Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-322/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1960-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 31, mənzil 5də qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif günlik kirayə evlərdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan darağı və döyüş sursatı olan patronları əldə edib, özündə saxlayaraq daşımaqla gəzdirmiş, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2025-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantadan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı “Kalaşnikov” konstruksiyalı «AKMS» modelli yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və zavod üsulu ilə istehsal olunmuş, 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı 09 ədəd döyüş sursatı olan ştat patronlar aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 14 yanvar 2025-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nərimanov rayonunda “Yaşıl bazar” deyilən yerdə olarkən zibil qutusunda bir ədəd qara rəngli çanta onun diqqətini cəlb etmişdir. Həmin zibil qutusundakı çantaya baxan zaman içərisində bir ədəd «Kalaşnikov» kimi tanınan odlu silahın olduğunu və üzərində içərisində 09 ədəd patron olan darağının da olduğunu görmüşdür. O, çantanı götürmüş və həmin odlu silahı polisə təhvil vermək barədə fikirləşmişdir. Lakin dəqiq olaraq qərar verə bilməmişdir. Həmin gün saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, əvvəlcə özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər, daha sonra onu odlu silah gəzdirməyi ilə bağlı məlumata malik olduqlarını bildirib Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən şəxsi axtarış zamanı könüllü olaraq, o, çantada olan odlu silahı və içərisində 09 ədəd patron olan darağı təqdim etmişdir. Suallara cavab olaraq o, təqdim etdiyi odlu silahı, içərisində 09 ədəd patron olan darağı Bakı şəhəri Nərimanov rayonu ərazisində zibil qutusundan tapdığını və hər hansı bir məqsədi olmadan üzərində saxladığını bildirmişdir. Bundan sonra təqdim etdiyi odlu silah, daraq və patronlar qablaşdırılmaqla götürülmüşdür. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və ya Nəsimi RPİ-nin 22-ci polis şöbəsində olan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu və yaşlı şəxs olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 14 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən «İbrahim» adlı şəxsin üzərində qanunsuz olaraq əldə etdiyi odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatı və partlayıcı maddələrin saxlaması və gəzdirməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1la birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsinə getmişlər və saat 12:30-da həmin küçə ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsində olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatını üzərində qanunsuz saxlaması və gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə 22-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış və axtarış zamanı sonuncu üzərində gəzdirdiyi qara rəngli çantadan 01 ədəd avtomat silaha bənzər predmeti və içərisində patronlar olan darağı təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın «Kalaşnikov» adlı odlu silah olduğunu, təqdim etdiyi daraq və patronların həmin odlu silaha aid olduğunu, həmin odlu silahı 14 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində zibil qutusundan tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silah, 01 ədəd daraq və 09 ədəd patronlar təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir fiziki və mənəvi təzyiqə məruz qalmamışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Valeh Abdullayev tərəfindən tərtib edilmiş və həmin şöbənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş X1, müdafiəçi X2, barəsində istintaq hərəkəti aparılan Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 14 yanvar 2025-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, 14 yanvar 2025ci il tarixdə Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq lindəki qara rəngli çantanı masanın üzərinə qoyub çantanın içərisindəki bir ədəd qara rəngli açılıb bağlanan tutacağı olan avtomat silaha bənzər predmeti və bir ədəd qəhvəyi rəngdə içərisində gülllələr olan daraq təqdim etmişdir. Bundan başqa, üzərində hər hansı bir təqdim etmədiyi əşya olub-olmaması barədə sual edildikdə “xeyr” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs tərəfindən əynindəki şalvarının bel nahiyəsində, şalvarının ciblərinə, gödəkçəsinin ciblərində axtarış aparılmış, lakin heçnə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir ədəd odlu silaha bənzər predmeti göstərərək, “kalaşnikov” adlı odlu silah olduğunu, bir ədəd daraq və içərisində 09 ədəd gülləni həmin əşyanın silaha məxsus olan güllələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi odlu silahı və güllələri nə üçün üzərində saxladığını, yəni çantada niyə gəzdirdiyi soruşduqda, hər hansı məqsədi olmadan xx.xx.2025-ci il tarixdə, səhər təxminən 09:00 radələrində Nərimanov rayonu, “Yaşıl Bazar”ın yaxınlığında zibil qutusundan tapdığını bildirmişdir. Bundan sonra həmin odlu silaha bənzər predmetin odlu silah olub-olmaması, atəşə yararlı olub-olmaması və hansı üsulla hazərlanmasının müəyyən edilməsi, gülləyə bənzər 9 ədəd predmetin döyüş sursatı olub-olmamasının, hansı üsulla hazırlanmasının, atəşə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır (i/v 36-41). İş materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, “Kalaşnikov” konstruksiyalı odlu silah, 01 ədəd daraq və 09 ədəd patron maddi sübut kimi tanınmış və kriminalistik tədqiqatlardan sonra “Kalaşnikov” konstruksiyalı odlu silah, 01 ədəd daraq və 06 ədəd patronun saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır (i/v 116-121). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 oktyabr 2018ci il tarixli qərarına əsasən CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, lakin cəza dəyişdirilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli Qərarı ilə 08 ay 10 gün vaxtından əvvəl azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 aprel 2019-cu il tarixli Qərarı ilə 08 ay 10 gün vaxtından əvvəl azad olunması ləğv edilərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i/v 93-95). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Nəsimi rayon məhkəməsinin 4(006)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 23-24, 79-82). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 25/45 nömrəli rəyindən və ona əlavə edilmiş fotocədvəldən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Ns-si silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKMS modelli avtomatdır, yivli odlu islahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sürsatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır (i/v 48-83). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov tərəfindən DİN-nin Nəsimi RPİ-nin rəisi Vüqar Ağayevə ünvanlanan 06 fevral 2025-ci il tarixli, 3-13-11/2-1726/2025 saylı məktubdan görünür ki, təqdim edilmiş 7,62 mm kalibrli, №-si silinmiş AKMS modelli Kalaşnikov konstruksiyalı avtomatdan ekpreimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i/v 89). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və ekspertiza tədqiqatında sonra Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “Kalaşnikov” konstruksiyalı odlu silah, 01 ədəd daraq və 06 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-322/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 23 (iyirmi üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatında sonra Nəsimi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan “Kalaşnikov” konstruksiyalı odlu silah, 01 ədəd daraq və 06 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-322/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-322/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver