Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-326/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifiv Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs Səyyar oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Səyyar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs M.S.İsmayılzadə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, M.S.İsmayılzadə xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində tanışı Zərərçəkmiş şəxs olan 900 manat məbləğindəki borcu öz adına kreditə götürəcəyi hər hansı məhsulla əvəzləşdirilməsinə dair razılıq əldə edib ünvan 2 ünvanda yerləşən “Kontakt Home" mağazasının arxa hissəsində görüşərək söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya-sağ alt göz qapağının, gözaltı və almacıq nahiyələrinin həmin gözün alt qişasına qansızma ilə müşayiət olunan şişkinlik halında hematoması, alın nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin və sol baldırın sıyrıqları yarası kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs M.S.İsmayılzadə məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir müddət bundan əvvəl tanışlıq münasibətləri yaranmışdır. M.S.İsmayılzadə sonuncuya 950 manat borcu olduğu üçün həmin borcu ödəmək məqsədi ilə ona 950 manat müqabilində ünvan 2 ünvanda yerləşən “Kontak Home” adlı elektronika mağazasına gedərək öz adına kredit götürməyi təklif etmidir. Sonuncu M.S.İsmayılzadə ilə razılaşaraq xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda yerləşən “Kontak Home” adlı elektronika mağazasına getmşdir. Lakin sonuncu mağazada problemlər yaratdığı üçün M.S.İsmayılzadəyə mağaza kredit verməkdən imtina etmişdir. Bundan sonra M.S.İsmayılzadə sonuncu ilə birlikdə mağazadan çıxaraq mağazanın arxasındakı dalana keçib söhbət etməyə başlamışdır. Söhbət zamanı sonuncu M.S.İsmayılzadəyə qısa müddət ərzində ona olan borcunu bağlamasını tələb etmişdir. M.S.İsmayılzadə isə ona cavab olaraq hazırda maddi vəziyyətinin buna imkan vermədiyini dedikdə, sonuncu onu təhqir etməyə başlamışdır. Həmin zaman M.S.İsmayılzadə onun təhqirlərinə əsəbləşərək anidən onun üzərinə hücum edərək yumruq zərbələri ilə bədəninin müxləlif nahiyələrindən vuraraq xəsarətlər yetirmişdir. Həmin an sonuncu da M.S.İsmayılzadənin bel nahiyəsindən dişləyərək ona yumruq zərbələri endirmişdir. Bundan sonra o, həmin ünvandan uzaqlaşaraq getmişdir. Həmin zaman onların yanında başqa heç bir şəxs olmadığı üçün müdaxilə edən hər hansı bir şəxs olmamış və baş vermiş hadisə təxminən 1-2 dəqiqə davam etməsini vurğulamışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs onun barəsində 22-ci Polis Şöbəsinə şikayət ərizəsi yazdığı məlum olmuş və polis əməkdaşlarının dəvəti ilə o, izahat vermək üçün həmin Polis Şöbəsinə yaxınlaşmışdır. Vətəndaş M.S.İsmayılzadə ifadəsində, hadisənin təxminən 3-4 dəqiqə ərzində baş verdiyini, həmin vaxt orada başqa şəxsin olmadığını ifadə etmişdir. Daha sonra əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, cavan olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs M.S.İsmayılzadənin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki M.S.İsmayılzadə ilə bir müddət bundan əvvəl tanışlıq münasibəti yaranmşıdır. Sonuncunun ona 950 manat borcu olduğu üçün borcunu ödəmək məqsədi ilə ona 950 manat müqabilində ünvan 2 ünvanda yerləşən “Kontak Home” adlı elektronika mağazasına gedərək öz adına kredit götürməyi təklif etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşaraq xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanda yerləşən “Kontak Home” adlı elektronika mağazasına getmişdir. Lakin həmin mağazada olan zaman sonuncunun rəsmi iş yeri olmadığından və əlavə olaraq mağazayada aktiv kredit borcu olduğu üçün ona kredit verilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onunla birlikdə mağazadan çıxaraq mağazasnın arxasındakı dalana keçib söhbət etməyə başlamışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs ondan qısa müddət ərzində borcunu bağlamasını tələb etmişdir. Bu zaman o, anidən Zərərçəkmiş şəxs üzərinə hücum edərək yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrindən zərbələr endirərək müxtəlif bədən xəsarətlər yetirmişdir. Həmin an Zərərçəkmiş şəxs isə özünü qorumaq məqsədi ilə onun bel nahiyəsindən dişləmiş və daha sonra hər ikisi oradan uzaqlaşmış, oda yaşadığı ünvana geri qayıtmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq, sözü gedən hadisənin şahidinin olmamasını və həmin hadisənin təxminən 1-2 dəqiqə davam etməsini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Sadələşdirilmiş icraat materialının 25-27-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə tibb ekspertizasının 19 iyun 2023-cü il tarixli 779 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ alt göz qapağının, gözaltı və almacıq nahiyələrinin həmin gözün alt qişasına qansızma ilə müşayiət olunan şişkinlik halında hematoması, alın nahiyəsinin qançırı, sag dirsək oynağı nahiyəsinin və sol baldırın sıvrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ qələ bilərdilər, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokanizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Sadələşdirilmiş icraat materialının 24-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 22 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, M.S.İsmayılzadə məhkum olunmayandır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs M.S.İsmayılzadənin zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs M.S.İsmayılzadəyə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla M.S.İsmayılzadəyə cəza təyin edərkən əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, cavan və hazırda işsiz olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən M.S.İsmayılzadənin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs M.S.İsmayılzadəyə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs M.S.İsmayılzadənin yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs M.S.İsmayılzadənin üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs M.S.İsmayılzadəyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs M.S.İsmayılzadənin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Səyyar oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Səyyar oğlunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Səyyar oğlunun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Səyyar oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-326/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-326/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver