Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-33/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,487 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımışdır. 08 iyun 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,487 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Elan edilmiş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,487 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, özündə saxlayaraq daşımasını əsas tutaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirir. Qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti kimi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımanı nəzərdə tutur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmədə və ibtidai istintaq dövründə verdikləri ziddiyyətli ifadələri, istintaq hərəkətlərinin Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinə əməl edilmədən aparılması nəticəsində təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlaması və daşıması faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman, Asim adlı polis əməkdaşını və adını bilmədiyi polis əməkdaşını görmüşdür. Onlar ona əlini cibinə salmamağı və onlarla birlikdə 21-ci Polis Bölməsinə getməsini təklif etmişlər. O da həmin vaxt üstündə qanunla qadağan olunan hər hansı əşya olmadığı üçün onlarla razılaşmışdır. Onlar təxminən 15 dəqiqəyə PB-nə getmiş və onu otaqların birinə apararaq heç bir səbəb göstərmədən polis əməkdaşı olan Asim və digər adını bilmədiyi polis əməkdaşı onu çoxsaylı zərbələrlə döyərək, ona içərisində narkotik vasitə olan büküm vermiş, və həmin bükümdə olan heroinin çəkiliş zamanı özünə aid olmasını bildirməsini demişlər. O, etiraz etdiyi üçün onu yenidən döymüşlər. Onlardan canını qutarmaq üçün həmin narkotik vasitə heroinin çəkiliş zamanı ona aid olmasını bildirəcəyini demişdir. Bundan sonra videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bu zaman vəkil şəxsi axtarışda iştirak etməkdən imtina etmiş, o da vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. X10 gəlmiş mütəxəssisin, onu döymüş olan polis əməkdaşı Asimin və adını bilmədiyi digər polis əməkdaşının iştirakı ilə üzərinə baxış keçirilən zaman ona üzərində hər hansı bir əşya olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunduqda, polis əməkdaşları tərəfindən əvvəlcədən əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyulmuş bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Çəkilişdən öncə polis əməkdaşları Asim və adını xatırlamadığı digər şəxs ona çəkiliş zamanı həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanımadığı “Etibar” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını deməsini, əks halda yenidən daha şiddətlə döyüləcəyini bildirmişlər. O da bu səbəbdən həmin vaxt narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanımadığı “Etibar” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra üzərində heç nəyin olmadığını bildirmiş və onun əynində olan paltarlarına baxış keçirilmiş, heç nə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, imzalanmış və möhürlənmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili olmuş, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 08 iyun 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, “Niyaz” adlı şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsinə getmişlər. Saat 20:30 radələrində həmin küçədə 14 saylı ünvanın qarşısında olarkən “Niyaz” adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib “Niyaz” adlı şəxsi 21-ci Polis Bölməsinə dəvət etmişlər. Orada olarkən “Niyaz” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və sonuncu onlara qarşı heç bir müqavimət göstərmədən onlarla birlikdə 21-ci Polis Bölməsinə getmişdir. X8 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 07 iyun 2023-cü il tarixdə saat 20 radələrində “Nizami” metrostansiyası yaxınlığında tanımadığı, özünü “Etibar” kimi təqdim edən şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs qarşı nə polis bölməsində, nə də bölməyə gətirilən zaman zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs üzündə olan xəsarətlər barədə soruşduqda bir gün əvvəl yaşadığı evin həyətində yıxıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.25-26); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.90- 91); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/3264 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 189” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxsimza, iştirak etdilər. Üç imza, Qablaşdırdı: Şahin Fərhadov – imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,487 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (i.v.58-61); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4691 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlorin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.106-107); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,487 qram narkotik vasitə heroin xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı 0,437 qram qalığı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (i.v.135-140); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Şərifov X3 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Budan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli X5 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.99-101); - Şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üstünə qoyur, o, narkotik maddəni xx.xx.2023-cü il tarixdə “Sovetski” adlanan ərazidə tanımadığı, özünü “Etibar” kimi təqdim edən şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirir. Həmin görüntülərdə təqsirləndirilən şəxsin üzündə olan xəsarətlər aşkar görünür; - Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1227 saylı rəyində göstərilmişdir ki, Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 5877/2023 saylı məhkumun tibbi kitabçasında qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən onun bədən səthində aşkar olunmuş xəsarətlər – sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi qançır, sol gözün ağlı qişasının qırmızımtıl qançır bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023-cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol bazunun bayır səthinin 2-3 sm ölçüdə sarımtıl qançır bərk küt əşyanın təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023-cü il tarixdə) təxminən 7-11 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilər; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin 5877/2023 saylı məhkumun tibbi kitabçasından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi rəngli qançır, sol gözün ağlı qişasında qırmızımtıl rəngli qançır, sol bazunun bayır səthində 2-3 sm ölçüdə sarımtıl rəngli qançır aşkar olunmuşdur; - Nəsimi rayon prokurorluğunun müstəntiqi Şakir Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən döyülməsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları, o cümlədən axtarış və götürmə haqqında olan protokolu, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tam, hərtərəfli və obyektiv yoxlayıb, cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə 0,487 qram çəkidə narkotik vasitə olan herioni əldə edərək, daşımaqla üzərində saxlamasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Həmin Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Məhkəmə, cinayət işinin materiallarını hərtərəfli tədqiq edib, məhkəmə araşdırması zamanı ittiham tərəfindən irəli sürülmüş sübutların ayrı-ayrılıqda nəzərdən keçirilməsini zəruri hesab edərək, onların şəxsin təqsirli bilinərək məhkum olunması üçün kifayət qədər əsaslı, heç bir şübhə doğurmayan, tutarlı, qənaətbəxş olmaması kimi qiymətləndirir, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar həcmi ilə bərabər, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsində nəzərə alınması zəruri olan müəyyən edilmiş ayrı-ayrı məqamları da qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs ilk öncə özünü təqsirli bilməsi barədə ifadə versə də, daha sonra verdiyi ifadəsində özünü təqsirli bilməmiş, həmçinin, məhkəmə iclasında özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı ilkin olaraq verdiyi etirafedici ifadəni Nəsimi RPİ-nin polis əməkdaşları tərəfindən məruz qaldığı təzyiq altında verdiyini, ona işgəncə edildiyini və döyüldüyünü bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Nəsimi rayon prokurorluğuna Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsində müayinədən keçirilən zaman sol gözaltı nahiyəsində bənövşəyi rəngli, sol bazunun bayır səthində isə sarımtıl rəngli qançır izləri, sol gözün ağlı qişasının qırmızımtıl qançırları kimi xəsarətlərin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Bununla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Təqsirləndirilən şəxs müstəntiqə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində yaşadığı evdən çıxıb mağazaya getdikdə mülki geyimli iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq 21-ci PB-nin əməkdaşları olduqlarını demiş, bölməyə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə bölməyə getmişdir. Əməliyyat müvəkkili Asim adlı şəxs və tanımadığı digər polis əməkdaşı onu otağa salaraq döymüşdür. Yumruq təpiklə onun müxtəlif bədən nahiyələrinə vurmuşlar. Onlar ona narkotik vasitənin ona aid olmasını bildirmişlər, lakin o, etiraz etdiyi üçün onu döymüşlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı və onun bədən səthində xəsarətlərin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi ifadələr birbirləri ilə uzlaşaraq uyğunluq təşkil etmişdir. Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı material üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1227 saylı rəyində göstərilmişdir ki, Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 5877/2023 saylı məhkumun tibbi kitabçasında qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən onun bədən səthində aşkar olunmuş xəsarətlər – sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi qançır, sol gözün ağlı qişasının qırmızımtıl qançır bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (xx.xx.2023-cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan araşdırmanın nəticəsində əməldə cinayət tərkibi olmadığından müstəntiq tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, ekspert rəyinin məzmununu təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, ekspert rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xx.xx.2023-cü il tarixdə baxış keçirilməsindən 3-5 gün əvvəl əmələ gəldiyi müəyyən edilməklə, həmin tarix onun izahatında polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyi xx.xx.2023-cü il tarixlə üst-üstə düşür. Məhkəmə Nəsimi rayon prokurorluğunun müstəntiqi Şakir Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda daha bir məqama – Şahid1 və Şahid2 ifadəsinə diqqət çəkməyi zəruri hesab edir. Belə ki, araşdırma zamanı izahatı alınmış və hazırki iş üzrə də şahid qismində cəlb edilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 izahatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə daşıması, saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatına əsasən ondan və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Məlumat əsasında qeyd edilən tarixdə Nəsimi rayonu, İlqar İsmayılov küçəsində Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu qaçmağa cəhd göstərmiş və ehtiyatsızlıqdan yaxınlıqda olan işıq dirəyinə çırpılmışdır. Bunun təsirindən təqsirləndirilən şəxs yerə yıxılmış, sol gözünün yanı göyərmişdir. O və digər polis əməkdaşı onu döyməmişdir. Məhkəmə istintaqı zamanı isə Şahid1 şahid qismində ifadə verərək Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim etdiklərini, barəsində narkotik vasitələri üzərində saxlaması ilə bağlı əməliyyat məlumatının olduğunu bildirərək onu Nəsimi RPİ-nə dəvət etdiklərini bildirmiş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçmağa cəhd göstərməsi və qaçarkən yaxınlıqda olan işıq dirəyinə çırpılması ilə bağlı heç nə deməmişdir. Əksinə Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman üzündə xəsarətlər artıq var idi və ondan bu barədə soruşduqda bir gün əvvəl yaşadığı evin həyətində yıxıldığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 həm məhkəmə istintaqında həm də Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin şahidlərin məhkəmə istintaqı və Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı verdikləri ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmişdir. İttiham tərəfi sözü gedən xəsarətin Təqsirləndirilən şəxs iddia etdiyi şəkildə deyil, digər səbəblərdə yaranması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə bir daha xatırladır ki, Təqsirləndirilən şəxs tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 61.3-cü maddəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Polis Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı tutulmadan dərhal sonra şəxsə tutulmanın səbəbini, şübhənin mahiyyətini bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəlləsinin 90.7.5-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq hüquqları həyata keçirir. Məhkəmə istintaqı dövründə iş materiallarında olan şəxsi axtarış keçirilməsi barədə videoçəkilişə baxılan zaman müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisi orada iştirak etməmiş, bu fakt həmçinin, xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokolda da öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan baxış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Müdafiəçinin müdafiəçisi olduğu Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iştirak etmək istəməməsi barədə ərizə təqdim etməsi də qanunvericiliyə uyğun olmamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “qoyulması” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırkı işin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs saat 20:30-da saxlanılmış, üzərinə baxış isə iki saat sonra 22:30-da keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında iki saat vaxtın keçməsi həmin sübutun “qoyulması” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 247.3-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokol və şahid ifadələri sübut kimi qəbul edilə bilməz, onlar sübutların siyahısından çıxarılmalı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.2.-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması, istintaq və ya digər prosessual hərəkətlərin kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.Konstitusiyanın 63.2-ci maddəsinə əsasən Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən, təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə” obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X6rşı, § 32). Sadalanan qanunvericilik normalarından da məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri cinayət işi üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə əsasən, “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə cinayət törətmədə ittiham edilən hər kəs onun təqsiri qanun əsasında sübut olunanadək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutların mümkünlüyü məsələsini müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatlar, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda, onlar sübut kimi qəbul edilə bilər. Həmin maddə məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilə bilməməsini yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası Cinayət Prosessüal Məcəlləsinin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, hər bir sübutün mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini qiymətləndirib, toplanmış bütün sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 bükümdə, təmiz çəkisi 0,487 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşımasına dair irəli sürülmüş ittihamın təsdiq olunmasına kifayət etmir və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 0,437 qram olan narkotik vasitə - heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabından ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,437 qram təşkil edən narkotik vasitə heroin həmin narkotik vasitənin mənbəyinin müəyyən edilməsi ilə bağlı araşdırma tamamlananadək Nəsimi Rayon Polis İdarəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərini əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-33/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-33/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver