Məhkəmə qərarları › İş №1(006)-345/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-345/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-345/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, 13 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus mühərriki işlək vəziyyətdə olan “Kuba X Boss” markalı, dövlət qeydiyyat nişanı olmayan mopedi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla, Zərərçəkmiş şəxs3 1600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2021-ci il tarixdə saat 01:00 radələrində ünvan 4 ünvanın qarşısında ümumi dayanacaqda saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “HAOJUE DM125” markalı 99 A 941 dövlət qeydiyyat nişanlı motosikli itələyərək dayanacaqdan çıxarmış, daha sonra motosiklin kilid yerini söküb işə salaraq motosikli gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla, Zərərçəkmiş şəxs2 1700 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2021-ci il tarixdə saat 02:00 radələrində ünvan 5 ünvanın qarşısında məhəllədə saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus 99 B 152 dövlət qeydiyyat nişanlı “X11” markalı motosikli itələyərək məhəllədən çıxarmış, daha sonra motosiklin kilid yerinin üzərində olan açarla işə salaraq motosikli gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla, Zərərçəkmiş şəxs1 4000 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X6 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, subaydır, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, tutulduğu və həbs olunduğu vaxt işsiz olmuş, lakin əvvəllər kuryer və motosikl ustası kimi çalışmışdır. 28 fevral 2021-ci il tarixdə saat 23 radələrində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ilə piyada hərəkət edərkən yolun kənarında park edilmiş “Kuba” markalı motosikli görmüş və onu qaçırmaq qərarına gəlmişdir. Belə ki, həmin motosikl işlək vəziyyətdə olmuş və açarı da üzərində olmuşdur. Həmin motosiklə yaxınlaşmış, ətrafda hər hansı bir şəxsin olmamasını müşahidə etmişdir. Motosiklə əyləşib sürərək yaxınlıqda Yasamal rayonunda, “Təzə Pir” adlanan məscidin yanında saxlayaraq gizlətmişdir. Həmin vaxtı motosikli məscidin yanına qoyarkən yolda tanışı Şahid gördmüşdür. Anarla daha əvvəldən tanışlığı olmuş, belə ki, Anar onun motosikl idarə etməsi və əvvəllər kuryer kimi fəaliyyət göstərməyi barədə məlumatlı olmuşdur. Həmin vaxt Anara bildirdmişdir ki, sürüb gətirdiyi motosikl özünə məxsusdur. Anarla təsadüfi görüşdüyü ünvanda bir qədər söhbət etdikən sonra sağollaşıb oradan uzaqlaşmış və piyada hərəkət etməyə davam etmişdir. 01.03.2021-ci il tarixdə saat 01:00 radələrində “Kubinka” adlanan ərazidə ümumi həyətin, yəni ünvan 6 ünvanın qarşısından keçən zaman həyətdə qırmızı rəngli “Haojue” markalı motosiklin dayandığını görmüşdür. Motosiklə yaxınlaşdıqda onun açarının üzərində olmadığını görmüş və onu işə salmaq üçün səs küy edib diqqət cəlb etməmək üçün motosiklin sükan hissəsindən tutub sürüyərək motosikli ümumi həyətdən kənara çıxarmış, qaranlıq bir yerdə saxlamışdır. Bundan sonra motosiklin kilid yerini sökməyə başlamışdır. Belə ki, təxminən 40 dəqiqə müddətində kilid yerini sökməyə nail olmuşdur və motosikli işə salaraq təkrar “Təzə Pir” adlanan məscidin yanına aparmışdır. Motosiklla yol gedərkən hər yeri müşahidə etmiş ki, ətrafda hər hansı digər əlverişli motosikl olarsa onu da həmin gün oğurlasın. Bu zaman o, yolda Nəsimi rayonu, S.Salayev küçəsində məhəllənin içində bir ədəd motosikl olduğunu görmüşdür. Həmin vaxtı motosikldən enərək həmin Yamaha markalı motosiklə yaxınlaşmışdır. Həmin motosiklin üzərində açarı da var olmuşdur. Daha sonra idarə etdiyi “Haojue” markalı motosikli “Təzə Pir” məscidinin yanında saxlamış və qeyd etdiyi Sübhi Salayev 35 ünvanına qısa zamanda qayıtmışdır. Həmin vaxt artıq saat 02 radələri olmuşdur. Yamaha markalı motosiklə yaxınlaşmış, bir qədər qabağa itələmişdir daha sonra isə işə salaraq “Təzə Pir” məscidi tərəfdə həmin motosikli də saxlamışdır. Bundan sonra məscidin yanında Şahid hazırda xatırlamadığı nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır və yaxınlıqdadırsa “Təzə Pir” məscidinin yanına gəlməsini bildirmişdir. Anar 15 dəqiqə sonra məscidin yanına gəlmişdir. Orada Anara həmin 3 ədəd motosikli göstərmişdir və bildirmişdir ki, həmin motosikllərin ikisi sonuncunun biri isə başqa bir tanışınındır. Anara həmin motosikllərdən birini götürüb müvvəqəti olaraq satacağı vaxta qədər özündə saxlamasını xahiş etmiş və onun həmin motosikli idarə edəcəyini bildirmişdir. Anar heç bir etiraz etməmiş, heç motosikllərin haradan onda olması barədə belə maraqlanmamışdır. Anar Yamaha markalı motosiklə əyləşərək yaşadığı Nərimanov rayonuna getmiş, sonunsu isə “Haojue” markalı motosikl ilə yaşadığı Sabunçu rayonuna getmişdir və motosikli məhəllədə saxlamışdır. Həmin gün hava açıldıqda avtobusla təkrar “Təzə Pir” məscidinin yanına qayıdaraq “Kuba” markalı motosikli də götürərək yaşadığı evin məhəlləsində “Haouje” markalı motosiklin yanında saxlamışdır. 02.03.2021-ci il tarixdə səhər saat 09 radələrində Şahidla Binəqədi rayonunda, Leyla şadlıq sarayının yaxınlığında görüşmək üçün danışmışdır. Bunun üçün ilk oğurladığı Kuba markalı motosikl ilə Binəqədi rayonunda Leyla şadlıq sarayının yanına getdiyi zaman orada Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Kuba markalı motosikl Yasamal RPİ-nin əməkdaşları tərəfindən ondan götürülmüşdür. “Haouje” markalı motosikli Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşlarına təqdim etmişdir. Digər Yamaha markalı motosikli isə Anara saxlaması üçün vermişdir. Hal-hazırda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, cinayəti maddi durumunun zəif olması səbəbindən törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq “VVOLT” şirkətində kuryer kimi fəaliyyət göstərir. 28 dekabr 2020-ci il tarixdə “Sezam” şirkətindən “Kuba X Boss” markalı moped almışdır. Ümumilkdə mopedin nağd qiyməti 2.000 manat olsa da, kredit şərtləri ilə moped sonuncuya 2436 manata başa gəlmişdir. Aldığı vaxtdan cəmi 815 manat pul ödəmişdir. 28 fevral 2021-ci il tarixdə saat 22:20 radələrində özünə məxsus “Kuba X Boss” markalı mopedi Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 32 nömrəli ünvanın qarşsında açarı üzərində işlək vəziyyətdə saxlayıb yaxınlıqda fəaliyyət göstərən ustaların yanına getmişdir. Həmin ünvanda təxminən 30 dəqiqə qaldıqdan sonra geri dönmüşdür və qeyd olunan özünə məxsus mopedin yerində olmadığını aşkar etmişdir. Dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir, daha sonra ərizə ilə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmişdir. Sonradan həmin moped polis əməkdaşları tərəfindən tapılaraq ona qaytarılmışdır. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş 22.06.2021-ci tarixli notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyan X6 tərəfindən tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddia və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadə hal şahidlərinin iştirakı ilə X3 tədqiqata təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək “HAOJUE DM125” markalı 99 A 941 dövlət qeydiyyat nişanlı motosikli ünvan 7 ünvandan götürərək baxış keçirmişdir (cild 1, i/v 29-30). İş materiallarında olan könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı İlkin Nəbizadə hal şahidlərinin iştirakı ilə Şahid tədqiqata təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək X11 markalı 99 B 152 dövlət qeydiyyat nişanlı motosikli ünvan 8 ünvandan götürərək baxış keçirmişdir (cild 1, i/v 38-39). İş materiallarında olan könüllü təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 02 mart 2021-ci il tarixli protokoldan görünür ki, Yasamali RPİ-nin 27ci PB-nin təhqiqatçısı Nicat Abdullayev hal şahidlərinin iştirakı ilə X3 tədqiqata təqdim etdiyi sübut əhəmiyyəti kəsb edə biləcək Kuba X Boss markalı mopedi götürərək baxış keçirmişdir (cild 1, i/v 164). İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan protokoldan görünür ki, X6 02 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 197). İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarından görünür ki, X6 04 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2021-ci il tarixli, 4(006)-110/2021 saylı qərarı ilə X6 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 126-127). İş materiallarında olan 03 mart 2021-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, X3 oğurladığı Kuba X Boss markalı mopedin maddi sübut kimi tanınması və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əldə edildikdən sonra zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (cild 2, i/v 9). İş materiallarında olan qəbzdən görünür ki, Kazımlı X8 RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ceyhun Hüseynovdan 08 mart 2021-ci il tarixdə özünə məxsus Kuba X Boss markalı mopedi təhvil almışdır (cild 2, i/v 32). İş materiallarında olan 27 aprel 2021-ci il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, “HAOJUE DM125" markalı 99 A 941 dövlət qeydiyyat nişanlı və X11 markalı 99 B 152 dövlət qeydiyyat nişanlı motosiklin maddi sübut kimi tanınması və məhkəmə istintaqınadək saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması qərara alınmışdır (cild 2, i/v 60-61). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Mahmud Mirzəyevdən 27 aprel 2021-ci il tarixdə özünə məxsus X11 markalı motosikli təhvil almışdır (cild 2, i/v 63). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Mahmud Mirzəyevdən 27 aprel 2021-ci il tarixdə özünə məxsus HAOJUE DM125 markalı motosikli təhvil almışdır (cild 2, i/v 64). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli 9/1389 nörməli rəyindən görünür ki, 2017ci il buraxılışlı “HAUOJUE DM125” markalı 99 A 941 dövlət nömrə nişanlı tədqiq edilən mühərrik tutumu 125 sm³ qırmızı rəngli motosiklin orta bazar qiyməti 1700 manat, 2018-ci il buraxılışlı “X11 motosikl” markalı, 99 B 152 dövlət nömrə nişanlı tədqiq edilən mühərrik tutumu 113 sm³, mavi rəngli motosiklin orta bazar qiyməti 4.000 manat müəyyən edilmişdir (cild 2, i/v 66-68). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 9/1390 nörməli rəyindən görünür ki, mühərrik həcmi 49 sm3 olan, “Kuba X Boss” markalı mopedin 2021-ci il mart ayına orta bazar qiyməti 1600 manat müəyyən edilmişdir (cild 2, i/v 69-71). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, X3 barəsində Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 131). Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs X6 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç şikayət və tələbi yoxdur. Məhkəmədən X4 ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X4 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən X3 məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, X6 yaşadığı ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, X3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 125 (yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Kuba X Boss” markalı mopedin sahibi Zərərçəkmiş şəxs3, “HAOJUE DM125” markalı motosiklin sahibi Zərərçəkmiş şəxs2 və “X11” markalı motosiklin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X3 tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay, 24 (iyirmi dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 yaşadığı ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. X6 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. X3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 125 (yüz iyirmi beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Kuba X Boss” markalı mopedin sahibi Zərərçəkmiş şəxs3, “HAOJUE DM125” markalı motosiklin sahibi Zərərçəkmiş şəxs2 və “X11” markalı motosiklin sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar