Məhkəmə qərarları › İş №1(006)-340/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-340/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-340/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qazaxıstan Respublikası, Quryev vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 iyul 2024-cü il tarixdə saat 03:15-də Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243 ünvanının həyətində saxlanılmış Zərərçəkmiş şəxs məxsus 675 manat dəyərində “Tufan M-50” markalı mopedi gizli olaraq talamaqla birlikdə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir və himayəsində azyaşlı övladı var, heç bir yerdə işləmir. Şahid1 bir neçə ildir ki, tanıyır, aralarında dostluq münasibətləri var və əvvəllər aralarında düşmənçilik və ya ədavət olmamışdır. O, 21 iyul 2024-cü il tarixdə tanışlarının ABŞ-yə getməsini qeyd etmək üçün axşam saatlarında Şahid1 yaşadığı ünvana qonaq getmişdir. Həmin vaxt spirtli içki qəbul etmişlər. Gecə radələrində binanın həyətində yerləşən kafedən yemək almaq üçün Emin ilə birlikdə həyətə düşmüşlər. Emin kafeyə yemək almağa girmiş, o isə həyətdə Emini gözləmişdir. Həmin vaxt həyətdə bir ədəd moped olduğunu görmüş, mopedin üstündə oturmuş, daha sonra isə ayağı ilə mopedi işə salmışdır. Emin kafedən çıxıb gəldikdə isə ona mopedlə bir qədər şəhərdə gəzməyi təklif etmişdir. O, həmin mopedin Orxan adlı tanışına məxsus olduğunu düşünmüş və əvvəllər də Orxandan mopedi alıb sürdüyü üçün fikirləşmişdir ki, indi də bir qədər sürər və sonra qaytarıb yerinə qoyar. O, mopedi işə saldıqdan sonra Emin ilə birlikdə oradan uzaqlaşmışlar. Həmin vaxt mopedi o idarə etmiş, Emin isə arxada əyləşmişdir. Bir qədər şəhərdə həmin moped ilə gəzmiş, daha sonra isə Nabrana getməyi qərara almışlar. Ora çatanda artıq səhər açılmışdı. Dənizdə bir qədər çimdikdən sonra oradan Qusar rayonuna getmişlər. Oraya getdikdən sonra yorğun olduğu üçün moped ilə geri qayıda bilməmişlər. Mopedi haradasa girov qoyub taksi ilə Bakı şəhərinə geri qayıtmağı qərara almışlar. Bunun üçün də o, həmin ərazidə təndir çörəyi bişirilən yerə yaxınlaşıb mopedi orada saxlamaq istədiyini bildirmiş, lakin orada olan tanımadığı şəxs buna razılıq verməmiş, o da həmin şəxsə 30 manat pul qarşılığında mopedi orada saxlamağı təklif etmişdir. Bundan sonra 30 manat pul verərək mopedi həmin şəxsin yanında qoymuş və bildirmişdir ki, mopedi daha sonra gəlib götürəcək. Emin isə həmin vaxt bir qədər kənarda dayanmışdır. Daha sonra isə Emin ilə taksi vasitəsilə Bakı şəhərinə geri qayıtmışlar. Bakıya qayıtdıqdan sonra Orxana mopedini götürdüyünü demək və mopedi saxladığı yer barədə məlumat vermək istədikdə ona məlum olmuşdur ki, götürdükləri moped Orxana məxsus moped olmamış və mopedin sahibi polis orqanına şikayət etmişdir. Daha sonra isə o, polis əməkdaşlarına mopedin yerini demiş və moped həmin yerdən götürülərək sahibinə qaytarılmışdır. Onun həmin mopedi oğurlamaq niyyəti olmamışdır, o, mopedi sürdükdən sonra aparıb yerinə qoymağı fikirləşmişdir. Daha sonra törətdiyi əməldən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan 2022-ci il buraxılışlı “Tufan M-50” markalı moped ilə Bolt şirkətində kuryer işləyir. 22 iyul 2024-cü il tarixdə saat 01 radələrində qohumu Məmmədli Xudunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi 4 ünvanında yerləşən ünvana özünə məxsus olan moped ilə qonaq getmişdir. Həmin vaxt mopedi binanın həyətində saxlayıb mənzilə qalxmışdır. Sabahısı gün saat 08:30 radələrində həyətə düşdükdə mopedin həyətdə olmadığını, yəni ki, oğurlandığını aşkar etmişdir. Bundan sonra isə 22-ci Polis şöbəsinə yaxınlaşaraq bu barədə ərizə yazmışdır. Oğurlanmuş moped “Tufan M-50” markalı, 2022-ci il buraxılışlı, mühərrikinin həcmi 49 kub sm-dir, rəngi tünd qırmızıdır, mopedin alqı-satqı aktını da istintaqa təqdim etmişdir, oğurluq nəticəsində ona 800 manat maddi ziyan dəymişdir, mopedi aldıqdan sonra hər hansı avadanlıq quraşdırmamışdır, mopeddən başqa heç nə oğurlanmamışdır, eləcə də ekspert rəyi ilə tanış olduqdan sonra rəydə göstərilən 675 manat qiymətlə razıdır və bu barədə etirazı yoxdur. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, Murad əvvəl onunla eyni məhlədə qalmış, lakin sonradan oradan köçmüşdür, aralarında dostluq münasibətləri var və əvvəllər aralarında düşmənçilik və ya ədavət olmamışdır. 21 iyul 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvana qonaq gəlmişdir. Həmin vaxt spirtli içki qəbul etmişlər. Səhərə yaxın Təqsirləndirilən şəxs ilə birlikdə həyətə düşmüşlər. Həmin vaxt həyətdə bir ədəd moped olduğunu görmüşlər və sərxoş olduqları üçün fikirləşmişdirlər ki, həmin mopedi sürsünlər və sonra yerinə qoyarlar. Həmçinin həmin mopedin qonşuda yaşayan və kuryer işləyən Orxan adlı şəxsə məxsus olduğunu düşünmüşlər. Təqsirləndirilən şəxs mopedi işə salmış və onlar birlikdə oradan uzaqlaşmışlar. Bir qədər şəhərdə həmin moped ilə gəzmiş, daha sonra isə Nabrana getməyi qərara almışlar. Həmin moped ilə Təqsirləndirilən şəxs ilə birlikdə Nabrana getmişlər. Həmin gün Nabranda dəniz kənarında gəzmiş, lakin daha sonra yorğun olduqları üçün moped ilə geri qayıda bilməmişlər. Üzərilərində pul olmadığı üçün mopedi haradasa girov qoyub pul əldə etməyi fikirləşmişlər. Adını bilmədiyi istirahət yerlərindən birində Təqsirləndirilən şəxs tanımadığı şəxsdən 40 manat pul alaraq mopedi girov qoymuşdur. O bir qədər kənarda dayandığı üçün həmin şəxsin üzünü görə bilməmişdir. Daha sonra isə axşam saatlarında Təqsirləndirilən şəxs ilə taksi vasitəsilə Bakı şəhərinə geri qayıtmışlar. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs narahat edilməməyini istədiyi üçün mopedi özünün işə salaraq sürdüyünü bildirmişdir. Lakin mopedi əslində Təqsirləndirilən şəxs sürmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Nəsimi RPİ-nin 22 Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. İstintaq şöbəsindən daxil olmuş əməliyyat tapşırığına əsasən Zərərçəkmiş şəxs oğurlanmış “Tufan M-50” markalı mopedinin tapılması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Tufan M-50” markalı mopedin Qusar rayonunda olması müəyyən edilmişdir. Məlumatı verən şəxs “Tufan M-50” markalı mopedin Qusar rayonunda Qusar-Xudat yolunda “Avtovağzal” kompleksinin yaxınlığında olması ilə bağlı konum atmışdır. Həmin konum əsasında şöbə rəisinin məlumatı ilə qeyd olunan əraziyə gedib mopedin orada yolun kənarında olduğunu və yanında heç kimin olmadığını görmüşdür. Bu barədə zərərçəkmiş şəxslə danışdıqdan sonra həmin mopedin Zərərçəkmiş şəxs məxsus olduğunu dəqiqləşdirdikdən sonra həmin mopedi Bakı şəhərinə gətirmişdir. Mopedin haradan götürülməsi ilə bağlı konumu təqdim etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ayrıca icraata başqa cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir (cild İ, i.v.1-2); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.6); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir (cild İ, i.v.50); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v.184); - “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İ, i.v.186-187); - “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 23:40 radələrində Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixində Nəsimi RPİ-nin 22-ci PŞ-nə təhvil verilmişdir (cild İ, i.v.190); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təzələnmişdir (cild l, i.v.191); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild l, i.v.225-226); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild l, i.v.227-228); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanın qarşısıdır, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild l, i.v.12-15); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin videogörüntülərini əks etdirən 01 ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə 04 ədəd videoda 22 iyul 2024-cü il tarixdə saat 03:11-dən 03:16-dək 2 nəfər şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243 ünvanının qarşısında hərəkətləri öz əksini tapır, baxış zamanı Şahid1 və Təqsirləndirilən şəxs 22 iyul 2024-cü il tarixdə saat 03:15-də Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243 ünvanının qarşısında 01 ədəd mopedi oğurlamaqları və oradan uzaqlaşmaqları müəyyən edilmişdir, baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan mopedi oğurlayan şəxslərdən birinin özü və digər şəxsin isə Şahid1 olmasını təsdiq edərək törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir (cild l, i.v.222); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, əməliyyat yolu ilə əldə olunmuş mopedə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin moped “Tufan M50” markalıdır, 2022-ci il buraxılışlıdır və tünd qırmızı rənglidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin mopedin özünə məxsus oğurlanan moped olduğunu bildirmişdir (cild l, i.v.110); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 noyabr 2024-cü il tarixli 9/9443 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2022-ci ilin istehsalı, mühərrikin həcmi 49 sm3 olan, “Tufan M-50” markalı mopedin istifadədə olması (üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları və cızıqlar)) nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 675,00 (500,00+850,00=1350:2) manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50,00 manat təşkil edir (cild l, i.v.129-133); - “Maddi sübutun tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Tufan M50” markalı moped ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılmışdır (cild l, i.v.135-136); - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Tufan M50” markalı moped sonuncuya təhvil verilmişdir (cild l, i.v.141); - xx.xx.2025-ci il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, Şahid1 oğurlanmış mopedi Nabranda 40 manat qarşılığında girov qoyaraq həmin pul ilə Bakı şəhərinə geri qayıtmaqlarını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild l, i.v.247-248); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “Tufan M50” markalı mopedin ********* nömrəli cinayət işi üzrə 16 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması, iş materiallarında olan hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diskin ********* nömrəli cinayət işi üzrə 20 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və surətinin ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır (cild l, i.v.249-258); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 317- 1.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild l, i.v.126-127); - AA4805721 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild l, i.v.232); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-193/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (cild l, i.v.237-246); - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-996/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2025-ci tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hazırki cinayət işi üzrə hökmlə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdıırlması cəzasının müddəti artırılaraq ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdıırlması cəzası təyin edilmişdir. Məhkəmə iclasında hadisənin videogörüntülərinin əks olunduğu diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin diskdə 04 ədəd videofayl vardır. Həmin videogörüntülərdə iki nəfər şəxsin hərəkətləri öz əksini tapır. Belə ki, videofayllardan birində iki nəfər şəxsin söhbət etdikləri, digərlərində isə iki nəfər şəxsdən birinin mopedi sürərək getməsi, digər şəxsin isə onun arxası ilə piyada hərəkət etməsi müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yəni mopedi oğurluq niyyəti ilə götürməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsrin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və onunla barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınmış hadisənin videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 16 saata görə cəmi 156 (yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut kimi tanınmış hadisənin videogörüntülərinin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 156 (yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar