Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-333/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi 05 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə; xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Qarabağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Xaçmaz rayonu, Qarabağı kəndində qeydiyyatda olan, barəsində "həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2020-ci il tarixdə saat 05:40-da ünvan 2 A ünvanda yerləşən binanın 6-cı mərtəbəsinə çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən qrupun digər üzvü Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə 22 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində 01 ədəd “Forward” markalı “Flash 3.0” modelli 26 ölçülü velosipedi oradan götürmüş, Təqsirləndirilən şəxs2lə birlikdə velosipedi liftə qoyaraq gizli yolla talayıb Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2020-ci il tarixdə saat 05:40-da ünvan 2 A ünvanda yerləşən binanın 6-cı mərtəbəsinə çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən o, hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlibgəlmədiyinə nəzarət etmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə 22 saylı mənzilin dəhlizində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 250 manat dəyərində 01 ədəd “Forward” markalı “Flash 3.0” modelli 26 ölçülü velosipedi oradan götürmüş və onunla birlikdə velosipedi liftə qoyaraq gizli yolla talayıb Zərərçəkmiş şəxs 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, fəhlə işləyən zaman “Vazı” ləqəbli Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və onunla dostlaşmışdır. O, Rahilə artıq zibilliklərdən karton, dəmir və kauçuk materialları yığıb satmaqla dolana bilmədiyini və asan yolla pul qazanmaq üçün birlikdə oğurluq etməyi təklif etmişdir. Belə ki, o, Rahilə binalara qalxıb orada mənzillərin qarşısında sahibsiz velosipedləri oğurlamağı və həmin velosipedləri satıb pulları öz aralarında bərabər böləcəyi barədə bildirmişdir. Təqsirləndirilən şəxs2 onun təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə onlar Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 A ünvanda yerləşən binaya qarajdan daxil olub liftə minmiş və bütün mərtəbələrə qalxıb dəhlizlərdə velosipedin olub-olmamasına baxmışlar. Həmin binanın 6cı mərtəbəsinin dəhlizinə baxdıqda mənzillərdən birinin qarşısında böyüklər üçün olan üzərində “Forward” sözləri yazılan bir ədəd velosipedin olduğunu gördükdə həmin velosipedi oğurlamaq qərarına gəlmişlər. Daha sonra aşağı düşərək binanın mühafizə xidmətinin olduğunu görmüşlər. Bir neçə gün sonra, yəni xx.xx.2020-ci il tarixdə, saat 05:20 radələrində “Papanin” adlanan yerdə Rahil ilə görüşmüş və saat 05:40 radələrində Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 A ünvanda yerləşən binaya qarajdan daxil olaraq liftə minmiş və 6-cı mərtəbəyə çıxmışlar. Rahil ondan bir neçə metr aralıda dayanaraq ətrafı müşahidə etməyə başlamışdır. O, velosipedi götürdükdən sonra liftə yaxınlaşmış, Rahil isə liftin qapısını açmışdır. O, velosipedi liftin içərisinə saldıqdan sonra özləri də liftə minərək birinci mərtəbəyə enmişlər. Birinci mərtəbəyə endikdən sonra binanın əsas giriş qapısından o velosipedi çıxartmış, qabaqcadan danışdıqları kimi velosipedə əyləşərək oradan uzaqlaşmışdır. Rahil isə piyada onun arxasınca yaşadığı Papanin adlanan yerdəki evinə getmişdir. Həmin gün o, Rahil ilə birlikdə qonşuluqda yaşayan Anar adlı şəxsin yanına gedib velosipedin özlərinin olduğunu və təcili pul lazım olduğu üçün satdıqlarını bildirmişlər. Anar velosipedə görə Rahilə 20 manat məbləğində pul versə də, həmin pulu Rahil ehtiyacı olduğu üçün özünə götürmüşdür. xx.xx.2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlandıqda törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Oğurladıqları velosiped Anardan alınaraq zərəçəkmiş şəxsə geri qaytarılmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, yaşadığı “Papanin” adlı yerdə Xeyrulla ilə tanış olmuşdur. Onunla dostlaşdıqdan sonra birlikdə zibilliklərdən plastik və dəmir yığıb sataraq əldə etdiyi gəlirlə ailəsini dolandırmışdır. Daha sonra isə Xeyrulla ona olduğu vəziyyətdən şikayətlənməyə başlayaraq birlikdə velosiped oğurlayıb satmağı və əldə olunan gəliri aralarında bölməyi təklif etmişdir. O, Xeyrullanın təklifi ilə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə Xeyrulla ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan binaların mərtəbələrinə çıxıb oğurlamaq üçün velosiped axtarmağa başlamışlar. Həmin gün o, Xeyrulla ilə birlikdə Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 A ünvanda yerləşən binaya qarajdan daxil olmuş və velosipedin olub-olmamasını müəyyən etmək üçün liftə minib bütün mərtəbələrin dəhlizinə baxmışlar. Həmin binanın 6-cı mərtəbəsində dəhlizdəki mənzillərdən birinin qarşısında böyüklər üçün olan üzərində “Forward” sözləri yazılan bir ədəd velosiped görmüş və həmin velosipedi oğurlamaq qərarına gəlmişlər. Bundan sonra aşağı düşdükdə binanın mühafizə xidmətinin olduğunu görmüşlər. Bir neçə gün sonra, yəni xx.xx.2020-ci il tarixdə, saat 05:20 radələrində “Papanin” adlanan yerdə o, Xeyrulla ilə görüşmüşdür. Həmin gün saat 05:40 radələrində isə Nəsimi rayonu, H.Ələsgərov küçəsi 35 A ünvanda yerləşən binanın qarşısına gələrək qarajdan binaya daxil olmuş və liftə minib 6-cı mərtəbəyə çıxmışlar. O, Xeyrulladan bir neçə metr aralıda dayanıb ətrafı müşahidə etməyə başlamışdır. Xeyrulla velosipedi götürərək liftə yaxınlaşdıqda o, liftin qapısını açmışdır. Bundan sora onlar birlikdə liftlə birinci mərtəbəyə enmişlər. Xeyrulla velosipedlə birlikdə binanın əsas giriş qapısından çıxmış və qabaqcadan danışdıqları kimi Xeyrulla velosipedə əyləşərək oradan uzaqlaşmışdır. O, isə piyada Xeyrullanın arxasınca yaşadığı Papanin adlanan yerdəki evinə getmişdir. Həmin gün o, Xeyrulla ilə birlikdə qonşuluqda yaşayan Anar adlı şəxsin yanına gedib velosipedin özlərinə məxsus olduğunu və təcili pul lazım olduğu üçün satdıqlarını bildirmişlər. Anar velosipedin əvəzində ona 20 manat məbləğində pul vermiş və o, həmin pulu ehtiyacı olduğu üçün özünə götürdüyündən Xeyrullaya heçnə verməmişdir. xx.xx.2020-ci il tarixdə o, polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılmışdır. Oğurladıqları velosiped Anardan alınaraq zərəçəkmiş şəxsə geri qaytarılmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, bir il əvvəl, yəni 2019-cu ildə “Forward” markalı velosipedi Rusiya Federasiyasından 850 (səkkiz yüz əlli) manata almışdır. Yol xərci ilə birlikdə həmin velosiped ona 1200 manata başa gəlmişdir. xx.xx.2020-ci il tarixdə o, velosipedi sürdükdən sonra binanın altıncı mərtəbəsinə qalxaraq qardaşının yaşadığı mənzilə getmiş və onunla görüşüb söhbət etmişdir. Orada 2-3 saat oturduqdan sonra öz yaşadığı evə getmiş, lakin çox yorğun olduğu üçün velosipedi özü ilə aparmayaraq altıncı mərtəbənin dəhlizinə qoymuşdur. Sabahı gün, yəni xx.xx.2020-ci il tarixdə, saat 10-11 radələrində şəxsi işi ilə bağlı qardaşının yanına getdikdə velosipedinin qoyduğu yerdə, yəni dəhlizdə olmadığını görmüşdür. Lakin qardaşının sürmək üçün velosipedi götürdüyünü düşünmüşdür. Qapını döydükdə qapını qardaşı açmışdır. Bundan sonra o, velosipedinin oğurlandığını anlamış, binanın mühafizəçisinə və komendanta yaxınlaşaraq baş vermiş hadisənin aydınlaşıdırılması üçün videokameraya baxmışdır. Kamera görüntülərində velosipedinin iki nəfər şəxs tərəfindən oğurlanması ona bəlli olmuşdur. Həmin gün o, hadisə barədə polisə şikayət etməyərək həmin oğruları özünün tapacağını fikirləşmiş, lakin həmin oğruları heç cür tapa bilmədiyindən hadisə barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu 20-ci Polis Bölməsinə dəvət edərək ona məxsus velosipedi saz vəziyyətdə geri qaytarmış və velosipedi oğurlayan şəxslərin saxlanıldığını bildirmişlər. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokollardan görünür ki, ünvan 3 A saylı ünvanda yerləşən binanın dəhlizində və həyətyanı ərazisində müşahidə kamerasının xx.xx.2020-ci il tarixində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: bir ədəd “CD- R” fomatlı ağ rəngli disk mövcuddur. Həmin disk 401 saylı xidməti otaqda olan «HP» markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda diskin içində “1 mkv”, “2 mkv”, “3 mkv” adı altında 3 ədəd videofayl və “İMG-2020076-wA0004. jpg” adlı bir ədəd foto şəkil aşkar olunmuşdur. Birinci “1 mkv” faylını açdıqda, binanın 1-ci mərtəbəsinə aid dəhlizdə olan video müşahidəedici kamerada olan görüntülərə baxdıqda xx.xx.2020-ci il tarixdə saat 05:43:53-də başında adi papaq (kepka) olan kişi cinsinə mənsub bir şəxs velosipedi liftdən çölə çıxarır və başında panoma papaq olan kişi cinsinə mənsub bir şəxs velosipedi çıxaran şəxsə kömək edərək liftdən çıxır, velosipedi hər iki şəxsin əli ilə tutaraq qapıya doğru getmələri müşahidə olunur. İkinci “2 mkv” faylı açıldıqda, binanın həyətində olan video müşahidəedici kamerada olan görüntülərə baxdıqda xx.xx.2020-ci il tarixdə, saat 05:44:36-da hər iki şəxsin velosipedlə birlikdə çölə çıxdığını və başında adi papaq olan şəxsin velosipedə minib oradan uzaqlaşdığını və başında panoma papağı olan şəxsin isə velosipedin arxası ilə piyada getməsi müşahidə olunur. Üçüncü “3 mkv” faylı açıldıqda, binanın həyətində olan video müşahidəedici kamerada olan görüntülərə baxdıqda xx.xx.2020-ci il tarixdə saat 05:44:42-də başında adi papaq olan şəxsin velosipedi sürüb iti yerişlə oradan getməsi və başında panoma papağı olan şəxsin isə velosipedin arxası ilə piyada getməsi müşahidə olunur. İMG-2020076-wA0004.jpg” adlı fayl açıldıqda, oğurlanmış olan velosipedin sol yan tərəfdən çəkilmiş fotoşəkli olması müşahidə olunur. Təqsirləndirilən şəxs1 hər üç görüntüyə baxıb, ünvan 4 A ünvanda yerləşən binanın 6-cı mərtəbəsində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 05:40-da dəhlizdə olan velosipedi oğurladıqdan sonra liftlə aşağı düşdüyünü və başında adi papaq olan şəxsin və əlində velosipedlə liftdən çölə çıxan şəxsin özü olduğunu və başında panoma papağı olan şəxsin isə Təqsirləndirilən şəxs2 olmasını bildirmişdir. Bundan başqa özü velosipedə əyləşərək sürüb oradan getməsini və arxası ilə piyada gələn şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Törətmiş olduğu oğurluq cinayətini səmimi etiraf etmiş və peşmançılıq hissi keçirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 hər üç görüntüyə baxıb, ünvan 4 A ünvanda yerləşən binanın 6-cı mərtəbəsində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 05:40-da dəhlizdə olan velosipedi oğurladıqdan sonra liftlə aşağı düşdüyünü və başında adi papaq olan şəxsin və əlində velosipedlə liftdən çölə çıxan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu və başında panoma papağı olan şəxsin isə özü olmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 velosipedə əyləşərək sürüb oradan getməsini və arxası ilə piyada gedən şəxsin isə özü olduğunu bildirmişdir. Törətmiş olduğu oğurluq cinayətini səmimi etiraf etmiş və peşmançılıq hissi keçirdiyini qeyd etmişdir. Bundan sonra qeyd olunan 1 ədəd “CD-R” fomatlı disk qablaşdırılaraq möhürlənmiş və protokola əlavə edilmişdir. Protokol düz yazılmış, əlavə və şikayət daxil olmamış, imzalarla təsdiq olunmuşdur (i/v 123-126). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İş materiallarında olan təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Məmmədov Anar Adıgözəl oğlunun istintaqa təqdim etdiyi üzərində “Forward” sözü yazılmış velosiped götürülərək baxış keçirilmiş və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 21-23). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3424 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadə olunmuş “Forward” markalı “Flash 3.0” modelli 26 ölçülü velosipedin 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 250,0 manat müəyyən edilir (i/v 199). İşdə olan xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Forward” markalı “Flash 3.0” modelli velosipedin mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs geri qaytarılmasının nəzərə alınması qərara alınmışdır (i/v 211-216). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Xuran X6 Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 155-157, 174-180). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i/v 181-186). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır (i/v 69, 145-148, 263-265). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır (i/v 89, 149-152, 267-269). Zərərçəkmiş şəxs Mirhüseyn oğlu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməsi özünün etirafı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onlardan müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və 01 ədəd Forward” markalı "Flash 3.0” modelli 26 ölçülü velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və X5 vəkil işlədikləri Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişlər. Cinayət işi Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-333/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi 05 saylı Vəkil Bürosunun vəkili X4 və xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi 05 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 və X5 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Forward” markalı "Flash 3.0” modelli 26 ölçülü velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-333/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-333/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver