Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-327/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bərdə rayonu Cicimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X3 11 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 10 saylı evin 1 saylı mənzilində bacısı Şahid2 qayınanası Şahid1 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı mənzilin içərisində olan stul və gecə lampasını təpiklə vurub zədələdikdən sonra mənzildən çıxıb binanın qarşısında bacısının əri Zərərçəkmiş şəxs ilə rastlaşaraq heç bir səbəb olmadan qanunazidd hərəkətlərini davam etdirib orada öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyub, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs digərlərinin gözü qarşısında təhqir edib zor tətbiq edərək qəsdən kəllə və yumruq zərbələri ilə sifət nahiyəsindən zərbələr vurmaqla ona alın nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözətrafı nahiyənin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 10.10.2020-ci il tarixdə saat 23 radələrində atası bacısı Aytacgildə olarkən Mirdamətin Aytacı döyməsi atasına məlum olmuşdur. Atası həmin axşam Mirdamətlə tərbiyəvi söhbətlər aparmasına baxmayaraq, atası evə gəldikdən sonra Mirdamət Aytaca kəllə zərbəsi vurmuşdur ki, “sən niyə atana mənim səni vurduğumu demisən”. 11.10.2020-ci il tarixdə saat 11 radələrində o evdə olduğu zaman Aytac anasına zəng edərək ağlamışdır. O, nə baş verdiyini soruşduqda anası Mirdamətin Aytacı döydüyünü və Aytacı həkimə aparmaq lazım olduğunu demişdir. O da həmin tarixdə bibisi oğlu Ruslanla görüşərək ondan Aytacı həkimə aparmalarını xahiş etmişdir. Odur ki, Ruslanla birlikdə Aytacgilə getmişlər. Ruslan avtomobildə gözləmiş, o isə Aytacgilə getmiş, evə daxil olduqda görmüşdür ki, Mirdamətin anası Zeynəb yerində uzandığı halda telefonla danışır. O, stulda oturaraq Aytacdan xahiş etmişdir ki, onun üçün çay gətirsin. Bu zaman Zeynəb telefonla danışığını bitirdikdən sonra ona demişdir ki, «sən kimsən ki, mənim evimə gəlirsən, get burdan, evimi tərk elə». O, Aytacı həkimə aparacağını demişdir. Lakin Zeynəb onun valideyinlərinin ünvanına söyüş söymüşdür. O da əsəbləşərək yerindən qalxıb oturduğu stula təpiklə vurub aşırmışdır. Aytaca əşyalarını götürməsini, çöldə onu gözlədiyini bildirmişdir. O, evdən çıxarkən özündən asılı olmadan qapının qarşısında olan süvenir lampanı da təpiklə vuraraq yerə aşırmışdır. Daha sonra Aytaca aid əşyalar olan əl yükünün bir qismini avtomobilə apararaq geri döndükdə binanın girişində yeznəsi Zərərçəkmiş şəxsla rastlaşmışdır və həmin zaman Mirdamətin onu vurmağa cəhd etdiyini görərək özü daha cəld hərəkət edib Mirdamətin üz nahiyəsindən bir zərbə vurduqda Mirdamət yerə yıxılmış və sonra da ona bir neçə təpik və yumruq zərbələri vurmuşdur. Mirdamət yenidən ayağa qalxaraq onun yaxasından tutarkən bibisi oğlu Ruslan yaxınlaşaraq onları ayırmış və o, oranı tərk etmişdir. Bir qədər sonra Aytac da öz körpəsi ilə gələrək maşına əyləşmiş və onlar evə getmişlər. Hadisə baş verən zaman ətrafda heç kim olmamışdır. O, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Şahid2 ilə 2018-ci ildə öz seçimi ilə ailə qurmuşdur. Öz istədiyi şəxslə ailə qurduğuna görə aralarında problemlər olmurdu. Aytacın anası tərəfindən ailələrinə çoxsaylı müdaxilələr olurdu. Bu da söz-söhbətə səbəb olurdu. Hər axşam anası zəng edib Aytacı ağladırdı. O, problemlərini öz aralarında həll etmələrini deyirdi. 2018-ci ilin yanvar ayının 4-dən Aytacla rəsmi nikahdadırlar. Aytaca qarşı heç vaxt zorakılıq göstərməmiş, bununla bağlı heç bir hüquq mühafizə orqanına şikayət olunmamışdır. Aytacın atası ona qızına qarşı hər hansı bir zorakılıq olsa, həmin gün ekspertizaya aparıb, polisə şikayət edəcəyini demişdir. Aytacın valideynləri, eləcə də qardaşları daima ona pis münasibət göstərmişlər. Hətta Aytacın böyük qardaşı Emin 2019-cu ildə mübahisə zəminində ona vurmuş, lakin ciddi xəsarət almadığı üçün həmin vaxtı polisə şikayət etməmişdir. Bundan başqa, Aytacın qardaşları dəfələrlə onunla sözlə mübahisə etmişlər. Bunun səbəbi də guya onun Aytaca laqeyd münasibət göstərməyi olmuşdur. Buna baxmayaraq, onun Aytacla heç zaman hər hansı bir mübahisəsi olmamışdır. ünvan 2 ünvandakı iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 1 nömrəli ünvanda anası Şahid1 ilə birlikdə yaşayırlar. 8 ilə yaxındır ki, anası 1-ci qrup əlil olduğundan yataq xəstəsidir və bu səbəbdən Aytacla birlikdə onun baxıcılığını etmişlər. 2020-ci ilin sentyabr ayının 3-də oğlulları olmuşdur. Uşaq olandan sonra Aytac bir müddət valideynlərinin evində qalmışdır. 3-4 gün idi ki, atasının evindən gəlmişdi. 10 oktyabrda işdən evə gələndə anasından bu gün nəvəsini görüb-görmədiyini soruşmuş, anası da görmədiyini demişdir. Bu vaxt Aytac özündən çıxmış və onunla yaşamaq istəmədiyini, onun anasına baxmaq istəmədiyini və baxıcı tutmasını demişdir. Bir qədər sonra atası onlara gəlmiş, birlikdə çörək yeyib çay içmişlər. Sonra atası çıxıb getmiş, səhərisi gün saat 9-da işə getmiş, saat 13 radələrində evə qayıdarkən həyətdə Ruslanı görmüşdür. Onu görən kimi binaya tərəf qaçmış, səs-küy eşitmişdir. Evə qalxanda görmüşdür ki, Selgin əlində dəmir parçası ilə üstünə gəlir. Selgin həmin dəmir parçası ilə ona vurmuşdur. Yerə yıxılmış, qalxanda Selgin bir neçə dəfə yenə zərbələr vurmuş, söyüşlər eşitmişdir. Sonra Selgin çıxıb getmişdir. Qalxıb qapıya yaxınlaşmış, anası sürünə-sürünə qapıya gəlmişdir. Anasından nə baş verdiyini soruşmuş, anası da Aytacın qardaşının anasını və onu təhqir etdiyini, anasına əl atdığını demişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2018-ci il tarixdə Zərərçəkmiş şəxsla rəsmi olaraq ailə qurmuş və bir övladı var. Mirdamətin anası ağır xəstəlikdən əziyyət çəkdiyi üçün yataq şəraitində yaşayır və Mirdamədin anasının baxıcılığını edir. Buna baxmayaraq, Mirdamətin anası Zeynəb bütün günü evdə səbəbsiz olaraq söyüş söyüb mübahisə yaradır. Lakin o, Zeynəbin xəstə olduğunu nəzərə alaraq heç bir cavab qaytarmır. 10.10.2020-ci il tarixdə saat 20 radələrində Mirdamət evə dönərkən Zeynəb Mirdamətə onun evdə heç bir iş görmədiyini və hətta körpəni belə ona göstərmədiyini dediyi üçün Mirdamət əsəbləşmiş, yemək süfrəsini dağıtmış, ona əl qaldırmış, saçını yolmuş, boğazından tutmuşdur. O, bundan sonra atasına zəng vurmuş, atası gəlmişdir. Onlar atasını sanki heç bir şey olmamış kimi qarşılamış, atası isə onlara bəzən ailə daxilində belə münaqişələrin baş verdiyini demişdir. Atası getdikdən sonra məsələ daha da şiddətlənmişdir. Ondan sonra Mirdamət onun saçını yolmuş, onu boğmuş, daha sonra alın nahiyəsindən bir kəllə zərbəsi vurub ona xəsarət yetirmişdir. Növbəti gün səhər o, anasına zəng etmişdir ki, qardaşı gəlib onu aparsın. Qardaşı 11.10.2020-ci il tarixdə saat 12 radələrində onlara gəlmiş, onu götürüb getmək istəyəndə pilləkən tərəfdə bu hadisə baş vermişdir. O, Selginlə Mirdamətin dalaşdığını görməmişdir. Çıxanda Mirdamətin üzündə heç bir xəsarət yox idi. Onların ailəsində münaqişə heç vaxt bitməmişdir. Bu vaxta qədər şikayət etməməyinin səbəbi ailə tərbiyəsi, söhbətin evdən kənara çıxmasını istəməməyi olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 11.10.2020-ci il tarixdə səhər saatlarında dayısı oğlu Selgin bacısı Aytacı birlikdə həkimə aparmalarını ondan xahiş etmişdir. O, avtomobili Aytacgilin evlərindən bir qədər uzaqda saxlamış və Selgin isə bir dəfə Aytaca aid bir neçə əşyanı gətirib avtomobilə qoyduqdan sonra yenidən geri dönmüşdür. Selgin getdikdən bir qədər sonra Aytacgilin evləri istiqamətində mübahisə səsləri eşitdiyi üçün həmin istiqamətə getmiş və bu zaman Selginlə Mirdamətin bir-birilərinin yaxasından tutaraq mübahisə etdiklərini görüb onları ayırmışdır. Onların bir-birilərinə hər hansı bir zərbə vurduqlarını görməmiş, eləcə də Selginin əlində hər hansı bir alət olmamış və həmçinin orada kənar şəxslər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 10 oktyabr 2020-ci il tarixdə axşam qızı Aytac zəng etmişdir ki, ailəsi ilə dalaşmışdır, onlara gəlsin. O da getmişdir. Gedəndə də yalandan demişdir ki, burdan keçdiyi üçün gəlmişdir. Aytacın onu çağırdığını bilmələrini istəməmişdir. Çay içmiş, yemək yemiş, sonra uşağın otağına keçmişdir. Aytacgildən nə baş verdiyini soruşmuşdur. Mirdamət ondan aralarında olan mübahisəni ona kimin dediyini soruşmuş, Aytac da özünün dediyini demişdir. Mirdamət buna əsəbiləşmişdir. Sonra o, evə gəlmişdir. Səhəri gün səhər saat 9 olardı, Aytac ona zəng etmişdi və axşam o gedəndən sonra vəziyyətin daha da gərginləşdiyini demişdir. Ondan əvvəl də aralarında söz-söhbət olmuş, Mirdamət qızını dəfələrlə döymüşdür. Aytac ona zəng edəndə o, şəhərdən uzaqda olduğu üçün onlara gedə bilməmişdir. Aytac sonra anasına zəng etmiş, o da Selgini Aytacı gətirmək üçün göndərmişdir. Orda da Selgin Mirdamətlə rastlaşmış və aralarında bu mübahisə baş vermişdir. O, bu hadisədən sonra Mirdamətin bibisinə zəng etmiş və boşanmaq fikri varsa, onlara deməsini, yox əgər boşanmayacaqlarsa, aralarındakı məsələni həll etmələrini demişdir. Bibisi də Mirdamətə deyəndə, Mirdamət bibisinə onların işinə qarışmamasını demişdir. Hadisədən bir neçə gün sonra evə polislər gəlmiş və Mirdamətin Selgindən polisə şikayət etdiyini bildirmişlər. Ondan sonra da qızı Mirdamətdən şikayət vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, Şahid1 ifadəsində bildirmişdir ki, 11.10.2020-ci il tarixdə saat 10 radələrində gəlini Aytac evdən çıxmış və 1 saatdan sonra qardaşı Selgin ilə evə qayıtmışdır. Aytac ondan xahiş etmişdir ki, Selgin çox əsəbi olduğu üçün onun dediklərinə əhəmiyyət verməsin. Lakin Selgin isə əsəbi halda ondan Mirdamətin harada olduğunu və nə zaman dönəcəyini davamlı olaraq soruşmuşdur. O, Mirdamətin işdə olduğunu dedikdə Selgin onun ünvanına söyüş söyərək üzərinə gəlmiş və boğazından tutaraq ona xəsarət yetirmişdir. Daha sonra stula təpik vurmuş va suvenir lampanı onun üzərinə atmışdır. Onun qışqırıq səsini eşidən qonşular evlərinə gəlmişlər. Selgin evi tərk etdikdən sonra binanın girişində Mirdamətlə rastlaşdıqda dəmir parçası ilə Mirdaməti vuraraq ona xəsarət yetirmişdir. O, qonşulardan polis çağırmalarını xahiş etdikdən sonra Selgin oranı tərk edərək qaçıb getmişdir. İş materiallarında olan: Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 13.01.2021-ci il tarixli, T 08/2021 saylı rəyinə əsasən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Hadi oğlunun adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, alın nahiyəsinin şişkinliyi, sağ gözün ağlı qişasına qansızma, sağ gözətrafı nahiyənin qançırı olmuşdur. Qeyd ediləı xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, kəllə və ya yumruqla yetirilən zərbələr nəticəsində yaranması inkar olunmur, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 11.10.2020-ci ildə əmələ gəlmələri inkar olunmur və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.
3. Xəsarətlərin xarakteri və xüsusiyyətləri onların iti uclu dəmir parçasının təsirindən əmələ gəlməsini inkar edir (İ cild, i.v.106-109); Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 19.04.2021-ci il tarixli, 1009 saylı rəyinə əsasən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Hadi oğlunun məhkəmə-tibbi ekspertizasına, adına tərtb edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.2. Hal hazırda Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Lakin onun adına tərtib edilmiş 13.10.2021-ci il tarixli 841 nömrəli ekspert rəyindən göründüyü kimi, onda baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, alın nahiyəsinin şişkinliyi, sağ gözün ağlı qişasına qansızma, sağ gözətrafı nahiyənin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, kəllə və ya yumruqla yetirilən zərbələr nəticəsində yaranması inkar olunmur, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 11.10.2020-ci ildə uyğun gələ bilər və dərəcəsinə gerə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.
3. Xəsarətlərin xarakteri və xüsusiyyətləri onların iti uclu dəmir parçasının təsirindən əmələ gəlməsini inkar edir (İ cild, i.v.209-214); Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 01.12.2020-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10 ünvanında əməliyyat tədbirləri keçirilmiş, hadisə zamanı hər hansı bir dəmir parçasının olması müəyyən edilməmiş və eyni zamanda hadisə baş verərkən orada heç bir şahid olmamışdır (İ cild, i.v.91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.11.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərqli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərər çəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 10 saylı evin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, ətrafdakılara qarşı qoymasının, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, tərəflər arasında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, təqsirləndirilən şəxsin əməlində CM-nın 221.1ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 10 saylı evin qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edərək qəsdən kəllə və yumruq zərbələri ilə sifət nahiyəsindən zərbələr vurmaqla ona alın nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ gözətrafı nahiyənin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə sübuta yetirilməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nın 221.1-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadədən və təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə vəsatət təqdim edərək baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmədiyini, təqsirləndirilən şəxsin əməlinin CMnin 128-ci maddəsi ilə tövsif edilməli olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd olunan Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Yuxarıda göstərilən qanunvericlik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 193, 318.1, 344- 347, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə
Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin, o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri xitam olunsun. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva