Məhkəmə qərarları › İş №1(006)-331/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-331/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-331/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1 Müdafiəçi: Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Türkmənistan Respublikasının Mari şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı şəhəri, N.Nərimanov küçəsi, ev 30-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan patron darağı və döyüş sursatı olan patronları əldə edib özündə saxlamaqla daşımış, 29 mart 2022-ci il tarixdə, saat 14:25-də Bakı şəhəri, Ş.Əzizbəyov ilə M.Qaşqay küçələrinin kəsişməsində onları əlində olan çantasında gəzdirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman qara rəngli çantanın içərisindən texniki cəhətdən saz vəziyətdə, atəşə yararlı, hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə və dəyişiklik edilməmiş ********* nömrəli, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silahı, bir ədəd texniki cəhətdən saz və istifadəyə yararlı vəziyyətdə 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan darağı və 25 ədədi 2013-cü ildə zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi 1980-cı, 04 ədədi 1991-ci illərdə zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan istifadə etmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı döyüş sursatları olan 30 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, müxtəlif içkilərin metal və sair qablarını məişət tullantıları olan yerdən yığıb aiddiyyəti üzrə təhvil verərək özünə gündəlik qazanc əldə edir. 29 mart 2022-ci il tarixdə, saat 11-12 arası köhnə “Qarabağ” mehmanxanasının yerində olan “Euro Home” bazarının yaxınlığında zibil qutusundan qeyd etdiyi əşyaları axtararkən qara rəngli çantada silah tapmış və onu polisə təqdim etmək istəmişdir. Bu məqsədlə o, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi ilə digər zibil qutularına baxıb piyada gedərkən M.Qaşqay küçəsinin kəsişməsinə polis əməkdaşı olan iki nəfər şəxs onu saxlayaraq 22-ci polis şöbəsinə gətirmişlər. Orada çantaya baxış keçirilmiş və onun içərisindən güllü parçaya bükülmüş bir ədəd qara rəngli tutacağı olan “Kalaşnikov” markalı avtomatı silahı və bir ədəd içərisi güllə ilə dolu avtomat darağı aşkar edilmişdir. Onun silahdan hər-hansı başqa məqsədlə istifadə etmək niyyəti olmamış, ümumiyyətlə o, silahla davranmağı bacarmır. İİ dərəcəli əlildir, bir ayağı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, “Yalçın” adlı şəxsin qanunsuz olaraq odlu silahı əldə etməsi, üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün iş yoldaşı Şahid2 ilə birlikdə 29 mart 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov və M.Qaşqay küçələrinin kəsişməsinə gəlmiş, saat 14:25-də zahiri əlamətləri “Yalçın” adlı şəxsə oxşar bir nəfəri görüb ona yaxınlaşmış, məsələ barədə ona məlumat verib onu şöbəyə dəvət etmişlər. Orada saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, onun əlində olan qara rəngli çantanının içərisindən üzəri güllü parçaya bükülmüş, açılıb bağlanan, tutacağı olan avtomat silaha bənzər predmet və bir ədəd qəhvəyi rəngdə içərisi güllə ilə dolu daraq aşkar olunmuşdur. Sorğu-sual zamanı Yalçın bildirmişdir ki, bu çantanı həmin günü saat 11 radələrində şöbədən 300-400 metr aralıqda olan “Euro Home” bazarının yaxınlığında olan zibil qutusundan tapıb. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/269R saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş ********* №li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 30 ədəd patrondan 25 ədədi, 2013-cü ildə zavod üsulu ilə Azərbaycan Respublikasında, 01 ədədi 1980-cı, 04 ədədi 1991-ci illərdə zavod üsulu Rusiya Federasiyasında istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu (İ cild, i.v.63-69); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla 01 ədəd 7,62 mm kalibrli, ********* nömrəli zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 27 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.119-124); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-3673-1222 saylı məktubuna əsasən 01 ədəd 7,62 mm kalibrli ********* nömrəli “Kalaşnikov” konstruksiyalı, AK-103 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (İ cild, i.v.104); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.105); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-180/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.97-100); - “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il və xx.xx.2010-cu il təvəllüdlü iki övladı var, həmçinin o, İİ qrup əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs ondan aşkar olunmuş silah, onun komplekt hissəsi və döyüş sursatının guya saxlanılmamışdan (saat 14:25-də) bir neçə saat əvvəl (saat 11-12 radələrində) məişət tullantıları olan yerdən tapması və onları da dərhal polisə təhvil vermək istəməsi barədə ifadəsində göstərdiyi xüsusat məhkəməyə inandırıcı görsənmir. Çünki Təqsirləndirilən şəxs bu əşyaları polisə təhvil vermək fikrində olsa idi, onun bu barədə aidiyyəti üzrə dərhal məlumatın verməsi, yaxud təxirəsalınmadan, vaxt itkisinə yol vermədən onları heç də hadisə yerindən çox uzaqda olmayan (təxminən 300- 400 metr) polis orqanına gətirib təqdim etməsi mümkün idi və bunun üçün də 2-3 saat tələb olunmurdu (təqsirləndirilən şəxsin öz sözlərinə əsasən qeyd olunan əşyaların tapılması ilə saxlanılması arasında ən azı bu qədər vaxt olub). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının, habelə özünün də əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli, ********* nömrəli zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 27 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 12 saat üçün nəzərdə tutulan 72 manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, 01 ədəd 7,62 mm kalibrli, ********* nömrəli zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş, AK-103 modelli, “Kalaşnikov” konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı odlu döyüş silahı, 27 ədəd patron (7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patronlar) və 01 ədəd texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar