Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-33/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,442 qram çəkidə narkotik vasitə heroini və 0,894 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 14 aprel 2024-ci il tarixdə saat 11:30-da Nəsimi RPl-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 133 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,043 qram və 0,320 qram olmaqla ümumi təmiz çəkisi 0,422 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 01 bükümdə təmiz çəkisi 0,894 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və həmin vasitələri və maddələri tanımadığı şəxslərdən alır. Sonuncu dəfə o, 11 aprel 2024-cü il tarixdə axşam saatlarında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, adını bilmədiyi şəxsin bank hesabına həmin gün 160 manat pul köçürmüş və ona şəxsi istifadəsi üçün “kakos” kimi tanıdığı narkotik vasitə heroin, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin göndərməsini istəmişdir. Bundan sonra həmin şəxsin ona bildirməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına getmiş, məntəqənin yanında yerə atılmış sifariş verdiyi narkotik maddələri götürmüş və istifadə etməsi üçün üzərində saxlamışdır. 14 aprel 2024-cü il tarixdə saat təxminən 12 radələrində ünvan 4 ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan da özünü təqdim etməsini tələb etmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyini bildirib onu Nəsimi Rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsinə gətirilməmişdən əvvəl onu saxlayan polis əməkdaşlarından biri onun yaşadığı evdən mobil telefonunu və stolun üstünə qoyduğu elektron tərəzini gətirib ona vermişdir. Polis idarəsinə gəldikdən sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, daha sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, o, əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd “Magna” markalı siqaret qutusunu, sol ciblərindən 72,10 manat pul, 02 ədəd alışqanı, üzərində ***-***-**-** GSM nömrə olan bir ədəd “Samsung A40” markalı mobil telefonu, 01 ədəd elektron tərəzini, siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd və 01 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış keçirilmiş və əynində olan şalvarın sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə kütlə aşkar edilmişdir. Təqdim etdiyi 72,10 manat pul və bir ədəd siqaret qutusuna baxış keçirildikdən sonra iki ədəd alışqanla birlikdə ona geri qaytarılmışdır. Bundan sonra təqdim etdiyi həmin bükümlər açılaraq baxış keçirilmiş və içərisində nə olması soruşulduqda o, 02 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 01 ədəd şəffaf bükümdə isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, sonradan aşkar edilmiş bükümdəki kütlənin də “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, lakin onun çoxdan cibində qaldığı üçün unutduğunu bildirmişdir. Həmin maddələri onlayn şəkildə 160 manat ödəməklə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən 11 aprel 2024-cü il tarixdə şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə işə salıb göstərərək narkotik maddə aldığı zaman aldanmamaq üçün qramını tərəzi vasitəsilə çəkdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi mobil telefonun üzərində istifadə etdiyi mobil nömrəni bildirmişdir. Həmin bükümlər, bir ədəd mobil telefon, bir ədəd elektron tərəzi hər biri ayrı-ayrılıqda polis əməkdaşı tərəfindən boş zərflərə qoyularaq qablaşdırılmış və zərfin üzəri onun və digər iştrakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmiş, bu barədə heç kimin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin maddələrdən istifadə edə bilməmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı və polis idarəsinin inzibati binasında olduğu zaman ona fiziki zor və ya psixoloji təsir göstərilməmiş, qeyd olunan maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə pay verməmiş, sonuncu dəfə narkotik vasitə və psixotrop maddələri onlayn şəkildə əldə etdiyini şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilsə də, həmin şəxsin anket məlumatları barədə başqa bir məlumatı yoxdur. Həmin şəxsə məxsus sosial şəbəkə hesabını, bank hesabını və mobil telefon nömrəsini mobil telefonundan sildiyi üçün hazırda bunu xatırlamır. Özünü Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir. Bu səbəbdən də məhkəmədən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilməklə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 14 aprel 2024-cü il tarixdə “Asif” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi RPİ-nin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o, Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərarda göstərilən tədbirlərlə bağlı olaraq Şahid2la birlikdə ünvan 5 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Asif” adlı şəxsin gəldiyini görüb saat 11:30-da həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirib həmin şəxsin üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin inzibati binasındakı xidməti otaqların birində Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı Zaur Hacızadə tərəfindən müdafiəçi təyin edilmiş, həmin şəxsin üzərinə baxışın keçirilməsi zamanı video qeydiyyat aparması üçün mütəxəssis dəvət edilmişdir. Onun, Şahid2, təhqiqatçı Zaur Hacızadənin, müdafiəçi Fərhad Əliyevin və video qeydiyyata almaq üçün dəvət olunmuş mütəxəssisin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd “Magna” markalı siqaret qutusu, sol ciblərindən 72,10 manat pul, 02 ədəd alışqan, bir ədəd “Samsung A40” markalı mobil telefon, 01 ədəd elektron tərəzi, siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd və 01 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və əynində olan şalvarının sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə kütlə aşkar edilmişdir. Sonuncunun təqdim etdiyi 72,10 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bir ədəd siqaret qutusuna baxış keçirildikdən sonra iki ədəd alışqanla birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra təqdim etdiyi həmin bükümlər açılaraq baxış keçiriliş və içərisində nə olması ondan soruşulduqda Təqsirləndirilən şəxs 02 ədəd bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 01 ədəd şəffaf bükümdə isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, sonradan aşkar edilmiş bükümdəki kütlənin də “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, lakin onun çoxdan cibində qaldığı üçün unutduğunu bildirmişdir. Həmin maddələri onlayn şəkildə 160 manat ödəməklə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, adını bilmədiyi şəxsdən 11 aprel 2024-cü il tarixdə şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə işə salıb göstərərək narkotik maddə aldığı zaman aldanmamaq üçün qramını tərəzi vasitəsilə çəkdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi mobil telefonun üzərində istifadə etdiyi mobil nömrəni bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlər, bir ədəd mobil telefon, bir ədəd elektron tərəzi hər biri ayrı-ayrılıqda boş zərflərə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29-30); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.103-107); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ cibindən 01 ədəd elektron tərəzi, siqaretin gümüşü rəngli kağızına bükülmüş 03 ədəd narkotik vasitə heroinə və 01 ədəd psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq olunur (i.v.54-56); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/2005 saylı 15 aprel 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 186” dairəvi möhür əksi, “Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,043 qram, 0,320 qram, ümumi təmiz çəkisi 0,422 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent təkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,894 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisinin və bükümlərdə olan heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (i.v.63-66); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3172 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.155-156); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, iş üzrə istintaq əhəmiyyəti kəsb edən hər hansı hal aşkar edilməmişdir (i.v.154); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd narkotik vasitə heroin və 01 ədəd psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,332 qram narkotik vasitə heroin, 0,884 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına verilmişdir (i.v.161- 169); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 11 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 06 aya azaldılmış, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad edilmişdir, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün idarənin qeydiyyatından çıxarılmışdır (i.v.118-120); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan boz rəngli şalvarının sağ cibindən 01 ədəd elektron tərəzi, siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd və 01 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxarıb masanın üstünə qoyur, daha sonra onun üzərində axtarış keçirilir və əynində olan şalvarın sol cibindən 01 ədəd şəffaf sellofan bükümdə kütlə aşkar edilir və həmin bükümləri onlayn şəkildə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 160 manata aldığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin redaksiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,043 qram və 0,320 qram olmaqla narkotik vasitə heroini, 01 bükümdə təmiz çəkisi 0,894 qram psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onun üzərində tərəzinin aşkar edilməsi səbəb olmuşdur. Lakin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Bu izaha görə şəxsin üzərindən aşkar edilmiş bükümlərdə narkotik vasitənin, psixotrop maddənin və tərəzinin olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,422 qram narkotik vasitə heroin 03 ədəd bükümdə, təmiz çəkisi 0,894 qram kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 01 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz satış üçün narkotik vasitəni bükümlərə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt onların satışı ilə məşğul olmadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 bükümdə narkotik vasitə heroin və 01 bükümdə psixotrop maddə metamfetamin olsa da, o, həmin vəziyyətdə onları şəxsi istehlakı üçün əldə etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs ilə bağlı heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, sadəcə olaraq hadisənin təsadüfi axımı zəminində bu fakt aşkar olunmuşdur. Habelə, Təqsirləndirilən şəxs ambulator X2nın xx.xx.2024-cü il tarixli, 3172 saylı rəyinə görə opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranmış narkomaniya xəstəliyinin aşkar olunması bir daha ona dəlalət edir ki, o, belə maddələrin istifadəçisidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda tərəzinin aşkar edilməsi, həmçinin, narkotik vasitə və psixotrop maddənin 04 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal üzərində qurulmuş subyektiv xarakterli mülahizədir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,059 qram, 0,043 qram və 0,320 qram, ümumi çəkisi 0,422 qram olan narkotik vasitə heroini və təmiz çəkisi 0,894 qram psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlaması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xeyli miqdarı 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlaması kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, daşıma kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək əməlini səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3172 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,332 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,844 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yü on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,332 qram narkotik vasitə heroin, 0,844 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-33/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-33/2025
06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver