Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-337/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Gürcüstanın Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 yanvar 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən və vətəndaşların azad girib-çıxa biləcəyi «Etro» geyim mağazasına müştəri qismində daxil olub digər şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə həmin gün saat 14:48-də satış üçün vitrinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus 01 ədəd 1205 manat dəyərində «Etro» markalı bel kəmərini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. 02 yanvar 2025-ci il tarixdə günorta saat 13 radələrində evində yemək yeyərkən 0,5 litr araq içmiş, sonra isə evdən çıxıb taksi ilə «Ağ şəhər»də yerləşən dənizkənarı bulvara gələrək orada bir qədər gəzmişdir. Təxminən saat 14 radələrində Nəsimi rayonu, Neftçilər prospekti, 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzinə gəlmiş, orada fəaliyyət göstərən mağazalarda satılan paltarlara baxmışdır. Həmin ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mağazasında olan zaman satıcı oğlana gödəkçə sifariş vermişdir. Satıcı sifarişi gətirməyə getdikdən sonra o, vitrində satış üçün qoyulmuş dəri bel kəmərlərindən birini oğurlamaq qərarına gəlmiş və ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra vitrində olan bel kəmərlərindən birini götürüb soyunub-geyinmə otağına keçmiş, oğurladığı dəri bel kəmərini əynində olan gödəkçənin cibinə qoymuşdur. Sonra sifariş verdiyi gödəkçəni geyinib yoxlamış, lakin qiyməti ilə bağlı razılığa gələ bilmədiyini deyərək mağazadan çıxıb ticarət mərkəzini tərk etmiş, oradan bulvara gəlmişdir. Bulvarda bir qədər gəzdikdən sonra yaşadığı evə gəlmiş, oğurladığı bel kəmərini paltar şkafında gizlətmişdir. Lakin oğurluq etməyi barədə ailə üzvlərinə heç nə bildirməmişdir. 08 yanvar 2025-ci il tarixdə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, 02 yanvar 2025-ci il tarixdə saat 14 radələrində mağazadan bel kəmərini oğurladığını etiraf etmiş və oğurladığı bel kəmərini polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda səmimi peşmançılığını, dəymiş ziyanı ödədiyini, səhhətini və ailə vəziyyətini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yaşayır və 4 ay olar ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mazağazasında kişi paltarlarının satışı şöbəsində satıcı işləyir. İşlədiyi mağazada kişi geyimləri ilə yanaşı dəri bel kəmərləri də satılır. Həmin kəmərlər «Etro» brendinin məhsulu olmaqla İtaliya Respublikasının istehsalıdır. Mağazada satılan «Etro» brendinin dəri bel kəmərləri ona məxsusdur. Belə ki, o, həmin bel kəmərlərini mağazadakı satış qiymətindən nisbətən aşağı qiymətə alaraq bir ədədin 1200 manata satır. Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. 02 yanvar 2025-ci il tarixdə təxminən saat 14:30 radələrində mağazada olarkən sonradan tanıdığı Təqsirləndirilən şəxs ora gəlmiş və bir neçə məhsula baxandan sonra mağazada satışa qoyulmuş gödəkçəni bəyəndiyini bildirmiş və 54 ölçüsünün olub-olmadığını soruşmuşdur. O, bildirmişdir ki, anbardan həmin ölçünü gətirib təqdim edə bilər. Bundan sonra sifarişə uyğun olaraq mağazanın anbarına getmişdir ki, 54 ölçülü gödəkçə gətirsin. O, anbardan gödəkçəni götürüb zala tərəf gəlməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs mobil telefonla danışdığını və soyunma-geyinmə otağına tərəf getdiyini görmüşdür. Ona sifariş verdiyi ölçüdə gödəkçəni təqdim edərək soyunma-geyinmə otağında yer göstərmişdir. Baxtuqar otağa keçdikdən sonra isə o, gödəkçəni ona verib oradan uşaqlaşmışdır ki, müştəri gödəkçəni geyinib yoxlasın. Bir qədər sonra Təqsirləndirilən şəxs gödəkçəni geyinib zala çıxmış, güzgülərdə özünə baxmışdır. Sonra o, gödəkçənin qiymətini soruşub 2.225 manat olmasını bildikdən sonra xahiş etmişdir ki, ona qiymətdə endirim etsinlər. O, Baxtuqara həmin gödəkçənin endirimdə olmadığını demiş və onunla birlikdə kassaya yaxınlaşıb qiyməti bir də dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs heç nə deməyib gödəkçəni əynindən çıxararaq ona təhvil vermiş, sonra ondan ayaqyolunun yerini soruşmuş və mağazanı tərk etmişdir. Bir neçə saatdan sonra o, mağazada olan digər satıcılarla birlikdə satılan malları yoxlayarkən müəyyən etmişdir ki, vitrində olan «Etro» brendinin dəri bel kəmərlərindən biri yoxdur. O, işçilərdən soruşmuşdur ki, kimsə bel kəmərlərdən satmışdırmı, lakin onlar bildirmişlər ki, bu gün bel kəmərinin satışı olmamışdır. O, başa düşmüşdür ki, vitrində olan «Etro» brendinin dəri bel kəmərlərindən birini kimsə oğurlamışdır. Sonra o, mağazada və ticarət mərkəzində olan müşahidə kameralarını izləməyə başlamışdır. Bu zaman məlum olmuşdur ki, 02 yanvar 2025-ci il tarixdə saat 14:40 radələrində mağazaya gəlmiş Təqsirləndirilən şəxs vitrində olan «Etro» brendinin dəri bel kəmərlərindən birini götürərək oğurlamışdır. Bundan sonra o, ərazi üzrə Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. Ondan ərizə və izahat alınmış, sonra isə polis əməkdaşları ilə işlədiyi mağazaya qayıdaraq hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. 08 yanvar 2025-ci il tarixdə onu 22-ci polis şöbəsinə dəvət etmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs ilk dəfə görüb tanımışdır. Onun mağazadan oğurladığı dəri bel kəməri polis əməkdaşları tərəfindən tapılıb polis şöbəsinə gətirilmişdir. Lakin oğurlanmış bel kəmərinin satışa yararsız olduğunu bildirərək dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan 09 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakt üzrə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i/v 1). İş materiallarında olan 02 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:48-də Bakı şəhəri, Nəsmi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mazağasından bir ədəd «Etro» markalı bel kəmərinin gizli olaraq talanması faktı təsdiq olunmuşdur. (i/v 6-8). İş materiallarında olan 03 yanvar 2025-ci il tarixdə DVD-R diskə keçirilmiş baxışdan görünür ki, çəkilişin müddəti 02 yanvar 2025-ci il saat 14:47:55-dən 14:48:36-dək olmaqla 41 saniyədir. Videoçəkilişin saat 14:48:06-ya olan görüntülərində Təqsirləndirilən şəxs cibindən mobil telefon çıxarıb danışmağa başlaması, sonra bel kəmərləri satılan vitrinin qarşısında dayanıb onlara baxması, saat 14:48:27-də sol əli ilə vitrindən bel kəmərlərindən birini götürərək mobil telefonla danışdığı vəziyyətdə irəliyə hərəkət etməsi onun arxası ilə mağazanın işçisinin əlində gödəkçə aparması əks edilmişdir. (i/v 12, 88). İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli təqdim edilmiş əşyanın götürülməsi protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə təqdim edilmiş dəmir başlıqlı, qəhvəyi rəngli bir ədəd dəri bel kəməri götürülmüşdür. (i/v 19, 20). İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 9/239 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində Made in İtaly sözləri olan «Etro» markalı bel kəmərinin 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti yeni vəziyyətdə 1205.00 manat müəyyən edilir. Həmin 01 ədəd «Etro» markalı bel kəmərinin istifadə olunmuş vəziyyətdə satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından hazırki yəni, istifadə olmuş vəziyyətdə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i/v 93-96). İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 yanvar 2025-ci il tarixli 158 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şizoaffektiv pozuntu, remissiya vəziyyəti müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, hazırki psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) müəyyən edilməmişdir. Yəni onda müəyyən edilən psixi pozuntu törətdiyi əməl zamanı remissiya mərhələsində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən Şizoaffektiv pozuntu remissiya mərhələsində olduğu üçün bu iş üzrə prossesual fəaliyyət qabiliyyətli hesab edilir. (i/v 105-107). İş materiallarında olan istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyan tam ödənildiyindən şikayət və tələblərinin olmamasını bildirmişdir. (i/v 91). İş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. (i/v 89). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 39). İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X1 ad soyadlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. (i/v 61). İş materiallarında olan 11 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan olunmuşdur. (i/v 63). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 79). İş materiallarında olan 15 fevral 2025-ci il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd üzərində “Made in İtaly” sözləri olan “Etro” markalı bel kəməri maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmışdır. (i/v 102). İş materiallarında olan 01 mart 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 02 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mazağasında bel kəmərinin oğurlanması faktının qeydə alınmış videogörüntülərinin olduğu 01 ədəd DVD-R diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (i/v 109-113). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Made in İtaly” sözləri olan “Etro” markalı bel kəmərinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mazağasında bel kəmərinin oğurlanması faktının qeydə alınmış videogörüntülərinin olduğu 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-337/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərara əsasən 03 aprel 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 11 (on bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına 81 (səksən bir) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış üzərində “Made in İtaly” sözləri olan “Etro” markalı bel kəmərinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 152 ünvanında yerləşən «Port Baku» ticarət mərkəzində fəaliyyət göstərən «Etro» geyim mazağasında bel kəmərinin oğurlanması faktının qeydə alınmış videogörüntülərinin olduğu 01 ədəd DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Mirzəyev və Partnyorları» Vəkil Bürosunun hesabına 81 (səksən bir) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-337/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-337/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver