Məhkəmə qərarları › İş №1(006)-325/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-325/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-325/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi "Fides" Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 172 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,682 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 noyabr 2024-cü il tarixdə saat 09:05-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 05 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,920 qram, 0,067 qram, 0,079 qram, 0,190 qram və 0,426 qram olmaqla ümumi təmiz çəkisi 1,682 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 02 noyabr 2024-cü il tarixdə gecə saat təxminən 02:00-03:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 172 ünvanında olan zaman yatarkən qapı döyülmüş, qapını açdıqda gələnlərin polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları onlarla birlikdə getməli olduğunu bildirərək onu maşına mindirib Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. İdarədə polis əməkdaşları onun qabağına 5 büküm narkotik vasitə qoyaraq həmin bükümlərin ona məxsus olduğunu bildirməsini tələb etmiş, o da həmin bükümlərin onun olmadığını dedikdə onu döyərək xəsarət yetirmişlər. O da döyüldüyü üçün məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşaraq həmin bükümləri götürmüşdür. Daha sonra saat təxminən 11:00-12:00 radələrində vəkilin də iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən verilmiş içərisində narkotik vasitə olan bükümləri təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilmiş və orada da hakimə polis əməkdaşları tərəfindən döyüldüyünü və üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Bakı İstintaq Təcridxanasına aparılmış və orada xəsarətləri qeydə alınmış, həmçinin döyülməsi faktı ilə bağlı sonradan prokurorluq tərəfindən izahatı da alınmışdır. Himayəsində 6 azyaşlı uşağı var, atası və anası xəstədir. Daha sonra polis əməkdaşlarının onu gəlib Yasamal rayonu ərazisində yaşadığı evdən apardıqlarını və saxlanılan zaman üzərində narkotik vasitə olmadığını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 19cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 02 noyabr 2024-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən “Orxan" adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olmasına dair Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Nəsimi RPİ-nin rəisinə rəsmi olaraq raportla tərəfindən məruzə olunaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, adının Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş “Orxan” adlı şəxsin cinayət əməlinin ifşa olunaraq yaxalanması məqsədi ilə əməliyyat qrupunun yaradılması və müvafiq əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Bundan sonra Nəsimi RPİ-nin rəisi tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı tərəfindən qəbul olunmuş qərar təsdiqlənmiş və xx.xx.2024-cü il tarixli əmrə əsasən əməliyyat qrupunun yaradılması və qrupa Nəsimi RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 daxil edilməsinə göstəriş verilmişdir. Bundan sonra dərhal Şahid2lə birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin tarixdə səhər saat 09:05 radələrində ünvan 5 ünvanının qarşısında əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin olduğu məlum olmuşdur. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama, daşıma, istifadə etmə, satmada şübhəli olduğu bildirilərək birlikdə Nəsimi Rayon Polis İdarəsinə getməsi təklif olunmuş və şəxs etiraz etmədən onlarla birlikdə Nəsimi RPİnin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs Polis İdarəsinə gətirilməsi və müvafiq araşdırmanın aparılması Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Rasim Əliyevə həvalə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin olunmuş, onun şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələri izah edilmiş və vəkilin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Təhqiqatçı şəxsi axtarış və götürmə aparmadan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və içərisindəki maddənin heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirdikdə başqa əşya və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilməyə başlanılmış və həmin büküm açıldıqda içərisində 05 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş heroinə bənzər maddələri polis əməkdaşları tərəfindən saxlanılmamışdan az əvvəl "Papanin” adlanan yerdən tanımadığı "Emil” adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra iştirakçılara və onun özünə 01 ədəd şəffaf sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə bənzər maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin onun üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir təzyiq və yaxud da fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.28); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.70-71); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-618/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.100-104); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli bükümün və həmin bükümün içərisindən 05 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.40-41); - “DVD diskə baxış keçirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd diskdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Nəsimi RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştiraklarında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd göy rəngli bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, içərisindəki maddənin heroin olduğunu bildirmişdir. Bundan sonra üzərinə baxış keçirdikdə başqa əşya və maddə aşkar olunmamış, 01 ədəd bükümə baxış keçirtməyə başlanılaraq həmin büküm açıldıqda içərisində 05 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş heroinə bənzər maddələri “Papanin" adlanan yerdən tanımadığı “Emil” adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra iştirakçılara və onun özünə 01 ədəd şəffaf sellofan bükümdə, içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə heroinə bənzər maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmaqla 186 nömrəli möhür ilə möhürlənmiş, hər bir iştirakçı və Təqsirləndirilən şəxs tərəfindən zərflərin üzərinin imzalandığı müəyyən edilmişdir (i.v.146); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5109 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,920 qram, 0,067 qram, 0,079 qram, 0,190 qram, 0,426 qram, ümumi çəkisi 1,682 qram olan açıq-qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (i.v.53-57); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.89-90); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X10 xx.xx.2024-cü il tarixli, 1518 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözaltı, qarın, hər iki said nahiyələrinin qançırları əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilər (i.v.136-139); - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (i.v.125-127); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir (i.v.150-151); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v.153-154); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v.180-184); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd bükümdə ümumi 1,682 qram çəkidə narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 1,582 qram çəkidə narkotik vasitə heroin bir ədəd zərfdə qablaşdırılmış halda saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (i.v.185-186); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 02 noyabr 2024-cü il tarixdə aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,682 qram çəkidə narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 1,582 qram olan narkotik vasitə heroinin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.191-199); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 06 gün hissəsi 04 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.110-111); - Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il təvəllüdlü altı azyaşlı uşağı vardır (i.v.86-88); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd göy rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoyur, həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu və onu “Papanin” adlanan ərazidən “Emil” adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirir. Həmin büküm açılqıda içərisində 05 ədəd içərisində açıq-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olan büküm aşkar olunur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində altı azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 4(006)-618/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və hökm çıxarılan anadək ümumilikdə 06 (altı) ay 20 (iyirmi) gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri isə bu müddətin onun azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmasını şərtləndirir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 03 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunduğundan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza müddəti faktiki həbsdə olduğu müddətlə əhatə edilməklə cəzası çəkilmiş hesab olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməldir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7150 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,582 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 16 saata görə cəmi 136 (yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Fides» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdən 22 may 2025-ci il tarixinədək qətimkan tədbiri qaydasında həbsdə olduğu 06 (altı) ay 20 (iyirmi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq nəzərə alınsın və o, cəzasını çəkmiş hesab edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,582 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81,00 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 (on altl) saata görə 136 (yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar