Məhkəmə qərarları › İş №1(006)-33/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-33/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-33/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67ci maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, üzərində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30.10.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyun 2021-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvana gəlib Zərərçəkmiş şəxs2 özünü mühəndis kimi təqdim edərək guya «Pilot layihə» ilə əlaqədar mənzilin ölçülərini götürəcəyini bildirməklə mənzilə daxil olub sonuncunun digər otağa keçməsindən istifadə edərək yataq otağındakı dolabın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 450 manat dəyərində, 5.2 qram çəkidə 585 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 iyun 2021-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvana gəlib Zərərçəkmiş şəxs3 özünü mühəndis kimi təqdim edərək guya «Pilot layihə» ilə əlaqədar mənzilin ölçülərini götürəcəyini bildirməklə mənzilə daxil olub sonuncunun digər otağa keçməsindən istifadə edərək yataq otağındakı dolabın üzərindən 01 ədəd 285 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış qadın boyunbağısını və 20 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 305 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyun 2021-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 5 ünvana gəlib Zərərçəkmiş şəxs4 özünü mühəndis kimi təqdim edərək guya «Pilot layihə» ilə əlaqədar mənzilin ölçülərini götürəcəyini bildirməklə mənzilə daxil olub sonuncunun digər otağa keçməsindən istifadə edərək yataq otağına qoyulmuş şalvarın cibindən 100 manat, dəhlizə qoyulmuş çantanın içərisindən isə 40 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 iyun 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 6 ünvana gəlib sonuncunun qızı X2 özünü mühəndis kimi təqdim edərək guya «Pilot layihə» ilə əlaqədar mənzilin ölçülərini götürəcəyini bildirməklə mənzilə daxil olub sonuncunun digər otağa keçməsindən istifadə edərək yataq otağından 01 ədəd 1650 manat dəyərində, 1277 qram çəkidə, 585 əyarlı qızıldan hazırlanmış kişi boyunbağısını və 01 ədəd 1140 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış qadın boyunbağısını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2790 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi cinayət əməllərinə görə bir neçə dəfə məhkum olunmuşdur. Mərc oyunlarında uduzduğu üçün müxtəlif məbləğlərdə borcları yaranmış və o da həmin borcları geri qaytarmaq üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də o, 05 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 36 nömrəli binaya daxil olub 3cü mərtəbəyə qalxaraq 20 nömrəli mənzilin qapısını döymüşdür. Qapını açan qadına özünü binaların sökülməsində mütəxəssis kimi təqdim edərək mənzilə baxış keçirəcəyini demiş və içəri daxil olduqdan sonra otaqlara diqqətlə nəzər yetirməyə başlamışdır. Ev sahibinin digər otağa keçməsindən istifadə edərək, yataq otağındakı rəfin üzərinə qoyulmuş 1 ədəd qızıl üzüyü götürüb cibinə qoymuşdur. Bundan sonra isə ev sahibinə əlaqə yaratmaq üçün saxta mobil telefon nömrəsi bildirərək evi tərk etmişdir. Bundan başqa o, həmin gün Nərimanov rayonu, X9 küçəsində yerləşən 51 nömrəli evin 3-cü mərtəbəsinə qalxıb 40-cı mənzilin qapısını döymüş, qapını cavan oğlan açmış, ona da özünü binaların sökülməsində mütəxəssis kimi təqdim edib, mənzilə baxış keçirəcəyini demişdir. İçəri keçib otaqlara baxmağa başlamış və yataq otağında dolabın olmasını görüb ev sahibindən bir stəkan su verməyini xahiş etmişdir. Ev sahibinin su gətirməyə getməsindən istifadə edib həmin dolabın üzərindəki 1 ədəd qızıl boyunbağını və 20 manat pulu götürmüş və sonra da mənzildən çıxmışdır. Bundan başqa o, 24 iyun 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən 52 nömrəli binaya daxil olmuş və üçüncü mərtəbəyə qalxaraq 35 nömrəli mənzilin qapısını döymüşdür. Qapını açan yaşlı kişiyə özünü binaların sökülməsində mütəxəssis kimi təqdim edib, mənzilə baxış keçirəcəyini demişdir. İçəri daxil olub otaqlara baxmağa başladıqdan sonra o, ev sahibindən digər otağı ölçməyini xahiş etmişdir. Ev sahibinin digər otağa keçməsindən istifadə edib yataq otağındakı şalvarın cibindən 100 manat və dəhlizdəki çantanın içərisindən isə 40 manat pulu götürüb evdən çıxmışdır. Bundan sonra oğurladığı qızılları Bakı şəhəri, Nəsimi rayonu ərazisində Mərkəzi və Moskva univermağının ətrafında tanımadığı şəxslərə ümumilikdə 500 manata satmışdır. Bundan başqa o, 29 iyun 2021-ci il tarixdə, saat 15 radələrində ünvan 7 ünvanında yerləşən köhnə binaya yaxınlaşıb mənzillərin qapısını bir-bir döyə-döyə yuxarı qalxarkən, 12-ci mənzilin qapısını bir qadın açmış və ondan nə lazım olduğunu soruşmuşdur. O isə həmin qadına tikinti şirkətindən gəldiyini və bina plana düşdüyü üçün mənzillərin otaqlarını ölçəcəyini bildirmişdir. Ev sahibi onun sözlərinə inanmış və onu içəri buraxmışdır. O, mənzilə daxil olduqda ev sahibindən mənzilin divarlarını ölçmək üçün ölçü cihazını gətirməsini istəmişdir. Ölçü cihazını götürüb yataq otağına keçmiş və divarları ölçərək yataq otağında nələrin olmasına fikir vermişdir. Ev sahibi isə o dedikcə yataq otağında dayanıb ölçüləri qeyd etmişdir. Həmin vaxt mənzilin yataq otağındakı şkafın üzərində təxminən 22 qram çəkidə olan bir qızıl boyunbağı olduğunu görmüş və dərhal da həmin boyunbağını götürmüşdür. Digər yataq otağına keçdikdə isə şkafın üzərindəki açıq mücrüdə təxminən 10-12 qram çəkidə qızıl boyunbağının olduğunu görüb onu da götürmüşdür. Sonra o, mənzildə oğurlanacaq heç bir qiymətli əşya tapmadığı üçün ev sahibinə işinin bitdiyini deyərək mənzildən çıxıb getmişdir. Bundan sonra o, əldə etdiyi qızıl-zinət əşyalarını Səbail rayonu ərazisində yerləşən “Mərkəzi Univermaq”dakı zinət əşyalarının alqı-satqısını həyata keçirən mağazaya yaxınlaşaraq 585 əyarlı qızıl boyunbağını 480 manata satmışdır. Zərgər 750 əyarlı qızıl boyunbağıya baxdıqdan sonra həmin boyunbağının qızıl olmadığını bildirmişdir. O, həmin əşyanı dəyəri olmadığı üçün zibil qutusuna atmışdır. Əldə etdiyi pulu isə borclarına xərcləmişdir. Hal-hazırda törətdiyi əməllərdən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Kamal qızı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 14 ildir ki, ünvan 7 ünvanında yerləşən binada, 12 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. 29.06.2021-ci il tarixdə qızı Nigar Bayramlı ona zəng edərək evə tikinti şirkətindən mühəndis gəldiyini və evin ölçülərini götürdüyünü bildirmişdir. O, qızına heç bir problem olmadığını və evin plana düşdüyünü demişdir. Növbəti gün oğlu Cavid Bayramlı işə gedən zaman onun hədiyyə etdiyi 1650 manat dəyərində olan 585 əyarlı, 22 qramlıq qızıl boyunbağısının və öz yataq otağındakı 1140 manat dəyərində 12 qramlıq 750 əyarlı qızıl boyunbağısının yerində olmadığını aşkar etmişdir. Onlar evin içərisində xeyli axtarış aparsalar da boyunbağıları tapa bilməmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 Kamal qızı tərəfindən məhkəməyə ünvanlanan 30.11.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 36, mənzil 20 ünvanında yaşayır. 05 iyun 2021-ci il tarixdə, saat 11:30 radələrində əvvəllər tanımadığı bir şəxs, yəni Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə gələrək özünü pilot layihənin əməkdaşı kimi təqdim etmiş və onun yaşadığı mənzilin plana düşdüyünü, bu səbəbdən də mənzilə baxmalı olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs inanaraq içəri daxil olmasına icazə vermişdir. Təqsirləndirilən şəxs içəri daxil olduqdan sonra mənzildəki otaqların enini və uzunluğunu ölçəcəyini bildirərək yataq otağına keçmişdir. Təqsirləndirilən şəxs otağın ölçülərini götürərkən ondan digər otağa getməsini xahiş etdiyindən o, digər otağa gedərək gözləmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona işinin bitdiyini deyərək çıxıb getmişdir. O, yataq otağına daxil olaraq içəriyə diqqətlə baxdıqda dolabın üzərinə qoyduğu 01 ədəd 585 əyarlı, 04 qramlıq üzüyünün yerində olmadığını aşkar etmişdir. O, üzüyünün Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını düşünüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 05 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 51, 40 saylı mənzildə nənəsi X13 ağa qızı ilə birlikdə yaşayır. Həmin gün saat 12:06 radələrində əvvəllər tanımadıqları bir nəfər şəxs, yəni Təqsirləndirilən şəxs onların yaşadıqları mənzilə gələrək X7ya özünü pilot layihənin əməkdaşı kimi təqdim etmiş və onun yaşadığı mənzilin plana düşdüyünü, bu səbəbdən də mənzilə baxmalı olduğunu bildirmişdir. Həmin vaxt o özü yataq otağında olmuşdur. X7 Təqsirləndirilən şəxs inanaraq onun mənzilə daxil olmasına icazə vermişdir. Təqsirləndirilən şəxs otaqların enini və uzunluğunu ölçəcəyini deyərək yataq otağına keçmişdir. Təqsirləndirilən şəxs yataq otağında olan zaman X7dan içməyə su istəmişdir. Nənəsi mətbəxə gedən zaman Təqsirləndirilən şəxs onun yataq otağına keçmiş və onun otaqda olduğunu görən zaman Təqsirləndirilən şəxs işinin bitdiyini deyərək mənzili tərk edib getmişdir. Sonra o, yataq otağına nəzər yetirdikdə dolabın üzərinə qoyulmuş 01 ədəd 750 əyarlı, 03 qramlıq qızıl qadın boyunbağısı və 20 manat pulun yerində olmadığını aşkar etmişdir. O, evə pilot layihənin əməkdaşı kimi gələn Təqsirləndirilən şəxs yataq otağına daxil olduğunu xatırlamış və ondan şübhələndiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs4 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, 24 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 52, 55 saylı mənzil olmuşdur. Həmin gün saat təxminən 14:00 radələrində tanımadığı bir şəxs qapını döyərək yaşadığı mənzilin plana düşdüyünü, özünün pilot layihənin əməkdaşı olduğunu və mənzilə baxmaq lazım olduğunu bildirmişdir. O da həmin tanımadığı şəxsə inanaraq mənzilin əsas giriş qapısını açmışdır. Qapını açdıqdan sonra həmin şəxs mənzildəki otaqların enini və uzunluğunu ölçəcəyini ona bildirmişdir. Sonra həmin şəxs qonaq otağına keçmişdir. Şəxs qonaq otağında olan zaman ona digər otağı ölçməyini xahiş etmişdir. O da razılaşaraq digər otağın ölçülərini götürməyə başlamışdır. Müəyyən müddət sonra o, həmin şəxsin yanına qayıdan zaman ona işinin bitdiyini deyərək çıxıb getmişdir. O, yataq otağına keçərək ətrafa nəzər yetirdikdə şalvarının cibində olan 100 (yüz) manatın, dəhlizdə olan çantanın içərisində isə 40 manatın yerində olmadığını aşkar etmişdir. O, evə pilot layihənin əməkdaşı kimi gələn şəxsin qonaq otağına daxil olduğunu xatırlamışdır. Həmin şəxsdən şübhələndiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra mənzilə Nərimanov RPl-nin 16-cı PB-nin əməkdaşları gələrək araşdırma aparmağa başlamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2002-ci ildən müxtəlif növ zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təxminən 6-7 il müddətdir ki, ünvan 8 ünvanında yerləşən zinət əşyalarının alqı-satqısı mağazasının sahibidir. 29 iyun 2021-ci il tarixdə əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya gələrək özünə məxsus olan 01 ədəd 585 əyarlı kişi boyunbağısını satmaq istədiyini bildirmişdir. O, qızıl boyunbağını tərəzidə ölçərək, çəkisinin 12.77 qram olduğunu müəyyən etmişdir. O, həmin boyunbağını 700 manata ala biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs 700 manat ödədikdən sonra o, mağazadan getmişdir. Aldığı qızıl boyunbağını isə xatırlamadığı vaxtda tanımadığı bir şəxsə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2018-ci ildən müxtəlif növ zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təxminən 3 il müddətdir ki, Bakı şəhəri, Səbail rayonu, Təbriz Xəlilbəyli küçəsində yerləşən zinət əşyalarının alqı-satqısı mağazasının sahibidir. 07 iyun 2021-ci il tarixdə əvvəllər tanımadığı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs gələrək özünə məxsus olan 01 ədəd 585 əyarlı qadın üzüyünü satmaq istədiyini bildirmişdir. O, qızıl üzüyü tərəzidə ölçmüş və çəkisinin 5 qram olduğunu müəyyən etmişdir. O, qızıl üzüyü 300 manata ala biləcəyini dedikdə Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, 300 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra o, mağazanı tərk etmişdir. O, aldığı qızıl boyunbağını xatırlamadığı vaxtda tanımadığı bir şəxsə satmışdır. İş materiallarına əlavə olunmuş Nəsimi RPİ İŞ-nin müstəntiqinin 07.07.2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 64-65). İş materiallarına əlavə olunmuş 10.07.2021-ci il tarixli tutma protokolundan və 12.07.2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.07.2021-ci il tarixdə şübhəli şəxs qismində Nərimanov RPİ İŞ-nin müstəntiqi tərəfindən tutulmuş və 12.07.2021-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 159-160, 178-179). İş materiallarına əlavə olunmuş 14.07.2021-ci il tarixli tutma protokolundan və 16.07.2021-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14.07.2021-ci il tarixdə şübhəli şəxs qismində Nəsimi RPİ İŞ-nin müstəntiqi tərəfindən tutulmuş və 16.07.2021-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 248, cild 2, i/v 11-13). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2017ci il tarixli qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, üzərində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30.10.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (cild 2, i/v 16-18). 29.06.2021-ci il tarixli alış aktından görünür ki, alıcı Şahid2 tərəfindən 1 ədəd 585 əyarlı, 12.77 qram sepə görə satıcı Təqsirləndirilən şəxs 700 manat ödənilmişdir (cild 2, i/v 26). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.09.2021-ci il tarixli, 9/6213 saylı rəyindən görünür ki, 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti 01 ədəd 585 əyarlı, 04 qram qadın üzüyünün 300 manat, 01 ədəd 750 əyarlı, 03 qram qadın boyunbağısı 285 manat, 01 ədəd 585 əyarlı, 22 qram kişi boyunbağısı 1650 manat və 01 ədəd 750 əyarlı, 12 qram qadın boyunbağısı 1140 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məlumatlarının 2021-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3375,00 manat müəyyən edilir. Həmin zərgərlik məlumatlarının ayrı-ayırılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri: 50 manat (cild 2 , i/v 38-41). Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.07.2006-cı il təvəllüdlü X6 və 20.04.2008-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 1(007)-240/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlamanın 1 gününü azadlıqdan məhrumetmənin bir gününə hesablayaraq üzərində 03 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-998/2016 saylı, 28.10.2016-cı il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 3300 manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza – 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3300 manat miqdarında cərimə cəzasının təyin edilməsi, üzərində 03 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02.08.2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 1(103)-171/2022 saylı, 26.01.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 06.10.2021-ci il tarixli, 1(007)-240/2022 saylı hökmünün verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını, Zərərçəkmiş şəxs1 Kamal qızına dəymiş ziyanı tam olaraq ödəməsini və həmin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə görə cinayətlərin residivi aşağıdakı hallarda xüsusilə təhlükəli sayılır: 18.3.1. qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.3.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; 18.3.3. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin xüsusilə təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 1(007)-240/2021 saylı hökmü ilə qəti olaraq 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli, 1(007)-240/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3300 manat cərimə cəzası ilə isə tam toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-511/2021 saylı, 28.09.2021-ci il tarixli qərara əsasən 05.10.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nizami rayon məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən, 3300 manat cərimə cəzası ilə isə tam toplanmaqla, üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar