Məhkəmə qərarları › İş №1(006)-328/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-328/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-328/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs banaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanda yerləşən içərisində Zərərçəkmiş şəxs məxsus əşyaların saxlandığı yaşayış tikilisinin pəncərəsinin cəftəsini istintaqa məlum olmayan alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub oradan 1 ədəd 80 manat dəyərində “Kenvood” markalı kokteyl hazırlayan aparatı, 1 ədəd 60 manat dəyərində mis materialdan hazırlanmış 4 kiloqramlıq qazanı, 1 ədəd 80 manat dəyərində 2 gözlü ağ rəngli qaz peçini, 1 cüt 5 manat dəyərində “Rukalina” yazıları olan gümüşü rəngli, parıltılı, 36 ölçülü, dikdabanlı ayaqqabını, 1 ədəd 2 manat dəyərində qızılı rəngli üzərində güllər olan kiçik ölçülü qabı, 1 ədəd 25 manat dəyərində əlehqaza məxsus hava filterini, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 ədəd 700 manat dəyərində 4 elektrik daşından ibarət özünü balanslaşdıran iki təkərli elektrik mühərrikli “hoverboar”dı, 1 ədəd 470 manat dəyərində “Hyundai Sonata” markalı avtomobilin istifadə olunmamış qaz nasosunu, 1 ədəd 1200 manat dəyərində “Hyundai Sonata” markalı avtomobilin sürətlər qutusunun istifadə olunmamış ötürücünün beynini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2622 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 26 mart 2022-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi 68 ünvanının qarşısından keçən zaman pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Həmin ünvanın 1-ci mərtəbəsində yerləşən zirzəmiyə pəncərədən daxil olmuşdur. Oradan 1 ədəd iki təkərli əşyanı, İ ədəd üzərində bəzəklər olan şüşə materialdan hazırlanmış sarı rəngli-qızılı gül qabını, 1 ədəd “Kenvood” markalı koktcly hazırlayan aparatı, 1 ədəd mis materialdan hazırlanmış qazanı, 1 ədəd 2 gözlü stolüstü ağ rəngli qaz peçi, 2 ədəd maşın eytiyat hissələri, 1 citt üzəri qaşlarla bəzədilmiş ağ rəngli ayaqqabını və 1 ədəd əlehqaza məxsus hava fıltirini oğurlamışdır. Həmin gün günorta radələrində oğurladığı əşyaları yoldan keçən tanımadığı metal qəbulunu səyyar həyata keçirən şəxslərə satmışdır. Həmin əşyalardan 1 ədəd üzərində bəzəklər olan şüşə materialdan hazırlanmış sarı rəngli-qızılı gül qabı, 1 cüt üzəri qaşlarla bəzədilmiş ağ rəngli ayaqqabını və 1 ədəd əlehqaza məxsus hava fıltirini istintaqa təqdim etmişdir. Həmin cinayəti tək törətmişdir. Əldə olunan pulu şəxsi istifadəsində xərcləmişdir. Həmçinin, əşyaları satdığı şəxsi tanımadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq birdaha bildirmişdir ki, bu cinayəti şəxsən özü törətmiş və istintaq dövründə baş vermiş hadisə ilə bağlı ətraflı ifadə vermişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 68, 7B saylı mənzil qayınanası X2 məxsusdur. Lakin həmin ünvanda o, həyat yoldaşı Şahid və digər ailə üzvləri yaşayır. Həmin binanın əsas girişdən birinci mərtəbəsini saxlanc yeri kimi istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrindən evdən çıxmış və gəzintiyə getmişlər. Evə təxminən 21-22 radələrində geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə günorta radələrində həyat yoldaşı Xumar ona zəng edərək evin saxlanc yerindən oğurluq olması barədə məlumat vermişdir. Saxlanc yerindən 1 ədəd 4 elektrik daşından ibarət hazırda markasını xatırlamadığı 700 manat dəyərində, təxminən 2021-ci ilin oktyabr ayında aldığı hoverboard, 1 ədəd üzərində bəzəklər olan şüşə materialdan hazırlanmış sarı rəngli-qızılı 350 manat dəyərində gül qabı, l ədəd “Kenvood” markalı 500 manat dəyərində kokteyl hazırlayan aparat, 1 ədəd mis materialdan hazırlanmış 4 kq 150 manat dəyərində qazan, 1 ədəd 2 gözlü stolüstü ağ rəngli 180 manat dəyərində caz peçi, 1 ədəd Hyundai Sonata markalı avtomobil üçün Hyundai markalı yeni istifadə olunmamış 470 manat dəyərində qaz nasosu və 1 ədəd Hyundai Sonata markalı avtomobil üçün Hyundai markalı 1200 manat dəyərində yeni istifadə olunmamış ötürücünün beyni, 1 cüt üzəri qaşlarla bəzədilmiş ağ rəngli 50 manat dəyərində ayaqqabı, 1 ədəd əlehqaza məxsus hava filtiri oğurlanmışdır. Bundan başqa, zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, cinayət törədən şəxsi tanımır, lakin hazırki cinayət hadisəsini Təqsirləndirilən şəxs tərəfindən deyil başqa şəxs tərəfindən törədilməsini güman edir. Həmçinin bildirmişdir ki, cinayət işinin materialları ilə tanış olarkən hər hansı vəsatəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 68, 7B saylı mənzil anası X2 məxsusdur. Lakin həmin ünvanda o, həyat yoldaşı Murad və digər ailə üzvləri yaşayırlar. Həmin binanın əsas girişdən birinci mərtəbəsini saxlanc yeri kimi istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrindən evdən çıxmış və gəzintiyə getmişlər. Evə təxminən 21-22 radələrində geri qayıtmışlar. xx.xx.2022-ci il tarixdə günorta radələrində evdə olarkən qonşusu saxlanc yerinin pəncərəsinin açıq olduğunu demişdir. O, əvvəlcə külək əsən zaman pəncərənin açıldığını zənn etsə də, daha sonra bağlamaq üçün həmin yerə düşmüşdür. Bu vaxt ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər pəncərəni açaraq, saxlanc yerinin qapısı qıfılla bağlı olduğundan daxil olaraq oradan 1 ədəd 4 elektrik daşından ibarət hazırda markasını xatırlamadığı 700 manat dəyərində, təxminən 2021-ci ilin oktyabr ayında aldığı hoverboard, 1 ədəd şüşə materialdan hazırlanmış üzərindən gül formalı işləmələr olan sarı rəngli-qızılı 350 manat dəyərində gül qabı, 1 ədəd “Kenvood” markalı 500 manat dəyərində koktely hazırlayan aparat, 1 ədəd mis materialdan hazırlanmış 4 kq-lıq 150 manat dəyərində qazan, 1 ədəd 2 gözlü stolüstü ağ rəngli 180 manat dəyərində qaz peçi, 1 ədəd Hyundai Sonata markalı avtomobil üçün Hyundai markalı yeni istifadə olunmamış 470 manat dəyərində qaz nasosu və İ ədəd Hyundai Sonata markalı avtomobil üçün Hyundai markalı 1200 manat dəyərində yeni istifadə olunmamış ötürücünün beyni, 1 cüt üzəri qaşlarla bəzədilmiş ağ rəngli 50 manat dəyərində qadın ayaqqabı, 1 ədəd əlehqaza məxsus hava filtiri oğurlanmışdır. Həmin əlehqazın hava filitiri oğurlanmışdır. Lakin onun maddi dəyərini bilməmişdir. Hardasa 25 manat dəyəri olduğunu bildirmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan 27 mart 2022-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-91-ci vərəqəsində olan Nəsimi Rayon Məhkəməsinin 28 mart 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 mart 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 17 iyul 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 177-178-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 113-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2772 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların orta istismar müddəti ilə orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 220,0 manat, 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş malların 2022-ci il ilin mart ayına olan orta bazar qiymətilə ümumi ümumi dəyəri 32 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən 3 adda malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: “Kenvood” markalı kokteyl hazırlayan aparatdəyəri 80 manat, “Mis materialdan hazırlanmış 4 kq-lıq qazan”- dəyəri 60 manat, 2 gözlü stolüstü ağ rəngli qaz peçi- dəyəri 80 manat. Tədqiqata edilən malların adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: Üzərində “Rukalina” yazıları olan, gümüşü rəngli, parıltılı, 36 ölçülü, dikdabanlı 1 cüt ayaqqabı dəyəri-5 manat, Qızılı rəngli üzərində güllər olan kiçik ölçülü qab-dəyəri 2 manat, əlehqaza məxsus hava filteri-dəyəri 25 manat. Cinayət işinin 114-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 98-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10 may 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu yəni 7-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 27 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 105-111-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ciddi reşimli cəza çəkmə-müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Cinayət işinin 120-ci vərəqəsində olan qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Rukalina” yazıları olan, gümüşü rəngli, parıltılı, 36 ölçülü, dikdabanlı 1 cüt ayaqqabı, 1 ədəd qızılı rəngli üzərində güllər olan kiçik ölçülü qab və 1 ədəd əlehqaza məxsus hava filtiri maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni 26 mart 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 27 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübüt kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qızılı rəngli üzərində güllər olan kiçik ölçülü qab, üzərində “Rukalina” yazıları olan gümüşü rəngli, parıltılı 36 ölçülü, dikdabanlı 01 cüt ayaqqabı, əlehqaza məxsus hava filtri sonuncuya qaytarılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qızılı rəngli üzərində güllər olan kiçik ölçülü qab, üzərində “Rukalina” yazıları olan gümüşü rəngli, parıltılı 36 ölçülü, dikdabanlı 01 cüt ayaqqabı, əlehqaza məxsus hava filtri sonuncuya qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar