Məhkəmə qərarları › İş №1(006)-335/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-335/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-335/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifiv Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruq zərbələri ilə sonuncunun vuraraq sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı və sağ almacıq-gicgah nahiyələrinin qançırları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudır. Təxminən 2 ay öncə o, Hünərə zəng edərək təcili pula ehtiyacının olduğunu qeyd etmiş və sonuncudan ona 300 manat məbləğində borc pul verməsini istəmiş, Hünər də cavabında ona həmin məbləğə gücünün çatmadığını, lakin 200 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o, Hünərin yaşadığı ünvana getmiş və orada Hünərdən 200 manat məbləğində borc pul almış, pulu alarkən Hünərə olan borcunu ən qısa müddətdə qaytaracağına söz vermişdir. Bundan təxminən 1 ay sonra Hünər ona zəng edərək pulunu istədikdə o, Hünərə yaxın günlərdə başqa bir nəfər şəxsdən alacağının olduğunu qeyd etmiş və həmin pulu aldıqda borcunu ödəyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Hünər ona zəng edərək onun söz verdiyi müddətdən artıq 2 ay keçdiyini qeyd etmiş və ondan gün ərzində borcunu ödəməsini tələb etmişdir. Həmin gün saat 17:00 radələrində Hünər onun yaşadığı ünvan 3 ünvanına gəlmiş və ondan borcunu qaytarmasını istəmiş, o da Hünərə hal-hazırda pulunun olmadığını bildirmiş və uzağı 1 həftəyə məsələni həll edəcəyinə dair söz vermişdir. Bundan sonra aralarında söz mübahisəsi başlamış və həmin vaxt Hünər onunla kobud şəkildə danışmağa başlamış, onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Buna görə o, əsəblərinə hakim ola bilməmiş və Hünərin baş nahiyəsinə yumruq zərbələri vuraraq sonuncunu döymüşdür. Bundan sonra Hünər evdən çıxmış və oradan uzaqlaşmışdır. Bir qədər sonra Hünərin onun barəsində 19-cu Polis Şöbəsinə şikayət ərizəsi yazdığı məlum olmuş və polis əməkdaşlarının dəvəti ilə o, izahat vermək üçün həmin Polis Şöbəsinə yaxınlaşmışdır. Vətəndaş Təqsirləndirilən şəxs ifadəsində, hadisənin təxminən 3-4 dəqiqə ərzində baş verdiyini, həmin vaxt orada başqa şəxsin olmadığını ifadə etmişdir. Daha sonra əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 ay öncə qohumu Orxan ona zəng edərək təcili pula ehtiyacının olduğunu qeyd etmiş, ondan 300 manat məbləğində borc pul istəmiş, o, da cavabında sonuncuya həmin məbləğə gücünün çatmadığını, lakin 200 manat verə biləcəyini bildirmişdir. Bundan sonra Orxan onun yaşadığı ünvana gəlmiş və orada sonuncuya 200 manat məbləğində borc pul vermişdir. Pulu alarkən Orxan borcunu ən qısa müddətdə qaytaracağına söz vermişdir. Təxminən 1 ay əvvəl o, kredit ödəmək üçün pul axtararkən Orxana zəng edərək pulunu istədikdə Orxan yaxın günlərdə alacağının olduğunu qeyd etmiş və həmin pulu aldıqda ona olan borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonrakı müddətdə Orxan borcunu ödəmədiyi üçün o, başqa dostundan borc pul götürərək kreditini ödəmiş və həmin dostuna da Orxandan pulu aldıqda geri qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Orxana zəng edərək artıq ona söz verdiyi müddətdən 2 ay keçdiyini qeyd etmiş və gün ərzində onun pulunu ödəməsini tələb etmişdir. Həmin gün saat 17:00 radələrində Orxanın yaşadığı ünvan 3 ünvanına getmiş və Orxandan borcunu qaytarmasını istəmiş, lakin Orxan müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra aralarında söz mübahisəsi başlamış, həmin vaxt o, əsəblərinə hakim ola bilməmiş və Orxanla bir qədər kobud şəkildə danışmış, sonuncunun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Orxan onun baş nahiyəsinə yumruq zərbələri vuraraq ona xəsarət yetirmişdir. Daha sonra o, həmin ünvandan uzaqlaşmış və DİN-nin 102 xidmətinə zəng edərək Orxanın onu döyməsi barədə məlumat vermiş, bir qədər sonra 19-cu Polis Şöbəsinə yaxınlaşmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, həmçini cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 23-25-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə tibb ekspertizasının 16 iyun 2023-cü il tarixli 795 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözaltı və sağ almacıq-gicgah nahiyələrinin qançırları bər küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokanizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Sadələşdirilmiş icraat materialının 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 21 iyun 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2021ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi onun etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkənin ona qarşı şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin sonuncunun əvvəldə eyni tərkibli cinayət əməlini törətməsini və məhkəmə tərəfindən cinayət məsuliyyətindən azad edilməsini nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar