Məhkəmə qərarları › İş №1(006)-321/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-321/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-321/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə, xx xxxx 1999-cu il tarixdə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Xızı rayonu Altıağac qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təkrarən silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 04 noyabr 2023-cü il tarixdə saat 17 radələrındə ictimai yer hesab edilən ünvan 2 ünvanın qarşısında heç bir əsaslı səbəb olmadan keçmiş qaynatası Zərərçəkmiş şəxs1 ilə mübahisə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib, silah qismində istifadə etdiyi idarə etdiyi “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Zərərçəkmiş şəxs1 üzərinə sürərək sonuncunun ayaq nahiyəsindən qəsdən vurmaqla zor tətbiq edib ona sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun və diz oynağı nahiyəsinin geniş həcmli qançır-şişkınliyi (hematoması) və sağ budun geniş həcmli qançır-şişkinliyi (hematoması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs1 məxsus “Mersedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan güzgüsünü, avtomobilin qarşı alın şüşəsini, qabaq sağ işığını, avtomobilin təkərinin şinini silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən alətlə qəsdən zədələyərək sonuncuya ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 19 dekabr 2023-cü il tarixdə saat 01 radələrində idarə etdiyi «Toyota Prius» markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai yer hesab edilən ünvan 3 ünvanın qarşısında olarkən tanışı Zərərçəkmiş şəxs2 “Opel” markalı avtomobildə sərnişin qismində əyləşdiyini görüb icarə etdiyi avtomobillə “Opel” markalı avtomobilin qarşısını kəsərək avtomobildən düşüb Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun ona olan pul borcunu qaytarmamasını bəhanə edib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs2 zor tətbiq edib xuliqanlıq niyyətilə sonuncunun sifət nahiyəsindən yumruq və kəllə zərbəsi vuraraq ona çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan üzün sol yarısının çənə və sol yanaq nahiyələrini əhatə edən iri ölçülü dərialtı hematoması, üst çənədə sağdan İİ, İİİ və İV dişlərin travmatik sınığı və həmin dişlərin proyeksiyasında üst dodağın və hər iki yanağın selikli qişalarının qansızma fonunda əzilmiş yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 19 dekabr 2023-cü il tarixdə saat 01 radələrində ünvan 4 ünvanın qarşısında olarkən, tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən zərbələr endirərək yerə yıxdığını görüb özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun cibindəki zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 300 manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 900 manat dəyərində “İPhone X” markalı mobil telefonu Zərərçəkmiş şəxs2 gözü qarşısında açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun keçmiş qaynatasıdır. O, Zərərçəkmiş şəxs1 qızı Günel Əsgərova ilə 10 ildən çox evli olmuş, təxminən 2 il bundan əvvəl məhkəmənin qərarı ilə rəsmi boşanmışlar. Buna baxmayaraq, Günellə onun arasında olan nikahdan dünyaya gəlmiş 13 yaşlı oğlu onun himayəsində olduğundan oğlunun maddi və digər ehtiyaclarını qarşılayır. Demək olar ki, hər gün onların həmin vaxtı kirayədə yaşadığı ünvan 5 ünvanın qarşısına gedib oğlu ilə görüşüb oğluna pul vermiş, həmçinin həftənin müəyyən günlərində oğlunu idmana aparıb idmandan gətirmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 17 radələrində yenə də onların kirayə yaşadığı Nəsimi rayonu, H.B.Əliyev küçəsi 50 saylı ünvanın qarşısına getmiş və mobil telefon vasitəsilə oğlu ilə əlaqə saxlayıb oğlunu aşağı çağırmışdır. Bundan sonra oğluna 5 manat pul verdikdən sonra keçmiş qaynatası Məmmədbağırın kirayə yaşadıqları binanın 1-ci mərtəbəsindəki mənzilin eyvanından ona kinayə ilə baxdığını görmüşdür. Ona hansı səbəbdən kinayə ilə baxdığını soruşduqda ona kobud cavab vermiş, o isə cavab olaraq yoldaşı Günellə onu boşatdırdığını demiş və 1-2 dəqiqə ərzində aralarında bu mövzuda söhbət olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 aşağı düşməsini və söhbəti çöldə davam etdirməyi təklf etmişdir. Zərərçəkmiş şəxs1 mənzili tərk edərək binanın qarşısına gəlmiş və o, həmin vaxtı Məmmədbağırı avtomobilinin yanında gözləmişdir. Zərərçəkmiş şəxs1 ona tərəf gəlmiş, təxminən yanına çatmağına 10-12 metr qalmış qaynatası Zərərçəkmiş şəxs1 belindən böyük mətbəx bıçağı çıxartmış, o isə dərhal avtomobilə əyləşib avtomobilini işlək vəziyyətə salmışdır. Zərərçəkmiş şəxs1 onun həmin yeri tərk etdiyini hiss edib olduğu yerdən yolun ortasına keçib dayanmışdır. O, avtomobili ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs1 onun yolunu kəsib keçməyinə icazə vermədiyini görmüşdür. Bu zaman idarə etdiyi “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə az sürətlə avtomobilin ön yan hissəsi ilə qəsdən olmasa da həmin şəxsi vurmuşdur. Zərbədən Zərərçəkmiş şəxs1 kənara yıxılmış, daha sonra ayağa qalxaraq uzaqlaşmışdır. O, həmin yerdən uzaqlaşarkən keçmiş qaynatasına məxsus “Mercedes Benz” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünü zədələmişdir. Lakin qeyd olunan avtomobilə başqa zərbələr endirməmiş və zərər vurmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 sonuncunun qohumu İsmayıl vasitəsilə hadisədən bir müddət əvvəl tanımışdır. O, özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə Zərərçəkmiş şəxs2 taksi kimi müvafiq ünvanlara aparmış, bu yolla münasibətləri yaranmışdır. O, telefonuna “CASİNO” adlanan oyun yükləmiş və hesabına pul qoyaraq onlayn şəkildə həmin oyunu oynamışdır. Həmin oyundan ətraflı başı çıxmadığı üçün Zərərçəkmiş şəxs2 bir neçə dəfə kömək istəmişdir. Bir gün Zərərçəkmiş şəxs2 onun hesabından istifadə edərək oynayacağını bildirmiş və sonuncu bir qədər oynadıqdan sonra hesabına 10 manat yükləmişdir. Daha sonra o, həmin 10 manatla oynamış və oyundakı hesabında təxminən 70 manata yaxın pul olmuşdur. Bir qədər keçdikdən sonra 70 manat çıxıldığını görmüş və bundan sonra pulun kim tərəfindən çıxarıldığını axtarmağa başlamışdır. Daha sonra ona məlum olmuşdur ki, ordan çıxarılan pul Zərərçəkmiş şəxs2 məxsus mobil nömrə ilə çıxarılmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 zəng edərək pulunu geri qaytarmasını tələb etmiş, lakin Zaman ona pul qaytarmalı olmadığını bildirmişdir. Buna görə də, aralarında mübahisə uzanmış və Zərərçəkmiş şəxs2 onun pulunu qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 qohumu İsmayıl adlı şəxsə zəng edərək Zamanın pulu qaytarmalı olduğunu başa salmasını, əks təqdirdə sonuncu ilə başqa cür söhbət edəcəyini bildirmişdir. İsmayıl da ona problem olmadığını bildirsə də, sonradan ona pul qaytarılmamışdır. 19 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon dairəsində yerləşən təkər təmirində avtomobilinin təkərini düzəltdirmiş, bu zaman İsmayılın oraya yaxınlaşdığını və sonuncunun düşdüyü avtomobildə qabaq oturacaqda kiminsə oturduğunu görmüşdür. Bu zaman İsmayıldan həmin şəxsin kim olduğunu soruşmuş, İsmayıl gülərək ona “əşi heç kim boş ver” demişdir. O, həmin şəxsin Zərərçəkmiş şəxs2 olduğunu hiss etmiş, bundan sonra avtomobilinə əyləşərək həmin avtomobilin ardınca sürmüşdür. O, qeyd olunan avtomobilə çatıb təxminən saat 01:00 radələrində qarşısında öz avtomobilini saxlamışdır. Bundan sonra avtomobildən düşüb həmin avtomobilə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 avtomobildən düşməsini tələb etmişdir. Zərərçəkmiş şəxs2 avtomobildən enmiş və ona yaxınlaşmışdır. Bu zaman oraya qiyabi olaraq tanıdığı Elnur adlı şəxs gəlmiş və Elnurun yanında tanımadığı başqa bir şəxs də olmuşdur. Onlar yaxınlaşıb nə problemin olduğunu soruşsalar da, o, həmin şəxslərə mübahisəyə qarışmamalarını təklif etmişdir. O, Zərərçəkmiş şəxs2la söhbət etmiş və onun pulunu qaytarmasını tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs2la söhbət edən zaman sonuncu yenə də pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra mübahisə zamanı onu təhqir etmiş və o, buna dözməyərək Zərərçəkmiş şəxs2 çənəsindən yumruq zərbəsi endirmişdir. Bundan sonra həmin şəxs yerə yıxılmış və biraz yerdə qaldıqdan sonra ayağa qalxmışdır. O, yenidən Zərərçəkmiş şəxs2 kəllə ilə zərbə endirmiş, sonuncu zərbənin təsirindən yerə yıxılmış və bundan sonra o, avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Sonradan Zərərçəkmiş şəxs2 telefonu hadisə zamanı Elnur tərəfindən götürüldüyü ona məlum olmuşdur. Hazırda törətdiyi cinayət əməlini qismən etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 19 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində tanışı Şahid1la birlikdə sonuncuya məxsus “BMW X5” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü və 9-cu mikrorayonlar ərazisində hərəkətdə olmuşlar. Təxminən saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə üzü Binəqədi rayonu 9-cu mikrorayon istiqamətində hərəkətdə olarkən yolun kənarında iki nəfər şəxsin mübahisə etdiyini, hətta ətrafa tanımadığı kənar şəxslərin yığıldığını görmüşlər. O, Yadigara gördüyü şəxslərdən birini tanıdığını və həmin tanıdığı şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Belə ki, o, Toğrulu 4-cü mikrorayon dairəsində yerləşən təkər təmiri yerindən tanımışdır. Onun qardaşı həmin təkər təmiri yerində təkər ustası işləmiş, Toğrul da müştəri qismində həmin yerə gəlib-gedərkən görüb tanımış, lakin aralarında yaxın münasibət olmamışdır. Bundan sonra Yadigar avtomobili saxlamış və onlar Toğrul və mübahisə edən şəxsləri aralaşdırmaq, həmçinin aranı sakitləşdirmək üçün avtomobildən düşmüşlər. Onlar yaxınlaşıb mübahisə edən şəxsləri aralaşdırmaq istəyən zaman Zərərçəkmiş şəxs2 yerə yıxıldığını görmüşdür. Bundan sonra yaxınlaşıb Zərərçəkmiş şəxs2 yerdən qaldırmağa çalışmaq istəmiş, lakin sonuncunun tez-tez əlini cibinə salmaqla nəsə hərəkətlər etdiyini görmüşdür. O, həmin şəxsin cibində bıçaq olduğunu zənn etmiş və Zərərçəkmiş şəxs2 cibindən çıxardığı əşyanı onun əlindən almışdır. Lakin həmin vaxt qeyd olunan əşyanın mobil telefon olduğunu görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobilə əyləşmiş, o da sonuncuya yaxınlaşaraq mobil telefonu götürməsini istəmişdir. Lakin Zərərçəkmiş şəxs2 tam olaraq özündə olmadığından telefonu götürməmiş və əyləşdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra, o, telefonu özündə saxlamış, daha sonra Yadigar onu yaşadığı ünvana avtomobillə aparmışdır. Daha sonra, İsmayıl adlı şəxs onunla əlaqə saxlamış və telefonun qaytarılmasını tələb etmiş, o da həmin telefonu qaytarmaq istədiyini bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs2 şikayət etdiyi ona məlum olmuşdur. Hazırda Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 keçmiş kürəkənidir, digər Təqsirləndirilən şəxs2 isə tanımır, onlarla düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 qızı ilə evli olduğu vaxt və boşandıqdan sonra da qızına rahat yaşamağa imkan verməmiş, dəfələrlə qızını döymüş, boşandıqdan sonra isə dəfələrlə qapıya gələrək qızını və övladını narahat etmişdir. 04 noyabr 2023-cü il tarixdə saat 16:30 radələrində qızı Günelin yaşadığı ünvanı dəyişmək üçün sonuncunun yaşadığı mənzildə yır-yığış edən zaman Təqsirləndirilən şəxs1 gələrək, mənzilin pəncərəsinin qarşısında durub onun ünvanına nalayiq ifadələr işlətməklə onu çölə çağırmağa başlamışdır. Həmin mənzil 1-ci mərtəbədə yerləşir və o, pəncərədən Toğrula çıxıb getməsini desə də, sonuncu əl çəkməmiş və yenə də nalayiq ifadələr işlətməklə onu çölə çağırmağa başlamışdır. O, Təqsirləndirilən şəxs1 əl çəkmədiyini görüb, mənzildən çölə çıxmış və Toğrula yenə də çıxıb getməsini bildirmişdir. Toğrul isə ona avtomobilinə oturmağını və söhbətlərini başqa yerdə etməyi təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin yerə “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, Toğrula yenə də çıxıb getməsini demiş və sonra Toğrulun əl çəkmədiyini və ucadan nalayiq ifadələr işlətdiyini görüb, arxasını avtomobilə çevirərək gedib kənarda söhbət etməyi təklif etmiş və bir neçə metr addımladıqdan sonra sonuncu qəsdən arxadan onu avtomobillə vurmuş və bu zaman o, yerə yıxılmışdır. O, birtəhər ayağa qalxdıqdan sonra Toğrul idarə etdiyi avtomobillə döngə edib yenidən onun üstünə gəlmişdir. Həmin vaxt artıq həyat yoldaşı Nailə və başqa tanımadığı şəxslər də çölə çıxmışdır. Toğrul təkrar avtomobili onun üstünə sürmüş, həmin vaxt o, başqa avtomobilin qarşısında olmuş və Toğrul idarə etdiyi avtomobillə onun ayaqlarından vurduqda, o, arxasında olan başqa maşının mühərrik hissəsinin üstünə düşmüşdür. Daha sonra Toğrul avtomobilini idarə edib irəli getmiş və avtomobilini saxlayıb, düşərək onun idarə etdiyi “Mersedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanına gəlmiş və avtomobilinin yan güzgüsü, avtomobilin qarşı alın şüşəsi, qabaq sağ işığını sındırmış, həmçinin təkərin birinin şinini deşmiş və avtomobilinə oturub çıxıb getmişdir. Daha sonra o, çətinliklə olsa da həyat yoldaşının köməkliyi ilə ayağa qalxmışdır. Sonra bu barədə DİN «102» xidmətinə zəng vurmuş və sonradan ərizə ilə 19-cu Polis şöbəsinə müraciət etmişdir. Onun idarə etdiyi “Mersedes” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 400 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və şikayətçi deyil, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 6 ünvanında yerləşən “Euromed” klinikasının arxasında yaşayan uzaq qohumu İsmayılgilə qonaq getmişdir. O, gecə keçəndən sonra yəni 19 dekabr 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində həmin ünvanı tərk etmiş və həmin ərazidə taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Həsən adlı şəxsə zəng edib onu evə aparmasını təklif etmişdir. Bundan sonra həmin şəxs gəlmiş və o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 17 ünvanından Həsən adlı şəxsin idarə etdiyi “OPEL” markalı avtomobilə əyləşmişdir. Avtomobil üzü 9-cu mikrorayonda yerləşən “Tərlan” şadlıq evi istiqamətində hərəkət edərkən əyləşdiyi avtomobilin önünü “Toyota Prius” markalı avtomobil kəsmişdir. Bu zaman Nəsimi rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdığı Toğrul və yanında tanımadığı bir şəxs avtomobildən düşmüşdür. Həmin şəxslər əyləşdiyi avtomobilə yaxınlaşıb avtomobildən düşməyini tələb etmişlər. Toğrulun yanındakı şəxs ona guya onun Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “CASİNO” adlı oyunundan 70 manat pul çəkdiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 telefonla danışmış və həmin söhbət zamanı bir ədəd “BMW X5” markalı avtomobil yanlarına yaxınlaşıb saxlamışdır. Həmin avtomobildən 4 nəfər şəxs düşmüş, yaxınlaşıb onu öz əhatələrinə almışlar və sözlə onunla mübahisə etməyə başlamışlar. Bu zaman arxadan Təqsirləndirilən şəxs1 onun çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Təxminən 1 dəqiqə ərzində o, özünü toparlayıb ayağa qalxmış və onu kimin vurduğunu soruşmuşdur. Bu zaman təkrarən sifətinin eyni nahiyəsindən Təqsirləndirilən şəxs1 təkrar zərbə endirmişdir. Yumruq zərbəsinin təsirindən yerə yıxılmış və sifətində möhkəm ağrı hiss etmişdir. Ona endirilmiş ikinci zərbədən təxminən 20-30 saniyə sonra ayağa qalxmışdır. Aralarında adını Elnur kimi bildiyi şəxs əlini onun əynində olan şalvarın sağ cibinə salaraq qiyməti təxminən 300 manat olan ***-***-**-** saylı mobil nömrə olan təxminən 900 manat dəyərində “İphone X” markalı mobil telefonunu götürmüş və oradan uzaqlaşıb getmişlər. O, özünə gəldikdə ətrafa baxıb heç kimin qalmadığını aşkar etmiş və bundan sonra yaşadığı ünvana getmişdir. 02 yanvar 2024-cü il tarixədək o, Təqsirləndirilən şəxs1 telefonunu qaytarılmasını tələb etmiş və telefonunu götürən Elnur adlı şəxsin telefonunu qaytaracağı halda şikayət və tələbinin olmayacağını bildirmişdir. Lakin həmin şəxs telefonu geri qaytarmamışdır. 02 yanvar 2024-cü il tarixdə o, həkimə gedən zaman ona çənəsində sınıq olması barədə məlumat verilmişdir. Bu səbəbdən o, artıq polisə müraciət etmək qərarına gəlmişdir. Hadisə vaxtı ona məxsus 02 ədəd “Blackview” və “Redmi A2+” markalı mobil telefonlar və içərisində 750 manat nağd pul olan pul kisəsi hadisə yerinə gəldiyi Həsən adlı şəxsin idarə etdiyi “Opel” markalı avtomobildə olmuşdur. Yəni o, avtomobildən aşağı düşdükdə həmin avtomobilin ön sürət qutusunun yanına qoymuşdur. Hadisədən sonra Həsən adlı şəxs də hadisə yerini tərk etdiyinə görə mobil telefonlar və pul kisəsi ona məxsus avtomobildə qalmışdır. Həmin pul kisəsi təxminən 3-4 gün sonra qohumu İsmayıl tərəfindən ona qaytarılmış və İsmayıl pul kisəsini qaytaran zaman ona həmin pul kisəsini Həsənin ərzaq mağazasına qoyduğunu bildirmişdir. Telefonlar və 750 manat pul isə ona geri qaytarılmamışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və və onlara qarşı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur, digər Təqsirləndirilən şəxs1 isə hadisə ilə əlaqədar tanıyır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 19 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində tanışı Elnurla birlikdə ona məxsus “BMW X5” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobil ilə 4-cü və 9-cu mikrorayonlar ərazisində hərəkətdə olmuşlar. Təxminən saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə üzü Binəqədi rayonu 9-cu mikrorayon istiqamətində hərəkətdə olarkən yolun kənarında iki nəfər şəxsin mübahisə etdiyini, hətta ətrafa tanımadığı kənar şəxslər yığıldığını görmüşlər. Həmin vaxt avtomobildə olan Təqsirləndirilən şəxs2 mübahisə edən şəxslərdən birini tanıdığını bildirərək avtomobili saxlamasını və köməklik göstərməli olduqlarını bildirmişdir. Bundan sonra o, avtomobili saxlamış və mübahisə edən şəxsləri aralaşdırmaq, həmçinin aranı sakitləşdirmək üçün avtomobildən düşmüşlər. O, mübahisə edən şəxslərin heç birini tanımamış, yaxınlaşıb onları aralaşdırmaq istəyən zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yumruqla vurduğunu və sonuncunun yerə yıxıldığını gömüşdür. Bundan sonra yaxınlaşıb həmin adamı yerdən qaldırmaq üçün Elnura kömək etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mübahisə etdiyi şəxsə yaxınlaşıb təkrar ona kəllə zərbəsi endirdiyini görmüş, bu zaman Zərərçəkmiş şəxs2 təkrarən yerə yıxılmış və daha sonra Elnur həmin şəxsi qaldırmağa çalışmış, lakin nəmin şəxs ayağa qalxa bilməmişdir. Yerə yıxılan şəxs tez-tez əlini cibinə salmaqla nəsə hərəkətlər etmişdir. Elnur həmin şəxsin cibində bıçaq olduğunu zənn etmiş və bundan sonra cibindəkinin nə olduğunu həmin şəxsdən təkidlə soruşmuş, ardınca isə Təqsirləndirilən şəxs2 bıçaq kimi düşündüyü əşyanın telefon olduğunu görmüş və özündə saxlamışdır. Bir neçə dəqiqə keçdikdən sonra onlar avtomobilə əyləşmişlər və hadisə yerindən uzaqlaşan zaman Elnur ona götürdüyü mobil telefonu öz sahibinə qaytaracağını demişdir. Bundan sonra, onlar birlikdə hadisə yerinə qayıdaraq telefonu qaytarmaq istəsələr də, Zərərçəkmiş şəxs2 onları görüb qorxduğundan ərazidən başqa bir avtomobilə əyləşərək uzaqlaşmışdır. Həmin telefonla bağlı daha sonra hər hansı bir məlumatı olmamışdır. O, yalnız Zərərçəkmiş şəxs2 yerdən qaldırmağa kömək etmiş, sonuncunun hər hansı bir əmlakına ümumiyyətlə əli dəyməmişdir. İş materiallarına əlavə olunmuş 02 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 19 dekabr 2023-cü il tarixdə baş vermiş hadisə yeri ünvan 4 ünvanın qarşısıdır (cild 1, i/v 9-13). İş materiallarına əlavə olunmuş 06 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 04 noyabr 2023-cü il tarixdə baş vermiş hadisə yeri ünvan 2 ünvanın qarşısıdır (cild 1, i/v 103-109). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X4 30 noyabr 2023-cü il tarixli 1590 saylı rəyindən görünür ki, 1958-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol budun və diz oynağı nahiyəsinin geniş həcmli qançır-şişkinliyi (hematoması) və sağ budun geniş həcmli qançır-şişkinliyi (hematoması) küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər (cild 1 i/v 117-118). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X2” X4 25 yanvar 2024-cü il tarixli 15 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olurmuş xəsarətlər - çənə sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan üzün sol yarısının çənə və sol yanaq nahiyələrini əhatə edən iri ölçülü dərialtı hematoması, üst çənədə sağdan İİ, İİİ və İV dişlərin travmatik sınığı və həmin dişlərin proyeksiyasında üst dodağın və hər iki yanağın selikli qişalarının qansızma fonunda əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri (baş, əl, ayaq və sair) ilə endirilmiş zərbələrin təsirindən törənə bilərdilər və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (cild 1 i/v 213-215). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli, 9/2711 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 01 ədəd «iPhone X» markalı mobil telefon üçün 300 manat müəyyən olunmuşdur (cild 2, 3-25). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Quba rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzanı çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1 i/v 209-210, cild 2 i/v 30-35). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 07 il müddətə endirilmiş, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 09 gün müddətindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (cild 1 i/v 211-212, cild 2 i/v 36-40). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs1 məxsus “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, “Mercedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 saxlanılması, “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə təqsirləndirilən şəxsin yaxın qohumlarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (cild 2, i/v 41-60). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 03 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 yanvar 2024-cü il tarixli, 4(006)-3/2024 saylı qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 iyun 2024-cü il tarixədək uzadılmışdır (cild 1 i/v 48, 191-193, 245-249). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 03 yanvar 2024 il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 yanvar 2024-cü il tarixli, 4(006)-4/2024 saylı qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 01 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 iyun 2024-cü il tarixədək uzadılmışdır (cild 1 i/v 70, 188-190, 240-242). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 10 iyul 2010-cu il təvəllüdlü X1 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özü tərəfindən qismən etiraf edilsə də, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 qarşı zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 03 yanvar 2024-cü il tarixdən hesablanmalı, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 03 yanvar 2024-cü il tarixdən hesablanmalı, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxslərin yaxın qohumlarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)- 321/2024 saylı 13 iyun 2024-cü il tarixli qərara əsasən 24 iyun 2024-cü il tarixdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 360 (üç yüz altmış) manat olmaqla ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 03 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 03 yanvar 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Mersedes markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsirləndirilən şəxslərin yaxın qohumlarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrıayrılıqda 360 (üç yüz altmış) manat olmaqla ümumilkdə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar