Məhkəmə qərarları › İş №1(006)-347/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-347/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-347/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Masallı rayonu, Çayqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çayqıraq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsində nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə saat 00:13-də etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-nə məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan “Khazar LK" markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın qarşısı ilə 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək piyada keçidi ilə yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön tərəfi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyəsində lövhəvari epidural hematoma, sağ gicgah sümüyünün kəllə əsasında keçən xətti sınığı, sağ körpücük sümüyünün yerdəyişməyən sınığı, başın sağ gicgah təpə, sağ yanaq nahiyələrinin, sol dirsək, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının və sağ körpücük nahiyəsinin qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında idarə etdiyi "xxxx" MMCyə məxsus olan “Khazar LK” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin avqust ayından etibarən lizinq müqaviləsi əsasında idarə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində qeyd etdiyi avtomobil ilə Nəsimi rayonu, Puşkin küçəsi 21B saylı ünvanın yaxınlığında təxminən saatda 20-30 km/saat surətlə hərəkətdə olduğu zaman piyada keçidinə yaxınlaşan vaxt bir nəfər piyadanı ehtiyatsızlıq nəticəsində avtomobilin ön sağ hissəsi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra o, avtomobildən düşmüş və təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili həmin piyadanı müayinə olunması üçün KTM-ə aparmışdır. O, isə hadisə yerində gözləmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib araşdırma aparmağa başlamışlar. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, axşam saatlarında işdən sonra asudə vaxtlarında idman etmək üçün Bakı şəhərində piyada hərəkət edir. 25 noyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Puşkin küçəsində yolu əks tərəfə keçmək üçün piyada keçidinə yaxınlaşmışdır. Həmin vaxt Puşkin küçəsində avtomobillər üçün svetoforun qırmızı işığı yandığından onun hərəkətdə olduğu istiqamətdə piyadalar üçün svetoforun yaşıl işığı yanmışdır. Lakin 28 may küçəsi ilə istiqamətdə hərəkət edən avtomobillər üçün svetoforun yaşıl işığı yanmışdır. O, piyada keçidinə ayağını qoyduqdan sonra 5-10 saniyə keçmişdir ki, sonradan gördüyü və hansı istiqamətdən gəldiyini bilmədiyi “Khazar" markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissəsi ilə onu vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra o, aldığı zərbədən yerə yıxıldığından və şok vəziyyətində olduğundan heç bir şey xatırlamır. Yalnız onu qeyd edir ki, yerdə uzanan zaman ona köməklik edən orada olan insanlardan ona köməklik göstərilməsi üçün Elnur adlı tanışının nömrəsini vermişdir. Bundan sonra tanımadığı şəxslərin köməyi ilə hadisə yerinə təcili tibbi yardım avtomobili gəldikdən sonra onu KTM-ə aparmışdılar. Orada ona ilkin tibbi müayinə göstərərək təxmini olaraq 4-5 gün orada müalicə aldıqdan sonra ambulator müalicə almaq üçün evə getmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Təqsirləndirilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (i.v.123-124); - “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v.126-127); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.129); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanın qarşısıdır (i.v.4-9); - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-cü il tarixli, 2/39164 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması aşkar edilmişdir (i.v.14); - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1607 nömrəli rəyində görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyəsində lövhəvari epidural hematoma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ körpücük sümüyünün yerdəyişməyən sınığı, başın sağ gicgah-təpə, sağ yanaq nahiyələrinin, sol dirsək, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının və sağ körpücük qançırları bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təklükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (i.v.27-29); - İş üzər keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəlləbeyin travması, baş beyinin əzilməsi, sağ gicgah nahiyəsində lövhəvari epidural hematoma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ körpücük sümüyünün yerdəyişməyən sınığı, başın sağ gicgah-təpə, sağ yanaq nahiyələrinin, sol dirsək, hər iki diz oynaqları nahiyələrinin sıyrıqları, döş qəfəsinin sol yarısının və sağ körpücük qançırları bərk kJt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat uçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. (i.v.91-94); - Yol-nəqliyyat hadisələri üzrə Məhkəmə Ekspertizasının 17 mart 2023-cü il tarixli 8/235-4/100 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “ZYKLEN" markalı DVD-R diskə yazılmış TŞ3-004 4-2022-11-25_00h12min00s000ms adlı videoyazıdakı görüntülərə görə “Khazar LX" markalı avtomobil şəkil 3-də göstərilən iki hesablama cismi arasındakı 6.7 m məsafəni 0,60 san müddətində qət etmişdir və bu zaman avtomobilin sürəti v=40 km/saat olmuşdur. “Khazar LX” markalı avtomobil şəkil 4də göstərilən iki hesablama cismi arasındakı 12.5 m məsafəni 1,32 san müddətində qət etmişdir və bu zaman avtomobilin sürəti v=34 km/saat olmuşdur. Piyada şəkil 5-də göstərilən iki hesablama cismi arasındakı 6,8 m məsafəni 6,04 san müddətində qət etmişdir və bu zaman avtomobilin sürəti v=4 km/saat olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Khazar LK” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir (i.v.73-79); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə “Khazar LX” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut kimi tanınmış və həmin avtomobil sahibinə qaytarılmışdır (i.v.133-139); - Baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı diskə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir (i.v.26); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.46); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı övladı var. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu və saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. - Masallı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 2-1260/23-62-12 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkumun 12 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşməsinə icazə verilmişdir. Lakin məhkumun yerini aşkar etmək mümkün olmamışdır. Məhkum barəsində ilkin axtarış tədbirləri heyata keçirilmiş, məhkumun xx.xx.2023-cü il tarixdə axtarışa verilməsi barəsində qərar qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Masalli Rayon Prokurorluğu təqdimatla məhkəməyə müracist edərək məhkumun 7 gün müddətinə həbs edilməsi barəsində qərar çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 7(050)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilmiş və məhkum Təqsirləndirilən şəxs 7 gün müddətinə tutulması barəsində qərar qəbul edilmişdir. Qeyd edilən şəxsin Bakı şəhərində yaşamasını nəzərə alaraq xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə məhkumun axtarış qərarı icra edilməsindən ötrü Bakı şəhər Baş Polis İdarəsinə və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Odur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 384/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü bu günədək icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəylərinə və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmü ilə 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş əsas və əlavə cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq əsas və əlavə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 04 (dörd) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Khazar LK” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-384/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Khazar LK” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar