Məhkəmə qərarları › İş №1(006)-349/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-349/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-349/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Cəbrayıl Şəhəri, Qovşudlu kəndində anadal olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmayan, Cəbrayıl rayonu, Şahvəli Ərazi Dairəsi, Qovşudlu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Bənəqədi rayonu, S.Bəhlulzadə küçəsi, Qaçqınlar məhəlləsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sadələşdirilmiş icraat materiallarına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2022-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 2-də yerləşən Zərərçəkmiş şəxs işlətdiyi vətəndaşların azad girib-çıxa biləcəyi “Podyum Park” qadın geyimləri mağazasına müştəri kimi daxil olub oradakı şəxslərin onun hərəkətlərini görməməsindən əmin olduqdan sonra satış üçün qoyulmuş bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və bir ədəd 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donu gizli olaraq talamaqla mağazadan çıxıb gedərkən həmin halı mağazanın müşahidə kameraları vasitəsi ilə müəyyən edən iaşə obyektinin müdiri Zərərçəkmiş şəxs ona yaxınlaşıb mağazaya dəvət edərək icazəsi ilə əl çantasına baxması nəticəsində bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs ümumilikdə 547 (beş yüz qırx yeddi) manat maddi ziyan vurmaqla oğuluq cinayət əməlini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 26 iyun 2022-ci il tarixdə həqiqətən də “Podyum Park” qadın geyimləri mağazasında olmuşdur. Həmin gün o, mağazada 19 manat dəyərində ağ rəngli kofta seçmiş və kassaya pulunu ödəmək üçün yaxınlaşan zaman Eldəniz adlı şəxs onu saxlamışdır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, mağazadan oğurluq olmuş, müştəri kimi ondan şübhələnirlər, bu səbəbdən də çantasına baxış keçirəcəkdir. Daha sonra isə onun icazəsi və razılığı olmadan polis əməkdaşlarını belə, gözləmədən Zərərçəkmiş şəxs mağazada satıcı Elçin adlı şəxsin iştirakı ilə onun əl çantasına baxış keçirmişdir. Baxış zamanı çantadan heç nə aşkar olunmasa da, Zərərçəkmiş şəxs onu ittiham etməyə davam etmişdir. Bundan bir qədər sonra Zərərçəkmiş şəxs müraciətinə əsasən həmin mağazaya polis əməkdaşı gəlmişdir. Daha sonra polis əməkdaşı və Zərərçəkmiş şəxs onunla birgə yaşadığı evə gedərək orada axtarış keçirmişlər və orada onun iki gün əvvəl həmin mağazadan götürdüyü koftanı aşkar edib onu şöbəyə aparmışlar. Daha sonra o, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə getmiş və orada ona təqdim edilmiş sənədləri qorxudan imzalamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mağazadan bir neçə gün öncə oğurluq olmuş, oğurluq edən şəxsi tapa bilməmişlər və əsassız olaraq ondan şübhələnmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 26 iyun 2022-ci il tarixdə “Podyum Park” qadın geyimləri mağazasından istintaq dövründə maddi sübut kimi tanınan, məhkəməyə təqdim edilən və fotoşəkillərdə olan geyimləri götürməmiş, çantasına baxış mağazanın içində Zərərçəkmiş şəxs və satıcısı Şahid tərəfindən həyata keçirilmiş, oğurluq etməsə də qorxduğu üçün Polis Şöbəsində təhqiqatçı tərəfindən təqdim edilmiş sənədləri oxuyub mahiyyətini anlamadan imzalamışdır. Həmçinin evində aşkar edilmiş yaşıl rəngli paltarı həqiqətəndə iki gün əvvəl “Podyum Park” qadın geyimləri mağazasından pulunu ödəmədən götürmüşdür. Yuxarıdakılara əsəsən Təqsirləndirilən şəxs özünün xəstə, himayəsində tək böyütdüyü qızının və qaçqın olmasını, həmçinin qızının böyütməsi üçün yeri gələndə küçə süpürməsini və əsgərlərə yemək pişirməsini, oğurluq etməməsini nəzərə alaraq barəsində ədlətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, sonuncunun oğurluq, yəni özgə əmlakını gizli talama cinayətini törətməyə cəhd etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 2-də yerləşən “Podyum Park” qadın geyimləri mağazasında müdir işləyir, mağazanı hər gün saat 09:30 radələrində açır və saat 21:00 radələrində özü bağlayır. Şahid isə mağazada satıcı işləyir. 26 iyun 2022-ci il tarixdə saat 09:30 radələrində həmişə olduğu kimi mağazanı açmış və işə başlamış, saat 11:30 radələrində işdə olan vaxtı mağazada bir neçə müştəri, həmçinin mağazaya daxil olan və çıxan müştərilər də olmuşdur. O, geyim əşyalarına diqqət yetirdikdə iki dəst qadın geyiminin asılqanda olmadığını görüb satıcıdan həmin geyimlərin satılıb-satılmamasını soruşmuş, satıcı isə satılmamasını bildirmişdir. Daha sonra o, kamera görüntülərinə baxmış və dərhal həmin qadını geri çağırmış, qadının əl çantasına baxış keçirərkən iki dəst qadın geyiminin çantada olmasını görmüşdür. Həmin qadın oğurluq etməsini etiraf etmişdir. O, həmin qadını əvvəllər tanımamış və sonuncunun oğrluq etməsini görməmişdir. Sonradan həmin qadının Təqsirləndirilən şəxs olmasını və mağazadan bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və bir ədəd 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donu oğurladığını müəyyən etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 26 iyun 2022-ci il tarixdə mağazaya daxil olmuş bir nəfər qadının geyimlərə baxması və almadan çıxıb getməsi onda şübhə yaratdığına görə, o dərhal kameraya baxmış və həmin qadının iki dəst paltar oğurlayaraq çıxıb getməsini kamerada müşahidə etmişdir. Həmçinin, qadının çantasına ilkin olaraq kassanın yanında işçisi Şahid iştirakı ilə baxış keçirilmiş təhqiqatçı gəldikdən sonra isə həmin xanım mətbəxə dəvət olunmuşdur. Bundan başqa mağazaya 9 kamera vasitəsi ilə daimi müşahidə aparılır, kameralar mağazanın hər tərəfinin görüntüsünü əhatə edir, qadının oğurluq etməsi kameraya düşmüş, lakin hadisədən sonra həmin video görüntünü diskə köçürmək üçün mütəxəssis dəvət edilsədə, texniki səbəbdən həmin video görüntünü diskə köçürmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 2-də yerləşən “Podyum Park” qadın geyimləri mağazasında satıcı işləyir, mağaza hər gün saat 09:30 radələrində açılır və saat 21:00 radələrində bağlanır. 26 iyun 2022-ci il tarixdə saat 09:30 radələrində həmişə olduğu kimi mağazaya gələrək işə başlamış, saat 11:30 radələrində işdə olan vaxtı mağazada bir neçə müştəri, həmçinin mağazaya daxil olan və çıxan müştərilər də olmuşdur. Həmin vaxt mağazanın müdiri Zərərçəkmiş şəxs da orada olmuşdur. Sonuncu geyim əşyalarına diqqət yetirdikdə iki dəst qadın geyiminin asılqanda olmadığını görüb ondan həmin geyimlərin satılıb-satılmamasını soruşmuş, o isə satılmamasını bildirmişdir. Ona görə də Zərərçəkmiş şəxs dərhal quraşdırılmış kamera vasitəsi ilə görüntüyə baxmış və mağazadan çıxan qadını saxlamışdır. Həmin qadına diqqətlə baxanda bir qədər əvvəl mağazaya müştəri kimi gəlmiş xanım olmasını görmüşdür. Zərərçəkmiş şəxs qadının kassada çantasına baxmış və çantadan bir ədəd 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti çıxmış və qadın həmin dəsti oğurlamasını etiraf etmişdir. Həmin qadını əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və mağazadan oğurluq etməsini görməmişdir. Bundan başqa, Şahid xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs çantasına baxış keçirilərkən orada olmuş və çantadan yalnız 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti çıxmış, başqa hər hansı paltar çıxmamışdır. 269 manat dəyərində “ROMAN” markalı qara rəngli qadın donu isə həmin hadisədən üç dörd gün öncə oğurlanmışdır. Həmin hadisədən üç dörd gün qabaq olan oğurluq hadisəsi də kameraya düşmüş, lakin kameralara baxan zaman oğurluq edən qadının üzü yaxşı görünmədiyi üçün onun şəxsiyyətini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs da oğurluq etməsi kameraya düşmüş və növbəti məhkəmə iclasına da gələrək həmin görüntüləri təqdim edə bilər. Bundan sonra xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə Zərərçəkmiş şəxs iştirakı ilə dindirilmiş Şahid əvvəlki ifadəsinə zidd olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs çantasına baxış keçirilərkən mağazada olsa da onlardan xeyli kənarda olmuş və buna görə də çantadan nə çıxmasını dəqiq görə bilməmişdir. Həmçinin bildirmişdir ki, kamera görüntüləri bir aydan artıq müddətə yaddaşda qalmadığı üçün onu təqdim edə bilmir. Sadələşdirilmiş icraat materialının 57-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sadələşdirilmiş icraat materialının 29-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2022-ci il tarixli, 9/4953 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən istifadədə olmamış geyim əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 547 manat təşkil edir. O cümlədən - “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti 278 manat, “ROMAN” markalı qara rəngli qadın donu 269 manat. Sadələşdirilmiş icraat materialının 30-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materialının 25-ci vərəqəsində olan 19 iyul 2022-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti və “ROMAN” markalı qara rəngli qadın donu maddi sübut kimi tanınaraq sonuncuya qaytarılmışdır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında və ibtidai araşdırma zamanı verdikləri ziddiyyətli ifadələri, Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd cinayətini törətməsi sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı ittiham tərəfinin sübutları özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən ibarətdir. Həmin ifadələrdə isə çoxsaylı ziddiyyyətlər mövcuddur və aradan qaldırılması mümükün olmayan bu ziddiyyyətli ifadələrlə şəxsin təqsirli olması sübuta yetirilmir. Həmin ziddiyyətlər aşağıdakılardan ibarətdir: Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı izahat verərəkən (8-9 i/v) ilkin olaraq bildirmişdir ki, paltarların olmamasını gördüyü üçün işçisindən satılıb-satılmamasını soruşmuş, bundan sonra kameraya baxmış və az öncə mağazada olan qadını geri çağırmışdır. Yəni, bu ifadəsində oğurluq hadisəsini məhz həmin qadın tərəfindən törədilməsini kamerada bilavasitə müşahidə etdiyini göstərməmişdir. Yalnız, kamera vasitəsi ilə baxdıqda şübhələndiyi üçün həmin qadını geri çağırdığını bildirmişdir. İbtidai araşdırma zamanı verdiyi digər ifadələrində (19-20, 36-37 i/v) isə Təqsirləndirilən şəxs özünü şübhəli aparmasına görə, həmçinin paltarların olmamasını görüb bu barədə işçisindən soruşduqdan sonra kameraya baxdığını və kamerada oğuluq hadisəsinin bilavasitə Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müşahidə etdiyini bildirmişdir. Məhəkəmə iclasında verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs çantasından iki dəst qadın paltarının çıxmasını, çantaya baxış keçirərkən işçisi Şahid də orada olmasını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmədə mağazada olan kamera görüntülərinin təqdim edilməməsinin səbəbi kimi hadisədən sonra həmin video görüntünü diskə köçürmək üçün mütəxəssis dəvət etdiyini lakin texniki səbəbdən həmin video görüntünü diskə köçürmək mümkün olmadığını göstərmişdir. Sonradan isə məhkəmə icllasında təqdim etdiyi DVD diskdə olan görüntülərdən müəyyən edilir ki, həmin görüntülərdə Təqsirləndirilən şəxs mağazada yalnız qadın paltarına baxır və baxdığı paltarın isə hazırki iş üzrə oğurlanması iddia edilən paltar deyil, başqa paltar olması və əlində yalnız cüzdan olması müəyyən edilir. Bundan başqa görüntüdən aydın olur ki, həmin görüntülər müşahidə kameraları vasitəsi ilə deyil, mobil telefonla Təqsirləndirilən şəxs gizli olaraq çəkilmişdir. Şahid isə xx.xx.2022-ci və xx.xx.2022-ci il il tarixli məhkəmə iclaslarında bildirmişdir ki, Təqsirləndirilən şəxs çantasına baxış keçirilərkən orada olmuş və çantadan yalnız 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəsti çıxmış, başqa hər hansı paltar çıxmamışdır. 269 manat dəyərində “ROMAN” markalı qara rəngli qadın donu isə həmin hadisədən üç dörd gün öncə oğurlanmış, oğurluq hadisəsi də kameralara düşmüş, lakin kameralara baxan zaman oğurluq edən qadının üzü aydın görünmədiyi üçün onun şəxsiyyətini müəyyən edə bilməmişlər. Həmçinin Şahid Təqsirləndirilən şəxs da oğurluq etməsi faktını kameraya düşməsini və növbəti məhkəmə iclasında həmin görüntüləri məhkəməyə təqdim edəcəyini, lakin növbəti məhkəmə iclasında isə kamera görüntüləri bir aydan artıq müddətə yaddaşda qalmadığı üçün onu təqdim etməsini mümkün olmadığını bildirmişdir. Sonradan xx.xx.2022-ci il tarixli məhkəmə iclasında isə Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs çantasına baxış keçirilərkən mağazada olsa da onlardan xeyli kənarda olmuş və buna görə də çantadan nə çıxmasını dəqiq görə bilməmişdir. Məhkəmə yuxarıda göstərilən iş üzrə toplanmış sübutları təhlil etməyi və onlara ayrıayrı qanuna müvafiq qaydada qiymət verilməsini zəruri hesab edir. Belə ki, əvvəla zərərçəmiş şəxsin sonrakı ifadələrinə əsasən oğurluq hadisəsi bilavasitə kameralar tərəfindən qeydə alınmış və bunu özü bilavasitə görüntüyə baxmaqla müşahidə etmişdir. Lakin, həmin video görüntülərini hansısa səbəbdən təhqiqat orqanına və məhkəməyə təqdim etməmiş, belə əsas gətirmişdir ki, görüntünün çıxarılması texniki cəhətdən mümkün olmamışdır. Həmçinin Şahid isə Təqsirləndirilən şəxs da oğurluq etməsi faktını kameraya düşməsini təsdiq etmiş lakin bir aydan artıq müddətə görüntülərin kameranın yaddaşında qalmadığı üçün onu məhkəməyə təqdim etməsini mümkün olmadığını bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahidin bu arqumentinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin bu mövqeyi əsassızdır. Belə ki, qeydə alınmış video görüntülərin mütəxəssis tərəfindən belə götürülə bilməməsi inandırıcı deyil. Həmçinin hadisənin baş verdiyi gün, yəni 26 iyun 2022-ci il tarixdə şikayət əsasında 19-cu PŞ-nin təhqiqatçısı Elçin Kərimov mağazaya gəlmiş və iki hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir(3- 6 i/v). Lakin, məlum olmayan səbəbdən təhqiqatçı tərəfindən kamerada olan video görüntülərə baxış keçirilməmişdir. Təhqiqatçı yalnız zərərçəkmiş şəxsin qeyd edilən əsassız yanaşması ilə kifayətlənmiş, video görüntünün həqiqətən də olub-olmaması, əgər vardırsa onun götürülməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Digər tərəfdən ibtidai arşdırma materialına əsasən hadisə zamanı yeganə şahid mağazanın işçisi Şahid olmuşdur. Həmin şahid isə 26 iyun 2022-ci il tarixdə mağazadan yalnız 278 manat dəyərində “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəstinin oğurlanmasını, 269 manat dəyərində “ROMAN” markalı qara rəngli donun isə həmin hadisədən üç dörd gün öncə oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxs çantasına baxış keçirilən zaman orada olub-olmaması ilə bağlı suala ziddiyyətli cavablar verərək gah iştirak etdiyini, gah da sadəcə mağazada olduğunu, uzaqda dayandığını və çantadan nə çıxmasını dəqiq görmədiyini bildimişdir. Bu hal isə bir daha təsdiq edir ki, çantaya baxış zamanı ya həqiqətən Şahid iştirak etməmiş, ya da işitak etmişdirsə belə təhqiqat materialında qeyd edildiyi kimi iki dəst qadın paltarının aşkar edilməsini görməmişdir. Hər iki hal isə onun Təqsirləndirilən şəxs əleyhinə təhqiqat zamanı verdiyi ifadəsinin qeyri-mötəbər hesab edilməsi üçün əsasdır. Məhkəmə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi görüntülərə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, bir görüntüdə Təqsirləndirilən şəxs mağazada yalnız qadın paltarına baxması görünür, baxdığı paltarın isə hazırki iş üzrə oğurlanması iddia edilən paltarlar deyil, başqa paltar olması müəyyən edilir. Həmçinin görüntüdən aydın olur ki, həmin görüntülər müşahidə kameraları vasitəsi ilə deyil, mobil telefonla Təqsirləndirilən şəxs xəbəri olmadan gizli olaraq çəkilmişdir. Beləliklə, həmin görüntlərlə hər hansı oğurluq hadisəsi və ya ona cəhd edilməsi deyil, yalnız Təqsirləndirilən şəxs mağazada olması müəyyən edilir. Qeyd edilən hal, yəni Təqsirləndirilən şəxs hələ mağazada olarkən gizli izlənilməsi isə onu təsdiq edir ki, mağaza rəhbərliyi və işçilər Təqsirləndirilən şəxs hələ o mağazada olarkən şübhələnməyə və onu nəzarətdə saxlayaraq gizli çəkməyə başlamışlar. Belə olan halda məhkəmə qeyd edir ki, öncədən izlənilən və şübhələnilən şəxsin hərhansı qanunsuz bir hərəkət və ya oğurluğa cəhd etməsi hadisəsinin qeydə alındığı video çəkilişin təhqiqat orqanına və məhkəməyə təqdim edilməməsi qeyd edilən hadisənin arxasında hər-hansı gizli məqamların olması və zərərçəkmiş şəxsin bunu məqsədli şəkildə gizlətməsi barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə zərərçəkmiş şəxsin və şahidin ifadələri arasında olan ziddiyyətləri nəzərə alır və hesab edir ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməli və onlar əhəmiyyətsiz sübüt növü kimi tanınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş materiallarında olan 26 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokolda yol verilmiş cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pouzlmasına hallarına qiymət verilməli və həmin protokolun əhəmiyyətsiz sübüt növü kimi tanınmalıdır. Belə ki, qeyd edilən protokol təhqiqatçı tərəfindən 26 iyun 2022-ci il tarixdə hazırki iş üzrə oğurluğa cəhd edilməsi iddia edilən yerdə, yəni Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 2-də yerləşən “Podyum Park” qadın geyimləri mağazasında tərtib edilmişdir. Protokoldan görünür ki, baxış oğurluğa cəhd hadisəsi iddia edildiyi vaxtdan yəni saat 11-30-dan 15 dəqiqə sonra 11-45-də həyata keçirilmişdir. Lakin, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı təmin edilməmiş, iddia edildiyi kimi Təqsirləndirilən şəxs oğurluğa cəhd etmişdirsə onun hadisəni konkret olaraq mağazanın hansı hissəsində törətməsi, yəni paltarların haradan götürülməsi, həmin yerin müşahidə kameralarına düşüb-düşməməsi aydınlaşdırılmamış, ümumiyyətlə baxış keçirilməsi barədə protokola Təqsirləndirilən şəxs da öz qeyd və mülahizələrini bildirməsinə şərait yaradılmamışdır. Baxış birtəfəli qaydada aparılmış, baxış zamanı yalnız mağazanını çöldən şəkli çəkilmiş və iki ədəd qadın paltarının şəkilləri protokola əlavə edilmişdir. Lakin, mağazanın içərisinin və paltarların olduğu yerin şəkilləri çəkilməmişdir. Məhkəmə qeyd edir ki, baxış protokolu və ona əlavə edilmiş sənədlər, fotoşəkillər və digər əlavələr cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl olunmaqla elə forma və məzmunda tərtib edilməlidir ki, həmin materiallar əsasında hadisə yeri, hadisənin törədilməsi mexanizmi, hadisənin açılması üçün zəruri sübut etmə vasitələrinin müəyyən edilməsi üçün maksimum təsəvvür formalaşsın. Lakin, hazırki halda prokolda olan nöqsanlar və natamamlıqlar qeyd edilən halların müəyyən edilməsini mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.3-cü maddəsinə əsasən baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Həmin Məcəllənin 236.6-cı maddəsinə əsasən baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer; 236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd. Lakin iş materiallarında olan 26 iyun 2022-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda Azərbaycan Respublikasının CPM-nin 236.6-cı maddəsinin yuxarıda göstərilən normalarının tələbləri pozularaq şübhəli şəxsin iştirakı təmin edilməmiş, baxışda iştirak edən şəxslərin təhsili, iş yeri, onların məşğuliyyət növü və ya vəzifəsi, şübhəli və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar, onların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd göstərilməmişdir. Azərbaycan Respublikasının CPM-in 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olumalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 26 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının CPM-in 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiqatçı tərəfindən zərərçəkmiş və şübhəli şəxslərdən alınmış ilkin izahatların tairxləri görstərilməmişdir(8-9, 12-13). Həmçinin təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs izahat alınarkən hadisə yerinə, hadisənin törədilməsi mexanizminə, şəxsin çantasına hansı şəraitdə və kimlər tərəfindən baxış keçirilməsinə dair heç bir sorğu-sual aparılmamışdır. Məhkəmənin fikrincə, belə olan halda qanuna uyğun olmayan qaydada aparılmış həmin təhqiqat hərəkətinin nəticələri, onun məntiqi davamı kimi şəxslərin izahatları sübut növü baxımından da əhəmiyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Beləliklə də iş üzrə tərtib edilmiş yekun protokoldan və məhkəmə iclasında ittihamı müdafiə edən dövlət ittihamçısının mövqeyindən görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamı iş üzrə zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər təhqiqat materialları ilə sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü çıxarılmalıdır. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi sübut edilməmişdir. Belə ki, əvvəla zərərçəkmiş şəxsin müxtəlif vaxtlarda verdiyi ifadələri özü-özlüyündə bir-biri ilə ziddiyyət təşkil etmiş, şahid isə müxtəlif vaxtlarda keçirilmiş məhkəmə iclaslarında bir-birinə ziddiyətli ifadələr vermiş, gah kamerada oğurluğu bilavasitə müşahidə etmədiyini kamera ilə yalnız qadını şübhəli gördüyü üçün dəvət edərək paltarları oğurlamasını aşkar etdiyini, gah da oğurluğu kamerada bilavasitə müşahidə etdiyini bildirmiş, zərərçəkmiş şəxsin verdiyi ifadəsi həmçinin şahidin ifadəsi ilə ziddiyyət təşkil etmiş, mağazadan iki dəst paltarın oğurlanması iddia edilsə də şahid təkidlə həmin vaxt yalnız bir dəst paltar oğurlandığını, digər paltarın isə həmin hadisədən üç-dörd gün öncə naməlum şəxs tərəfindən oğurlandığını bildirmiş, həmçinin qadının çantasına baxış keçirilməsi məsələsi ilə bağlı şahid bir daha ziddiyətli ifadələr verərək gah iştirak etdiyini, gah da bilavasitə iştirak etmədiyini uzaqda olduğunu və aşkar olunan əşyaları dəqiq görə bilmədiyini göstərmiş, həmçinin Təqsirləndirilən şəxs hələ mağazada olarkən öncədən ondan şübhələnib izləməyə və gizli çəkiliş etmələrinə baxmayaraq həmin vaxt sonuncunun hər hansı qanunsuz hərəkət etməsi və ya oğurluğa cəhd etməsi müşahidə edilməmiş, bu hal onun gizli çəkilmiş video görüntüləri ilə də təsdiqini tapmış, mağazada 9 kamera vasitəsi ilə mağazanın hər tərəfi daimi müşahidə edilsədə Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məhkəməyə heç bir görüntü təqdim edilməmiş, təhqiqat orqanı özü də maraqlı olub işin təməl sübutu ola biləcək bu görüntülərin həqiqətən olub-olmamasını araşdırmamış, məhkəmə iclaslarında mağazanın işçisi hazırki iş üzrə Şahid hadisənin görüntülərinin olmasını və bunu təqdim edəcəyini bildirməsinə baxmayaraq növbəti iclasda müxtəlif bəhanələr gətirərək təqdim etməmiş, hər iclasda bir-birinə zidd ifadələr vermiş, hadisə yerinə hadisənin törədilməsi iddia edilən vaxtdan bir neçə dəqiqə sonra baxış keçirilsə də baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı təmin edilməmiş, baxış zamanı hadisə yeri və mexanizmi barədə aydın təsəvvür formalaşdıracaq hərəkətlər edilməmiş, həmçinin baxış protokolu və izahatlar Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin çoxsaylı kobud pozuntularına yol verilməklə həyata keçirilmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş və iş üzrə ittihamın əsası kimi çıxış edən sənədlərin hadisənin konkret hallarını və real mexanizmini əks etdirməməsi və ibtidai araşdırma zamanı sübutların toplanması üçün aparılan prosessual hərəkətlərin qanunvericiliyin tələblərinin pozulması ilə icra edilməsi səbəbindən – ittihamın istinad etdiyi sübutların mötəbərsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəstinin və “ROMAN” markalı qara rəngli qadın donunun sonuncuya qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs və Şahid məhkəməyədək ibtidai istintaq dövründə və məhkəmə iclaslarında verdikləri ziddiyətli və yalan ifadələri ilə bağlı sonuncuların əməllərinə hüquqi qiymət verilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra sadələşdirilmiş icraat materialı üzrə müvafiq materiallar ayrılaraq Nəsimi rayon Prokurorluğuna göndərilməli, həmçinin Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X1y barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirliyi sübuta yetirlimədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus “LADYFORM” markalı yaşıl rəngli şalvar və ağ rəngli köynək dəstinin və “ROMAN” markalı qara rəngli qadın donunun sonuncuya qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə əməəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs və Şahid məhkəməyədək ibtidai araşdırma dövründə və məhkəmə iclaslarında verdikləri ziddiyətli və yalan ifadələri ilə bağlı sonuncuların əməllərinə hüquqi qiymət verilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra sadələşdirilmiş icraat materialı üzrə müvafiq materiallar ayrılaraq Nəsimi rayon Prokurorluğuna göndərilsin. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X2 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar