Məhkəmə qərarları › İş №1(006)-344/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-344/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-344/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, Ağalıkənd ərazi dairəsi, Ağalıkənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə Xəzər rayon polis idarəsinin 2-ci şöbəsinin əməkdaşları tərəllndən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:45-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ’’Kraska zavodu" adlanan ərazidə nömrəsiz ünvanın qarşısında saxlanılaraq 2-ci polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə 0,478 qram çəkidə kııstar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə saat 10:30-da ünvan 4 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,847 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 fevral 2022-ci il tarixdə səhər saatlarında psixotrop maddə əldə etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə getmişdir, oradan tanımadığı şəxsdən 10 manata bir ədəd siqaretin gümüşü kağızında el içində ‘‘şüşə" adlanan psixotrop maddə metamfetamin almışdır. Həmin gün axşam saat 19:45-də Xəzər rayonu, Buzovna qəsəbəsində "Kraska Zavodu” adlanan yerin yanında olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxnlaşaraq polis olmalarını bildirdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda şübhəli olduğu üçün sonuncunu 2-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub olmadığı soruşmuşdur. Bu zaman həmin prosses video kamera ilə qeydə alınırmış. Həmin suala cavab olaraq üzərində psixotrop maddə hesab olunan “şüşə" yəni metamfetaminin olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan göy, rəngli cins şalvarının arxa sağ cibindəki siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin büküm boş bir zərfə qoyularaq onun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Daha sonra protokol tərtib olunmuşdur və imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, 25 aprel 2022-ci il tarixdə axşam saatlarında Nəsimi rayonunda “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan “heroini” el içində kakosu 10 manata almış və həmin vaxtdan əynində olan açıq göy rəngli cins şalvarın sağ arxa cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində ünvan 6 ünvanın qarşısında olduğu zaman mülki formada olan 2 nəfər şəxs yaxınlaşaraq polis olmalarını bildirdikdən sonra özünü şübhəli apardığı üçün Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. PB-də olan zaman təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşuldu. Bu zaman həmin prosses mütəxəssis tərəfindən video kamera ilə qeydə alınırmış. O, həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan “kakos" yəni heroinin olmasını bildirmişdir. Daha sonra masaya yaxınlaşaraq əynində olan açıq göy rəngli cins şalvarının arxa sağ cibindəki şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin büküm boş bir zərfə qoyularaq sonuncunun və iştirakçıların iştirakı ilə möhürlənib ekspertizaya göndərilmişdir. Buda videokamera vasitəsi ilə qeydə alınmış, həmçinin sonradan tərtib olunmuş protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək, hazırda məhkumluğunun olmamasını və himayəsində bir azyaşlı uşağı olması nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkilli Şahid3 oglu ifadəsində göstərmişdir ki, 11 fevral 2022-ci il tarixdə axşam saatlarında Xəzər rayonu ərazisində İsa adlı şəxsin narkotik vasitə hesab edilən psixotrop maddə əldə etdiyi və saxladığı barədə məlumat əldə edilmişdir. Həmin məlumat üzrə qeyd olunan İsa adlı şəxsin ifşa edilməsindən ötrü şöbə rəhbərliyinə müraciət etmiş və digər əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 19:45-də Şahid4la birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsində kraska zavodu alnanan ərazidə nömrəsi olmayan ünvanda həmin şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, sonuncudan narkotik vasitə və psixotrop maddə istifadə edib etməməyini soruşmuşlar. Həmin şəxs bildirmişdir ki, psixotrop maddə aludəçisidir və bu səbəbdən Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs saat 20:00-da polis şöbəsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır, məlum oldu ki həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra narkotik vasitə və psixotrop maddə saxlaması, qəbul etməsində şübhələr ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası PŞ-nin təhqiqatçısı Arzuman İsmayılova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti iş otağına aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün psixotrop maddə hesab edilən metamfetamin olduğunu və öz istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsdən həmin gün səhər saatlarında 10 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim edilmiş büküm zərfə qoyulmuş, sonra isə protokol və zərf tərəflərin iştirakı ilə imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 aprel 2022-ci il tarixdə səhər saatlarında PB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən eyni zamanda ərazidə törədilmiş müəyyən cinayətlərin açılması isi istiqamətində tədbirləri davam etdirərkən bir nəfər şəxsin Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 203 ünvanın qarşısında dayanıb öz hərəkətləri ilə şübhə doğurduğunu müəyyən etmişlər. Həmin gün saat 10:30-da Şahid1la birlikdə həmin şəxsə yaxınlaşmışlar, özlərini təqdim etmişlər, sonuncudan narkotik vasitə istifadə edib etməməyini soruşmuşlar. Həmin şəxs bildirmişdir ki narkotik vasitə aludəçisidir bu səbəbdən şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs polis bölməsində gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır, məlum olmuşdur ki həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhələr ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası PB-nin təhqiqatçısı Tuqay Mehtiyevə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti iş otağına aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan açıq göy rəngi cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, və həmin bükümün içində narkotik vasitə hesab edilən heroin olduğunu və öz istifadəsi üçün Nəsimi Rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən bir gün öncə 10 manata əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqdim edilmiş büküm zərfə qoyulmuş, sonra isə protokol və zərf tərəflərin iştirakı ilə imzalanmışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PBnin əməliyyat müvəkkili Şahid1 Elburus oğlunun ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2la ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngi cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmişdir. Cinayət işinin İ cild 123-124-cü vərəqələrində olan 11 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 181-183-cü vərəqələrində olan Xəzər RPİ-nin İŞ-nin müstəntiqi A.Qasımovun 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 19-cü vərəqəsində olan Xəzər RPİ-nin 2-ci PŞ-nin 11 aprel 2022ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Xəzər RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin İİ cild 25-26-cı vərəqələrində olan Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi T.Aslanovun 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin İ cild 22-23-cü vərəqələrində olan 26 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin İ cild 87-88-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 aprel 2022ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 145-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2022-ci il tarixli, 6/871 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №193» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,478 qram ağ kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir. Qeyd: ekspertiza tədqiqatı zamanı melamfetamin təmiz çəkisi 0, 478 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,428 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 146-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 54-59-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 6/2400 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi olan, «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,847 qram qəhveyi rəngli bərk maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hetroindir. Qeyd: ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 0,847 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş 0,797 qram qalıq qalmışdır. Cinayət işinin İ cild 55-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin İİ cild 87-94-cü vərəqələrində olan 06 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 0,428 qram çəkidə psixotrop maddə hesab edilən melamfetamin və 0,797 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 13 aprel 2022-ci il tarixli, 1779 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cild 6-7-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və 22 iyul 2019-cu il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Cinayət işinin İ cildinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Həmin bükümün psixotrop maddə hesab edilən metamfetamin olduğunu və öz istifadəsi üçün Maştağa qəsəbəsində tanımadığı şəxsdən həmin gün səhər saatlarında 10 manata əldə etdiyini bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Cinayət işinin İİ cildinə əlavə DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan açıq göy rəngi cins şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur, həmin bükümün içində narkotik vasitə hesab edilən heroin olduğunu və öz istifadəsi üçün Nəsimi Rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən bir gün öncə 10 manata əldə etdiyini bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD disklərdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən melamfetamini və narkotik maddə hesab edilən heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, hazırda məhkumluğunun olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən melamfetaminin və heroinin miqdarını (0,428 və 0,797 qram) və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 26 aprel 2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 13 aprel 2022-ci il tarixli, 1779 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,428 qram psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış 0,797 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi olaraq 202 (iki yüz iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,428 qram psixotrop maddə olan metamfetamin və 0,797 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci, cəmi – 202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar