Məhkəmə qərarları › İş №1(006)-322/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-322/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-322/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkil X3 iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,269 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 fevral 2023-cü il tarixdə saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22A ünvanının qarşısında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram və 0,101 qram olmaqla ümumi təmiz çəkisi 0,269 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulduğu günədək arabir narkotik maddələrdən istifadə etmişdir. Sonuncu dəfə 06 fevral 2023-cü il tarixdə təxminən saat 15 radələrində ünvan 3 ünvanında yaşayan “Rəhim” adlı şəxsdən içərisində iki büküm olan bir ədəd sellofan bükümdə öz istifadəsi üçün 15 manata “kakos" kimi tanıdığı narkotik vasitə heroini almış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. 06 fevral 2023-cü il tarixdə təxminən saat 20 radələrində ünvan 4 ünvanının qarşısında olduğu vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları olduqlarını bildirərək onun narkotik maddələrin istifadəsində şübhəli olduğunu bildirmişlər və onlarla birlikdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə getməyini təklif etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 19-cu Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində təhqiqatçı ona hüquq və vəzifələrini izah etmiş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış və o, könüllü olaraq əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə onun üzərində axtarış aparılmağa başlanılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra isə təqdim etdiyi bükümün içərisinə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bükümün içərisindən öz istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı bükümdən aşkar olunmuş maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda, o, səmimi olaraq bükümün içərisindən aşkar olunmuş maddənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq göstərilməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, himayəsində iki uşağının olmasını bildirərək, həbslə bağlı olmayan minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. “Namiq” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat yolu ilə məlumat əldə etmişdir. O, xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaratmışdır. xx.xx.2023-cü ildə saat 20 radələrində ünvan 5 ünvanın qarşısında Təqsirləndirilən şəxs görmüş və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək həmin şəxsin adını soruşaraq onun qanunsuz narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və istifadə etməsi ilə bağlı məlumata malik olduqlarını bildirmişlər və həmin şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış aparılmış, sonuncu könüllü olaraq əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən içərisində iki ədəd büküm olan bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin “kakos” adlı narkotik vasitə olmasını bildirmişdir. Daha sonra aşkar edilmiş narkotik maddə möhürlənərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş 06 fevral 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan kağızda olan bükülünü, sol yan cibindən isə “Jinga” markalı qara rəngli mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi yaşıl rəngli gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd ağ sellofandan ibarət bükülünün içərisindən 02 ədəd bükümdə “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir, ondan həmin bükülünü haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdiridiyini sual edəndə həmin şəxs qeyd edilən narkotik maddəyə bənzər kütləni Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan, 50-60 yaş arasında olan, əsa ilə gəzən “Rəhim” adlı şəxsdən 15 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd ağ rəngli sellofan bükülünün içərisində olan iki bükümdə narkotik maddəyə bənzər kütlənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik maddəyə bənzər, içərisində 02 ədəd büküm olan 01 ədəd ağ rəngli sellofanda olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Protokol tərtib olunması üçün videoçəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 42-46). İş materiallarında olan 06 fevral 2023-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 20). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 70-71). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsindən imtina edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (i/v 95-97). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 98-99). İş materiallarında olan 13 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin qətimkan tədbirlərinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yerinin müəyyən edilib onun istintaqa təmin edilməsi məqsədi ilə barəsində axtarış elan edilmiş və cinayət təqibi üzrə icraat dayandırılmışdır (i/v 105). İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə yaşadığı ünvanın qarşısında saat 16:00-da saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir (i/v 108). İş materiallarında olan “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi təzələnmişdir (i/v 111). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i/v 120-121). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 122-123). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 133-135). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2023-cü il tarixli, 6/732 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün №187 dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş ədəd zərfdə bir ədəd bükümün içərisində 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,168 qram, 0,101 qram ümumi təmiz çəkisi 0,269 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən, narkotik maddələrin siyahısına (Siyahı 1) daxildir (i/v 57-60). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2826 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLORİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 114-115). İş materiallarında olan “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzəndən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,269 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,169 qram olan hissəsinin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 124-125). İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12 dekabr 2008-ci il təvəllüdlü X7 və 22 fevral 2012-ci il təvəllüdlü X10 adlı iki uşağı vardır (i/v 141-142). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 58, mənzil 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,269 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,169 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-322/2023 saylı, xx.xx.2023-ci il tarixli qərara əsasən xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi ev 58, mənzil 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan, ümumi təmiz çəkisi 0,269 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,169 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar