Məhkəmə qərarları › İş №1(006)-33/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-33/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-33/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkil X1 iştirakları ilə xx.xx.1972-ci ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 hazırki cinayət işi üzrə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2020-ci il tarixdə saat 17:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 30A-da yerləşən «Bravo» marketdə alış-veriş məqsədi ilə olan Zərərçəkmiş şəxs içərisində şəxsi əşyaları olan əl çantasını qoyduğu marketin giriş hissəsində müştərilərin şəxsi əşyalarını qoyduğu kiçik dolabın qapısının bağlı olmamasına görə açıb oradan sonuncuya məxsus bir ədəd 5 manat dəyərində üzərində «Darenpj Kaukko» yazıları olan qara rəngli, süni dəri materiallı əl çantasını, bir ədəd içərisində 4 manat dəyərində «***-***-**-**» «Azercel» GSM nömrə olan 250 manat dəyərində «İphone» markalı, «6 Plus» modelli, «**********01201» İMEİ kodlu mobil telefonu, bir ədəd içərisində 4 manat dəyərində «***- ***-**-**» «Azercell» GSM nömrə olan 170 manat dəyərində «Samsung Galaxy A4» markalı mobil telefonu, bir ədəd içərisində 4 manat dəyərində «***-***-**-**» «Azerfon» GSM nömrə olan 40 manat dəyərində «Micromax X424» markalı mobil telefonu, bir ədəd 10 manat dəyərində «Beynəlxalq Bank»a məxsus plastik kartı, bir ədəd 10 manat dəyərində «Kapital Bank»a məxsus plastik kartı, bir ədəd 2 manat dəyərində üzərində «X5» yazıları olan, qara rəngli, süni dəri materialından olan açarqabını, beş ədəd hər biri 2 manat dəyərində ümumi dəyəri 10 manat dəyərində müxtəlif formalı kilid üçün açarları götürüb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 509 (beş yüz doqquz) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, hadisənin baş verdiyi vaxtdan təxminən 2 il əvvəl işləmək üçün Bakı şəhərinə gəlmiş və günəmuzd müxtəlif yerlərdə fəhləlik etmişdir. 28 yanvar 2020-ci il tarixdə iş tapa bilməmiş və saat 17:30 radələrində yeməyə nəsə almaq məqsədilə Nəsimi rayonu, Bül-bül prospekti ərazisində yerləşən «Bravo» marketə daxil olmuş, həmin vaxtı əlində işləyərkən geyinmək üçün köhnə geyim olan sellofan paket olmuş və həmin paketi marketin giriş hissəsində olan müştərilərin saxlanc yeri kimi istifadə etdiyi kiçik dolaba qoymuşdur. O, marketin içrəisinə bir qədər baxıb, sonra çıxıb dolaba yaxınlaşaraq özünə məxsus sellofan paketi götürən zaman yanında olan dolabın qapısının açıq olmasını və içərisində qara rəngli əl çantasının olmasını görüb çantada pul olduğunu düşünərək oğurluq etmək qərarına gəlmiş və bundan sonra diqqət cəlb etməyəcək qədər qısa bir vaxtda ətrafa nəzər yetirmiş və cəld həmin çantanı da götürüb marketdən çıxaraq uzaqlaşmışdır. Həmin ərazidən uzaqlaşdıqdan sonra telefon zəngi eşitmiş və çantaya baxdıqda mobil telefon olmasını görmüş, lakin qorxduğu üçün telefona cavab verməmişdir. Daha sonra çantaya baxdıqda içərisində 1 ədəd «İphone», 1 ədəd «Samsung» və 1 ədəd «Micromax» markalı mobil telefonların, 1 ədəd «Azərbaycan Beynəlxalq Bank»a, 1 ədəd «Kapital Bank» məxsus plastik kartların, bir neçə açarların olmasını görmüş, lakin tələsərək getdiyi üçün «Samsung Galaxy» və «Micromax» mobil telefonlar yerə düşmüşdür. O, digər əşyaları kirayədə yaşadığı evə aparmış və orada otaqda gizlətmişdir. Lakin daha sonra Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmiş və oğurluq etməsini etiraf etmişdir. Hal-hazırda əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qismən ödənilməsini nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisənin baş verdiyi vaxt Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 30-da yerləşən «Xalq» qəzeti redaksiyasında məsul redaktor işləmişdir. 28 yanvar 2020-ci il tarixdə saat 17:30 radələrində işdən çıxıb işlədiyi redaksiyanın yanında yerləşən «Bravo» marketə alış-veriş etmək məqsədi ilə daxil olmuş, həmin vaxtı əlində qara rəngli əl çantası olmuş, əl çantasının içərisində bir ədəd «İphone» markalı, bir ədəd 200 manat dəyərində «Samsung Galaxy» markalı, bir ədəd 50 manat dəyərində «Micromax» markalı mobil telefon, bir neçə açar, «Azərbaycan Beynəlxalq Bankı»na və «Kapital Bank»a məxsus plastik kartlar olmuş, həmin əl çantasını marketin giriş hissəsində yerləşən saxlanc yeri hesab olunan kiçik dolaba qoymuş, lakin dolabın üzərində açar olsa da dolabı bağlamamış, həmçinin açarı götürməmişdir. Daha sonra o, marketdə alış-veriş etdikdən sonra əl çantasını qoyduğu dolaba yaxınlaşıb qapısını açdıqda çantanı orada görmədiyinə görə marketin mühafizəçisinə yaxınlaşıb bildirəndə, mühafizəçi ondan qapını açar ilə bağlayıb-bağlamamasını soruşmuş, o isə dolabın qapısını bağlamadığını bildirmişdir. Bundan sonra mühafizəçi buna görə məsuliyyət daşımadığını bildirmişdir. O, DİN-in «102» xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə keçmiş polis əməkdaşları gəlib sənədləşmə aparmış, sonra o, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə dəvət olunmuş, orada ərizə və izahat yazmışdır. Həmin dolabdan 15 manat dəyərində qara rəngli əl çantasını, içərisində bir ədəd içərisində «***-***-**-**» «Azercel» mobil nömrəsi olan «İphone» markalı, bir ədəd içərisində «***-***-**-**» «Azercel» mobil nömrəsi olan «Samsung Galaxy» markalı, bir ədəd «***-***-**-**» «Azerfon» mobil nömrəsi olan «Micromax» markalı mobil telefon, «Azərbaycan Beynəlxalq Bankı»na və «Kapital Bank»a məxsus plastik kartlar və 5 ədəd açarların oğurlanmasını bildirmişdir. Sonradan ona dəymiş maddi ziyan qismən ödənilmiş və təqsirləndirilən şəxsin maddi ziyan olaraq ona 200 manat borcu qalmışdır. Hal-hazırda ona dəymiş maddi ziyan tam olaraq ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir, ona təyin olunacaq cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ziyatxan Əliyev tərəfindən tərtib olunmuş 06 fevral 2020-ci il tarixli “Diskə Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən diskin «DVD» diskə «HP» markalı kompüterdə baxılmış və həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində 3 ədəd - VİD-20200428-WA0026; VİD-20200428-WA0028; VİD-20200428- WA0027 videogörüntü faylları, həmçinin İMG-20200428-WA0017; İMG-20200428- WA0018; İMG-20200428-WA0019; İMG-20200428-WA002Q; İMG-20200428-WA0021; İMG-20200428-WA0022 fotoşəkilləri olmuşdur. VİD-20200428-WA0026 videogörüntü faylına baxdıqda bir nəfər şəxs - kişinin marketin giriş hissəsində olan müştərilərin şəxsi əşyalarını yerləşdirdiyi qutuya çantanı qoyduqdan sonra şöbəyə keçməsi müşahidə olunmuş, həmin görüntü 00:00:18 dəqiqə qeydə alınmışdır. VİD- 20200428-WA0028 videogörüntü faylına baxdıqda həmin şəxsin marketdə şəxsi əşyalar qoyulan qutudan çantanı götürüb marketdən çıxması müşahidə olunmuş, həmin görüntü 00:00:25 dəqiqə qeydə alınmışdır. VİD-20200428-WA0027 videogörüntü faylına baxdıqda 28.01.2020-ci il tarixdə, saat 17:40 radələrində marketin çıxış hissəsində quraşdırılmış görüntüdə həmin şəxsin əlində çanta ilə marketdən çıxıb getməsi müşahidə olunmuş, həmin görüntü 00:00:28 dəqiqə qeydə alınmışdır. Baxış zamanı digər hər hansı bir hadisənin baş verməsi müşahidə olunmamışdır. Diskə baxış zamanı görüntü barədə Təqsirləndirilən şəxs soruşduqda görüntüdə əks olunan şəxsin özü olmasını, həmin günü marketə daxil olub bir qədər şöbələrə baxdıqdan sonra marketin çıxış hissəsində müştərilərin şəxsi əşyalarını qoyduqları qutudan özünə məxsus çantanı, həmçinin digər qutunun açıq olmasını və açar ilə bağlanmadığını görüb orada olan çantanı oğurlamyaraq marketdən çıxıb getməsini bildirmişdir. Həmçinin diskin içərisində köçürülmüş və marketin şərab şöbəsində çəkilmiş fotoşəkillərin də ona məxsus olmasını bildirmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur (i/v 25). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2020-ci il tarixli, 9/51 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş «Darenpj Kaukko» yazıları olan qara rəngli, süni dəri materiallı əl çantasının, «İphone» markalı, «6 Plus» modelli, «**********01201» İMEİ kodlu mobil telefonun, üzərində «X5» yazıları olan, qara rəngli, süni dəri materialından olan açarqabının, müxtəlif formalı kilid üçün açarların, «Azərbaycan Beynəlxalq Bankı»na və «Kapital Bank»a məxsus plastik kartların 2020-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 287,00 manat, ekspertizaya təqdim edilməmiş «Samsung Galaxy A4» markalı mobil telefonun, «Micromax X424» markalı mobil telefonun, «***-***-**-**», «***-***-**-**» və «***-***-**-**» saylı GSM nömrələrin 2020-ci ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 152,00 manat müəyyən edilmişdir (i/v 91-93). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2020-ci il tarixli, 9/1132 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, milli internet saytlarının, «SAMSUNG» şirkətinin Azərbaycandakı rəsmi distribyutoru olan «İNTEGRAL» firmasının məlumatlarına və Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan iki ədəd mobil telefon aparatlarının və 3 ədəd GSM nömrələrin işlənmiş vəziyyətdə, 28 yanvar 2020-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: bir ədəd «Samsung Galaxy A4» markalı mobil telefon 170,00 manat; bir ədəd «Micromax X424» markalı mobil telefon 40,00 manat; 3 ədəd «***-***-**-**», «***-***-**-**» və «***-***-**-**» GSM nömrələr 12,00 manat. Ekspertiza tədqiqatına maddi sübutlar qismində təqdim edilməyən bir ədəd üzərində «Darenj Kaukko» yazıları olan qara rəngli, süni dəri materialı olan əl çantası, bir ədəd Çində istehsal edilmiş boz rəngli «iphone» markalı, «6 Plus» modelli, **********01201 İMEİ kodlu mobil telelon, bir ədəd üzərində «X5» yazıları olan qara rəngli, süni dəri materialından olan açar qabı, 5 ədəd müxtəlif formalı kilid üçün açarlar, bir ədəd «Kapital bank»a məxsus plastik kart və bir ədəd «Beynəlxalq bank»a məxsus plastik kart ekspert baxışı keçirilmədən faktiki olaraq onların markası, modeli, texniki göstəriciləri, yararlığı, hansı vəziyyətdə olması, istismar müddəti və digər texniki keyfiyyət göstəriciləri barədə məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır (i/v 120- 122). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2020-ci il tarixli, 9/1508 saylı rəyindən görünür ki, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 2 ədəd mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə nəzəri qaydada orla bazar qiyməti ilə ümumi dəyəri təxminən 210,00 (170+40) manat, 3 ədəd GSM danışıq nömrə kartı 12,00 (3x4m) manat müəyyən olunmuşdur. O cümlədən: - bir ədəd «Samsung Galaxy A4» markalı mobil telefon 170,00 manat; - bir ədəd «Micromax X424» markalı mobil telefon 40,00 manat; üç ədəd «***-***- **-**», «***-***-**-**» və «051 - 333-30-51» GSM nömrələr 12.00 manat (i/v 134-137). İş materiallarında olan “Maddi sübutun tanınması haqqında” 18 mart 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 1 ədəd qara rəngli əl çantası, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “Beynəlxalq Bank”a və 1 ədəd “Kapital bank”a məxsus plastik kartlar, 1 ədəd qara rəngli açarqabı və üzərində 5 ədəd müxtəlif açarlar, ***-***-**-** “Azercell” və ***-***-**-** “Azerfon” mobil nömrələr maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. Həmçinin bir ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i/v 94). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 225/2020 saylı, 02 fevral 2021-ci il tarixli qərarından və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəisi Zaur Əliyev tərəfindən məhkəməyə ünvanlanmış 10 iyun 2021-ci il tarixli, 086-10176-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 fevral 2021-ci il tarixdə axtarış elan edilmiş və 09 iyun 2021-ci il tarixdə saxlanılaraq, 10 iyun 2021-ci il tarixdə məhkəməyə təhvil verilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, məhkəmə qərarına aid çıxarışdan və 08 fevral 2020-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-65/2020 saylı, 08 fevral 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və sonuncu barəsində 08 fevral 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 51, 70, 71-72). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluq vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası DİN BƏSİİ X2 heç bir məlumat yoxdur (i/v 75). İş materiallarında olan 20 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus ***-***-**-** “Azercell” mobil nömrə və ***-***-**-** “Azerfon” mobil nömrəni baş müstəntiq Ziyatxan Əliyevdən təhvil almışdır (i/v 78). İş materiallarında olan 19 mart 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 1 ədəd qara rəngli əl çantasını, 1 ədəd “İphone” markalı mobil telefonu, 1 ədəd “Beynəlxalq Bank”a və 1 ədəd “Kapital bank”a məxsus plastik kartları, 1 ədəd qara rəngli açarqabını və üzərində 5 ədəd müxtəlif açarları baş müstəntiq Ziyatxan Əliyevdən təhvil almışdır (i/v 96). Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2020-ci il tarixdən 08 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və Nəsimi rayon məhkəməsinin axtarış qərarı ilə 09 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qarara rəngli əl çantası, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “Beynəlxalq Bank”a və 1 ədəd “Kapital bank”a məxsus plastik kartlar, 1 ədəd qara rəngli açarqabı və üzərində 5 ədəd müxtəlif açarlar, ***-***-**-** “Azercell” və ***-***-**-** “Azerfon” mobil nömrələrin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-225/2020 saylı, 18.06.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 15 iyul 2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qarara rəngli əl çantası, 1 ədəd “İphone” markalı mobil telefon, 1 ədəd “Beynəlxalq Bank”a və 1 ədəd “Kapital bank”a məxsus plastik kartlar, 1 ədəd qara rəngli açarqabı və üzərində 5 ədəd müxtəlif açarlar, ***-***-**-** “Azercell” və ***-***-**-** “Azerfon” mobil nömrələrin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar