Məhkəmə qərarları › İş №1(006)-332/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-332/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-332/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1965-ci ildə Bərdə şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2nvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,852 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 19 aprel 2022-ci il tarixdə, saat 17:00-da Nəsimi RPİ-nin 19-cu PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 4 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli gödəkçənin sol iç cibindəki gümüşü rəngli siqaret kağızına bükülmüş kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, heç bir Ruhi-Əsəb dispanserdə qeydiyyatda deyil, evlidir, heç yerdə işləmir. Mədəsi xroniki olaraq xəstədir. Xəstəliyi ilə bağlı narkotik vasitədən istifadə edir. Narkotik vasitənin istifadəsinə təzəliklə başlamışdır. Əsasən də “kokos” adlandırılan heroindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlı ərazidən tanımadığı şəxsdən 3 manat pul müqabilində bir büküm “kokos” deyilən narkotik vasitə heroini özü istifadə etmək üçün almışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ünvan 5 ünvanın qarşısında “Yeganə” şadlıq sarayının yanında olarkən, ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olduğu üçün onu PŞ-nə dəvət etmişlər. O da polislərlə birlikdə PŞ-nə getmişdir. Polis şöbəsində olarkən onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş və o həmin vəkilə etirazı olmadığını bildirmişdir, bundan sonra isə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyi təklif olunmuşdur. O göy rəngli gödəkçənin sol iç cibindən həmin gümüşü rəngli siqaret kağızına bükülmüş kakosu, şalvarının sağ yan cibindən 1 ədəd “Classik” markalı siqaret qutusunu və 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Ondan üzərində başqa hər hansı əşya olub-olnaması soruşulmuş və o başqa hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmış, lakin, hər hansı əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş əşyaların nə olması, haradan və nə məqsədlə əldə etməyi barədə suallar verilmişdir. O həmin gümüşü rəngli siqaret kağızına bükülmüş kakosu qeyd etdiyi kimi həmin gün Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlı ərazidən tanımadığı şəxsdən 3 manat pul müqabilində, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin, digər əşyaları da təqdim etmiş və iş üçün əhəmiyyət kəsb etmədiyi üçün həmin alışqan və “Classik” markalı siqaret qutusu özünə geri qaytarılmışdır. Bundan sonra üzərindən aşkar edilmiş gümüşü rəngli siqaret kağızına bükülmüş kakosu ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürüləcəyi bildirilmişdir. Aşkar edilmiş narkotik vasitə boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra içərisinə qoyularaq, qablaşdırılmış və möhürlənmiş, eləcə də, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildikdən sonra isə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, yaşını və ağır xəstə olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə Məhərrəm adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Məhərrəm adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi tərəfindən razılıq verilmişdir. Eyni zamanda həmin tarixdə həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Məhərrəm adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır və həmin qrupa Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 də daxil edilmişdir. “Məhərrəm” adlı şəxsin cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 4 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2022-ci il tarixdə saat 16:00-da Şahid2 ilə birlikdə ünvan 5 ünvanın qarşısında olmuşdurlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 17:00-da əməliyyat məlumatında göstərilən “Məhərrəm” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşdurlar. Həmin şəxs adının Məhərrəm olduğunu bildirmişdir. O və Şahid2 həmin şəxsə özlərini təqdim etmiş və üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə PŞ-nə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişdirlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Polis şöbəsində təhqiqatçı Elşad Vəliyevin xidməti iş otağında Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üstünə şəxsi axtarış aparılacağı bildirilmiş, o da etiraz etməmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş və masanın üzərinə qoyulmuşdur. Həmçinin, şalvarının sağ yan cibindən “Classik” markalı siqaret qutusu və alışqan da aşkar edilmiş, lakin, həmin siqaret qutusu və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə sonradan geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ və sol yan ciblərinə, eləcə də, arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan göy rəngli gödəkçəsinə baxılmış, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, sonuncu da ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmiş və ona ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər kütlənin el içində “Kokos” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, üzərində özü istifadə etmək üçün gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə “Xutor” adlı ərazidə tanımadığı şəxsdən 3 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 187 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 da iş üzrə Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nin təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş və Nəsimi Rayon Polis İdarəsinin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis qismində dəvət olunmuş X3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, 19 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sol iç cibindəki gümüşü rəngli siqaret kağızına bükülmüş kustar üsulla hazırlanmış 01 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur (i/v 45-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2245 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №187” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,852 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 55-58). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 0,852 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və 0,802 qram qalıq hissəsinin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 107-108). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 2518 A nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 120-121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə 04 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Halhazırda məhkumluğu yoxdur (i/v 103-105). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-230/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 22, 94-97). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 110 (yüz on) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,802 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,802 qram olan narkotik vasitə heroin məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar