Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-344/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Şabran şəhəri, M.Əsədov küçəsi, ev 38-də qeydiyyatda olan, məhkumluğu ödənilmiş, digər iş üzrə həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 mart 2024-cü il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Fikrət Əmirov küçəsinin kəsişməsində yerləşən istirahət parkında olarkən orada skamyada əyləşmiş Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncu ilə ünsiyyət yaradaraq söhbət etdikdən sonra Zərərçəkmiş şəxs skamyanın üzərinə qoyduğu, 05 manat dəyərində 055 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan 690,71 manat dəyərində “X3 13 Midnight Black” markalı mobil telefonu, içərisində hər birinin dəyəri 05 manat olmaqla ümumilikdə 15 manat dəyərində 03 ədəd bank kartı və 380 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini sonuncunun gözü qarşısında açıq talayaraq hadisə yerindən qaçıb uzaqlaşmaqla özgənin əmlakını açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.100,71 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 02 mart 2024-cü il tarixdə “Bistro Pub” adlı kafedə yeyib-içdikdən sonra saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ilə F.Əmirov küçəsinin kəsişməsində yerləşən parkda gəzərkən bir nəfər yaşlı kişinin ona baxıb gülməsini görmüş və həmin kişiyə yaxınlaşaraq nə üçün ona baxıb güldüyünü soruşmuşdur. Həmin şəxs isə cavab olaraq “insan insana baxıb gülər də” demiş və onu oturduğu oturacağa dəvət etmişdir. Onlar bir qədər söhbət etdikdən sonra həmin şəxs “hara gedəcəm” dedikdə, o, həmin şəxsə təklif etmişdir ki, istəsə onun evində qonaq ola bilər. Həmin şəxs onun sözü ilə razılaşaraq mobil telefonu ilə taksi çağırmış, həmçinin pul kisəsini çıxarıb cəmi 05 manat pulunun olduğunu bildirmişdir. O, həmin şəxsin içkili olduğunu görüb sonuncunun onun yanına, oturacağın üzərinə qoyduğu mobil telefonu və pul kisəsini talamaq qərarına gəlmiş və həmin şəxsə “bu dəqiqə gəlirəm” deyib oturacağın üzərində olan pul kisəsini və mobil telefonu kişinin gözünün qabağında götürüb qaçmağa başlamışdır. O, bir qədər aralandıqdan sonra mobil telefonun “Redmi Note 13” markalı telefon olduğunu, pul kisəsini açdıqda isə orada 05 manat nağd pul, 03 ədəd bank kartı olduğunu aşkar etmişdir. O həmin vaxt bank kartlarında pulun olub-olmadığını yoxlamaq üçün S.Vurğun küçəsində olan “Bol Mart” marketə daxil olmuşdur. Orada spirtli içkilər alıb kassaya yaxınlaşmış və kassada bank kartlarını yoxladıqda bank kartlarında pul olmaması müəyyən edilmişdir. Sonra o, marketdən çıxaraq bir qədər aralıda olan mağazadan siqaret almış və həmin ərazidən çıxıb getmişdir. Sonra o, mobil telefonu satmaq məqsədi ilə bir neçə ay əvvəl tanıdığı Elmar adlı şəxsin yaşadığı ünvana tərəf, yəni “Çapayev” adlanan əraziyə getmişdir. Orada Elmarla görüşüb mobil telefon satdığını demiş və Elmar mobil telefona baxıb telefonun kimə məxsus olduğunu soruşmuş, o isə telefonun bir nəfər şəxsə məxsus olduğunu və onun oğurluq olmadığını demişdir. Lakin Elmar mobil telefonu almağa razı olmamışdır. Daha sonra o, çıxıb evə getmişdir. Evdə olarkən qeyri-rəsmi yaşadığı Gülayə ondan mobil telefonun kimə məxsus olduğunu soruşduqda, o mobil telefonun dostuna məxsus olduğunu və ona pay verdiyini demişdir. Sonra 04 mart 2024-cü il tarixdə övladı xəstəliyindən onun şəxsiyyət vəsiqəsi olmadığı üçün Gülayə ilə birlikdə metronun “Neftçilər” stansiyası yaxınlığına getmiş və orada Gülayənin şəxsiyyət vəsiqəsi ilə “Redmi Note 13” markalı mobil telefonu 240 manata satmış, mağazanı işlədən şəxsə isə mobil telefonun Gülayəyə məxsus olduğunu demiş, Gülayə də bunu təsdiq etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 02 mart 2024-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Neftçilər prospektində yerləşən işlədiyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyindən çıxıb Nəsimi rayonu ərazisində yerləşən “Bistro” adlı kafeyə gəlmiş, orada bir müddət yemək yeyib 150 qram spirtli içki qəbul etmişdir. Daha sonra kafedən çıxıb Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Fikrət Əmirov küçəsinin kəsişməsində yerləşən parka gedib skamyada oturmuşdur. Təxminən saat 22 radələrində parkda olan zaman bir nəfər əynində qara gödəkcə, üzü saqqallı şəxs ondan hal-əhvalını soruşmuş, o da hər şeyin yaxşı olduğunu bildirmişdir. Daha sonra həmin şəxs ondan aralanmış və bir neçə dəqiqədən sonra qayıdıb onun yanında oturmuş və aralarında təxminən 30-40 dəqiqə ərzində söhbət olmuşdur. Söhbətdə həmin şəxs ona evlərinə getməyi təklif etmiş, anasının ayaqlarının işləmədiyini və anası ilə qaldığını demiş, o isə həmin şəxsin danışığından narahat adam olmasını başa düşmüşdür. Saat 23 radələrində istifadəsində olan “Redmi Note 13 Midnight Black” markalı mobil telefonuna dostundan zəng gəldiyi üçün o, telefonunu cibindən çıxarmış və pul kisəsini də çıxarıb skamyanın üzərinə qoymuşdur. Dostu ilə danışığı bitirəndən sonra telefonu pul kisəsinin üzərinə qoymuşdur. Təxminən 1-2 dəqiqə sonra yanında olan şəxs qəfildən onun pul kisəsini və mobil telefonunu götürüb qaçmağa başlamışdır. O həmin şəxsi səsləsə də, sonuncu qaçıb getmişdir. Daha sonra o, orada tanımadığı taksi sürücüsü ilə evinə getmişdir. Evdə olarkən həyat yoldaşının mobil telefonu ilə o, “102” xidmətinə məlumat vermişdir. Ona məxsus mobil telefonu o, kreditə 690,71 manata almışdır. Mobil telefonun içərisində 05 manat dəyərində 055 ***-**-** saylı GSM nömrə olmuşdur. Təxminən 10 manat dəyərində olan pul kisəsində isə 380 manat nağd pul, hər birinin dəyəri 05 manat olan 03 ədəd bank kartı olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən “ES Mobile” telefon mağazasıda satıcı işləyir. 04 mart 2024-cü il tarixdə bir nəfər tanımadığı oğlan və qız işlədiyi mağazaya gəlib özlərinə məxsus qara rəngli “Redmi Note 13” markalı mobil telefonu satmaq istədiklərini bildirmişlər. Sonradan adlarını Emil və Gülayə kimi təqdim etdiyi şəxslər ər-arvad olduqlarını, uşaqlarının xəstə olduğunu və həkimə aparmaq üçün pul lazım olduğunu, buna görə 240 manat müqabilində telefonu satdıqlarını demişlər. O da bunu almağa razılşamış və Gülayənin şəxsiyyət vəsiqəsininin surətini götürmüşdür. Bir neçə gündən sonra həmin telefonu xatırlamadığı başqa şəxsə satmışdır. İş materiallarında olan: • xx.xx.2024-cü il tarixli, 10716893 saylı müqaviləyə əlavədən aydın olur ki, Zərərçəkmiş şəxs “X3 13 Midnight Black” markalı mobil telefonu "xxxx" MMCdən xx.xx.2024-cü il tarixdə 690,71 manata almışdır (İ cild, i.v.28); • “Şübhəli şəxsin tutulması haqqında” 12 mart 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən 13 mart 2024-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.41, 60-64, 66); • “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü yaxalanaraq istintaqa təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə isə müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild, i.v.91, 112-114); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 2 dəfə məhkum olunmuş və ona hər dəfə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları şərti tətbiq edilmişdir (sonuncu hökm üzrə 3 il). Hazırda onun ödənilməmiş məhkumluğu yoxdur (cild İ, i.v.128-129, 131-142); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmişdir (İİ cild); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 543/2024 saylı qərarına əsasən ********* cinayət işi üzrə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmışdır (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin aradan qaldırılmasını Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər törətdiyi soyğunçuluq əməllərinə görə ona təyin edilmiş cəzaların şərti tətbiq olunmasından nəticə çıxarmayıb yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onların islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 03 gün müddət (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli 04 dekabr 2024cü il tarixdən hesablanmalı, barəsində hazırki iş üzrə seçilmiş və icra edilməmiş (digər iş üzrə həbsə alındığı üçün) həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərarı ilə digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın, hazırki iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda digər iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim: Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-344/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-344/2024
04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver