Məhkəmə qərarları › İş №1(006)-326/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-326/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-326/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 2010-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Biləsuvar şəhəri, X7 küçəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 17 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində birlikdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 2-ci korpusunun qarşısına gəlib digər şəxslərin hiss etmədiyi şəraitdə orada saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Tufan S50» markalı mopedin üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 01 ədəd 100 manat dəyərində «İntercom» markalı qulaqlıq və 01 ədəd 150 manat dəyərində dəbilqə olan 01 ədəd 40 manat dəyərində «Volt» çantasını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində birlikdə ünvan 3 ünvanın qarşısına gəlib digər şəxslərin hiss etmədiyi şəraitdə orada saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus mopedin yanından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 380 manat nağd pul olan 15 manat dəyərində pul kisəsi qoyulmuş 01 ədəd 30 manat dəyərində «Volt» çantasını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 425 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində birlikdə Bakı şəhəri, Nəsimi rayonu, E.Babaxanov küçəsi 4 saylı ünvanın qarşısına gəlib digər şəxslərin hiss etmədiyi şəraitdə orada saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Tufan S150» markalı 99-E-023 dövlət qeydiyyat nişanlı motosiklın üzərindəki 01 ədəd 260 manat dəyərində «MT HELMETS TARGO PRO PODİUM BO GLOSS PEARL WHİTE» markalı dəbilqəni gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir, əvvəllər «Volt» şirkətində kuryer işləmişdir. X1 uzun illərdir ki, tanıyır, sonuncu ilə aralarında düşmənçilik və ya ədavət olmamışdır. 17 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Məhəmmədlə birlikdə idarə etdiyi mopedlə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində olarkən ADNSU-nun qarşısında mopedin dayandığını görmüşlər. Həmin mopedin üzərində dəbilqə və «Volt» çantası vardır. Onlar həmin dəbilqə və çantanı oğurlamaq qərarına gəldikdən sonra Məhəmməd mopeddən düşmüş və həmin mopedə yaxınlaşaraq, «Volt» çantasını və dəbilqəni götürüb onun yanına gəlmiş və onlar oradan uzaqlaşmışlar. Sonradan çantaya baxdıqda orada qulaqcıq da olmuşdur. Daha sonra qulaqcıq, dəbilqə və çantanı tanımadığı şəxsə satmışlar, pulu isə aralarında bölmüşlər. Bundan başqa, 21 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Məhəmmədlə birlikdə idarə etdiyi mopedlə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 3 ünvanında hərəkətdə olarkən Məhəmməd ona mopedi saxlamağı demişdir. O, mopedi saxladıqda Məhəmməd yolun kənarında olan mopedi göstərib, üzərindəki «Volt» çantasını oğurlamağı təklif etmişdir. O da razılaşmışdır. Bundan sonra Məhəmməd həmin mopedin üzərindəki çantanı götürüb gəlmiş və onlar oradan uzaqlaşmışlar. Həmin tarixdə təxminən saat 22 radələrində Məhəmmədlə Bakı şəhəri, Nəsimi rayonu, E.Babaxanov küçəsində idarə etdiyi mopedlə hərəkətdə olarkən yolun kənarında motosiklet görmüşlər. Həmin motosikletin üzərində ağ-qara rəngdə dəbilqə olmuşdur. Onlar qərara gəlmişlər ki, həmin dəbilqəni oğurlasınlar. Buna görə o, mopedi saxlamış və Məhəmməd motosikletdən dəbilqəni götürüb onun idarə etdiyi mopedə əyləşmiş və onlar oradan uzaqlaşıb yaşadığı məhəlləyə gəlmişlər. Məhəllədə olarkən oğurladıqları «Volt» çantasının içərisində bank kartı və sənəd surətləri olan pul kisəsi tapmışlar. Pul kisəsinin içərisində pul olmamışdır. Sonra o, oğurladıqları çantanı tanımadığı şəxsə hazırda xatırlamadığı məbləğə satmışdır. Həmin puldan Məhəmmədə 5 manat verdiyini xatırlayır. Növbəti gün Məhəmmədlə məhəllədə olarkən çantadan çıxan pul kisəsinin içərisindəki hərbi biletin üzərində telefon nömrəsi olmuş və Məhəmməd həmin nömrəyə zəng vurmuşdur. Zəngə cavab verən pul kisəsinin sahibinin anası olmuş və Məhəmməd həmin qadına demişdir ki, pul kisəsini tapmışlar və sahibi onlarla əlaqə saxlasın. Sonradan pul kisəsinin sahibi ilə görüşmüşlər, orada pul kisəsini sahibinə sənədlərlə birlikdə qaytarmışlar. Həmin vaxt pul kisəsinin sahibi pul kisəsinin içərisində pulun olub-olmadığını soruşduqda onlar pul olmadığını, pul kisəsini 28 May ərazisində tapdıqlarını demişlər. Bundan əlavə, oğurladıqları dəbilqəni o, «Güllü dərə» ərazisində olan maşın ustası Rüstəm adlı şəxsə vermişdir. Belə ki, mopedi xarab olduğu üçün Rüstəm adlı şəxsə mopedi düzəltdirmiş və pulu gətirənə kimi dəbilqəni girov qoymuşdur. Göstərdiyi oğurluqları edən zaman onları kənardan görən olmamışdır. O, başqa cinayət törətməmişdir. O, pul kisəsində pul görməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də kassa və fiskal şöbəsində mütəxəssis işləyir, özünə məxsus «Tufan S50» markalı mopedlə hər dəfə işə gedib-gəlir, həmçinin üzərində «Volt» yazılmış çantanı da mopedin arxasına bağlamışdır ki, şirkətə lazım olan avadanlıqları həmin çanta ilə daşısın. Sonuncu dəfə 17 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən ADNSUnun 2-ci korpusunun yanına gəlib mopedi həmin ərazidə saxlamış və dərsə getmişdir. Təxminən saat 22:30 radələrində mopedin yanına gəldikdə görmüşdür ki, mopedin arxasına bağladığı çanta yoxdur. O, həmin çantanın oğurlanmasını başa düşüb ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət edib, izahat vermişdir. Ona məxsus oğurlanmış «Volt» çantasının dəyəri 40 manat olmuş, həmin çantanın içərisində 01 ədəd 150 manat dəyərində markasını bilmədiyi yaşıl-boz rəngli dəbilqə və 100 manat dəyərində «İntercom» markalı qulaqcıq olmuş və onlar da oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 290 manat maddi ziyan dəymişdir. Oğurlanmış dəbilqənin markasını və ya başqa hər hansı bir məlumatını bilmir. Hadisə vaxtı o, mopedin yanında heç kimi görməmişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, «Volt» şirkətinə aid tətbiqlə kuryer kimi fəaliyyət göstərib pul qazanır. 21 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsinə sifariş götürüb, saat 21:14 radələrində Nəsimi rayonu, S.Rüstəm küçəsi 3 saylı ünvanın qarşısına idarə etdiyi mopedlə gəlmişdir. Həmin vaxt o, sifarişləri qoyduğu «Volt» çantasından sifarişi götürüb, «Volt» çantasını səkinin yanında yerdə qoymuş və sifarişi vermək üçün ünvana getmişdir. Təxminən 3-5 dəqiqə sonra mopedin yanına gəldikdə ona məxsus olan «Volt» çantasının oğurlandığını aşkar etmişdir. «Volt» çantasının içərisində ona məxsus içərisində 380 manat nağd pul, "xxxx" ASC-yə aid bank kartı, özünə məxsus hərbi bilet, şəxsiyyət vəsiqəsi yə sürücülük vəsiqəsi olan pul kisəsi olmuşdur. Daha sonra o, baş vermiş oğurluq barədə DİN «102» xidmətinə zəng vurmuş və hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, sonra o, polis şöbəsinə dəvət olunmuş və orada ərizə və izahat vermişdir. Oğurlanmış «Volt» çantasının dəyəri 30 manat, pul kisəsinin dəyəri isə 15 manat olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 425 manat maddi ziyan dəymişdir. Oğurlanmış sənədlər və bank kartı ilə bağlı isə ona heç bir maddi ziyan dəyməmişdir. Həmçinin qeyd olunan sənədlər oğurluqdan sonra ona qaytarılmışdır. Belə ki, oğurluqdan bir gün sonra, yəni 22 sentyabr 2024-cü il tarixdə anası ona zəng vurub bir nəfər şəxsin ona zəng vuraraq ona məxsus sənədləri tapdığını dediyini bildirmiş və həmin şəxsin mobil telefon nömrəsini ona vermişdir. O, anasının ona verdiyi hazırda xatırlamadığı mobil nömrəyə zəng vurmuş və zəngə cavab verən şəxs ona məxsus sənədlər olan pul kisəsini tapdığını və onu vermək istədiyini bildirmişdir. Həmin gün adını sonradan bildiyi Məhəmməd və Səid adlı şəxslərlə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu yaxınlığında görüşmüşlər, orada həmin şəxslər ona pul kisəsini içərisində olan sənədlərlə birlikdə qaytarmışlar. O, pul kisəsinə baxdıqda sənədlər və bank kartının yerində olduğunu, lakin 380 manat nağd pulun yerində olmadığını görmüşdür. O, həmin şəxslərdən pul kisəsində pul olub-olmadığını soruşduqda, onlar pul kisəsini 28 May ərazisində tapdıqlarını və içərisində sənədlər və bank kartından başqa heç nə olmadığını demişlər. Bundan sonra həmin şəxslərlə sağollaşmışlar və o, öz işinin dalınca getmişdir. Oğurlanmış bank kartını o, dəyərsiz hesab edir, çünki həmin bank kartını pulsuz əldə etmiş və içərisində pul olmamışdır. Ona ümumilikdə 425 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus «Tufan S150» markalı 99-E-023 dövlət qeydiyyat nişanlı motosikletlə kuryer kimi işləyib pul qazanır. 21 sentyabr 2024-cü il tarixdə saat 22:35-də Bakı şəhəri, Nəsimi rayonu, E.Babaxanov küçəsi 4 ünvanın qarşısında olarkən motosikletini saxlayıb başına taxdığı «MT HELMETS TARGO PRO PODİUM BO GLOSS PEARL WHİTE» markalı dəbilqəni motosikletin güzgüsünə qoyaraq yaxınlıqdakı «Maharani» restoranına getmişdir. Təxminən 10 dəqiqə sonra o, motosikletinin yanına qayıtdıqda görmüşdür ki, dəbilqəsi yerində yoxdur. Ətrafa baxsa da heç kimi görməmiş və başa düşmüşdür ki, dəbilqəni kimsə oğurlamışdır. Daha sonra o, baş vermiş hadisə ilə bağlı DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Sonra isə o, polis əməkdaşları ilə polis şöbəsinə gedib ərizə və izahat vermişdir. Ona məxsus dəbilqənin dəyəri təxminən 260 manat olmuşdur. Ərizə və izahat verən zaman o, dəbilqənin qiymətini tam bilməmişdir. Sonradan öyrənmişdir ki, dəbilqənin dəyəri 260 manatdır. Ona həmin məbləğdə maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-cı maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.147-148); - “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.159-160); - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından X2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (i.v.183); - “Baxış olunması haqqında” 17 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlanması üzrə hadisə yeri ünvan 2 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 2-ci korpusunun qarşısıdır (i.v.9- 11); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlanması üzrə hadisə yeri ünvan 3 ünvanın qarşısıdır (i.v.19-22); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus əmlakın oğurlanması üzrə hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, E.Babaxanov küçəsi 4 saylı ünvanın qarşısıdır (i.v.27-30); - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, yəni ünvan 2 ünvanında yerləşən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 2-ci korpusunun qarşısından, ünvan 3 ünvanın qarşısından, ünvan 4 tanışı X2 ilə hansı qaydada oğurluq etdiklərini hadisə yerlərində əyani göstərmişdir (i.v.165-168); - “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunan fotoşəkillər arasında Təqsirləndirilən şəxs fotoşəklini tanıyıb, oğurlanmış pul kisəsini və sənədlərini ona qaytaran şəxslərdən birinin məhz Təqsirləndirilən şəxs olduğunu bildirmişdir (i.v.128-132); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 oktyabr 2024-cü il tarixli, 9/8155 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd göy rəngli avto kuryerlər üçün nəzərdə tutulmuş «Wolt» çantasının istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120 manat, təqdim edilməmiş nəzəri qaydada olan «MT HELMETS TARGO PRO PODİUM BO GLOSS PEARL WHİTE» markalı motosiklet dəbilqəsinin yenisinin 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 260 manat müəyyən olunur. Qeyd olunur ki, ekspertiza qarşısında qoylumuş sualda açar naborları haqqında ətraflı məlumat (ölçü, say və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.68-72); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (i.v.119). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, 177.2.2-ci maddəsi isə təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər (11-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını və cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 24 saata görə 264 (yüz otuz iki) manat olmaqla, ümumi 28 saata görə cəmi 288 (iki yüz səksən səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 28 saata görə cəmi 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar