Məhkəmə qərarları › İş №1(006)-334/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-334/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-334/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Moskva prospekti, ev 80, mənzil 06-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs barəsində Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə xitam verilməsi ilə bağlı köməklik göstərəcəyini yalandan vəd verib aldadaraq ondan bu adla 15 iyun 2018-ci il tarixdə ünvan 1 ünvanda 2.000, iyun ayının 25-də Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Nizami” kinoteatrının qarşısında qardaşı Şahid2 vasitəsilə göndərdiyi 900, iyul ayının 02-də Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında qardaşı oğlu Asim Alışov vasitəsilə göndərdiyi 1.500, iyul ayının 15-də həmin ünvanda yerləşən “Team Sport” mağazasının qarşısında sonuncudan 1.500, avqust ayının 02-də ünvan 3 ünvanda əmisi oğlu Kərim Alışov vasitəsilə göndərdiyi 1.000, avqust ayının 06-da ünvan 4 ünvanda qardaşı oğlu Şahid1 vasitəsilə göndərdiyi 800, eyni adla avqust ayının 15-də ünvan 5AR” marketin qarşısında sonuncu vasitəsilə göndərdiyi 1.000, avqust ayının 20-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” parkının yaxınlığında Şahid2 vasitəsilə göndərdiyi 1.100 manat olmaqla, ümumilikdə 9.800 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu Asim Alışov vasitəsilə tanımış, ailəsi ilə problemləri olduğu vaxtlarda bəzən sonuncu ilə bərabər onun evində qalmışdır. 2018-ci ilin iyun ayında Asimlə söhbət edən zaman o, atası Zərərçəkmiş şəxs barəsində cinayət işinin açıldığını və onun köməyə ehtiyacı olduğunu söyləmişdir. O, Asimə bu işlərdə bir az məlumatlı olduğunu, polis əməkdaşlarına bir neçə dəfə sənədlərlə bağlı kömək etdiyini və lazım olacağı təqdirdə ona da bunu edə biləcəyini söyləmişdir. Asim atası Rasimə zəng edib bu barədə bildirmiş və həmin günü axşam sonuncu onunla əlaqə saxlamışdır. Rasim ona məsələni danışıb bildirmişdir ki, tanışı Aydın Ağayevlə birlikdə İsrailə quru meyvə aparmaq üçün iş qurmuş, bir müddət sonra Aydınla gördükləri iş alınmadığından sonuncu onunla bağlı Baş Prokurorluğa müraciət etmiş, müraciəti əsasında onun barəsində Yardımlı rayonunda cinayət işi başlanılmışdır. O, Rasimə əvvəllər Səbail Rayon Polis İdarəsində bir neçə təhqiqatçı və müstəntiq yanında köməkçi olaraq işlədiyini deyib bu məsələdə ona köməklik edə biləcəyini söyləmişdir. Rasim də ona bu işdə kömək edəcəyi təqdirdə onun əziyyətini qiymətləndirəcəyini demişdir. Beləliklə artıq bu işdə köməklik etməyə özünün də marağı yaranmışdır. Bir neçə gündən sonra Rasimin dəvəti ilə o, Masallı rayonuna getmiş, orada olarkən Rasim onu işlə bağlı bir neçə sənədlərlə tanış etmişdir. Bu sənədlərlə tanış olduqdan sonra o, Rasimə onun bu məsələdə heç bir günahının olmadığını demiş və ona müxtəlif ərizələr yazdırmış, sonuncu da ona 2.000 manat pul vermişdir. Daha sonra o, həmin ərizələri Baş Prokurorluğa, Ali Məhkəməyə, Daxili İşlər Nazirliyinə və bir sıra qurumlara göndərmişdir. Hər dəfə bu işlərlə bağlı köməklik göstərdikcə öz ehtiyaclarını nəzərə alıb Rasimdən və onun qohumlarından Rasimin göndərdiyi hissə-hissə pullar alırdı. 25.06.2018-ci il tarixdə Bakıda “Nizami” kinoteatrının qarşısında Şahid2 900, daha sonra iyul ayının 02-də Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzinin qarşısında Asimdən 1.500, iyul ayının 15-də həmin ünvanda yerləşən “Team sport” mağazasının qarşısında sonuncudan 1.500, avqust ayının 02-də Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən “Bravo” marketin qarşısında Kərim adlı şəxsdən 1.000, avqust ayının 06-da ünvan 4 ünvanda və 15-də ünvan 5AR” marketin qarşısında Rasimin başqa bir qohumu Camal adlı şəxsdən 800 və 1.000, avqust ayının 20-də Rasimin qardaşı Faiqdən Nəsimi rayonu ərazisində yerləşən “Səməd Vurğun” parkının yaxınlığında 1.100 manat pul götürmüşdür. Bundan sonra gördüyü işlərin nəticəsində Rasim məhkəmənin hökmü ilə bəraət almış, lakin Rasim onun bu işdə ona real olaraq heç bir köməyi olmadığını fikirləşərək verdiyi pulları ondan geri istəməyə başlamışdır. O, Rasimdən aldığı pulları həm işlə əlaqəli, həm də öz ehtiyaclarına xərcləmişdir. Rasimdən pulları alanda əvvəlcədən dələduzluq niyyəti olmamış, yalnız ona köməklik etmək istəmişdir. Rasim isə ondan işin nəticəsini maraqlananda o, guya vəzifəli şəxslərlə işlə bağlı əlaqə saxladığını demişdir. Hazırda zərər çəkmiş şəxsə vurmuş zərəri aradan qaldırmış, onunla barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2017-ci ildə dostu Aydınla birlikdə iş qurub İsraildən mürəbbə və quru meyvə göndərməklə məşğul olmuş, lakin uğursuz fəaliyyətləri nəticəsində hər iksinə də maddi ziyan dəymişdir. Bundan sonra Aydının bütün günahı onda görüb onun barəsində Yardımlı rayon prokurorluğuna yalan ifadələrlə şikayət etmiş və bunun əsasında cinayət işi başlanılmışdır. Elə bu ərəfələrdə oğlu Asimin dostu Nicadı tanımağa başlamış, sonuncu ona polis sistemində olan tanışları vasitəsilə bu məsələdə köməklik edə biləcəyini söyləmişdir. Bundan sonra Nicadla əlaqə saxlayıb ona Aydınla aralarında olan məsələləri danışmış, onu Masallı rayonuna dəvət edib bəzi sənədlərlə tanış etmişdir. Nicad ona bir sıra yerlərə 2.500-3.000 manata yaxın pul verilməli olduğunu deyib müxtəlif vədlər verərək onu işin həllinə inandırmışdır. Nicad əvvəlcə Baş Prokurorluqda işləyən tanışına vermək adı ilə ondan 2.000 manat pul istəmişdir. O, 15.06.2018-ci il tarixdə bu pulu Nicada verdikdən sonra sonuncu Bakıya qayıtmışdır. Bir neçə gün sonra Nicad yenidən onunla əlaqə saxlayıb əlavə pul istəmiş, o da qardaşı Faiq vasitəsilə ona 900 manat pul göndərmişdir. Lakin Nicad yenə də hissə-hissə pul istəməyə başlamış, hər dəfə qardaşı və digər dost tanışı vasitəsilə ona pullar göndərmişdir. Nicada oğlu Asim vasitəsilə 02 iyul 2018-ci il tarixdə “Binə” ticarət mərkəzinin qarşısında 1.500, iyul ayının 15-də yenidən həmin ünvanda 1.500, avqust ayının 02-də eyni adla əmisi oğlu Kərim Alışov vasitəsilə 1.000, avqust ayının 06-da qardaşı oğlu Şahid1 vasitəsilə 800 və avqust ayının 15-də 1.000 manat pulu vermişdir. Nicad hər dəfə aldığı pulları iş düzəlsin deyə müxtəlif vəzifəli şəxslərə verdiyini söyləmişdir. Buna görə də yenidən qardaşı Faiq vasitəsilə Nicada 1.100 manat pul da göndərmişdir. Lakin getdikcə işində heç bir irəliləyiş olmadığını və işinin artıq məhkəməyə göndərildiyini görüb artıq Nicadın onu aldatdığını başa düşmüş və ondan pulları geri istəmişdir. Məhkəmədə isə ona bəraət verilmişdir. Ona vurulmuş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan:  “Sübutların qiymətləndirilməsi haqqında” 20.04.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs səsyazılarını özündə əks etdirən bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.259- 270);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18.01.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19.05.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təqsirli bilinib 122 saat ictimai işlər cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qərarı ilə o, həmin hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad edilmişdir (İ cild, i.v.142-143, 184-187, İİ cild);  “xxxx” ASC-nin 11.06.2021-ci il tarixli, 25300 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 2.500 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4,39.1.6-39.1.11, 40.3 və 40.4-cümaddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X2 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar