Məhkəmə qərarları › İş №1(006)-334/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-334/2025

05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-334/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 01 radələrində idarə etdiyi «Vaz-2106» markalı avtomobillə ünvan 3 ünvanının qarşısında olarkən həmin avtomobilin sahibi kimi özünü təqdim edərək avtomobilə əyləşən Zərərçəkmiş şəxs ilə sözlü mübahisə edib idarə etdiyi avtomobili ünvan 4 ünvanın qarşısına sürərək orada avtomobilin içərisində sonuncunun üz və baş nahiyələrindən qəsdən yumruq zərbələri vurmaqla ona alın nahiyəsinin iri ölçülü dərialtı hematoması, hər iki gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, sol bazunun qançırları, sağ çiyinüstü nahiyənin sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. “VAZ 2106” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili xalası oğlu X1 Cavid Manaf oğlundan almışdır. Belə ki, Fərid avtomobili icarə əsasında aylıq 362 manat ödəməklə idarə elmişdir. Həmin avtomobilə görə 2 ay ödəniş olunmuşdur. Daha sonra isə avtomobil qəza etdiyi üçün avtomobili Fəridə satan şəxs X11 ilə danışıb avtomobili onun alacağını və bu səbəbdən avtomobil ilə bağlı ödənişlər edəcəyini bildirmişdir. O, həmçinin avtomobilə ödənişlər edəcəyi barəsində Vüsalə adlı qadınlada danışmışdır. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Nəsimi rayonu “Kolorit” kafesinin arxa hissəsində avtombili saxlayıb tanışları ilə görüşmüşdür. Daha sonra isə dostları ilə sağollaşmış və avtomobilə əyləşmişdir. Həmin vaxt əvvəllər tanımadığı bir nəfər qadın da avtomobilin ön sərnişin oturacağına əyləşmiş və nalayiq ifadələr ilə onun avtomobili tərk etməsini tələb etmişdir. O, həmin qadından kim olduğunu soruşduqda həmin qadın avtomobilin sahibi olduğunu bildirmiş və onunla mübahisə etməyə başlamışdır. O, adını sonradan bildiyi Vüsalə adlı qadına avtomobili tərk etməsini xahiş etmiş və epilepsiya xəstələyi olduğundan dərman almağa getməli olduğunu demişdir. Vüsalə də onunla birlikdə gələcəyini demişdir. O, Vüsalənin avtomobili tərk etməsi üçün avtomobili idarə etmişdir. Bu zaman Vüsalə qeyriadekvat hərəkətlər etməyə başlamış, həmçinin onun ünvanına nalayiq ifadə işlətmişdir. Buna görə də, o, əsəbləşərək Vüsaləni yumruqla bir neçə dəfə sifətindən vurmuşdur. Bundan sonra Vüsalə avtomobildən düşüb oradan qaçıb getmişdir. O, avtomobili sürərək “Qış Parkı” adlanan ərazinin yaxınlığında saxlamış və mühərriki söndürüb avtomobili tərk etmişdir. Hadisə vaxtı ətrafda kənar şəxs olmamışdır. Vüsalə adlı qadının hərəkətləri onu əsəbləşdirdiyi üçün, həmçinin sonuncu onun ünvanına nalayiq ifadə işlətdiyinə görə Vüsaləni yumruqla bir neçə dəfə vurmuşdur. Onların aralarında olan mübahisə təxminən 3-4 dəqiqə avtomobilin içində baş vermişdir. O, Vüsalə adlı qadını avtomobildə vuran zaman Nəsimi rayonu, Mirzə İbarhimov küçəsində olmuşdur. Avtomobilin sahibin Cavid olduğunu düşündüyü üçün, həmin avtomobili Vüsaləyə verməkdən imtina etmişdir. Şəkil çəkdirmək üçün avtomobilə **-OS-*** qeydiyyat nişanını qoymuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və İ qrup əlil olmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, təxminən 6-7 il olar ki, fərdi olaraq avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2023-cü il tarixdən isə X11 ilə birlikdə avtomobil alqısatqısı ilə məşğul olmuşdur. Onlar bir neçə avtomobili satış üçün Xətai rayonunda olan avto salonlara qoymuşdur. Həmin avtomobillərdən biri də “Vaz 2106” markalı **-VU-*** qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil X3 adınadır və Sərdarlı X2 həmin avtomobil ilə bağlı baş etibarnamə vermişdir. X8 da avtomobil ilə bağlı sənədləşmə işlərini görmək üçün etibarnamə vermişdir. Cavid Mehdiyev qeyd etdiyi “Vaz 2106” markalı **-VU- *** qeydiyyat nişanlı avtomobili X5 3444 manata 2024-cü ilin aprel ayında satmışdır və aralarındakı razılığa əsasən Fərid avtomobilə görə aylıq 362 manat pul ödəməli idi. Fəridə avtomobili idarə etməsi üçün Cavid tərəfindən etibarnamə verilmişdir. Onlar Cavidlə işləri aralarındada bölmüşlər və ödənişlərlə bağlı o maraqlanmışdır. Həmin avtomobil ilə bağlı 2024-cü ilin may iyun aylarında 2 ay ödəniş olunduqdan sonra ödəniş olunmamış və bu səbəbdən o, bir neçə dəfə Fəridlə əlaqə saxlasa da, bu mümkün olmamışdır. Daha sonra Rauf adlı şəxs Cavidə zəng edərək Fəridin xaloğlusu olduğunu avtomobil ilə bağlı ödənişləri onun edəcəyini bildirmişdir. Rauf sonra onunla da danışıb avtomobil ilə bağlı ödənişin onun edəcəyini, avtomobili almaq istədiyini bildirmişdir. O, avtomobil ilə bağlı ödəniş olunmadığı üçün xx.xx.2024-cü il tarixdə, saat 00:00 radələrində avtomobilin Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsində olduğunu üzərində isə **-OS-*** qeydiyyat nişanı olduğunu öyrənmişdir. O, həmin vaxtı oraya getmiş və “Vaz 2106” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili orada axtarmışdır. Həmin vaxtı avtomobili görmüş və üzərində **-OS-*** qeydiyyat nişanı olduğunu aşkar etmişdir. O, avtomobili onların saldığı avtomobil olduğunu üzərindəki əlamətlərindən, qara rəngindən tanımışdır. O, həmin avtomobili sürəcək olan şəxsi orada gözləməyə başlamışdır. Həmin günü təxminən saat 01 radələrində bir nəfər tanımadığı şəxs gəlib həmin avtomobilə əyləşmişdir. Bu zaman o, da həmin avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Bu zaman həmin şəxs ona kim olduğunu, hansı səbəblə avtomobilin əyləşdiyini soruşmuşdur. O, həmin şəxsə avtomobil ilə bağlı etibarnaməsi olduğunu və avtomobil ilə bağlı ödənişlərin olmadığını bildirmişdir. Bu zaman avtomobildə olan həmin şəxsin Rauf adlı şəxs olduğunu öyrənmişdir. O, Raufa avtomobildən düşməsini, hansı səbəblə avtomobili sənədsiz idarə etdiyini soruşmuşdur. Rauf ona avtomobildən düşməyəcəyini, avtomobili ona verməyəcəyini, avtomobil ilə bağlı Cavidlə danışdığını bildirmişdir. Bu zaman Rauf avtomobili işə salıb Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi tərəfə sürmüş və onların arasında mübahisə yaranmışdır. Rauf ona həmin vaxtı avtomobili sürə sürə sol əli ilə sükandan tutaraq sağ əli ilə baş və sifət nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Rauf onu ən sonda daha bərk yumruqla vurduqdan sonra avtomobili saxlamışdır. Rauf onu sonuncu dəfə vuran zaman başında kəskin ağrılar hiss etmişdir. Rauf avtomobilin açarını çıxararaq yerə düşmüşdür. Daha sonra o, da avtomobildən düşmüş və Rauf avtomobilə yenidən əyləşib həmin yerdən uzaqlaşmışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu, təqsirləndirilən şəxsin 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X6 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faka görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); “baxış keçirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, hadisə yeri ünvan 4 ünvandır (i.v. 14-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 xx.xx.2024-cü il tarixli, 1157 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - alın nahiyəsinin iri ölçülü dərialtı hematoması, hər iki gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, sol bazunun qançırları, sağ çiyinüstü nahiyənin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 26 avqust 2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər (i.v. 21-23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 08 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 478 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərli azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 34-36); “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 02 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 37-38); “şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması qərara alınmışdır (i.v. 57); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (i.v. 60); “axtarışda olan şəxsin yaxalanması barədə” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 16:20 radələrində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gəlmişdir (i.v. 63); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir (i.v. 64); “şübhəli şəxsin tutulması haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 75); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 84-85); “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin azad edilməsinə dair” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi nəzərə alınaraq, o saxlanıldığı Nərimanov RPİ-nin Müvəqqəti Saxlama yerindən azad edilməsi qərara alınmışdır (i.v. 95-96); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi vəcinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa gətirilən vaxta kimi dayandırılmışdır (i.v. 102-103); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası 128-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir (i.v. 106); “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-617/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin 30 may 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 1.000 manat cərimə cəzasının ödənilməmiş qalan 478 manat hissəsi hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə toplanmaqla ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının və 478 manat məbləğində cərimə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin olunmuş 478 manat məbləğində cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1318/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 17 saylı CM-də cəza çəkmiş Təqsirləndirilən şəxs şəxsi işində Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş 1000 manat cərimə cəzasının ödənilməmiş qalan 478 manat hissəsindən ödəniş etməsini təsdiq edə biləcək hər-hansı bir sənəd (qəbz, arayış, icra vərəqi, müşayiət məktubu və s.) aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin 05 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Nizami Rayon Məhkəməsinin 7(007)-393/2017 nömrəli, xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016- cı il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 il 02 gün hissəsi 1000 manat cərimə cəzası ilə əvəz edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan əldə edilmiş xx.xx.2018-ci il tarixli, 12/4069 nömrəli məktubda Təqsirləndirilən şəxs təqaüdündən 522 manat pul tutulmuş, qalıq 478 manat isə tutulmamışdır. Bundan başqa Penitensiar xidmətin xx.xx.2018-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı göstərildiyindən qeyd olunan hökm xx.xx.2018-ci il tarixdə Yasamal rayon icra və probasiya şöbəsi tərəfindən Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və İ qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-617/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ödənilmiş, lakin ona təyin edilmiş cərimə (əlavə cəza) cəzası ödənilməsə də, hazırda törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən əməl olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Həmçinin, məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-617/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 478 manat cərimə cəzasından azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 2 (iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi tətbiq edilərək Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-617/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 478 manat cərimə cəzasından azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 363 (üç yüz altmış üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar