması barədə məlumat verməmişdir. Sonradan polis əməkdaşları onu saxlamış və mobil telefonu polis əməkdaşları satdığı obyektdən götürərək müstəntiqə təhvil vermişlər. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 24 dekabr 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən binanın yaxınlığında olarkən bir nəfər motosiklet sürücüsünü görüb sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs1 yaxınlaşmış və həmin səxsə oral yolla cinsi əlaqədə olmağı təklif etmiş, həmin şəxs də onunla razılaşmışdır. Daha sonra onlar kənar ərazidə insanların diqqətindən uzaq yerə getmişlər. Orada Zərərçəkmiş şəxs1 şalvarını çıxarmış və o, oral yolla həmin şəxsin cinsi ehtirasını təmin etməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 şalvarı aşağı istiqamətdə olmuş və o sonuncu hiss etmədən şalvarının cibinə əlini salıb, oradan bir ədəd mobil telefon və kağız pullar götürüb öz cibinə qoymuşdur. Bir müddət sonra olduqları yerə avtomobil yaxınlaşıb ətrafı işıqlandırdığından o, cəld ayağa qalxıb ərazidən qaçaraq uzaqlaşmışdır. Bir qədər qaçdıqdan sonra o, oğurladığı mobil telefona baxmış, “Redmi” markalı mobil telefon olduğunu, pulları saydıqda isə 860 manat pul olduğunu görmüşdür. Daha sonra həmin pulları öz ehtiyaclarına xərcləmiş, mobil telefonu isə üzərindəkı nömrəni çıxarıb tullamaqla 30 dekabr 2022-ci il tarixdə Nəsimi rayonu, Moskva prospektində yerləşən “Azercell” mağazasına mobil telefonun özünə məxsus olduğunu bildirməklə 20 manata satmışdır. Bundan başqa, tanıdığı Təqsirləndirilən şəxs1 ilə hansı yolla pul əldə edəcəklərini fikirləşən zaman oğurluq etmək planını qurmuşlar. Bu məqsədlə, 22 yanvar 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs1lə görüşdükdən sonra sonuncu ilə aralarında 15-20 metr məsafə saxlamışdır. Daha sonra plan üzrə sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs2 Fərahimə yaxınlaşaraq həmin ərazidə bərbərxana olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs1 həmin şəxsə yaxınlıqda qohumunun bərbərxanada saç ustası işlədiyini, onunla birlikdə gedərək yerini göstərəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 Fərahimlə birlikdə küçənin qaranlıq tərəfinə irəliləmiş, o da onların arxasınca getmişdir. Bundan sonra arxadan Zərərçəkmiş şəxs2 yaxınlaşıb qolunu tutmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 yerə yıxılmış və həmin vaxt sonuncuya məxsus “Samsung” markalı mobil telefon yerə düşmüşdür. Təqsirləndirilən şəxs1 tez bir zamanda həmin mobil telefonu götürərək qaçıb hadisə yerindən uzaqlaşmağa başlamışdır. O da Zərərçəkmiş şəxs2 cibindən kağız pulları götürüb Təqsirləndirilən şəxs1 dalınca qaçmağa başlamışdır. Onlar bir qədər uzaqda görüşmüşlər və mobil telefonu hara satacaqları barədə fikirləşmişlər. Lakin həmin vaxt o, Fərahimə pul götürdüyünü deməmiş, sonuncu isə ona telefonu satacağını bildirmişdir. Onlar bundan sonra sağollaşıb evə getmişlər. O oğurladığı 63 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq edərək ona uyğun ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ıl tarixdə təxminən saat 11:00 radələrində ünvan 3 ünvanın qarşısında tanımadığı sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və sonuncu ona oral formada cinsi əlaqədə olmağı təklif etmişdir. O təkliflə razılaşaraq yaxınlıqda yaşayış binasının həyətinə getmişdir. Həmin ərazidə gecə saatları olduğu üçün həyətdə heç kim olmamışdır. Bundan sonra yaşayış binasının divarına yaxın yerdə Təqsirləndirilən şəxs2 onunla oral formada cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduğu müddətdən təxminən 5 dəqiqə sonra binanın həyətinə maşın gəlmiş, Təqsirləndirilən şəxs2 maşının işığını görərək qaçıb ərazidən uzaqlaşmışdır. Bundan sonra o, əlini çibinə saldıqda cibində olan “Redmi” markalı mobil telefonunun və 860 manat pulunun cibindən Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin vaxt sonuncunu yaxın ərazilərdə axtarsa da tapa bilməmişdir. Təqsirləndirilən şəxs2 tapa bilməyəcəyini bildikdən sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nə yaxınlaşaraq bu barədə məlumat vermişdir. Daha sonra ona iyirmidən artıq şəxsin fotoları göstərilsə də, Təqsirləndirilən şəxs2 zahirən tanıdığına görə polis şöbəsində göstərilmiş fotoşəkildən tanımışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra ona dəymiş ziyanı ödəmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs2 qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 22 yanvar 2023-cü il tarixdə axşam saatlarında işdən çıxaraq taksi avtomobili vasitəsilə “20 Yanvar” metrostansiyasının yanına gəlmiş, həmin ünvanda olarkən şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 ona üzərində siqaret olub-olmamasını soruşmuş, bundan sonra onlar arasında dialoq zamanı sonuncudan yaxınlıqda bərbərxana olarsa, həmin yerin istiqamətini göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 yaxınlıqda qohumunun saç ustası kimi işlədiyi bərbərxana olduğunu və gecə saatları olmasına baxmayaraq işlədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1, guya, onu qeyd edilmiş bərbərxana istiqamətinə doğru ara məhlələrdən birinə aparmış, lakin, o, qeyd edilən ərazidə bərbərxana olmamasını hiss etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 həmin ərazidə bərbərxana olmamasını qeyd edib irad bildirmiş və mübahisə zamanı sonuncunu itələyərək uzaqlaşmaq istəmişdir. Lakin həmin vaxt gözlənilmədən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 arxadan onu tutaraq yerə yıxmış, Təqsirləndirilən şəxs1 isə özünə məxsus “Samsung Galaxy A31” markalı mobil telefonu götürmüş, daha sonra hər iki şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra cibində olan 63 manat pulun da həmin şəxslər tərəfindən götürüldüyünü bilmişdir. 24 yanvar 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə ərizə ilə müraciət etmiş və orada aparılan araşdırma zamanı ona qarşı cinayət törədən şəxslərin şəxsiyyəti müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 dayısı ona dəymiş 68 manat maddi ziyanı ödəsə də, “Samsung Galaxy A31” markalı mobil telefon və ya onun dəyərində pul məbləği ona ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, ünvan 4 ünvanda yerləşən “El Telekom” adlı mağazada mobil telefonların alqı-satqısı ilə məşğul olur. 23 yanvar 2023-cü il tarixdə günorta saatlarında adını sonradan bildiyi X6 mağazaya gəlmiş və onun işçisinə “Samsung A31” markalı mobil telefonu təqdim edərək 70 manata satmışdır. Lakin həmin telefon satılarkən Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurəti çıxarılmış, həmin kserosurətə mobil telefonun markası, İMEİ kodu, mobil telefonu satan şəxsin mobil telefon nömrəsi qeyd edilmiş və Təqsirləndirilən şəxs1 tərəfindən vərəq imzalanmışdır. Sonradan Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları obyektə gələrək qeyd olunan telefonun oğurluq olduğunu bildirərək telefonu ondan təhvil almışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid2 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanda yerləşən «Azercelİ» mobil telefonların alqı-satqısı mağazasında usta kimi işləyir. 30 dekabr 2022-ci il tarixdə saat 21 radələrində mağazada olan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 mağazaya gələrək “Redmi” markalı mobil telefonu ona təqdim etmiş və həmin mobil telefonu satmaq istədiyini bildirmişdir. O, mobil telefona baxmış, telefon yararsız vəziyyətdə olmuş, telefonun bəzi detalları lazım olduğu üçün Təqsirləndirilən şəxs2 mobil telefona görə 20 manat verə biləcəyini demişdir. Murad da onunla razılaşmışdır. Danışıq zamanı Murad mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs2 sənəd tələb etmiş və sonuncu özünə məxsus şəxsiyyət vəsiqəsini vermişdir. O şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarmış, həmin kserosurətə mobil telefonun markasını, mobil telefonu satan şəxsin mobil telefon nömrəsini qeyd etmiş və Təqsirləndirilən şəxs2 vərəqə imza etməsini istəmişdir. Murad da vərəqə imza etdikdən sonra o, mobil telefonu götürüb sonuncuya 20 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pulu götürdükdən sonra çıxıb getmişdir. Qeyd edir ki, o, aldığı mobil telefonun oğurluq olduğuna bilməmişdir. Sonradan Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə dəvət olunduqda mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir (i/v 188-190). İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 1). İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (i/v 24). İş materiallarında olan “cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq bir icraatda ********* nömrə altında davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 180.2.1 və 180.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir (i/v 21-22). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 binanın qarşısıdır (i/v 9-11). İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 binanın qarşısıdır (i/v 30-31). İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli “Təqdim etmə və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 təqdim etdiyi 1 ədəd “Redmi” markalı telefon təhqiqatçı X3 tərəfindən götürülmüşdür (i/v 15-17). İş materiallarında olan “Maddi sübutun könüllü təqdim olunması və götürülməsi barədə” 24 yanvar 2023-cü il tarixli protokoldan ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 təqdim etdiyi mobil telefon “Samsung A31” markalı, **********08518 İMEİ kodlu olmaqla qara rənglidir (i/v 43-44). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rəşad İsmayılzadə tərəfindən tərtib edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd “Samsung A31” markalı və 01 ədəd “Redmi S2” markalı mobil telefonlar xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxta görə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır (i/v 210-220). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, həmin Məhkəmənin 21 aprel 2023-cü il tarixli qərarına əsasən həbsdə saxlanılma müddəti 19 iyun 2023-cü il tarixədək uzadılmışdır (i/v 57-58, 127-131, 158-161). İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır (i/v 76- 77, 132-136). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarından görünür ki, 28 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması qərara alınmışdır (i/v 141-146). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 19 iyun 2023-cü il tarixədək uzadılmışdır (i/v 162-165). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 3/3456 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olduğu nəzərə alınmaqla hal-hazırda 01 ədəd “Samsung A31” markalı mobil telefonun orta bazar qiyməti 150 manat, 01 ədəd “Redmi S2” markalı mobil telefonun orta bazar qiyməti 80 manat müəyyən edilmişdir (i/v 102-103). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli tələbnamədən, Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmündən və Qaradağ rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Rzayev X4 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən ona təyin edilmiş cəzasının çəkilməmiş 05 ay 19 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i/v 137-138, 1191-200). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Səmədov X5 rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum olunmuş, Abşeron rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarına əsasən cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və 12 aprel 2021-ci tarixdə cəzasını çəkib qurtarmışdır (i/v 137-138). İş materiallarında olan 13 iyun 2023-cü il tarixli ərziədən görünür ki, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 148). İş materiallarında olan 13 iyun 2023-cü il tarixli ərziədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 250). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özlərinin etirafları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməllərini etiraf etməsini, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam olaraq ödəməsini və ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-cü maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 (səkkiz) ay 23 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunduğu müddət ərzində qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin qərarla çəkilməmiş qalan 05 ay 19 gün cəza müddəti hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “ev” dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təqdim edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Redmi S2” mobil telefon sahibi Zərərçəkmiş şəxs1 və 01 ədəd “Samsung A31” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X1 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-321/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərara əsasən 07 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkilləri X2 və X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X1 vəkil işlədikləri Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-1595/20219 saylı qərarı ilə cəzadan 05 ay 19 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2022ci il tarixli hökmü ilə təyin olunmuş və Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-1595/20219 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrumetmə cəzasının 05 ay 19 gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 08 (səkkiz) ay 23 (üç) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 07 (yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev” dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təqdim edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Redmi S2” mobil telefon sahibi Zərərçəkmiş şəxs1 və 01 ədəd “Samsung A31” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 və X1 vəkil işlədikləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla ümumilkdə 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-321/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-321/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver