Məhkəmə qərarları › İş №1(006)-34/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-34/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-34/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 138-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Musa” adlı şəxsdən 210 manat pulun müqabilində satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,184 qram olan 34 bükümdə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, həmin günü saat 17:00-da ünvan 1 ünvanın qarşısında olarkən özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,401, 0,200, 0,239, 0,318, 0,297, 0,266, 0,266, 0,337, 0,300, 0,285, 0,291, 0,302, 0,315, 0,248, 0,309, 0,224, 0,321, 0,230, 0,335, 0,307, 0,311, 0,327, 0,271, 0,309, 0,336, 0,312, 0,308, 0,290, 0,310, 0,288, 0,275, 0,387, 0,308 və 0,361 qram olmaqla, ümumi təmiz çəkisi 10,184 qram təşkil edən 34 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 25.06.2021-ci il tarixdə saat, 15 radələrində “Kubinka” adlanan ərazidə əvvəllər tanımadığı “Musa” adlı şəxsdən 210 manat pula 34 büküm “nəşə” kimi tanınan marixuana almışdır. Bir müddət sonra saat 17:00 radələrində C.Məmmədquluzadə küçəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb onun özünü şübhəli apardığını bildirib onu 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişlə üzərində axtarış aparılarkən o, üzərində olan həmin bükümləri əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb masanın üstünə qoymuşdur. Qeyd edir ki, marixuananı satış üçün deyil, şəxsi istifadəçisi üçün almışdır. Məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 25 iyun 2021-ci il tarixdə, saat 17:00 radələrində inzibati ərazidə iş yoldaşı Şahid2 ilə xidmətdə olarkən ünvan 2 ünvanda bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmış və sorğu-sual zamanı bu şəxs narkotik alüdəçisi olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi 20-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. daha sonra təhqiqatçı tərəfindən onun üzərində videoçəkilişlə axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən göy sellofan çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofana baxıldıda, onun içərisindən 34 ədəd büküm aşkar edilmişdir. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 oğlu Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan:  “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26.06.2021-ci il tarixli, 7/604 saylı rəyi və ekspertin izahatına əsasən tədqiqata təqdim edilmiş, “şübhəli şəxs Məmmədov.....” yazılar və imzalar olan zərfdə ağ-göy zolaqlı sellofan bükülüdə 34 ədəd dəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401, 0,200, 0,239, 0,318, 0,297, 0,266, 0,266, 0,337, 0,300, 0,285, 0,291, 0,302, 0,315, 0,248, 0,309, 0,224, 0,321, 0,230, 0,335, 0,307, 0,311, 0,327, 0,271, 0,309, 0,336, 0,312, 0,308, 0,290, 0,310, 0,288, 0,275, 0,387, 0,308 və 0,361 qram, ümumilikdə 10,184 qram bitki mənşəli kütlələr tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəki 9,534 qram, aparılmış tədqiqatın dəyəri isə 66,46 manat təşkil edir (İ cild, i.v.51-52, 134-136);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin Ambulator X1 haqqında 10.07.2021-ci il tarixli, 2266 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarının periodik istifadə etmə halları olub. Lakin hal-hazırda müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, i.v.127-128);  "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilməsi haqqında” 14.09.2021-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs istifadəsində olan 070710-43-43 saylı mobil nömrəyə 01.05.2021-ci il tarixdən 07.08.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, həmçinin sms mətnlərin qeydə alındığı bir ədəd diskə baxış keçirilmişdir. Bu zaman 070 ***- **-** saylı nömrəyə 070 ***-**-** saylı nömrədən “Goturmursenki telefonu canin saqolsun bir aydan coxdu gozleyirem bundan sonra menden incime gor o pulu nece aliram sende” məzmunda sms, 055 ***-**-** saylı nömdən “5 manat verim 5 sabah axwam” məzmunda sms, 070 ***-**-** saylı nömdən “İlqar bagiwla yene marahat eledim qaqa yadimnan cixdi deyim ki menim elimnen sunkanida kilok vatidi ha onu ediw elimnen aldi yunis sururdu oda yanida otu rmiwdu papaninde ozude en pis yerde qiwqira qiwqara ses kuy opwum kino mende canomin derdinden yola verdim yoxsa poxa duwerdik hem men hemde olar sen dem en ki polad atasina deyib sizi atasi axdarir papaninde deyir oglumuna el deyenin tutub o mesele eliyerem denen bu uwq muwaqa bir hede otursunlar menim oz umnen cixraadinlar agoli olsun kim menim ogluma el deyse elerinini qirib gotune soxaram vAllah sen ele se qoy cekimsier Allah and olsun ki duz deyorem sen ele ele qardawimsan me ora qalidmaq isdiyirem bemde isdeyen olaa denen mene nomremi ver goruwum okiw?” məzmunda smslərin yazılması müəyyən olunmuşdur. Lakin istintaq əhəmiyyətli məlumatlar əldə etmək üçün 055 263-30-33, 070 ***-**-** və 070 ***-**-** saylı GSM nömrələrlə əlaqə saxlayaraq həmin nömrələrə zəng vurulsa da, nömrələr şəbəkəxarici xidmətində olduğundan, həmçinin onlara zəng çatmadığından digər məlumatları əldə etmək mümkün olmamışdır (İ cild, i.v.129-133, 138);  “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 14.09.2021ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 34 ədəd bükümdə olan və ekspertizadan sonra qalıq qalan 9,534 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.139-146);  “Şübhəli şəxsin tutulması haqqında” 25.06.2021-ci il tarixli prokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 27.06.2021-ci il tarixdə imtina edilmişdir (İ cild, i.v.17-18, 92-93);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, 03.02.2022-ci il tarixdə o, tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02.07.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorgu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.117);  Doğum haqqında şəhadətnamənin surətinə görə təqsirləndirilən şəxsin 01.02.2021-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.269). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi tam sübuta yetirilir və özünün müdafiəsi üçün gətirdiyi dəlili, yəni üzərində aşkar olunmuş 34 bükümdə, ümumi çəkisi 10,184 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün nəzərdə tutulduğunu məhkəmə inandırıcı hesab etmir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 03 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 9,534 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 66,46 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 34 ədəd bükümdə olan 9,534 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar