Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-34/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin Qatarların hərəkət cədvəli və qrafiki bölməsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 09 iyun 2022-ci il tarixdə saat 09 radələrində "xxxx" QSC-nin Sumqayıt- Xırdalan-Bakı marşurutu ilə hərəkət edən elektrik qatarının “ekonom” tipli vaqonunda Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24/1 ünvanında yerləşən Bakı Dəmiryol Vağzalının Bakı sərnişin stansiyasına gələrkən qatar stansiyaya çatdıqda həmin vaqondakı sərnişin Zərərçəkmiş şəxs əvvəllər müxtəlif vaxtlarda onunla eyni vaqonda gəlməsini, ona baxmasını və vaqondan çıxarkən ona toxunmasını bəhanə edib ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarına əhəmiyyətli dərəcədə etinasızlıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq etməklə müşayiət olunan hərəkətlər edib, vaqondakı sərnişinlər və platformadakı şəxslərə qarşı laqeydlik edib özünü ətrafdakı şəxslərin fövqündə qoyaraq əsaslı səbəb olmadan vaqonun içərisində Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən əli ilə bir zərbə vurmuş, sonuncu vaqondan çıxıb ona tərəf baxdıqda sifət nahiyəsindən əli ilə bir zərbə vurub Zərərçəkmiş şəxs burun sümüklərinin yerdəyişməyən sınıqları, sol gözün və burunun qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib sağlamlığa yüngül zərər vurmaqla qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə birlikdə işləmiş, aralarında normal münasibətlər olmuş, mübahisələri olmamışdır. xx.xx.2018-ci ildən "xxxx" QSC-də işləməyə başladığından Sumqayıt-Bakı elektrik qatarından istifadə etməyə başlamış, 2019-cu ilin 10 və ya 11-ci ayından etibarən həmin qatardan istifadə edərkən kənardan kiminsə onu mütəmadi baxışlarıyla izlədiyini görmüş, lakin həmin şəxslə göz-gözə gəldikdə gizləndiyini müşahidə etmişdir. Bundan bir müddət sonra “Link Edin” səhifəsindən kiminsə onun profilinə baxdığını görmüş, dəqiqləşdirdikdə həmin şəxsin 2013-cü ildə “Embawood” şirkətində birlikdə işlədiyi Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Sonradan qatarla işə gələrkən vaqonda Zərərçəkmiş şəxsla təsadüfən rastlaşmış, aralarında səmimi söhbət zamanı Zərərçəkmiş şəxsla birlikdə işlədiklərini demiş, müəyyən mövzularda söhbət etdikdən sonra müvafiq stansiyada normal şəkildə sağollaşmışlar. Lakin həmin şəxsə qarşı müəyyən şübhələri yarandığından ondan uzaq olmağa çalışmış və hər dəfə rastlaşdıqda uzaqdan salamlaşmışlar. Xeyli müddət sonra Sumqayıt şəhərindən Bakı şəhərinə işə gələn zaman qatarda bir neçə dəfə Zərərçəkmiş şəxsla rastlaşmış, sonuncu qatardan enərkən guya harasa yubandığını göstərmək üçün iti surətlə hərəkət edərək ona təmas edib ayağına və ya bədəninin digər hissələrinə toxunmuş, lakin o, buna əhəmiyyət verməməyə çalışmışdır. 2020-ci ilin avqust ayında qatarda olan zaman Zərərçəkmiş şəxs yenə iti sürətlə yanından keçərkən onun ayağına təmas etmiş, o, bu barədə dərhal sonuncuya iradını bildirmişdir. Zərərçəkmiş şəxs tələsdiyini bildirdikdə, o, bu halın dəfələrlə təkrarlandığını bildirmişdir. Zərərçəkmiş şəxs onun ayağına dəydikdə bu barədə həmin vaxt iradın bildirilməsini və buna görə həmin vaxt üzr istəməyə hazır olduğunu bildirmişdir. Bundan sonra iki il müddətində Zərərçəkmiş şəxsla dəyişik vaqonlara minərək onunla üz-üzə gəlməyə çalışmışdır. 09 iyun 2022-ci il tarixdə işə getmək üçün Sumqayıt- Bakı elektrik surət qatarına minmiş, əlindəki çantanı yerləşdirdikdən sonra elektron kitaba qulaq asmaq üçün qulaqcıq taxmışdır. Bundan sonra təxminən 2 metr aralıda Zərərçəkmiş şəxs oturduğunu görmüşdür. Qatar Bakı şəhərinə çatana kimi aralarında söhbət olmamış, lakin Zərərçəkmiş şəxs dodağının altında nəsə pıçıldadığını eşitmişdir. Qatar Bakı Dəmir Yolu Vağzalında son dayanacaqda saxlayan zaman, Zərərçəkmiş şəxs qatardan enərkən əlini əynindəki şalvarın kəmərinə aparmış, bu zaman Zərərçəkmiş şəxs onun qabağında olduğunu görmüş, qatardan düşmək istədiyi üçün və əsəblədiyinə görə arxadan əli ilə sonuncunu itələyərək tez düşməsini istəmişdir. Zərərçəkmiş şəxs ona zərbə endirmək istədiyini zənn etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun üzərinə gələrək “şərəfsiz” demiş və ona zərbə endirmək istəmiş, bu vaxt o, özünü qorumaq üçün ona yumruq zərbəsi atmış, zərbənin Əlinin hansı nahiyəsindən dəydiyini hiss etməmişdir. Ətrafda olan tanımadığı adam onları ayırmışdır. Sonra Zərərçəkmiş şəxs ona yenidən nalayiq ifadələr işlətmiş, lakin o, buna əhəmiyyət verməməyə çalışmışdır. Onun Zərərçəkmiş şəxs xəsarət yetirmək üçün imkanları olsa da, bunu etməmişdir. Təxminən 150 metr bir-birlərinə yaxın məsafədə hərəkət etmiş, həmin vaxt sonuncunun sifətində hər hansı xəsarət olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs yaxınlıqda olan polisə yaxınlaşmış, o isə ərazidən uzaqlaşmış və ortaq tanışları vasitəsilə barışmaq niyyətində olmuşdur. Sonradan polis əməkdaşları onu idarəyə çağırmış, o da idarəyə gedərək izahat vermişdir. Sonda Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2013-cü ildən tanımış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. o, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə birlikdə “EmbaWood” şirkətində işləmiş, əvvəllər normal münasibətləri olmuş, aralarında dava-dalaş, problem olmamışdır. Sonradan hər ikisi həmin iş yerindən müxtəlif vaxtlarda ayrılmışdır. 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Sumqayıt-Bakı surət qatarında rastlaşmış və aralarında olan səmimi söhbət zamanı hər hansı mübahisə olmamışdır. Bundan təxminən 6-8 ay sonra yenidən Sumqayıt-Bakı surət qatarında həyat yoldaşı ilə birlikdə olarkən Təqsirləndirilən şəxs onu arxadan çağıraraq qarşısını kəsdiyini, hətta əvvəllər qatardan düşərkən onun ayağına vurduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs tanış olduqlarını, ortaq tanışlarının olduğunu, aralarında hər hansı mübahisə olmadığını bildirmişdir. 09 iyun 2022-ci il tarixdə Sumqayıt-Bakı surət qatarına minmiş, lakin noutbukunu unutduğuna görə qatardan enmiş və həmin noutbuku götürüb yenidən həmin qatarın digər vaqonuna minmişdir. Qatar Bakı dəmir yolu stansiyasının son dayanacağına çatdıqda qatardan enən zaman pilləkəndə baş nahiyəsinin arxasından kiminsə vurduğunu hissə edib arxaya çevrildikdə Toğrulun arxasında dayandığını görmüş, ilk olaraq sonuncunun onunla zarafat etdiyini düşünmüş, lakin Toğrul onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt tanımadığı şəxs araya girərək onları bir-birindən uzaqlaşdırmışdır. Toğruldan nə etdiyini soruşduqda sonuncu ona "qatardan düş sənə göstərəcəm" demişdir. Hadisə baş verən vaxt həmin yerdə iki nəfər əlavə şəxs olmuşdur. O, qatardan enib dayanacaqda xidmət aparan polis əməkdaşına yaxınlaşaraq hadisə barədə məlumat verdikdə Toğrul hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt polis əməkdaşı ona su gətirərək üzündəki qan ləkələrini təmizləmiş, daha sonra isə həkimə gedərək rentgendən keçdikdə burun sınığı olduğu aşkar olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün ona qarşı şikayətçidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik Hüquqi Şəxsin canlı şəxsin ekspertizasının 15 iyul 2022-ci il tarixli, 567 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüklərinin yerdəyişməyən sınıqları, sol gözün və burunun qançırları xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən tarix və şəraitə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (i/v 33-35). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i/v 25). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i/v 77). İş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur departamentinin rəis müavini Nəriman Nağıyev tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən "xxxx" QSC-də işləyir və xx.xx.2021-ci il tarixdən həmin QSC-nin İnfrastruktur departamenti Qatarların idarə edilməsi xidmətinin qatarların hərəkət cədvəli və qrafiki bölməsinin rəisi vəzifəsində işləyir. (i/v 82). İş materiallarında olan "xxxx" QSC-nin İnfrastruktur departamentinin rəis müavini Nəriman Nağıyev tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işə başladığı ilk vaxtlardan özünün bacarığı, işə məsuliyyətli yanaşması ilə digərlərindən seçilmişdir. Təqsirləndirilən şəxs çalışdığı müddətdə cəmiyyətin başlıca qayda və prinsiplərinə yiyələnmişdir. Bütün verilən tapşırıqlarda özünün operativliyi və sərrastlığı ilə seçilən Təqsirləndirilən şəxs kollektiv içində hörmət qazanmış, intizamlı, nəzakətli və təvazökar bir insan kimi özünü tanıtmışdır. (i/v 83). İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2012-ci ildə, X4 xx.xx.2013-cü ildə, X5 isə xx.xx.2017-ci ildə doğulmuşlar. Ataları Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. Təqsirləndirilən şəxsin məhkəmə araşdırması dövründə ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, xuliqanlıq etməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hadisə "xxxx" QSC-nin Sumqayıt-Xırdalan-Bakı marşurutu ilə hərəkət edən elektrik qatarının “ekonom” tipli vaqonunda olmuş, həmin vaqon Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov 24/1 ünvanında yerləşən Bakı Dəmiryol Vağzalının Bakı sərnişin stansiyasında yerləşmiş, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydaları qərəzli surətdə pozulmaqla zərərçəkmiş şəxsi vurmuş, cəmiyyətə açıqca hörmətsizlik edərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın mənafeylərinə toxunan hərəkətlər etmişdir. Həmin hərəkətlərlə Təqsirləndirilən şəxs vətəndaşların normal həyatı üçün təhlükə yaratmış, həmin hərəkətlər qorxu və narahatçılıq hissinə səbəb olmuş, zərərçəkmiş şəxsin sifət nahiyəsindən əli ilə bir zərbə vuraraq onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun, özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin, ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrıayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-34/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-34/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver