Məhkəmə qərarları › İş №1(006)-329/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-329/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-329/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədilə 16.02.2021-ci il tarixdə, saat 22 radələrində ünvan 4 ünvanın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb səbəbsiz yerə mübahisə edərək sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əynindəki şalvarının arxa sağ cibindən 250 manat məbləğində pulunu ələ keçirib hadisə yerindən qaçıb uzaqlaşmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əmlakı açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16.02.2021-ci il tarixdə, saat təxminən 22:00 radələrində ünvan 5 ünvanın yaxınlığında əvvəllər tanımadığı, adını bilmədiyi şəxslə yolda rastlaşmış, ondan çəkmək məqsədilə siqaret və xərcləmək üçün 1-2 manat pul istəmiş, lakin həmin şəxs ona siqaret verməmiş və cavab olaraq onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs arxasınca düşərək münasib yerə getməsini gözləmiş və həmin şəxs dükandan siqaret alan zaman cibində olan pulu görmüşdür. Maddi vəziyyətinin pis olduğundan Zərərçəkmiş şəxs gördüyü pulu ələ keçirmək qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs yaxınlaşıb niyə söyüş söydüyünü soruşmuş, Zərərçəkmiş şəxs isə cavab olaraq təkrarən onun ünvanına nalayiq küçə söyüşləri söymüşdür. Bu zaman onların arasında mübahisə yaranmış və o, Zərərçəkmiş şəxs itələmişdir. Mübahisə zamanı onlar əlbəyaxa olmuş və Zərərçəkmiş şəxs əlində içərisində sənədlər olan qovluq yerə düşmüş və sənədlər qovluğun içindən dağılmışdır. Sənədlər yerə tökülən zaman o, fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs cibində olan 40 manat pulu götürüb qaçaraq oradan uzaqlaşmışdır. Hadisə zamanı o, Zərərçəkmiş şəxs dişləməmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, cavan olmasını, ailənin yeganə oğul övladı olmasını, zərər çəkmiş şəxsə dəymiş zərərin əvəzini tamamilə ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 16 fevral 2021-ci il tarixdə işdən çıxdıqdan sonra kafedə oturub bir qədər yeyib-içərək istirahət etmişdir. Bundan sonra ünvan 4 ünvanın yaxınlığında evin qapısının açarını təmir etməsi üçün “Təzə bazar” adlanan ərazidə ustaya verdiyinə görə açarı ustadan götürmək məqsədilə oraya getmişdir. Həmin ünvana getdikdə saat gec olduğundan usta orada olmamışdır. Bundan sonra o, evə getmək qərarına gəlmiş və üzü Bakı Dövlət Sirki istiqamətində yolla irəliləmişdir. Həmin vaxt əvvəlcədən tanımadığı orta boylu, orta yaşlı, qaraşın bir nəfər şəxs ona yaxınlaşaraq ondan siqaret və pul istəmiş, o, həmin şəxsə 2 ədəd siqaret vermiş və bundan sonra ona işi ilə məşğul olmasını və onu narahat etməməsini bildirmişdir. Həmin şəxs yol boyu yanı ilə gedib onunla birgə irəliləmişdir. Bir qədər irəlilədikdən sonra hamin şəxs yenidən ona yaxınlaşaraq nalayiq küçə söyüşləri ilə onu təhqir edərək ondan pul verməyini tələb etmişdir. Cavab olaraq o, pul verməyəcəyini demiş və ondan əl çəkməsini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs onu yolun ortasına tərəf çəkmişdir. Burada onunla mübahisə edərək yaxasından tutub əlini şalvarının arxa sağ cibinə salaraq orada olan 250 manat pulu götürmüş, o, əlindəki içərisində sənədlər olan qovluğu götürmək istəmişdir. Təqsirləndirilən şəxs qovluğu əlindən dartıb qaçmaq istəmiş, lakin bir qədər qaçdıqdan sonra ayağı büdrəyib yerə yıxılmış və bu zaman ona məxsus içərisində işlə bağlı sənədlər olan qovluq Təqsirləndirilən şəxs əlindən çıxmışdır. O, işlə bağlı sənədlər çox vacib olduğu üçün onları yığmağa başlamış və Təqsirləndirilən şəxs dalınca qaça bilməmişdir. Həmin şəxs üzü “Heydər Əliyev” adına saray istiqamətində qaçmış və bir müddət sonra tamamilə gözdən itmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs onu dişləməmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 18 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.48); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir (İ cild, i.v.60-61); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.88-89); - Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntünün 21-ci dəqiqəsindən iki nəfər şəxsin söhbət edərək səki ilə hərəkət etməsi, daha sonra onların dayanması, aralarında mübahisənin yaranması və mübahisə zamanı bir nəfər şəxsin digərinə qarşı fiziki zor tətbiq edib soyğunçuluq edərək əllərini onun ciblərinə davamlı olaraq salması və sonra oradan qaçaraq uzaqlaşması müşahidə olunur. (İ cild, i.v.100-102). - “Sübutların qiymətləndirilməsi barədə” 22.04.2021-ci il tarixli qərardan görünür ki, baş vermiş soyğunçuluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild, i.v.110- 121); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 22.04.2021-ci il tarixli, 1203 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.” (İ cild, i.v.107-108); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.97); - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq olaraq talayaraq soyğunçuluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, həmçinin zərər çəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ittiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlini dişləməsi ilə bağlı qeyd olunanlar məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamış, həmçinin istər təqsirləndirilən şəxs, istərsə də zərər çəkmiş şəxs ifadələrində bunu təkzib etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə əməlindən səmimi peşmançılıq çəkməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətlidir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 18 fevral 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 22.04.2021-ci il tarixli, 1203 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Baş vermiş soyğunçuluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar