Məhkəmə qərarları › İş №1(006)-336/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-336/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-336/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, S.Məmmədov küçəsi, ev 201, mənzil 131-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, 14.04.2021-ci il tarixdə saat 23:33 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə qəsdən vuraraq üzün sol yarısının və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, sağ almacıq-gicgah nahiyəsinin, sol bazunun və hər iki sağrı nahiyəsinin qançırları xəsarətini yetirməklə, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin oktyabr ayında ünvan 2-də yaşayan nənəsi Elmira Zamanovanın səhhətindən problemlər yarandığından bacısı Zərərçəkmiş şəxs həmin tarixdən həmin ünvanda yaşamağa başlamışdır. Daha əvvəl onunla bacısı arasında bir neçə dəfə qısqanclıq zəmnində mübahisələr olsada son iki ildə onlar heç bir mövzuda mübahisə etməmişlər. Lakin 14.04.2021-ci il tarixdə saat 19:00 radələrində o, anası Sevinc Zamanovanı, işlədiyi KTM-ə yola saldıqdan sonra, təsadüfən bacısını bir nəfər tanımadığı şəxslə birlikdə görmüş, sonuncu onu uzaqdan gördükdən sonra, qeyd etdiyi tanımadığı şəxs ayrılaraq kənarlaşmış və o, bacısına yaxınlaşaraq yanında olan şəxsin kim olmasını xəbər almışdır. Lakin bacısı yanında kənar şəxsin olmasını inkar edərək onunla mübahisə etməyə başlamış və o, küçədə mübahisə etməmək üçün daha sonra bacısının yaşadığı evə gələcəyini bildirmişdir. Beləlikdə o, bacısından ayrılaraq şəxsi işləri ilə məşğul olmuş və həmin tarixdə saat 23:30 radələrində sonuncunun yaşadığı ünvana getmişdir. Qeyd edilən ünvana çatdıqda o, mənzilin giriş qapısını döyməyə başlamış və qapını açan olmadığından bacısının mobil telefonuna zəng etmiş, sonuncu dəsdəyi qaldırdıqdan sonra harada olmasını xəbər almış və mənzildə olmasını öyrəndikdə qapını açmasını istəmişdir. Beləliklə o, bacısının yaşadığı mənzilə daxil olaraq yuxarıda qeyd etdiyi şəxsin kim olmasını xəbər almış və sonuncu bunu inkar etdikdə onlar arasında mübahsiə yaranmışdır. Mübahisə zamanı bacısı məsələ ilə bağlı anasının canına yalandan and içdiyindən, o, bir anlıq əsəblərinə hakim ola bilməmiş və bir yumruq, bir sillə zərbəsi ilə onun üz nahiyəsinə zərbələr vurmuşdur. Yumruq zərbəsinin təsirindən bacısının yuxarı dodağı qanamağa başlamış və o, sonuncunu ilkin tibbi yardım göstərilməsi üçün X1 aparmışdır. Əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı il oktyabr aylarınadək qeydiyyatda olduğu ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Həmin tarixədək qardaşı Təqsirləndirilən şəxs mütamadi olaraq məişət zəmnində onunla haqsız mübahisələr etdiyindən və bu mübahisələr zamanı onu döydüyündən o, ana nənəsi Elmira Zamanova ilə sonuncunun yaşadığı ünvan 2 ünvanında yaşamaq qərarına gəlmişdir. Qeyd edilən ünvanda sonuncu yaşadığı müdətdə qardaşı mütamadi olaraq həmin ünvana gələrək yenidən məişət və əsassız olaraq qısqanclıq zəmnində onunla mübahisələr yaratmış və həmin mübahisələr zamanı onu vuraraq az əhəmiyyətli xəsarətlər yetirmişdir. Nəhayət 14.04.2021-ci il tarixdə saat 23:30 radələrində o, yaşadığı ünvanda tək olan zaman, qardaşı həmin ünvana gəlmiş və qapını döymüşdür. Həmin zaman o, dişlərini fırçaladığından qapının döyülməsini eşitməmişdir. Bu səbəbdən qardaşı onun mobil telefonuna zəng etmiş və o, qonaq otağında olan telefonun zəngini eşidərək hamam otağından çıxıb dəsdəyi qaldırmışdır. Telefon danışığı zamanı qardaşı qapının kəndarında olduğunu söyləmiş və o, dərhal mənzilin giriş qapısını açmışdır. Qapı açıldıqdan sonra qardaşı acıqlı şəkildə içəri daxil olmuş və qapının gec açılmasını bəhanə gətirərək onunla mübahisə etməyə başlamışdır. Onlar təqribən 2 dəqiqə qarşılıqlı mübahisə etdikdən sonra Fərrux yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışdır. Zərbənin nəticəsində onun üst dodağının sol hissəsi dişlərində olan “breket”ə dəyərək iki yerdən böyük ölçüdə cırılmış və onun dodaqlarından güclü qan axdıqda qardaşı onu vurmağı dayandırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, buna görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icrata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 26 may 2021-ci il tarixə saat 09-30-a təyin edilmişdir. Sadələşdirilmiş icraat materialının 17-19-cu vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi Birliyinin 03 may 2021-ci il tarixli, 255 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üzün sol yarısının və üst dodağın selikli qişasının əzilmiş-cırılmış yaraları, sağ almacı-gicgah nahiyəsinin, sol bazunun və hər iki sağrı nahiyəsinin qançırları xəsarətləri yetirməklə sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilmişdir. Sadələşdirilmiş icraat materialının 12-ci vərəqəsində olan 15 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 13-cü vərəqəsində olan 15 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 16-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 aprel 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənlərə əsasən, barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili A.Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar