Məhkəmə qərarları › İş №1(006)-333/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-333/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-333/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Bakı şəhərimlə anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan səhəri, Huseyn Arif kucesi 12 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,405 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:00-da ünvan 3 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,405 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, ağrıları olduğu üçün narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, istifadə eldiyi narkotik vasitə və psixotrop maddələri mütəmadi olaraq müxtəlif yerlərdən alır. xx.xx.2025-ci il tarixdə İnstagram sosial şəbəkəsində tanımadığı İran İslam Respublikasının vətəndaşı Tahir adlı şəxs ona 01 qram narkotik vasitə heroini 45 manata təklif etmişdir. O, narkotik vasitəni 45 manata almağa razılaşmış, bundan sonra İran İslam Respublikasının vətəndaşı Tahir adlı şəxs narkotik vasitə heroini Yasamal rayonu, Mətbuat prospektində yerləşən binaların arasında olan elektrik şitinin içərisinə qoyaraq, həmin ünvanı və narkotik vasitənin yerləşdiyi ünvanın şəklini ona göndərmişdir. O, Tahir adlı şəxsin ona göndərdiyi hazırda xatırlamadığı bank hesabına 45 manat pul göndərmiş, sonra isə narkotik vasitəni həmin ünvandan götürmüş, ağrıları olduğuna görə həmin narkotik vasitədən müəyyən qismini istifadə edərək, qalan hissəsini isə üzərində saxlamaqla daşımışdır. xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim etdikdən sonra, ondan özünü təqdim etməyini bildirmişlər. Üzərində narkotik vasitə olduğundan qorxaraq polis əməkdaşlarının suallarına qeyri-adekvat cavablar verərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Nəsimi RPİ-nin 22-ci PŞ-nə onun Nəsimi rayonu ərazisində psixotrop maddə və narkotik vasitələri üzərində saxlamaqla daşıyıb istifadə etməsi barədə əməliyyat məlumatının daxil olmasını bildirərək, bununla bağlı saxlanıldığı ünvan 3 ünvanında üzərinə çəkiliş aparılmaqla baxış keçirilmişdir. Üzərindən xx.xx.2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşından 45 manata şəxsi istifadəsi üçün aldığı 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və maddi sübut əhəmiyyəti kəsb eldiyi üçiin götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət elmişlər. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin inzibati binasında olan zaman xidməti otaqların birində ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmiş, onun üzərindən aşkar olunmuş maddənin qanunla qadağan olunmuş maddələr siyahısına daxil olan maddə olmasından şübhələnildiyindən təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur, təhqiqatçı tərəfindən onun üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd bükümə sonuncunun iştirakı ilə baxış keçirilmiş, bundan sonra iştirakçılara həmin hükümdə olan maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd büküm zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nə gətirilən və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmadığını bildirmişdir. Daha sonra əməlindən peşman olmasını, əlilliyinin olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Hüseyn" adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması, daşıması ilə bağlı məlumat daxil olmuş, qeyd olunan məlumatın yoxlanılması ilə bağlı onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması ilə bağlı o və Nəsimi RPİ-nin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Hüseyn adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə əldə edilmiş məlumat əsasında ünvan 3 ünvanına yollanmışlar. xx.xx.2025-ci il tarixdə saat 17:00-da ünvan 3 ünvanın qarşısında olarkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan şifahi olaraq anket məlumatlarını soruşduqda, o, verilən suallara qeyri-adekvat cavab verərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının polis şöbəsinə daxil olduğunu bildirərək, bununla bağlı saxlanıldığı ünvan 3 ünvanında üzərinə çəkiliş aparılmaqla baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsinə etiraz etməmiş, üstünə baxış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə olan heroini İnstagram sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşından 45 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq tədbir görülməsi üçün sonuncu Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə dəvət olunmuş, Təqsirləndirilən şəxs etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nəsimi RPİnin 22-ci polis şöbəsində getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə bənzər maddə aşkar olunması ilə bağlı raport tərtib olunaraq polis şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Tərtib olunmuş raportla bağlı araşdırmanın aparılması X5a həvalə olunmuşdur. Təqsirləndirilən şəxs və onun üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış 01 ədəd büküm X5a təqdim olunmuşdur. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra X5 üzəri möhürlənmiş zərfi açaraq içərisində olan 01 ədəd bükümü çıxararaq həmin bükümü Təqsirləndirilən şəxs göstərərək, həmin bükümün sonuncunun üzərindən aşkar olunduğunu soruşmuş, Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq həmin 01 ədəd bükümün onun üzərindən aşkar olunaraq götürüldüyünü etiraf edərək 01 ədəd bükümüm içərisindəkinin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə səhər saatlarında onlayn yolla İnstagram sosial şəbəkəsi vasitəsi ilə tanımadığı İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün 45 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı zərflər üçün nəzərdə tutulmuş möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.28); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.62-63); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir (i.v.79-80); - “Başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.81-82); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/991 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN zərflər üçün №190 dairəvi möhür əksləri olan, “1) Təqsirləndirilən şəxs "imza"; 2) Şahid2 “imza”; 3) Şahid1 o. "imza" " yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükülüdə təmiz çəkisi 0,405 qram olan maddə kustar üsılla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 89,00 (səksən doqquz) manat təşkil edir (i.v.44-48); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 1327 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.8-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.59-60); - "Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmamışdan əvvəl sonuncuya paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır (i.v.8-10); - "Təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci PS-nə Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitələri və psixolrop maddələri əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı sonuncu 05 mart 2025-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərindən 01 ədəd bükümdə narkotik maddə olan heroinə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD diskə təhqiqatçı tərəfindən baxış keçirilərək 01 ədəd zərfin içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kütlənin içərisindəkinin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsı üçün tanımadığı şəxsdən alaraq üzərində gəzdirdiyini bildirmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlənmiş, sonra bir ədəd DVD diskə “Benq” markalı kompüterdə baxış keçirilərkən DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v.13-15); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,405 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,355 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.97-102); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.96); - İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir (i.v.124). Məhkəmə iclasında üstünə baxış keçirilməsinə dair əməliyyat axtarış tədbirinin qeydə alındığı DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mülki geyimdə olan Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 Yaqub oğlu, eləcə də şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra polis əməkdaşı tədbirin 05 mart 2025-ci il tarixdə saat 17:00 dəqiqədə keçirilməsini, eləcə də şübhəli şəxsin ünvan 3 ünvanının qarşısında saxlanılmasını elan edir. Bundan sonra polis əməkdaşı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim etməsini təklif etdikdə o, əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofana bükülmüş kütləni təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər 01 ədəd büküm içərisi boş olan 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılır və möhürlənərək üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin "kakos" kimi bildiyi narkotik vasitə olan heroin olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşından 45 manata alaraq üzərində saxladığını, habelə heroini damarına vurmaqla qəbul eldiyini bildirir. Polis əməkdaşı şübhəli şəxsin üstünün yoxlanılması aparılan hərəkətlərə dair Nəsimi RPİ-nin 22-ci PŞ-də protokol tərtib ediləcəyini bildirməklə videoçəkilişin dayandırılmasını elan edir. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş təhqiqatçısı polis kapitanı Orxan Həsənov özünü təqdim etdikdən sonra 22-ci PŞ-nin əməkdaşları tərəfindən 05 mart 2025-ci il tarixdə saat 17:00 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılmış və üstü yoxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan heroinə bənzər maddə olan 01 ədəd bükümə və onun qablaşdırıldığı 01 ədəd zərfə baxış keçiriləcəyini elan edir. Təhqiqatçı tərəfindən zərf açıldıqda içərisində 01 ədəd sellofan bükülüdə açıq qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşından 45 manata aldığını bildirir. Həmin kütlə təhqiqatçı tərəfindən yenidən qablaşdırılaraq möhürlənir, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə cəza təyin edərkən “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyələri nəzərə alır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf edərək peşman olmasını, ikinci dərəcəli əlil olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, ikinci dərəcəli əlil olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli, 1327 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,355 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 12 saata görə cəmi 112 (yüz on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun, həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,355 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 112 (yüz on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar