Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-323/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 fevral 2022-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 17 saylı binanın qarşısına gələrək əvvəlcədən hazırladığı plan üzrə müşahidələr aparıb Zərərçəkmiş şəxs2 məxsus 67 nömrəli mənzildə heç kimin olmadığını dəqiqləşdirdikdən və cinayətkar niyyətini həyata keçirmək məqsədilə ətrafı müşahidə edərək kimsənin onu görməyəcəyinə əmin olduqdan sonra özü ilə hazırlayıb gətirdiyi istintaqa məlum olmayan xüsusi dəmir alətin köməkliyi ilə mənzilin dəmir materialından olan giriş qapısının kilidini açmış və yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin yataq otağındakı dolabın içərisindən Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd 3,5 qram çəkidə, 585 əyarlı 280 manat dəyərində qızıl üzüyü, 01 (bir) cüt hər birinin çəkisi 3,5 qram olan 585 əyarlı 560 manat məbləğində qızıl sırğanı, həmin günün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları, 35 manat 11 qəpik təşkil edən 280 Türk lirəsinin və 100 AZN məbləğində pulu gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 1825 manat 11 qəpik miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 mart 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 17A saylı binanın yanına gələrək əvvəlcədən hazırladığı plan üzrə müşahidələr aparıb Zərərçəkmiş şəxs1 məxsus 41 nömrəli mənzildə heç kimin olmadığını dəqiqləşdirdikdən və cinayətkar niyyətini həyata keçirmək məqsədilə ətrafı müşahidə edərək kimsənin onu görməyəcəyinə əmin olduqdan sonra özü ilə hazırlayıb gətirdiyi istintaqa məlum olmayan xüsusi dəmir alətin köməkliyi ilə mənzilin dəmir materialından olan giriş qapısının kilidini açmış və yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin yataq otağındakı dolabın içərisindən Zərərçəkmiş şəxs1 məxsus ümumi çəkisi 19 qram olan, 750 əyarlı 01 ədəd qolbağı, 01 ədəd boyunbağı, 01 ədəd üzük, 01 ədəd klon və 01 cüt sırğadan ibarət 1900 manat dəyərində 01 ədəd qızıl dəstini, 4 qram çəkidə 750 əyarlı 400 manat dəyərində 01 ədəd nişan üzüyünü, 3,5 qram çəkidə 750 əyyarlı 350 manat dəyərində 01 cüt sırğanı, 1,5 qram çəkidə 585 əyarlı 120 manat dəyərində 01 ədəd qolbağı, hər biri təxminən 2 qram çəkidə 750 əyarlı ümumilikdə 400 manat dəyərində 02 ədəd qolbağı, 2,5 qram çəkidə 750 əyarlı 250 manat dəyərində 01 ədəd boyunbağını, hər biri 2 qram olmaqla 750 əyarlı ümumilikdə 1200 manat dəyərində 06 ədəd üzüyü və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 200 manat dəyərində gümüş əşyalarını gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 4820 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 mart 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 20 saylı binanın yanına gələrək əvvəlcədən hazırladığı plan üzrə müşahidələr aparıb Zərərçəkmiş şəxs3 məxsus 4 nömrəli mənzildə heç kimin olmadığını dəqiqləşdirdikdən və cinayətkar niyyətini həyata keçirmək məqsədilə ətrafı müşahidə edərək kimsənin onu görməyəcəyinə əmin olduqdan sonra özü ilə hazırlayıb gətirdiyi istintaqa məlum olmayan xüsusi dəmir alətin köməkliyi ilə mənzilin dəmir materialından olan giriş qapısının kilidini açmış və yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin yataq otağındakı dolabın siyirməsinin içərisindəki qabdan 01 ədəd 320 manat dəyərində qızıl boyunbağı, ümumilikdə 200 manat dəyərində olan 02 ədəd qızıl qolbağı və hər birinin dəyəri 20 manat, ümumi dəyəri 60 manat məbləğində olan 03 ədəd qol saatını və ümumilikdə 100 manat dəyərində bijuteriya bəzək əşyalarını talamaqla ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 780 manat miqdarında maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 mart 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanında yerləşən mənzilinə ev sahibəsinin evi tərk etməsinin şahidi olduqdan sonra yaranmış əlverişli məqamdan istifadə edərək cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə özü hazırlayıb gətirdiyi istintaqa məlum olmayan xüsusi dəmir alətin köməkliyi ilə mənzilin dəmir materialından olan giriş qapısının kilidini açmış və yaşayış sahəsinə qanunsuz daxil olmaqla mənzilin qonaq otağındakı şifonerdən 01 ədəd 2 qram çəkidə 585 əyarlı 160 manat dəyərində qızıl üzüyü, 01 ədəd 20 qram çəkidə, 585 əyarlı 1600 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 10 qram çəkidə 585 əyarlı 800 manat dəyərində qızıl qolbağını, 01 ədəd 5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində qızıl klonu, 01 ədəd 2 qram çəkidə 585 əyarlı 160 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 5 qram çəkidə 585 əyarlı 400 manat dəyərində qızıl qolbağını, 01 ədəd, 3 qram çəkidə, üzərində brilyant qaşı olan 750 əyarlı zərərçəkmişin qiymətləndirməsinə görə 1200 manat dəyərində qızıl üzüyü və 200 manat məbləğində bijuteriya bəzək əşyalarını və hər birində müvafiq olaraq 200 və 1500 manat məbləğində nağd pul olan 02 ədəd zərfi talamaqla ümumilikdə Zərərçəkmiş şəxs4 5717 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddət işsiz olduğundan maddi sıxıntıları olmuşdur. O, kustar üsulla açacaq alətləri düzəltmiş və oğurluq etmək qərarına gəlmişdir. Təxminən 2022-ci ilin fevral ayının ortalarında axşamüstü saatlarında Memar Əcəmi metrostansiyasının yaxınlığında olan çayxanaların arxa küçəsində Cavadxan küçəsi ev 17 ünvanında yerləşən, 5 mərtəbəli binanın 3-cü mərtəbəsində sol tərəfdə ağ rəngli dəmir qapısı olan mənzili müşahidə edib, qapısını döymüşdür. Evdə heç kimin olmamasından əmin olduqdan sonra əvvəlcədən hazırlayıb gətirdiyi nazik dəmirlərdən istifadə edərək kilidi açıb evə daxil olmuşdur. Evə daxil olduqdan sonra sağ tərəfdə yerləşən yataq otağına keçib girişdə, sağ tərəfdə yerləşən şkafı açmışdır. Oradan götürdüyü cüzdanın içərisindən eyni komplektdən olan 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 500 dollar və 100 manat məbləğində və xırda əskinazlardan ibarət xatırlamadığı məbləğdə Türk lirəsini götürüb həmin evi tərk etmişdir. Həmin əşyaları da tanımadığı şəxslərə dəyər-dəyməzinə satıb pula çevirib, şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin elan olunmuş ittiham üzrə digər oğurluq cinayətlərini törətməmişdir. Qeyd etdikləri barədə polis idarəsində məlumat versə də, müstəntiq və digər polis əməkdaşları ona inanmamışdır. O, yalnız Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən oğurluq etmişdir. Hal-hazırda zərərçəkmiş şəxslərdən üç nəfərinə dəymiş zərərin ödənildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 3 ünvanda uzun illərdir tək yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə axşam saat 18:00-da işdən evə qayıdarkən açarı evin giriş qapısına taxdıqda açarın daxil olmadığını və qapının açıq olmasını görmüşdür. Dərhal evinə oğru girməsini başa düşmüş və şəxsi əşyalarını, qızıllarını saxladığı yeri yoxlamaq üçün yataq otağına daxil olub dolabın içərisinə baxmışdır. Bu zaman orada saxladığı komplektin 01 ədəd üzüyünün, 01 cüt sırğasının, 500 ABŞ dollarının, 280 Türk lirəsinin və 100 manat əskinasın oğurlanmasını görmüşdür. Belə olan halda dərhal DİN-nin 102 xidmət mərkəzinə zəng vurub müraciət etmiş və evə gələn polis əməkdaşları ilə birgə hadisə yerinin araşdırılmasında iştirak etmişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxsin atası tərəfindən ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Hadisədən təxminən 2 il əvvəldən ünvan 4 ünvanda icarə əsasında tək yaşamışdır. İşi ilə əlaqədar olaraq hər gün saat 10:00-da evi tərk etmiş, təxminən 20:00 radələrində isə işdən evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə, axşam saat 18:45-də evdən çıxıb işə getmiş və təxminən 22:00 radələrində evə qayıdarkən evin qapısının açıq olmasını görmüşdür. O, dərhal evə daxil olub əşyalarının dağıdılmasını görmüş və evə oğru daxil olmasını başa düşmüşdür. Buna görə də, şəxsi əşyalarını, qızıllarını saxladığı yeri yoxlamaq üçün yataq otağına daxil olub oradakı güzgüdən asdığı boyunbağının yerində olmadığını, güzgünün altında olan qabda saxladığı əşyalarının da yerində olmamasını aşkar etmişdir. Belə ki, təxminən 280 manata aldığı, üzərində daş klon olan 4 qram çəkidə 585 əyarlı 01 ədəd boyunbağı, 170 manat dəyərində 01 ədəd qolbağı və özünün “Moskva Univermağı”ndan 120 manata aldığı 01 ədəd qolbağı, təxminən 100 manat dəyərində bijuteriya və birinin qiymətinin təxminən 20 manat olduğu 03 ədəd adi qol saatının yerində olmadığını görüb oğurlanmasını başa düşmüşdür. O dərhal DİN-nin 102 xidmətinə zəng vurub müraciət etmiş və evə gələn polis əməkdaşları ilə birgə hadisə yerinin müayinəsində iştirak etmişdir. Bir müddət sonra həmin oğurluğu törətmiş şəxs, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə yaşadığı evə gətirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli, yəni evindən oğurladığı əşyaları birbir haradan götürdüyünü və evə necə daxil olmasını izah etdikdən sonra o, məhz həmin şəxsin onun evinə daxil olmasına tam olaraq inanmışdır. Şəxsi hesablamalarına görə ona ümumilikdə 700-800 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı ailəsi ilə birlikdə ünvan 5 ünvanda kirayədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı mənzilin kilidini açmaq istəyərkən kilidin açıq olmasını görmüşdür. Bundan sonra evə daxil olub mənzilin dağınıq vəziyyətdə olmasını gördükdə evindən oğurluq olmasını başa düşmüş və dərhal DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, müvafiq yoxlama və sənədləşmə aparılmışdır. Baş vermiş hadisə nəticəsində evindən 2.000 manata alınmış ümumi çəkisi 19 qram olan 750 əyarlı qızıl dəstin, 4 qram çəkidə və üzərində 6 ədəd kiçik almaz qaşları olan 750 əyarlı 01 ədəd nişan üzüyün, 750 əyarlı 3,5 qram çəkidə 01 cüt qaşsız qadın sırğanın, 1,5 qram çəkidə 585 əyarlı 01 ədəd uşaq qolbağının, hər biri təxminən 2 qram çəkidə 750 əyarlı 02 ədəd qadın qolbağının, 01 ədəd 750 əyarlı 2,5 qram çəkidə qadın boyunbağının, hər biri 2 qram olmaqla 750 əyarlı 06 ədəd qadın üzüyün və son iki ildə şəxsən özünün aldığı 200 manat dəyərində gümüş əşyaları oğurlanmışdır. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxs evə gətirərkən sonuncu törətdiyi əməli etiraf etmişdir. Həmin vaxt evdə olan şkafın yeri dəyişdirilsə də, Təqsirləndirilən şəxs şkafın oğurlanan vaxtda olan yerini dəqiq dediyindən oğurluq əməlinin sonuncu tərəfindən törədilməsinə əmin olmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxsin yaxınları tərəfindən ödənildiyindən ona qarşı şikayət və tələbi yoxdur və ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 6 ünvanda böyük bacısı və anası birlikdə kirayə yaşamışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:15-də anası ilə birlikdə evdən çıxıb yaxınlıqda yerləşən marketə getmişlər və təxminən 15:15-də evə qayıtmışlar. Evə qayıdan zaman onlar evin qapısını açıb içəri daxil olan zaman otağın dağınıq olduğunu görmüşlər. Diqqət yetirdikdə üzüyünün, həmçinin bacısına məxsus bijuteriya əşyalarının yerində olmadığının şahidi olmuşlar. Dərhal bacısına zəng vurub bacısının onlar evdə olmadıqları vaxt evə gəlibgəlmədiyini soruşmuş və bacısı ona evə gəlmədiyini dedikdə evə oğrunun girdiyini başa düşmüşdür. Dərhal servantın gözündə şəxsi əşyalarını, qızıllarını saxladığı yeri yoxlamış və bütün qızıllarının, yəni 1200 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl nişan üzüyünün, 01 ədəd 2 qram çəkidə 585 əyarlı 500 manat dəyərində alınmış qızıl üzüyünün, 01 ədəd 20 qram çəkidə, 585 əyarlı 2000 manat dəyərində alınmış qızıl boyunbağı ilə onun 01 ədəd 10 qram çəkidə 585 əyarlı 500 ABŞ dollar dəyərində alınmış qızıl qolbağının, 01 ədəd üzərində “Aytən” yazısı olan 5 qram çəkidə 585 əyarlı 300 manat dəyərində alınmış qızıl klon ilə onun 01 ədəd 2 qramlıq 585 əyarlı 180 manat dəyərində alınmış qızıl boyunbağının, 01 ədəd nazik təxminən 05 qram çəkidə 585 əyarlı 50 manat dəyərində alınmış qızıl qolbağının, 200 manat məbləğində bijuteriya bəzək əşyalarının və hər-birində müvafiq olaraq 200 və 1500 manat məbləğində nağd pul olan 02 ədəd zərfin yerində olmadığını, yəni oğurlandığını görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurub müraciət etmiş və evə gələn polis əməkdaşları ilə birgə hadisə yerində müvafiq sənədləşməni aparmışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə onların evinə gətirilmiş və sonuncu onların evindən oğurluq niyyəti ilə daxil olmasını, pulları və qızılları haradan götürməsini etiraf etmiş və fotoşəkillər çəkilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt dəymiş ziyanın ödəniləcəyini bildirmişdir. Baş vermiş hadisə zamanı ona təxminən 7000 manata yaxın maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan “hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 7 ünvanından müvafiq əl-barmaq izləri əhəmiyyət kəsb etdiyindən götürülmüş və yoxlanılmasından ötrü DİN-in KTİ-yə göndərilmişdir (i/v 96). İş materiallarında olan DİN-nin KTİ-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Zərərçəkmiş şəxs3 yaşadığı və oğurluq hadisəsinin baş verdiyi ünvan 8 ünvanından götürülmüş əl-barmaq izləri Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan əl əksləri ilə müqayisəli tədqiqatının nəticəsində həmin barmaq izlərindən 02 ədədinin xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız və çeçelə barmaqları ilə eynilik təşkil etməsi müəyyən olunmuşdur (cild 2, i/v 40-41). İş materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkətində törətmiş olduğu cinayət əməllərini əyani olaraq göstərmişdir (cild 2, i/v 3-14: 82-85). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2022-ci il tarixli 9/2320 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ümumilikdə 13,9 qram, 585 əyar qızıl dəstinin 2022-ci il aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1181,50 (13,9 qr x 85m) müəyyən edilir. Həmin qızıl dəstinə aid olan 01 ədəd 585 əyarlı qızıl üzüyün və 01 cüt sırğanın ayrı-ayrılıqda kütləsi məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 2, i/v 63-65). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli 9/3909 saylı rəyindən görünür ki, aparılmış müvafiq tədqiqat nəticəsində, internet saytlarının məlumatına, Respublikada yerləşən ticarət mərkəzlərində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı şəbəkələrində mövcud olan qiymətlərdən, məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, qərarda göstərilən qızıl zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri 9897.0 manat olmaqla aşağıdakı kimi müəyyən edilir:
1. 01 (bir) ədəd 3,5 qram çəkidə, 585 əyarlı qızıl üzük-280 manat
2. 01 (bir) cüt hər birinin çəkisi 3,5 qram olan 585 əyarlı qızıl sırğalar-560 manat
3. 01 ədəd ümumi çəkisi 19 qram olan, 750 əyyarlı qızıl dəsti (qolbaq, boyunbağı, üzük, klon və 01 cüt sırğa)-1900 manat
4. 01 ədəd 4 qram çəkidə. 750 əvyarlı üzük-400 manat
5. 01 cüt 3,5 qram çəkidə 750 əyyarlı sırğa-350 manat
6. 01 ədəd 1,5 qram çəkidə 585 əyyarlı qolbaq-120 manat
7. 02 ədəd hər biri 2 qram çəkidə 750 əyyarlı qolbaq-400 manat
8. 01 ədəd 2.5 qram çəkidə 750 əyyarlı boyunbağısı-250 manat
9. 06 ədəd hər biri 2 qram olmaqla 750 əyyarlı üzük-1200 manat
10. 01 ədəd qızıl boyunbağı-320 manat
11. 02 ədəd qızıl qolbaq-300 manat
12. 01 ədəd 2.97 qram çəkidə 750 əyarlı qızıl üzük-1200 manat
13. 01 ədəd 2 qram çəkidə 585 əyarlı qızıl üzük-160 manat
14. 01 ədəd 20 qram çəkidə, 585 əyarlı qızıl boyunbağı-1600 manat dəyərində
15. 01 ədəd 10 qram çəkidə 585 əyarlı qızıl qolbaq-800 manat dəyərində
16. 01 ədəd 5 qram çəkidə 585 əyarlı qızıl klon-400 manat
17. 01 ədəd 2 qram çəkidə 585 əyarlı qızıl boyunbağı-160 manat
18. 01 ədəd 5 qram çəkidə 585 əyarlı qızıl qolbaq-400 manat.
İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-208/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 122, cild 2, i/v 22-24). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələrinə əsasən 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixli Nərimanov rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177 2.4-cü maddələrinə tövsif edilib, CM-nin 234.1-ci maddəsi CM-in 66.2-ci maddəsi ilə toplanmaqla 04 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. xx.xx.2021-ci il ildə cəzasının sonu ilə azad olunmuşdur. (cild 2, 57-58, 92-94). İş materiallarında CD diskdə olan video görüntüyə baxış keçirilməsi haqqında 13 aprel 2022-ci tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 02 ədəd CD diskdə kamera görüntüləri vardır. Üzərində Cavadxan küçəsi 17 yazılmış diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən binanın arxa hissəsində gəzişib binaya göz gəzdirməsi, sonradan binanın ön hissəsinə keçərək ətrafı və mənzilləri nəzərdən keçirməyi üçün əlverişli şərait yaratmaq və vaxt qazanmaq məqsədi ilə ayaqqabısının bağlarını bağlaması müşahidə olundu. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 17:15-də Zərərçəkmiş şəxs2 məxsus mənzilin yerləşdiyi bloka daxil olmuş və təxminən 8 dəqiqədən sonra yəni, saat 17:23-də həmin blokdan üzündə tibbi maska və təlaşlı halda çıxaraq binanın həyətini tərk etməsi müşahidə olunur. Bundan sonraki görüntüdə Təqsirləndirilən şəxs həmin binanın yanında yerləşən marketə daxil olması, artıq üzündə tibbi maskanın olmaması və marketdən aldığı 01 ədəd enerji içkisinin pulu ödəmək məqsədi ilə kassada cibindən pulları çıxarması və həmin pulların içərisində ABŞ dollarları, həmçinin digər xarici əskinazların olması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin pulların içərisindən 01 ədəd 100 manatlıq əskinazı çıxarıb ödəniş etdikdən sonra qalıq pulları alıb marketi tərk edir. Sonraki görüntülərdə onun Cavadxan küçəsinə paralel küçələrdə arxasına nəzarət edərək irəliləməsi görüntüləri mövcuddur. Bundan başqa üzərində “Cavadxan 20”, “Bioloji Təbabət” yazılmış diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə 18:58-dən etibarən ünvan 10 ünvanında “Bioloji Təbabət” klinikasının yanında yerləşən binanın ön hissəsində gəzişib binaya göz gəzdirməsi, mənzilləri nəzərdən keçirmək üçün əlverişli şərait yaratdıqdan və binanın sakinlərinin giriş-çıxışından yayındıqdan sonra binanın 1-ci blokuna yəni, Zərərçəkmiş şəxs3 yaşadığı mənzilin blokuna daxil olması və bundan 7-8 dəqiqədən sonra yəni, saat 19:06-da həmin blokdan çıxaraq ətrafa nəzər salmadan təlaşlı halda binanın həyətini tərk etməsi müşahidə olunur (cild 1, i/v 88, 133-135). Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın atası X1 tərəfindən ödənilməsinə görə şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs valideynləri tərəfindən zərərçəkmiş şəxslərdən üç nəfərinə dəymiş ziyanın ödənilməsini və onların Təqsirləndirilən şəxs ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə, maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elməddin Hüseynov