Məhkəmə qərarları › İş №1(006)-332/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-332/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-332/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci ildə Naxçıvan MR-nın Kəngərli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Kəngərli rayonu Yurdçu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Belə ki, o, 15 mart 2023-cü il tarixdə saat 11:06-da texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısından keçən quru, asfaltbeton örtüklü yolda 15-20 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək yolu sağ tərəfdən sol tərəfə keçən piyada X1 avtomobilin ön tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun onurğasının Xİİ döş fəqərəsinin cisminin fəsadlaşmamış sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin qançır-şişkinlik halında əzilməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa «Toyota Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisədən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yolnəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sürücülük məktəbini oxuyub imtahan verməklə «BC» kateqoriyalı sürücülük vəsiqəsi almışdır. «Toyota Prius» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, həmin avtomobillə «Uber» və «Bolt» taksi şirkətləri ilə müqavilə əsasında taksi işləmişdir. 15 mart 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində «Toyota Prius» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsil ilə Nərimanov rayonu Təbriz küçəsi istiqamətində idarə etməklə aldığı sifariş əsasında tanımadığı müştərini ünvana apararkən 170/9 ünvanının qarşısından keçən bir tərəfli, yoxuşlu yolda avtomobili 15-20 km/saat sürətlə üzüyuxarı istiqamətdə idarə etmiş, təxminən 1,5-2 metr məsafədən əlində əsa olan piyada qadının yolu sağdan sola keçmək üçün asfalt yola çıxmasını görmüş və məsafə yaxın olduğundan onu vurmamaq üçün avtomobilin tormoz əyləcinə ayağını atmışdır. Bu anda avtomobilin qabaq tərəfi qadına yüngülcə toxunduğuna görə o, asfalta yıxılmışdır. Bundan sonra avtomobili saxlayıb yerə düşərək piyada qadının yanına gəlmiş, ona xəstəxanaya getməsi ilə bağlı təklif etmişdir. Lakin piyada qadın «istəmirəm», «Sevdanı çağırın» deyərək qışqırmağa başlamışdır. Həmin qadının qışqırtısına ora 5-10 nəfər tanımadığı adamlar gəlmişlər. O, qadının tibbi yardım alması ilə bağlı xəstəxanaya getməkdən imtina etdiyini görüb avtomobilə əyləşmiş və yoluna davam edərək müştərini ünvana aparmışdır. 15 mart 2023-cü il tarixdə axşam saatlarında onu Nəsimi rayon polis idarəsinə dəvət etdikdən sonra məlum olmuşdur ki, avtomobillə vurduğu qadın xəstəxanaya müraciət etdiyinə görə polis idarəsinə məlumat gəlmiş və araşdırma aparılır. Sonra o, polis əməkdaşları ilə hadisə yerinə gələrək baxış keçirilməsində iştirak etmişdir. Daha sonra «Toyota Prius» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, onun sərxoşluq vəziyyətində olub-olmaması yoxlanılmışdır. Hadisə baş verəndən dərhal sonra piyada Zərərçəkmiş şəxs onu xəstəxanaya aparmaqla bağlı təklif etmiş, piyadanın hər hansı bir xəsarət almadığını görüb avtomobilə əyləşib oradan getmiş, ilk dəfə yol-nəqliyyat hadisəsinə düşdüyünə görə təcrübəsizlikdən baş vermiş yol-nəqliyyat hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin bütün tibbi xərclərini ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və iddiasının olmamasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini, həmin Məcəllənin 264-cü maddəsi ilə ona qanunvericlikdə müəyyən edilmiş ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tarixdə saat 11 radələrində poliklinikaya getmək üçün taksi sifariş vermiş, ünvana gəlmiş taksi avtomobilinə əyləşmək məqsədilə evdən çıxaraq yaşadığı Ş.Əzizbəyov küçəsində, yolun yoxuşlu hissəsində bir qədər irəlidə və əks tərəfdə dayanmış avtomobilə tərəf əsa ilə hərəkət edərək normal yerişlə və çəpinə istiqamətdə asfalt yolu sağdan sola keçməyə başlamış, həmin vaxt birtərəfli hərəkət zolağına malik asfalt yol boş olmuş, anidən həmin yolla aşağıdan yuxarıya tərəf hərəkətdə olan «Toyota Prius» markalı avtomobil gəldiyi sürətlə də onun sol tərəfindən vuraraq asfalta yıxılmasına səbəb olmuşdur. Bu zaman bədəninin sol və sağ tərəflərindən xəsarət almışdır. Hadisədən sonra «Toyota Prius» markalı avtomobilin sürücüsü avtomobilini saxlayaraq yerə düşüb ona yaxınlaşmış və ondan xəsarət alıb-almamasını, tibbi yardıma, xəstəxanaya getməsinə ehtiyacının olub-olmamasını soruşmadan onu yıxıldığı yerdən götürərək yolun kənar tərəfinə aparıb asfaltın üzərinə qoymuş və avtomobilinə əyləşərək oradan çıxıb getmişdir. Hadisə nəticəsində aldığı xəsarətlərin ona verdiyi ağrılara görə səs-küy salmağa başlamış, bu zaman ətrafa tanmadığı adamlar yığışmış, sonradan kimsə telefonla təcili tibbi yardıma zəng vurduğundan hadisə yerinə gəlmiş təcili tibbi yardım həkimləri onu X9 aparmışlar. Orada tibbi yardım aldıqdan və sınıqlarına gips qoyulduqdan sonra müalicəsini davam etdirmək üçün evinə gətirilmiş, ev şəraitində müalicə almışdır. Hal-hazırda onun xəsarət alması ilə əlaqədar çəkdiyi xərclər təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 may 2023-cü il tarixli 3-13-16/2-69207/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə BD 016252 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmayıb (i/v 73). İş materiallarında olan «Mobil notariat» tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş 23 yanvar 2023-cü il tarixli 7E-1803 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, «Toyota Prius» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmək üçün 24 yanvar 2024-cü il tarixə kimi Təqsirləndirilən şəxs etibar edilmişdir (i/v 23). İş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətnin TŞ 3-138 nömrəli kameralarının xx.xx.2023-ci il tarixli saat 11:05-dən 11:15-dək müddətdəki görüntülərinin qeydə alındığı 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:06 dəqiqə 11 saniyədə Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 170/9 ünvanında piyadanın yaşayış binasından çıxaraq piyada səki yolunu, daha sonra isə asfalt yolu normal yerişlə yoxuşlu yolda sağdan sola çəpinə istiqamətdə hərəkət etməsi, saat 11:06 dəqiqə 32 saniyədə «Toyota Pirus» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoxuşlu yolda yuxarı istiqamətdə hərəkət etməsi, piyadanın yolun hərəkət hissəsinin sol kənarına çatmasına az qalmış həmin avtomobillə vurularaq arxası üstə asfalta yıxılması, bundan sonra asfaltda nəqliyyat vasitələrinin hərəkətinin dayanması, «Toyota Pirus» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ və sol qapılarının açılaraq oradan iki nəfərin avtomobildən düşərək asfalata yıxılıb qalmış piyadaya yaxınlaşması, daha sonra hadisə yerinə ətrafdan adamların yığışması, piyadanın yolun hərəkət hissəsinin sağ kənarına çəkilərəq yerdə qalması, saat 11:09 dəqiqə 46 saniyədə «Toyota Pirus» markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətə başlayaraq hadisə yerindən getməsi, saat 11:15-dək olan kadrlarda piyadanın asfaltda qalması məlum olmuşdur (i/v 39). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 xx.xx.2023-cü il tarixli, 326 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - onurğanın Xİİ döş fəqərəsinin cisminin fəsadlaşmamış sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin qınçırşişkinlik halında əzilməsi bəpk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün X9 müraciət etdiyi və qərarın tesviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hisəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əməə gələ bilməsi mümkündür (i/v 27-30). İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 47). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2023cü il tarixli, 8/1051 nömrəli rəyindən görünür ki, «Toyota Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 45-46). İş materiallarında olan 15 mart 2023-cü tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla ünvan 2 ünvanının qarşısından keçən yolda piyada Zərərçəkmiş şəxs «Toyota-Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması faktı təsdiq olunmuşdur (i/v 8-15). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, «Toyota-Prius» markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və qanuni sahibində olması nəzərə alınmışdır (i/v 136-139). İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 84). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 4(006)-308/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyun 2023-cü il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (i/v 135). İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur (i/v 101). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixli X6 adlı bir azyaşlı uşağı vardır (i/v 102). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Gələcəkdə də heç bir şikayəti və tələbi olmayacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün qismən etirafı, zərərçəkmiş şəxsin verdiyi ifadəsi ilə və digər iş materialları ilə onun yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilməli və o, yalnız həmin Məcəllənin 264-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması əməlində cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olsa da, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş yol-nəqliyyat hadisəsi yerindən qaçma əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 1(006)-332/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü - yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin bütün tibbi xərclərini ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini, dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri tutularaq dövlət büdcəsinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota- Prius” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş X2 vəkil işlədiyi “Fides” Vəkil Bürosuna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Toyota-Prius” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar