Məhkəmə qərarları › İş №1(006)-337/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-337/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-337/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,347 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 13 aprel 2023-cü il tarixdə Nəsimi RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 21:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki jiletin cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən 01 bükümdə təmiz çəkisi 0,347 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 6 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin saxlanılmasında, istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Nəsimi rayonu Polis İdarəsinə gedəcəyini bildirmişdirlər. Polis əməkdaşları ona Nəsimi RPİ-yə gətirdikdən sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. O, ilk öncə geyindiyi əynindəki göy rəngli jiletinin cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, 01 ədəd alışqanı və “KGTEL K560” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd 10 qəpik və 01 ədəd 05 qəpik ümumilikdə 15 qəpik dəmir pul çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra əyninə geyindiyi paltarların ciblərinə və digər yerlərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun təqdim etmiş olduğu “Rothmans” markalı siqaret qutusuna baxış keçirildikdə həmin qutunun içərisində olan 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən həmin bükümün içərisinə baxış keçirilmiş və o, həmin bükümün içərisində olan maddənin narkotik vasitə “heroin” olmasını bildirmişdir. O, həmin narkotik vasitəni günorta saatlarında “Zabitlər bağı”nın yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 5 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm boş zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək, barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 13 aprel 2023-cü il tarixdə “Cavid” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin NMB-nə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 13 aprel 2023cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Sübhi Salayev 53 ünvanının qarşısına Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda bir müddət gözlədikdən sonra, saat 21:30-da “Cavid” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini həmin şəxsə təqdim etmiş, daha sonra isə həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumata malik olduqlarını bildirərək üzərinə baxış keçirilməsi məqsədilə polis idarəsinə dəvət etmişdirlər. Polis idarəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmiş və sonuncu oturduğu stuldan qalxaraq əynindəki göy rəngli jiletin cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu, 01 ədəd alışqan və “KGTEL K560” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd 10 qəpik və 01 ədəd 05 qəpik ümumilikdə 15 qəpik qəmir pul çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra göy rəngli jiletinin cibindən çıxartdığı 01 ədəd “Rothmans” markalı siqaret qutusuna baxış keçirilmiş və qutunun içərisindən 01 ədəd polietilen sellofana bükülmüş büküm aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd polietilen sellofana bükülmüş bükümün nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs 01 ədəd polietilen sellofana bükülmüş bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Zabitlər bağı”nın yaxınlığında adını bilmədiyi, milliyətcə “Qaraçı” olan tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçun aldığını və bükümün işərisində heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan aşkar edilən narkotik vasitəyə bənzər 01 ədəd polietilen selofana bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Əliyev X6 RPİ-nin inzibati binasına gətirilən zaman və Nəsimi RPİ-nin inzibati binasında olduğu zaman ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş və Nəsimi RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, mütəxəssis X5, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs öncə üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında, habelə bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmiş və Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə o, geyindiyi əynindəki göy rəngli jiletinin cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu, 01 ədəd alışqan və “KGTEL K560” markalı mobil telefon çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd 10 qəpik və 01 ədəd 05 qəpik ümumilikdə 15 qəpik qəmir pul çıxararaq masanın üzərinə qoymuşdur. Sonra əyninə geyindiyi paltarların ciblərinə və digər yerlərinə baxılmış və hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ayağında göy rəngli ayaqqabısına baxılmış və heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ayaqqabını geyinməsini, üst başını səliqəyə salması xahiş olunmuşdur. Göy rəngli jiletinin cibindən çıxartdığı 01 ədəd “Rothmans” markalı siqaret qutusuna baxış keçirilmiş və qutunun içərisindən 01 ədəd polietilen sellofana bükülmüş büküm aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd polietilen sellofana bükülmüş bükümə baxış keçirilmiş və həmin bükümün içərisində olan maddənin narkotik maddəyə bənzədiyi məlum olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd polietilen sellofana bükülmüş bükümün nə zaman və haradan aldığını və içərisində nə maddə olduğunu soruşduqda o, 01 ədəd polietilen sellofana bükülmüş bükümü xx.xx.2023-cü il tarixdə günorta saatlarında “Zabitlər” bağının yaxınlığına adını bilmədiyi, milliyətcə “Qaraçı” olan tanımadığı şəxsdən 5 manata öz şəxsi istifadəsi üçün aldığını və bükümün işərisində heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə bənzər 01 ədəd polietilen sellofana bükülmüş büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş, 01 ədəd “KGTEL K560” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğu üçün qablaşdırılaraq götürülmüş və 01 ədəd alışqan, 01 ədəd 10 qəpik və 01 ədəd 05 qəpik ümumilikdə 15 qəpik dəmir pul özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Nümayiş ilə bağlı iştirakçılardan şikayətin olub-olmadığı soruşulduqda heç kimin şikayətinin olmadığı məlum olmuşdur. Bundan sonra çəkiliş yenidən başlanılmış və çəklişin Nəsimi RPİ-nin inzibati binasında xidməti otaqların birində keçirildiyi bildirilmişdir. Habelə şübhəli şəxs Təqsirləndirilən şəxs onu İdarəyə gətirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirmişdir. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. (i/v 48-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2191 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm; Saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirakçılar: üç imza. S.Salahzadə - imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,347 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i/v 56-58). İş materiallarına əlavə edilmiş “Maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,347 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra 0,297 qram qalıq hissəsinin saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır (i/v 118-119). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 2885 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 122-123). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 03 ay 05 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyi üçün xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. (i/v 100-101, 103-110). İş materiallarına əlavə olunmuş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-201/2023 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 23-24, 93-96). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ondan 92 (doxsan iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,347 qram olmuş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,297 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-337/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən 11 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,347 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,297 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar