Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-330/2024 24.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi X5də aparıcı mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:35-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində 10-15 km/saat sürətlə hərəkətdə olduğu zaman sola dönmə əməliyyatı edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli və hadisənin qarşısını texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək həmin vaxt yerüstü piyada keçidini soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurması nəticəsində ehtiyyatsızlıqdan sonuncunun burun sümüyünün yerdəyişməyən sınığı, xış sümüyünün və əng sümüklərinin orta xətt üzrə alveol çıxıntılarının qəlpəli sınıqları, başın təpə nahiyəsinin sağ yarısının dərialtı hematoması, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, yuxarı çənənin sağdan 1-2-ci və yuxarı çənənin soldan 1-ci dişlərinin itirilməsi ilə nəticələnən travmatik çıxıqları, üst və alt dodaqların əzilmiş yaraları, çənə və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşayət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən BC dərəcəli sürücük vəsiqəsi ilə avtomobil idarə edir. “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:35 radələrində o, idarə etdiyi “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində hərəkətdə olarkən, yəni yolun sol istiqamətinə dönən avtomobillər üçün işıqforun yaşıl işığında avtomobili idarə edərkən yerüstü piyada keçidini keçən piyada qadını görüb əyləci sıxmış, lakin hadisənin qarşısını ala bilməmiş, avtomobilin sağ tərəf bamperi piyada qadına dəydiyi üçün piyada yerə yıxılmışdır. Həmin vaxt piyadalar üçün də işıqforun yaşıl işığı yanmışdır. O, dərhal avtomobili saxlamışdır. Həmin an onun avtomobilinin arxasınca hərəkətdə olan “Hyundai Accent” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. O, dərhal avtomobildən yerə düşmüş, qadına yaxınlaşıb onun ayağa qalxmasına köməklik edib avtomobilə əyləşdirmiş və onu X4 Xəstəxanasına aparmışdır. Daha sonra sonradan adının Şəms olduğunu bildiyi həmin qadın “Ege” Hospitalına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə həmin qadın xəstəxanadan evə buraxılmışdır. Yol-nəqliyyat hadisəsi baş verməzdən əvvəl o, avtomobili təxminən 10-15 km/saat surətlə idarə etmişdir. O, yol nəqliyyat hadisəsi baş verən zaman və hadisədən əvvəl ayıq olmuşdur, spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman onun idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. O, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospekti istiqamətində hərəkətdə olan zaman piyadanı görməmiş, avtomobil piyadaya dəyən an piyadanı görmüş, əyləci həmin an sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, xəsarət almamışdır. “Hyundai Accent” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin arxa hissəsindən vurması ilə bağlı ona təxminən 3000 manat dəyərində maddi ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxslə barışıq üçün dəfələrlə cəhd etməsini, dəymiş zərərin əvəzi kimi 15000 (on beş min) manat məbləğində pul verməyə hazır olduğunu və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 21:35-də Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində işıqforun piyadalar üçün yaşıl işığında yerüstü piyada keçidini keçərkən piyada keçidində ağ rəngli Prado markalı avtomobil onu vurmuş və o, yerə yıxılmışdır, huşunu itirmişdir. Bir neçə saat sonra isə o, ayılanda görmüşdür ki, X4 Xəstəxanasındadır. Daha sonra onu Ege Hospitalına köçürmüşlər. O, 4 gün Ege Hospitalında müalicə almış, xx.xx.2024-cü il tarixdə o, xəstəxanadan evə buraxılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində burnu sınmışdır, üç ədəd dişi sınmışdır, damağı sınmışdır, damağı əməliyyat olunub və damağına süni sümük əkilmişdir, hər iki diz nahiyəsi zədələnmişdir. O, sonradan bilmişdir ki, Prado markalı avtomobilin sürücüsü onu xəstəxanaya çatdırmışdır. O, yerüstü piyada keçidini keçən zaman Prado markalı avtomobil onu vurmuş və o, yerə yıxılmışdır. Hadisədən əvvəl o, həmin avtomobili görməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəx Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs az ağır xəsarətlər almış, dəfələrlə əməliyyatlar keçirmiş, bu vaxta kimi müalicəsinə 17000 manat pul xərcləmiş, lakin müalicəsi hələ də davam edir və hesab edir ki, müalicəsinə ümumilikdə 30000 manat xərci çıxacaq. Odur ki, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın əvəzi olaraq ödənilməsi təklif olunan 15000 manat məbləğlə razı deyil və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, onun “Hyundai Accent” markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o, BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 21:35-də o, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Hyundai Accent” markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsindən sola yəni Vaqif prospektinə dönmə əməliyyatı edən zaman onunla eyni zolaqda qarşısında hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını sonradan gördüyü “Toyota” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil ani olaraq tormoz vermiş, bu zaman o, tormoz versə də, avtomobili saxlaya bilməmiş, avtomobilinin ön hissəsi ilə Toyota markalı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermişdir. O, avtomobili saxlayıb avtomobildən düşmüş, ona məlum olmuşdur ki, Toyota markalı avtomobilin sürücüsü piyada keçidini keçən piyadanı avtomobillə vurmuşdur. Daha sonra Toyota markalı avtomobilin sürücüsü həmin piyadanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Daha sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər, avtomobilinə baxış keçirmişlər, bundan sonra o, avtomobilini sürüb getmiş, hazırda o, avtomobilini təmir etdirmişdir. O, təhlükəni baş verdikdən sonra görmüşdür. O, hadisə baş verən an avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. Baş vermiş hadisə ilə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmiş, xəsarət almamışdır. O, yol-nəqliyyat hadisəsi baş verən zaman və hadisədən əvvəl ayıq olmuş, spirtli içki qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində baş vermişdir (i.v.5-9); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və idarə sistemi, tormoz sistemi, işıq sistemi, hər təkərin şinində havanın təzyiqi normal vəziyyətdədir, avtomobilin arxa kapotu, (baqaj) arxa bamperi (bufer), ehtiyyat təkərin saxlandığı hissə zədələnmişdir. Arxa radar bamperin üzərində olan xram qaş zədələnib yararsız hala düşmüşdür (i.v.17-19); - Yol-nəqliyyat hadisəsi baş vermiş yerin yaxınlığında quraşdırılmış TŞ-6-008 nömrəli videogörüntü qurğusundan götürülmüş kamera görüntülərinin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, videogörüntünün 16-cı saniyəsində Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində olan işıqforun sola və düzünə istiqamətində qırmızı işıq yanır, videogörüntünün 01 dəqiqə 04-cü saniyəsində Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində olan işıqforun sola və düzünə istiqamətində yaşıl işıq yanır, avtomobillər düzünə və sola istiqamətdə hərəkətə başlayırlar, kəsişmədə olan yerüstü piyada keçidi ilə piyadalar hərəkətə başlayırlar. Videogörüntünün 01 dəqiqə 38-ci saniyəsində Zərərçəkmiş şəxs piyada keçidini keçməyə başlayır, videogörüntünün 01 dəqiqə 41-ci saniyəsində ağ rəngli “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada Zərərçəkmiş şəxs vurur, Zərərçəkmiş şəxs yerə yıxılır, həmin an “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanır və arxadan gələn Hyundai Acent markalı **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobil “X6 Prado” markalı avtomobilin arxa hissəsindən vurur. Daha sonra Zərərçəkmiş şəxs “X6 Prado” markalı avtomobilə əyləşdirirlər və avtomobilin sürücüsü avtomobili hərəkətə gətirərək sürüb gedir; - BB001964 nömrə və seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir və xx.xx.2031-ci il tarixədək etibarlıdır (i.v.28); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.45); - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024-cü il tarixli, 420 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər: burun sümüyünün yerdəyişməyən sınığı, xış sümüyünün və əng sümüklərinin orta xətt üzrə alveol çıxıntılarının qəlpəli sınıqları, başın təpə nahiyəsinin sağ yarısının dərialtı hematoması, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, yuxarı çənənin sağdan 1-2-ci və yuxarı çənənin soldan 1-ci dişlərinin itirilməsi ilə nəticələnən travmatik çıxıqları, üst və alt dodaqların əzilmiş yaraları, çənə və hər iki diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün “EGE Hospital” Klinikasına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v.47-50); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 02 may 2024-cü il tarixli 8/1144 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən X6 Prado markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun piyadanın vurulması hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən X6 Prado markalı **-MA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs toqquşma hadisəsinin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Hyundai Accent markalı **- TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun toqquşma hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.57-58); - “Zərərçəkmiş şəxsin nümayəndəsini tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə zərərçəkmiş şəx Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. (i.v.64); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.100); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd CD disk sübut kimi tanınmış, “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və həmin avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v.104-109); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələrinə, ekspert rəylərinə və digər yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməyə və onunla barışmağa cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “X6 Prado” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-330/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-330/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver