Məhkəmə qərarları › İş №1(006)-348/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-348/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-348/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, Yevlax şəhəri, Vaqif küçəsi, ev 78-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 07 noyabr 2020-ci il tarixdə, saat 20:00da Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 04, mənzil 190-nın hasarından həyətə qanunsuz daxil olub oranın zirzəmisindən bir ədədinin qiyməti 600 manat təşkil edən, qalınlığı 6,5 sm, eni 4 metr 80 sm, hündürlüyü 2 metr 60 sm olan, üzərində şüşələr olmayan iki ədəd alüminium metaldan ibarət pəncərə çərçivəsini (cəmi 1.200 manat dəyərində) və bir ədədinin qiyməti 230 manat təşkil edən, qalınlığı 6,5 sm, eni 90 sm, hündürlüyü 2 metr olan, üzərində şüşələr olmayan üç ədəd alüminium metaldan ibarət qapı çərçivəsini (cəmi 690 manat dəyərində) gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 1.890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bibisi oğlunun yas mərasimi ilə əlaqədar Yevlax rayonuna getmək üçün ona pul lazım idi. Bununla bağlı 07 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində tanışı X6 ilə görüşüb ondan borc pul istəmiş, Natiq isə pulunun olmadığını bildirmiş, eyni zamanda Nəsimi rayonu, Həsən Əliyev küçəsində yolun qırağında yerləşən yarımçıq qalmış tikiliyə daxil olub oradan tikinti materiallarını oğurlayaq satıb pul əldə etməyi təklif etmişdir. Natiq, həmçinin demişdir ki, özü dəfələrlə həmin yerdən çoxlu inşaat malları oğurlamış, hətta hal-hazırda orada alüminium metaldan ibarət çoxlu sayda qapı və pəncərələri kəsib doğramış və evin giriş qapısının qabağında hazır vəziyyətdə yığmışdır. Bundan sonra o, Natiqlə razılığa gəlib həmin günü axşam saat 07:30 radələrində Natiqlə “Zabitlər parkı”nda görüşmüş və piyada qeyd olunan evə gəlmiş, ətrafda heç kimin olmasını görüb hasardan içəriyə həyətə tullanmış və pilləkənləri enib evin zirzəmisinə daxil olmuşlar. Natiq içəridən hazır vəziyyətdə alüminium metaldan olan, hardasa eni 20 sm, uzunluğu 2 metr təşkil edən 3 ədəd qapı və 2 ədəd bağlama profilləri gətirmişdir. O da onunla bərabər həmin profilləri əvvəlcə hasarın yanına daşımış, sonra isə onları bayırda yolun qırağına yığmışlar. Natiq yoldan keçən taksini saxladıqdan sonra onlar bu əşyaları maşına qoyub 3-cü mikrorayon tərəfdə yerləşən metal qəbulu məntəqəsinə gəlib Sübhan adlı şəxsə həmin profilləri 51 manata satmış və bu puldan 35 manat ona verilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mülkiyyətində olan, Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 4, 190 saylı mənzilin tikintisi başa çatsa da, ev təmirsiz olduğu üçün orada yaşayış yoxdur. Bununla belə aparılacaq təmir işləri ilə bağlı orada xeyli sayda inşaat materialları var və buna görə də o, arada bir gedib evə baş çəkir. 08.11.2020-ci il tarixdə evə gələrkən görmüşdür ki, evin birinci mərtəbəsində divara bərkidilmiş, alüminium metaldan olan, hər birinin qalınlığı 6,5 sm, eni 4,8 metr, hündürlüyü 2,6 metr 3 ədəd pəncərə və qalınlığı 6,5 sm, eni 90 sm, hündürlüyü 2 metr qapı çərçivələri yerində yoxdur. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən metal qəbulu məntəqəsini işlədir. 07.11.2020-ci il tarixdə, axşam saat 8-9 radələrində işdə olarkən taksi ilə tanımadığı iki nəfər şəxs alüminium metalların olduğu bağlama ilə ona yaxınlaşıb malı satmaq istədiklərini söyləmişlər. O isə əvvəlcə bu malın oğurluq olubolmadığı ilə maraqlanmış, həmin şəxslər isə onun özlərinə aid olduqlarını dedikdən sonra bağlamanı ölçmüş və 30 kiloqram çəkidə olan mala görə 51 manat pul ödəmişdir. Eyni zamanda malı gətirən şəxslərdən biri olan Təqsirləndirilən şəxs pasportunun surətini çıxarmış və aldığı mala görə öz dəftərində qeydiyyat aparmışdır. Daha sonra aldığı üç ədəd qapı və iki ədəd pəncərə çərçivələrinə aid alüminium metalları 08.11.2020-ci il tarixdə Dərnəgül şosessində yerləşən "xxxx" MMC-yə təhvil vermişdir. İş materiallarında olan:  ünvan 2 ünvanda yerləşən binanın içəri tərəfində və həyətyanı ərazisində olan müşahidə kamerasının 07.11.2020-ci il tarixində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar “CD diskə baxış keçirilməsi haqqında” 20.02.2021-ci il tarixli protokol və video görüntülərə əsasən bir ədəd “CD-R” fomatlı ağ rəngli diskdə “Video 1” və “Video-2” adlı fayllar var, “Video 1” adlı faylın içərisində 2 ədəd, “Video 2” adlı faylın içərisində isə bir ədəd “İMG_3575.MOV” adlı video görüntü əks olunub. “Video 1” adlı faylın içərisində olan görüntülərdə qeyd edilən ünvanda yerləşən evin ön hissəsinin görüntüləri aşkar olunur. “Video 2” adlı faylda olan “İMG_3575.MOV” adlı görüntüdə 07.11.2020-ci il tarixdə, saat 20:00-da iki nəfər şəxsin əllərində aliminum metaldan olan qapı və pəncərəyə aid çərçivələr olan malların evdən götürüb yola çıxmaları görsənir. Bu şəxslərdən biri əlində olan aliminum metalları yerə qoyub yoldan keçən taksini saxlatdırıb sürücü ilə söhbət edir, digəri isə maşının yük hissəsini açaraq əlində olan aliminum metalları ora qoyur. Daha sonra sürücü ilə söhbət edən digər şəxs yerə qoymuş olduğu aliminum metalları götürüb avtomobilin yük hissəsinə qoyub avtomobilin salonunun ön sağ hissəsinə, başqa şəxs isə salonun sağ arxa tərəfində əyləşir. Sonra maşın oradan ayrılır. Təqsirləndirilən şəxs görüntülərdə olan, taksinin salonunun arxa hissəsində əyləşən şəxsin onun özü, qabaq hissədə əyləşən şəxsin isə X6 olduğunu bildirir (İ cild, i.v.159-160);  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 22.04.2021-ci il tarixli, 9/1429 saylı rəyinə görə qalınlığı 6,5 sm, eni 4 metr 80 sm, hündürlüyü 2 metr 60 sm ölçülü, alüminium metaldan ibarət, üzərində şüşələr olmayan pəncərə çərçivəsinin bir ədədinin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600,00 manat, qalınlığı 6,5 sm, eni 90 sm, hündürlüyü 2 metr olan alüminium metaldan ibarət olan səkkiz ədəd üzərində şüşələr olmayan qapı çərçivəsinin bir ədədinin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 230,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.232-234);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X2 haqqında 26.04.2021-ci il tarixli, 1251 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İ cild, i.v.238-239);  “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 04.05.2021-ci il tarixli qərarla X4 barəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır (İ cild, i.v.242-249, 251);  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli, 4(006)- 89/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.168-170);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12.03.2021-ci il tarixli arayış və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.11.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, i.v.174-177, 220-224, 226-231);  “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan 26.05.2004, 16.10.2005 və 25.05.2016-cı il təvəllüdlü övladları var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da islah olunmayaraq cinayətkar fəaliyyətin davam etdirməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan – 19 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat pul ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X3 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar