Məhkəmə qərarları › İş №1(006)-338/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-338/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-338/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1984-cü ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi 57 nömrəli binanın blokundan Zərərçəkmiş şəxs Vladirmirovnanın yaşadığı 435 nömrəli mənzilin yerləşdiyi eyvana keçərək oradan mənzilin eyvana açılan qapısının pəncərəsini ayağı ilə vurub açdıqdan sonra mənzilə qanunsuz daxil olub yataq otağındakı dolabdan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 22215 manat 60 qəpik təşkil edən 12000 avro dəyərində 01 ədəd “Gucci” markalı İtaliya istehsalı, 22,04 qram çəkidə, 750 əyarlı 18 karat sarı qızıldan hazırlanmış üzərində 0,77 karat qara almaz olan sırğa və 01 ədəd “Gucci” markalı İtaliya istehsalı, 11,2 qram çəkidə, 18 karat sarı qızıldan hazırlanmış üzərində 4,056 karat qara almaz olan üzükdən ibarət dəsti, həmin günün məzənnəsi ilə 7405 manat 20 qəpik təşkil edən 01 ədəd “Roberto Coin” markalı İtaliya istehsalı 26,8 qram çəkidə, 18 karat sarı qızıl və 18 karat ağ qızıldan hazırlanmış üzərində 0,25 karat almaz olan qolbağı, həmin günün məzənnəsi ilə 332 manat 29 qəpik təşkil edən 700 İsrail şekelini, 138 manat təşkil edən 300 X1 dirhəmini, 250 manat 06 qəpik təşkil edən 2832 Türkiyə lirəsini, 199 manat 83 qəpik təşkil edən Gürcüstan larisini, 85 manat təşkil edən 3991 Rusiya rublunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 30625 manat 98 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, onun oğlu 1-ci qrup əlil olduğundan külli miqdarda pula ehtiyacı olmuşdur. Bu səbəbdən oğurluqlar edərək cinayət törətmişdir. O, sonuncu məhkumluqdan sonra azadlığa çıxaraq Astara rayonunda qalmış, orada fəhlə olaraq fəaliyyət göstərmiş, daha sonra Bakı şəhərinə gəlmişdir. Bakıya gəldikdən sonra gündəlik tələbatını ödəmək üçün pulu olmamış və oğlunu əməliyyat etdirmək üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə ilk öncə “Səməd Vurğun park”ı yaxınlığında gəzmiş və havanın qaralmasını gözləmişdir. Bundan sonra saat təxminən 20-21 radələrində iki rus dilli qadın körpə uşaqları yanlarında olduğuna görə qapını açmaq üçün kömək istəmişdirlər. O, komək etmiş və liftə minərək 18ci mərtəbəyə qalxmışdır. Bundan sonra pilləkən vasitəsilə aşağıya düşmüş, hər mərtəbəni düşdükcə binanın eyvanına çıxıb evlərin işığı yanıb yanmadığına baxmışdır. 8-ci mərtəbəyə düşən zaman binanın eyvanından baxan zaman mənzilin işığının yanmadığını görmüşdür. Dərhal həmin mənzilin qapısını döymüş və evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. O, binanın eyvanından mənzilin eyvanına keçərək daxil olmuşdur. Qapı içəridən bağlı olduğundan pəncərəyə aşağı tərəfdən təpik zərbəsi ilə vurmuş və pəncərə açılmışdır. O, pəncərədən mətbəxə daxil olmuş, orada heç nə tapa bilməmiş, sonra yataq otağına baxan zaman orada sürmə olduğunu görmüşdür. Sürməni açdıqdan sonra orada qızılları görmüşdür. Həmin qızılların içərisindən bilərzik, sırğa, üzüyü oğurlamışdır. Sonra yataq otağındakı şkafa baxmış, orada dəmir seyf görmüşdür. Həmin seyfin qapısını sındırmaq istəsə də bacarmamış, otaqları gəzməyə davam etmiş və üzbəüz otaqda sürmənin üzərində qaz açarı, çəkiç, vint açan və kəlbətin kimi alətlər olduğunu görmüş və həmin əşyaları götürüb seyfi açmaq istəsə də, yenə də bacarmamışdır. Daha sonra yataq otağında qızılları götürdüyü sürməyə baxmış, orada olan bir neçə ölkənin xarici valyutalarından ibarət pul əskinazlarını götürmüşdür. Bundan sonra evin qapısını yenidən açaraq bayıra çıxmışdır. Pilləkan vasitəsi ilə aşağı düşmüşdür. Blokdan çıxandan sonra “Milli Bank”ın yanına kimi piyada getmiş, orada nömrəsin unutduğu avtobusa minərək ərazidən uzaqlaşmışdır. O, qızıllar və oğurluq barədə heç kimə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə o, ailəsi ilə birlikdə Astara rayonuna getmişdir. Bundan təxminən bir neçə gün sonra Bakıda polis əməkdaşlarının onu axtardığını eşitmiş və oğurluqla bağlı onun axtarıldığını anlamışdır. Daha sonra polis əməkdaşları onu saxlamış, o da törətdiyi cinayət əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxs onun əlil uşağının müalicəsinə köməklik göstərdiyi təqdirdə oğurlanmış zinət əşyalarının qaytarılmasını təmin edəcəkdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə o və birlikdə qeyri-rəsmi yaşadığı Şahid ilə birlikdə olmuşdurlar. Həmin gün saat təxminən 18:30 radələrində rəfiqələri Nərminə, Sevinc, Afət və Nərgiz adlı şəxslərlə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Etçi Umut” adlı restoranda iftar məqsədilə görüşmüşdürlər. Şahid isə saat 18:50də evdən çıxaraq keçmiş həyat yoldaşından olan övladlarını görmək üçün ünvan 3 ünvanında yerləşən özünə məxsus yaşayış evinə getmişdir. O, axşam saat 23:00 radələrində evinə gələn zaman evin giriş qapısının örtülü vəziyyətdə olduğunu, lakin qapının cəftəsini açdığı zaman qapının açıq olduğunu görmüşdür. O, ilk öncə Anarın qapını kilidləməyi unutduğunu düşünmüş, evə daxil olmuş, yataq otağına keçib paltarını dəyişmək istəyən zaman ev soyuq olduğu üçün mətbəxə daxil olmuş və mətbəxin eyvana olan qapısının açıq olduğunu görərək evin giriş qapısının açıq olduğunu bildiyi üçün şübhələnməyə başlamışdır. Dərhal yataq otağına keçmiş, otağın işığını yandırmış, sürmənin üzərində olan 01 ədəd “Gucci” markalı, sarı qızıl, üzərində qara almaz olan sırğasının, 01 ədəd “Gucci” markalı, sarı qızıl, üzərində qara almaz olan üzüyünün, 01 ədəd “Roberto Coin” markalı, sarı qızıl və ağ qızıl, üzərində almaz olan qolbağının yerində olmadığını gördükdə evə naməlum şəxsin daxil olduğunu və oğurluq etdiyini anlamışdır. Dərhal Anara məxsus mobil nömrəyə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Anar təxminən 10 dəqiqə ərzində evə gəlmiş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polislər gələnə qədər onlar yenidən evə baxdıqda evdə olan “Good Well” markalı dəmir seyfin də zədələndiyini, oğurluq etmək istəyən şəxsin seyfi açmaq istədiyini, lakin aça bilmədiyini aşkar etmişdirlər. Onun sürməsinin içərisinə baxdıqda orada başqa qızıllarının da olduğunu, lakin onların oğurlanmadığını görmüşdür. Bundan əlavə, həmin sürmədə küncdə olan zərfin içərisində olan 329 manat dəyərində 700 İsrail şeikeli, 138 manat dəyərində 300 BƏƏ dirhəmi, 250 manat dəyərində 2832 türk lirəsi, 200 manat dəyərində 298 lari, 83 manat dəyərində 3991 rus rublu, yəni ümumilikdə 1000 manat dəyərində xarici ölkələrin pulların oğurlandığını aşkar etmişdir. Ona ümumilikdə 30625 manat 98 qəpik dəyərində ziyan dəymişdir. Həmçinin “Good Well” markalı dəmir seyfin də zədələnməsinə görə ona 750 manat ziyan dəymişdir. Sonradan onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri olduğundan Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 57 ünvanında yerləşən evdə birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs iftar məqsədi rəfiqələri ilə görüşə getmişdir. O, təxminən 20 dəqiqə sonra evdə olan qapı pəncərini bağladıqdan sonra keçmiş həyat yldaşından olan övladlarını görmək məqsədilə qeydiyyatda olduğu evə getmişdir. Həmin mənzildə övladlarıyla görüşüb söhbət etdikdən sonra biraz mürgüləmişdir. Həmin gün axşam saat 23 radələrində evdə olduğu zaman Zərərçəkmiş şəxs ona həyəcanlı səslə zəng edərək evin qapı və pəncərəsinin açıq olduğunu, dəmir seyfin isə zədələnmiş olduğunu, sürməsinin içərisində olan qızıllarının oğurlandığını bildirmişdir. O, təcili olaraq həmin ünvana yaxınlaşmış, daha sonra onun yanında DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları gəldikdən sonra zədələnmiş seyfə baxış keçirmişdirlər. Həmin seyfdə ona məxsus pullar, Zərərçəkmiş şəxs məxsus qızıl və zinət əşyaları olmuşdur. Seyf açıldıqdan sonra orada olan əşyalara toxunulmadığını görmüşdürlər. Lakin evdə olan Zərərçəkmiş şəxs məxsus zinət əşyalarının və müxtəlif ölkələrin pul əskinazlarının oğurlandığı məlum olmuşdur. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş 07 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvanında yerləşən 435 saylı mənzildir. Hadisə yerindən 03 ədəd siqaret kötüyü, 01 ədəd çəkic, 01 ədəd qaz açarı götürülmüşdür. Həmçinin, hadisənin baş verdiyi ünvanda seyfə baxış keçirilmiş, seyfdən hər hansı bir predmetin oğurlanmadığı aşkar edilmişdir. (i/v 13-14). İş materiallarına əlavə edilmiş 15 aprel 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-203/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 07 iyul 2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. (i/v 68, 114-116). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanından aşkar edilmiş 01 ədəd çəkic və 01 ədəd qaz açarı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i/v 167-168). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsindən Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4898/2023 nömrəli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş çəkicin dəstəyi üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. (i/v 130-131). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunaraq 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i/v 125-127, 142-159). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/2829 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2023-cü ilin aprel ayına olan tarixə orta bazar qiyməti təxminən aşğıdakı kimi müəyyən edilmişdir. 01 ədəd qızıl zinyət əşyası olan “Gucci” markalı, İtaliya istehsalı, 750 əyar 18 karat sarı qızıl, qalınlığı 19.82 mm, uzunluğu 39,88 mm, çəkisi 22,04 qram, üzərində 0,77 karat qara almaz olan sırğa - 2464,00 (22,4qrx110man) manat; 01 ədəd “Gucci” markalı, İtaliya istehsalı, 18 karat sarı qızıl çəkisi 11,2 qram, üzərində 4,058 karat qara almaz olan üzük - 1232,00 (11,2qrx110man) manat; 01 ədəd “Roberto Coin” markalı, İtaliya istehsalı 18 karat sarı qızıl və 18 karat ağ qızıl, qalınlığı 7,8 mm, uzunluğu 6,5 düym, çəkisi 26,8 qram, üzərində 0,25 karat almaz olan qolbaq - 2948,00 (26.8qrx110man) manat müəyyən edilmişdir. Tədqiqata təqdim edilən məktubda göstərilən məlumatlarda qızıl-zinət əşyalarının üzərindəki qaşların keyfiyyəti, sayı öz əksini tapmadığından brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i/v 162-164). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablanmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd çəkic və 01 ədəd qaz açarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-338/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 07 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 15 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd çəkic və 01 ədəd qaz açarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar