Məhkəmə qərarları › İş №1(006)-340/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-340/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-340/2021 20.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Ağcabədi rayonu, Minəxorlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonu, Minəxorlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanın qarşısında "xxxx" MMC-yə məxsus olmaqla tanışı Şahid etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən sonuncunun avtomobili tərk edib həmin ünvanda yerləşən binanın blokuna daxil olmasından və avtomobilin açarının avtomobilin üzərində qalmasından istifadə edərək heç bir icazə və hüququ olmadan avtomobilin sükanı arxasına keçib mühərrikini işə salmaqla həmin ərazidən uzaqlaşıb "xxxx" MMC-yə məxsus avtomobili qanunsuz olaraq ələ keçirməklə qaçırmış və həmin gün Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsinə kimi sürüb həmin yerdə avtomobili saxlayaraq oradan uzaqlaşmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, o, “Hyundai” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ümid Nəsrullayevə məxsus olduğunu düşünmüşdür. Belə ki, həmin avtomobili həmişə Ü.Nəsrullayev idarə edirdi. Ümid onun tanışıdır, sinif yoldaşı olmuşdur. O, hər zaman Ümidin avtomobilini götürüb sürmüşdür. 22 dekabr 2020-ci il tarixdə də götürüb sürmüşdür. Onun avtomobili qaçırmaq fikri olmamışdır. 102 xidmətinə xəbər verildiyini biləndən sonra isə avtomobili qaytarmışdır. Avtomobili oğurlamaq fikri olmamış və həmin avtomobilə heç bir maddi ziyan vurmamışdır. Sonda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü qismən təqsirli bilir və əməlindən peşmandır, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid ilə "xxxx" QSC arasında bağlanmış müqaviləyə əsasən “Hyundai” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid icarəyə verilmişdi və Şahid həmin avtomobili etibarnamə əsasında idarə edirdi. Onların nümayəndəsi dəfələrlə görmüşdür ki, avtomobili Ümid idarə edir. Turala xəbərdarlıq etmişlər ki, bir də başqası idarə etsə, avtomobil əlindən alınacaq. Onlar əslində avtomobili Turala vermiş, onlara avtomobilin oğurlanması ilə bağlı məlumat veriləndən sonra GPS vasitəsilə avtomobilin yeri müəyyən olunmuşdur. Daha sonra avtomobil onlara qaytarılmış və müəyyən edilmişdir ki, avtomobilin qapılarına zərər vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. "xxxx" şirkəti ilə aralarında bağlanmış müqavilə əsasında “Hyundai” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdü. Avtomobilin qabaq hissəsi əzilmiş, planını da ödəyə bilmədiyindən Ümidlə aralarında belə bir razılığa gəlmişlər ki, Ümid avtomobilin qabaq hissəsini düzəltdirsin, ondan sonra avtomobili Ümidin adına keçirsinlər. Bu məqsədlə avtomobili Ümidin yaşadığı ünvanın qarşısında ustaya vermişdir. Ümid ona zəng edərək avtomobilin qaçırıldığını bildirmişdir. O da 102 xidmətinə zəng etmişdir. Sonra onu polisə dəvət etmişlər, avtomobili qaytarmışlar. Avtomobilə ziyan dəymişdir. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 23.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 45-46); - 04.12.2020-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" QSC-nin balansında olan “Hyundai Accent” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək "xxxx" QSC-nin direktoru R.R.Səmədli tərəfindən 1 ay müddətində Şahid etibar edilmişdir (i.v. 51); - DİN-nin BƏSİİ tərəfindən verilmiş 16.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (i.v. 64-66); - “Sübutların qiymətləndirilməsi haqqında” 19.03.2021-ci il tarixli qərardan görünür ki, "xxxx" QSC-yə məxsus “Hyundai Accent” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxsə təhvil verilmişdir (i.v. 88-94); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasını, cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı amnistiya aktınının tətbiq edilməsi ilə əlaqədar cinayət təqibi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın 9.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər də müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində amnistiya aktının tətbiq olunmasına razılığı, cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Accent” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin saxlanılması üçün zərər çəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut - “Hyundai Accent” markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) saata görə 126 (yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar