Məhkəmə qərarları › İş №1(006)-332/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-332/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-332/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1994-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə Türkiyə Respublikası vətəndaşı X2 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin plastik qapısını özündə olan istintaqa məlum olmayan vintaçanla təzyiq göstərib açaraq qanunsuz daxil olub mənzilin yataq və qonaq otağından X3 məxsus 01 ədəd 450 manat dəyərində “ASUS” markalı noutbuk tipli kompüteri, 01 ədəd 650 manat dəyərində “Molten” markalı sistem bloku, 01 ədəd 80 manat dəyərində “Compaq” markalı “2021 a” modelli monitoru, 01 ədəd 5 manat dəyərində “Limenje” markalı klaviaturanı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10 manat dəyərində kompüterə aid siçanı, 01 ədəd 20 manat dəyərində noutbuk tipli kompüterin çantasını, 01 ədəd 35 manat dəyərində diyircəkli çemodanı və hər birinin dəyəri 100 manat təşkil edən, ümumilikdə 200 manat dəyərində kişi gödəkçəsini gizli olaraq talamaqla zərərçəkmiş şəxs X3 ümumilikdə 1450 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 30 yanvar 2021-ci il tarixdə saat 21 radələrində ünvan 4-də yaşayan qonşusunun evinin yanından keçərkən mənzilinin işığının yanmadığını görüb, evdə kimsənin olmadığını fikirləşərək mənzildən oğurluq etmək qərarına gəlmişdir. Həmin mənzil 5 mərtəbəli binanın 1-ci mərtəbəsindədir, o həmin mənzilə binanın blok tərəfindən olan girişindən deyil, arxa tərəfdən baxçaya tərəf olan giriş qapısından içəri daxil olmaq üçün gələrək ətrafa göz gəzdirib kimsənin olmadığına əmin olduqda yerdən tapdığı dəmir metaldan olan köhnə vint açanla mənzilin plastik qapısına təzyiq edərək qapını açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqda evdə heç kimin olmadığına əmin olmuş, o, mənzilin yataq otağından çarpayının üzərində olan «ASUS» firmasına məxsus notbuku, qonaq otağında stolun üstündə olan PC kompüter dəstini götürərək həmin əşyaları evdə olan çemodana qoyaraq gəldiyi yolla evdən çıxmışdır. O, oğurladığı PC kompüteri və notbuku tanışı Mirsalmanın yaşadığı ünvana gətirmiş, Mirsalmana oğurladığı əşyaları yerləşdirməyi xahiş etmiş, sonuncu ondan çemodanda nə olduğunu soruşduqda, cavabında isə həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Növbəti gün, Mirsalman yenidən axşam ondan gətirdiklərinin nə olduğunu soruşduqda sonuncu çemodanda ona məxsus kompüter olduğunu və onu yaşadığı ünvandan gətirdiyini Mirsalmana deyərək, sonuncunun köməkliyi ilə yəni, onun şəxsiyyət vəsiqəsi ilə bir ədəd “Asus” markalı noutbuk və bir ədəd PC kompüter dəstini aparıb sataraq pul əldə etməyi təklif etmişdir. Mirsalman onunlaq razılaşmış və birlikdə 28 may metrosunun yaxınlığına göy rəngli Mersedes C 200 markalı, **-FS-*** dövlət nömrə nişanlı taksi ilə gəlmişlər. Orada o, bir neçə dükana PC kompüter dəstini təklif etmiş, lakin alan olmadığı üçün, digər mağazada satıcı işləyən adını sonradan öyrəndiyi Razim adlı şəxsə PC kompüter dəstini 500 manata təklif etmiş, Razim isə həmin kompyuterə 450 manat pul verə biləcəyini bildirmiş, o, həmin qiymətlə razılaşmış, Razim kompüteri şəxsiyyət vəsiqəsi ilə ala biləcəyini dedikdə, Mirsalman şəxsiyyət vəsiqəsini evdə qoyduğu üçün o, taksi ilə yenidən evə qayıdaraq şəxsiyyət vəsiqəsini götürüb gəlmiş, şəxsiyyət vəsiqəsinin surətini və mobil nömrəsini Razimə vermiş, o, 450 manat pulu almış, birlikdə oradan həmin taksi ilə uzaqlaşmışlar. O, taksi sürücüsünə pulun əvəzinə notbuku təklif etdikdə sürücü onunla razılaşmışdır və o, ünvan 4 ünvanından oğurladığı Asus markalı noutbuku yol haqqının əvəzinə taksi sürücüsü Şahid2 yol haqqının əvəzinə vermişdir. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi cinayəti səmimi etiraf edərək peşman olduğunu, dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini, ona qarşı heç bir tələb və iradının olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 5 ünvanında yerləşən «MOON» telekom mağazasında proqramçı vəzifəsində çalışır, 31.01.2021-ci il tarixdə axşam saatlarında işlədiyi «MOON» telekom mağazasında olarkən əvvəllər tanımadığı bir nəfər adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs mağazaya gələrək PC (masa üstü) kompüter satdığını bildirdiyini, o, isə almaq istədiyini deyərək kompüterə baxmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs PC masa üstü kompüteri gətirmiş, o, kompüteri yoxladıqdan sonra, həmin kompüterə 450 (dörd yüz əlli) manat qiymət təyin etmiş və Təqsirləndirilən şəxs də onunla razılaşmışdır. O, kompüteri yalnız şəxsiyyət vəsiqəsinin surəti ilə ala biləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs mağazadan çıxaraq 5 dəqiqə sonra qayıdıb, şəxsiyyət vəsiqəsinin surətini bir azdan gətirəcəklər deyərək kompüterin yanında mağazada gözləmişdir. Təxminən 40 dəqiqə sonra adını sonradan öyrəndiyi Şahid1 mağazaya gələrək şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs vermiş, Fərid də həmin şəxsiyyət vəsiqəsinin surətini ona tərəf uzatmış, sonuncu isə həmin şəxsiyyət vəsiqəsinin surətinin Şahid1 məxsus olduğunu öyrənmişdir. Bundan sonra həmin şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə «mənə məxsus PC kompüteri 450 (dörd yüz əlli) manata satdım» sözlərini Təqsirləndirilən şəxs yazdırmış və Təqsirləndirilən şəxs 450 (dörd yüz əlli) manat pul vermiş və Təqsirləndirilən şəxs ilə Şahid1 mağazadan çıxaraq oradan uzaqlaşmışlar. O, aldığı kompüterin oğurluq olduğunu bilmədiyini, lakin 01.02.2021ci il tarixdə Nəsimi RPİ-nin əməkdaşları işlədiyi mağazaya yaxınlaşaraq, 31.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs 450 (dörd yüz əlli) manata aldığı PC kompüterin polislər yaxınlaşdıqda oğurluq olduğunu bilmişdir. Həmin PC kompüterin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Əgər həmin PC kompüterin oğurluq olduğunu bilsəydi, Fəriddən onu almazdı. Fərid onu inandırmışdır ki, həmin PC kompüter özünə məxsusdur, oğurluq olduğunu bilməmişdir. Şahid2 10 iyun 2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X3 məxsus 01 ədəd «Asus» markalı noutbuk, 01 ədəd stol üstü kompüter dəsti (COMPAQ markalı monitor, MOLTEN markalı processor, LİMENJE markalı klaviatura, 01 ədəd siçan, 01 ədəd noutbuk sumkası, 01 ədəd göy rəngli diyircəkli çemodan) maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün qanuni sahibinə verilməsi barədə qərar qəbul olunmuşdur (i/v 92). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 44). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması barədə” Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən qəbul olunmuş 04 fevral 2021-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə olunmasından imtina olunmuşdur (i/v 81-83). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 84-85). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 90). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 9/695 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “ASUS” markalı noutbuk və 01 ədəd PC kompüter dəstinin (COMPAQ markalı monitor, MOLTEN markalı processor, LİMENJE markalı klaviatura, 1 ədəd siçan) 2021-ci ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri hesablama yolu ilə təxminən 1185,00 manat müəyyən edilir. Həmin məhsulların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilərək bu cür qiymətləndirilmişdir: ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 01 ədəd istifadədə olmuş “ASUS” markalı İntel Core i7, Nvdia Geforce GT 2GB xüsusiyyətli notbuk 450,0 manat, 01 ədəd istifadədə olmuş üzərində “Molten” sözləri olan İntel Core i7, Nvdia Gefotce GTX 1070, 12 GB Ram xüsusiyyətli sistem blok, 650.0 manat, 01 ədəd istifadədə olmuş “Compaq” markalı “S2021 a” modellin monitor 80,0 manat, 01 ədəd istifadədə olmuş “Limenje ” klaviatura 5,0 manat (i/v 99-102). İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 18.04.2021-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.04.2021-ci il tarixdə saat təxminən 16:30 radələrində Yasamal rayonu, 38 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə gətirilmişdir (i/v 110). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-169/2021 saylı 20.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i/v 138-141). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın tam həcmdə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 02 (iki) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 18, mənzil 23 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, ondan ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “ASUS” markalı noutbuk tipli kompüter, 01 ədəd “Molten” markalı sistem blok, 01 ədəd “Compaq” markalı “2021a” modelli monitor, 01 ədəd “Limenje” markalı klaviaturanın sahibi X3 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-332/2021 saylı, 07 may 2021-ci il tarixli qərara əsasən 07 may 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) ay, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 18, mənzil 23 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “ASUS” markalı noutbuk tipli kompüter, 01 ədəd “Molten” markalı sistem blok, 01 ədəd “Compaq” markalı “2021a” modelli monitor, 01 ədəd “Limenje” markalı klaviaturanın sahibi X3 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar