Məhkəmə qərarları › İş №1(006)-323/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-323/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-323/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, ev 7A, mənzil 58-də qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi Zeytunluq 1 ünvanında yaşamış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(006)-323/2023 saylı qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 fevral 2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" mağazasının arxa giriş qapısının açıq olmasından istifadə edib həmin qapıdan mağazanın anbarına qanunsuz daxil olaraq girişdən sol tərəfdə yerləşən otaqdan içərisində 27 qutu hər qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla cəmi 97 manat 20 qəpik dəyərində “X7 Silver” markalı, 23 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 62 manat 10 qəpik dəyərində “Winchester KSS Silver” markalı, 18 qutu hər qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla cəmi 39 manat 60 qəpik dəyərində “Viceroy N-Series Silver” markalı, 10 qutu hər qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla cəmi 22 manat dəyərində “Viceroy N-Series Blue” markalı, 10 qutu hər qutusunun qiyməti 4 manat 10 qəpik olmaqla cəmi 41 manat dəyərində “Sobranie KS SS Caster” markalı, 10 qutu hər qutusunun qiyməti 4 manat 10 qəpik olmaqla cəmi 41 manat dəyərində “Sobranie White” markalı, 16 qutu hər qutusunun qiyməti 4 manat 10 qəpik olmaqla cəmi 65 manat 60 qəpik dəyərində “Sobranie White KSS” markalı, 11 qutu hər qutusunun qiyməti 4 manat 10 qəpik olmaqla cəmi 45 manat 10 qəpik dəyərində “Sobranie KSSS Blue” markalı, 25 qutu hər qutusunun qiyməti 4 manat olmaqla cəmi 100 manat dəyərində “X4” markalı, 31 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 83 manat 70 qəpik dəyərində “X8” markalı, 20 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 54 manat dəyərində “X9” markalı, 8 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 21 manat 60 qəpik dəyərində “X11” markalı, 18 qutu hər qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla cəmi 39 manat 60 qəpik dəyərində “X12” markalı, 11 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 29 manat 70 qəpik dəyərində “X16 Silver” markalı, 10 qutu hər qutusunun qiyməti 2 manat 70 qəpik olmaqla cəmi 27 manat dəyərində “Pall Mall AM Nights Qarağat” markalı, 10 qutu hər qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla cəmi 42 manat dəyərində “Neo RedBerry Pastel” markalı, 19 qutu hər qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla cəmi 41 manat 80 qəpik dəyərində “X13” markalı, 39 qutu hər qutusunun qiyməti 3 manat olmaqla cəmi 117 manat dəyərində “LD Compact White” markalı, 17 qutu hər qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla cəmi 54 manat 40 qəpik dəyərində “LD club KSSS Platinum” markalı, 10 qutu hər qutusunun qiyməti 2 manat olmaqla cəmi 20 manat dəyərində “Kingston Silver” markalı, 32 qutu hər qutusunun qiyməti 3 manat 80 qəpik olmaqla cəmi 121 manat 60 qəpik dəyərində “Kent Nano 4” markalı, 6 qutu hər qutusunun qiyməti 3 manat 80 qəpik olmaqla cəmi 22 manat 80 qəpik dəyərində “Kent Nano 1” markalı, 9 qutu hər qutusunun qiyməti 3 manat 80 qəpik olmaqla cəmi 34 manat 20 qəpik dəyərində “Kent 4” markalı, 10 qutu hər qutusunun qiyməti 2 manat 40 qəpik olmaqla cəmi 24 manat dəyərində “İmperial Classic QS silver” markalı, 19 qutu hər qutusunun qiyməti 2 manat olmaqla cəmi 38 manat dəyərində “Bakı KS” markalı, 10 qutu hər qutusunun qiyməti 2 manat 20 qəpik olmaqla cəmi 22 manat dəyərində “X14” markalı siqaretlər, 1 ədəd 15 manat dəyərində “Friz PineApple 1200 s” markalı elektron siqaret, 1 ədəd 15 manat dəyərində “X17 1200s” markalı elektron siqaret, 1 ədəd 10 manat dəyərində “X10 600s” markalı elektron siqaret, 1 ədəd 20 manat dəyərində “Vapengin Cola” 3000 tüstülü elektron siqaret, 1 ədəd 14 manat dəyərində “Solo X-Peach İce” 1500 tüstülü elektron siqaret olan qutunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 1381 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, cinayət hadisəsi törədənədək uzun müddət işsiz olmuşdur. Bu səbəbdən də, oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. 13 fevral 2023-cü il tarixdə saat 14-15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində olarkən "xxxx" adlı mağazanın yanından keçən zaman həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. O, mağazaya arxa giriş qapısından daxil olmuş, həmin vaxt mağazanın qarşı giriş hissəsində olan kassada satıcılar olmuş, lakin həmin şəxslər onun arxa qapıdan mağazaya daxil olduğunu görməmişlər. O, mağazaya daxil olduqdan sonra sağ tərəfdə açıq qapını görüb, həmin yerin anbar olduğunu anlamışdır. Bir müddət ətrafa göz gəzdirib onu heç kimin görmədiyini başa düşərək anbara açıq qapıdan daxil olmuş və oraya baxdıqda qutuda siqaret bloklarının olduğunu görmüşdür. O, əvvəlcə qutudakı siqaret bloklarından bir neçəsini götürüb gödəkcəsinin iç hissəsinə qoymuş, çıxmaq istədikdə isə qutunu götürmək qərarına gələrək geri qayıtmış və siqaret blokları olan qutunu götürüb, mağazanın arxa qapısından çölə çıxaraq uzaqlaşmışdır. Həmin ərazidən uzaqlaşan zaman tanımadığı taksini saxlatdırıb əyləşməklə, həmişə alver etdiyi mağazaya siqaret bloklarını satmaq məqsədilə Abşeron rayonu Masazır qəsəbəsinə getmişdir. O, Masazır qəsəbəsində yerləşən «Ailə» adlı mağazaya gələrək orada işləyən bir nəfər şəxsə oğurladığı siqaret bloklarını satmaq istədiyini dedikdə, həmin şəxslə siqaretlərin bəzilərini 300 manata yaxın məbləğə satmağı razılaşmışlar. Sonra həmin şəxs ona 300 manata yaxın pul vermiş və o, pulu götürüb siqaretləri həmin şəxsə satmışdır. Həmin şəxs ondan siqaretləri haradan əldə etdiyini soruşduqda, özünə məxsus mağazanın bağlandığını və həmin siqaretləri ucuz qiymətə satdığını demişdir. Əldə etdiyi pulu o, öz ehtiyaclarına xərcləmişdir. Onun oğurladığı siqaretlər müxtəlif markada olmuşdur. Bundan başqa siqaretlərin arasında elektron siqaret və onların tütünləri olmuş, həmin məhsulları Abşeron rayonu ərazisində tanımadığı şəxslərə satmışdır. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, "xxxx" MMC-nin hüquqşünası vəzifəsində işləyir. 18 fevral 2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən mağazadan bir nəfər şəxsin mağazaya müştəri qismində daxil olub, mağazadan xeyli sayda tütün məmulatlarını oğurlaması barədə məlumat verilmişdir. Bundan sonra, mağazada olan kamera görüntülərinə baxdıqda bir nəfər şəxsin bir qutu siqaret bloklarını oğurlyaraq mağazadan uzaqlaşmasının şahidi olmuşdur. Dərhal qeyd edilən məlumat üzrə hüquq mühafizə orqanlarına müracət edilmiş və aparılmış araşdırmalar nəticəsində həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Oğurluq zamanı mağazaya 1381 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilmədən əvvəl onunla əlaqə saxlayaraq vurulmuş maddi ziyanın qaytarılması barədə danışıqları olsa da, sonradan Təqsirləndirilən şəxs onun telefonlarına cavab verməmişdir. Hal-hazırda dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, təxminən 5 il müddətində ünvan 3 ünvanda yerləşən "xxxx" adlı mağazada inzibatçı kimi işləmişdir. 18 fevral 2023-cü il tarixdə mağazada olan tütün məmulatlarını sayan zaman orada çatışmayan məmulatlar aşkar edilmişdir. Bu zaman kiminsə həmin tütün məmulatlarını oğurlaması qənaətinə gəlmişdir. Bir qayda olaraq, tütün məmulatları qutularda mağazaya arxa girişdən daxil olduqda sağ tərəfdəki deponun girişdən sol tərəfdə yerləşən müdir otağında olur. Həmin otağa ondan başqa hansısa şəxsin, həmçinin müştərilərin girişi qadağandır. O, tütün məmulatlarının azaldığını aşkar etdikdən sonra mağazada quraşdırılmış təhlükəsizlik kameralarına baxdıqda bir nəfər şəxs mağazaya arxa girişdən daxil olaraq oradan depoya, daha sonra isə müdir otağına daxil olub, oradakı tütün məmulatlarını oğurlaması və mağazanı tərk edib getməsini müəyyən etmişdir. Bundan sonra müəyyən edilmişdir ki, mağazadan 1381 manat dəyərində tütün məmulatları oğurlanmışdır. Mağazada oğurluq hadisəsi 13 fevral 2023-cü il tarixdə baş versə də, onlar həmin oğurluq cinayətini 18 fevral 2023-cü il tarixdə aşkar etmişlər. Baş vermiş oğurluq hadisəsi barədə polis idarəsinə müraciət edildikdən sonra aparılmış araşdırmalar nəticəsində həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Şahid2 xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 18 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanda yerləşən "xxxx" adlı mağazadır (i/v 6-9). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i/v 27). İş materiallarında olan 28 fevral 2023-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 fevral 2023-cü il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 36-37). İş materiallarında olan 07 mart 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 02 dəqiqə müddətində videogörüntü vardır, həmin videogörüntü açıldıqda müəyyən edilmişdir ki, videogörüntüdə bir nəfər əynində qara gödəkcə, başında isə qara papaq olan şəxs ünvan 3 ünvanda yerləşən "xxxx" adlı mağazaya arxa giriş qapısından daxil olub, qarşı tərəfə boylanaraq onu kimsənin görmədiyindən əmin olduqdan sonra girişdən sağ tərəfdə olan anbar kimi istifadə olunan otağa daxil olur, daha sonra həmin şəxs anbar otağından digər otağa daxil olub orada yerdə olan qutudakı siqaret bloklarından 4 ədədini götürüb gödəkcəsinin altına yığır və otağı tərk edir, bir neçə saniyə sonra isə geri qayıdaraq siqaret blokları olan qutunu götürüb anbardan çıxır, çıxarkən kassa tərəfə boylanır və onu kimsənin görmədiyinə əmin olaraq arxa qapıdan çıxaraq mağazadan uzaqlaşır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qara rəngli gödəkcə və qara rəngli papaqda olan şəxsin onun özünün olduğunu, oğurluq məqsədi ilə mağazaya daxil olduğunu və mağazadan siqaretləri oğurlayan şəxsin məhz özünün olduğunu bildirmişdir (i/v 40). İş materiallarında olan 10 may 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir (i/v 91). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 95-96). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3578 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 31 adda siqaretlərin 2023-cü ilin fevral ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 85 manat 80 qəpik müəyyən olunmuşdur. Belə ki, 1 qutu “X7 Silver” markalı siqaret 3 manat 60 qəpik, 1 qutu “Winchester KSS Silver” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “Viceroy N-Series Silver” markalı siqaret 2 manat 20 qəpik, 1 qutu “Viceroy N-Series Blue” siqaret 2 manat 20 qəpik, 1 qutu “Sobranie KS SS Caster” markalı siqaret 4 manat 10 qəpik, 1 qutu “Sobranie White” markalı siqaret 4 manat 10 qəpik, 1 qutu “Sobranie White KSS” markalı siqaret 4 manat 10 qəpik, 1 qutu “Sobranie KSSS Blue” markalı siqaret 4 manat 10 qəpik, 1 qutu “X4” markalı siqaret 4 manat, 1 qutu “X8” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “X9” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “X11” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “X12” markalı siqaret 2 manat 20 qəpik, 1 qutu “X16 Silver” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “Pall Mall AM Nights Qarağat” markalı siqaret 2 manat 70 qəpik, 1 qutu “Neo RedBerry Pastel” markalı siqaret 4 manat 20 qəpik, 1 qutu “X13” markalı siqaret 2 manat 20 qəpik, 1 qutu “LD Compact White” markalı siqaret 3 manat, 1 qutu “LD club KSSS Platinum” markalı siqaret 3 manat 20 qəpik, 1 qutu “Kingston Silver” markalı siqaret 2 manat, 1 qutu “Kent Nano 4” markalı siqaret 3 manat 80 qəpik, 1 qutu “Kent Nano 1” markalı siqaret 3 manat 80 qəpik, 1 qutu “Kent 4” markalı siqaret 3 manat 80 qəpik, 1 qutu “İmperial Classic QS silver” markalı siqaret 2 manat 40 qəpik, 1 qutu “Bakı KS” markalı siqaret 2 manat, 1 qulu “X15” markalı siqaret 2 manat 20 qəpik, 1 ədəd “Friz PineApple 1200 s” markalı elektron siqaret 15 manat, 1 ədəd “X17 1200s” markalı elektron siqaret 15 manat, 1 ədəd “X10 600s” markalı elektron siqaret 10 manat, 1 ədəd “Vapengin Cola” 3000 tüstülü elektron siqaret 20 manat, 1 ədəd “Solo X-Peach İce” 1500 tüstülü elektron siqaret 14 manat müəyyən edilmişdir (i/v 98-101). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 103-109). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayev tərəfindən məhkəməyə ünvanlanmış 21 oktyabr 2023-cü il tarixli, 51/2-33607 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı 21 oktyabr 2023-cü il tarixdə Nəsimi RPİyə daxil olmuşdur. Qərarın icrası zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nizami rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Nizami Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən olunmuşdur. DİN sistemində axtarış işini tənzimləyən qərarın tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli axtarış elan edilmə barədə qərarı icra olunmadan qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin şifahi sorğusu nəticəsində əldə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-403/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, baxış keçirilməsi haqqında protokolu, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-403/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Mülki iddiaçı «Oba Market” MMC tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 1381 (min üç yüz səksən bir) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində "xxxx" MMC-yə 1381 (min üç yüz səksən bir) manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 1381 (min üç yüz səksən bir) manat məbləğində pul tutularaq mülki iddiaçı – "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan 04 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 34 (otuz dörd) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" MMC tərəfindən verilən mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs 1381 (min üç yüz səksən bir) manat maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 34 (otuz dörd) manat, cəmi 1415 (min dörd yüz on beş) manat tutularaq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-323/2023 saylı, 25 iyun 2023-cü il tarixli qərara əsasən 07 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 52 (əlli iki) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 312 (üç yüz on iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 12 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-403/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Zərəçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilən mülki iddia tam təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 1381 (min üç yüz səksən bir) manat və ödənilmiş 34 manat dövlət rüsumu, cəmi 1415 (min dörd yüz on beş) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 312 (üç yüz on iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar